Ana səhifə / Siyasət / Ərdoğan Tehrandan əliboş döndü: İdlib böhranı çözüləcəkmi? (ŞƏRH)

Ərdoğan Tehrandan əliboş döndü: İdlib böhranı çözüləcəkmi? (ŞƏRH)

Sentyabrın 7-də Tehranda baş tutan Rusiya-İran-Türkiyə üç tərəfli görüşün əsas müzakirə mövzusu Suriya böhranı oldu. 
Suriyanın İdlib bölgəsi ətrafında yaranan böhranlı durum üç ölkənin rəhbərlərini Tehranda bir araya gətirsə də, görünən budur ki, Türkiyə müzakirələrin nəticəsindən razı qalmayıb.
Eyni mövzu ilə bağlı 2017-ci ildə tərəflər Astanada toplanaraq, İdlibi təhlükəsiz bölgə elan etmişdilər. Nəticədə qısa müddət ərzində bölgənin əhalisi 1.5 milyondan 3.5 milyona qədər artmışdı. Amma Rusiyanın rəsmi Suriya ilə birgə “İdlibi vurmaq” qərarı verməsi yenidən böhrana səbəb olub.
Yaranan vəziyyətlə bağlı ekspertlərin fikirlərini təddim edirik:
“Rusiya və İran Türkiyənin İdlib narahatlığını nəzərə almadı. Türkiyə istəyirdi ki, ölkəyə yeni qaçqın axınına səbəb olacaq İdlib əməliyyatı təxirə salınsın və Astana formatı üzrə tərəfdaşlar oradakı terrorçu qrupların, ümumən vilayətin taleyini masada həll etsinlər. Lakin hələ görüşdən əvvəl Rusiya aviasiyasının İdlib çevrəsində bombardmana başlaması göstərdi ki, Moskva, Tehran və Şam terrorçuların son bastionunu hərbi əməliyyat vasitəsilə təmizləməkdə qərarlıdır və bu məsələdə Türkiyənin etirazlarına çox da önəm verməyəcəklər. Son həftələr Ankara və Moskva arasındakı intensiv diplomatiyanın, Türkiyənin xarici işlər, müdafiə nazirlərinin və kəşfiyyat rəhbərinin Rusiyaya səfərlərinin arzuolunan nəticəni vermədiyi ortada idi”- deyə siyasi şərhçi Şahin Cəfərli bildirir.
Ş.Cəfərli deyir ki, sual doğuran məqam budur ki, prezident Ərdoğan tərəfdaşlarının mövqeyini çox yaxşı bildiyi halda, bugünkü toplantıda niyə bir neçə dəfə söz alıb, İdlibdə atəşkəs elan olunması təklifini səsləndirdi:
“Bu cür prinsipial məsələlər adətən görüş öncəsi qapalı təmaslarda razılaşdırılır. Əgər Rusiya və İran buna razılıq verməmişdilərsə, bilavasitə görüş zamanı “hə” deyə biləcəkləri gözləntisi haradan qaynaqlanırdı? Putinin təklifə reaksiyasına fikir verin: “Burda silahlı müxaliflər və İŞİD, “Ən Nüsra” terrorçuları yoxdur, biz onların adından qərar verə bilmərik.”
Rusiya dövlət başçısının “mülki əhalini qorumaq bəhanəsi ilə terrorçuları qorumaq və Suriya hökumətinə zərər vermək qəbuledilməzdir” sözləri isə Qərbə ünvanlansa da, “İdlib öz xalqına qarşı qətliamları yaddaşımızda olan Əsədin insafına buraxıla bilməz” deyən Ərdoğana da bu mesajdan pay düşür.
Ərdoğanın PKK-nın Suriya qolu YPG problemini Putin və Ruhaninin xoşuna gələcək şəkildə (ABŞ-ın bu terror təşkilatına dəstəyi kontekstində) qaldırması da gözlənilən effekti vermədi. Putin ümumiyyətlə, bu məsələyə toxunmadı, Ruhani isə “Amerikanı Fəratın şərqindən çıxarmalıyıq” deməklə kifayətləndi. Bu, təəccüblü deyil, çünki Türkiyə Astana çərçivəsində, yəni özünün bərabərhüquqlu tərəf kimi iştirak etdiyi bu formatda PYD-YPG-ni terror təşkilatı kimi tanıtdıra bilməyib. Bu, fiaskodur və Türkiyənin format daxilində hansı çəkiyə malik olduğunu göstərir.
Bir sözlə, Tehran görüşünün Türkiyə üçün uğursuzluqla nəticələndiyini söyləyə bilərik. Bu uğursuzluq Türkiyəni yenidən Amerikaya yaxınlaşdıra bilər. Rahib Branson azadlığa buraxılsa, təəccüblənmək lazım deyil”.
Digər siyasi şərhçi Sahib Kərimli də hesab edir ki, Türkiyə Suriya məsələsində dalana dirənib:
“Prosesin əvvəlində ciddi səhvlər oldu, Əsədlə münasibətləri kəsib, tələsmək lazım deyildi. Bir müddət gözləmək olardı.Suriyanın etnik və dini tərkibi, ölkədəki Rusiya, İran və Qərb maraqları Türkiyə dövlətinə məlum idi. Hisslərlə davranıldı, ciddi təhlillər aparılmadı.
Necə ki, biz Azərbaycan demokratları Ərəb baharındakı silsilə rejim çöküşlərinin Suriyada da baş verəcəyini güman edirdik, hətta Suriya inqilabının dünyanın ən böyük demokratik inqilabı olacağını təxmin edirdik, hətta müxalifət liderlərindən biri yazmışdı ki, Suriya Misirin əlindən möhtəşəmliyi aldı, eyni gümanlarla yanılmaq Türkiyə dövləti üçün ciddi səhvdir.
Əhalisinin təqribən 20 faizi şiə olan ölkədə, 50 illik şiə Əsəd rejimi var. Əsədin generalları Mübarəkin və Qəddafinin generallarından fərqli olaraq hakimiyyətlərinin saxlanmasına öz şəxsi təhlükəsizliyi kimi baxır. Qarşı tərəfdə onları və 4-5 milyon əhalini rafizi adlandırıb, ailəlikcə başını kəsməyə hazır radikal sünni çoxluq və müstəqillik istəyən kürdlər var. Məhz buna görə Əsədi öldürəcək yaxın adam tapılmadı.
Rusiya Latakya limanı üçün hər cür riski göz altına alır. Eləcə də İran. Türkiyə öncədən mövqe qoymaqla, “qatil Əsəd getməlidir” deməklə əlini zəiflətdi. Türkiyənin dəstəklədiyi azsaylı türkmənlər və sünni zabitlərdən ibarət nisbətən sivil qüvvələr, Suriyanın tamamında əsaslı söz sahibi deyillər və onlara arxalanıb bu böyük oyunda uduş əldə etmək çətin olacaq.
Suriya yeni dünya düzəninə keçiddən əvvəl siyasi, strateji və hərbi həmlələri sınaqdan keçirmək üçün seçilmiş qurbanlıq məkandır”.
Türkiyədən siyasi şərhçi Abdullah Kavan da hesab edir ki, Tehran zirvə görüşündə yaranan ziddiyyətlər uzun müddətdir problemlər yaşayan Türkiyə  və ABŞ-ı eyni cərgədə durmağa məcbur edir: “Hər iki dövlət İdlibdə əməliyyat keçirilməsini istəmədiklərini dilə gətirib. Bir neçə gün Cavuşoğlu-Maas danışıqlarında da bu məam diqqət çəkmişdi. Amma Türkiyə ilə ABŞ-ın eyni mövqeyi sərgiləməsi hələ ki, dostluq göstricisi deyil. Hər iki tərəfin öz hesabı var. ABŞ bölgədə Rusiya və İranın təsir dairəsinin genişlənməsindən narahatdır. Çünki ABŞ-ın planı PYD ilə İdlibi nəzarətə götürmək idi. Ancaq türkiyənin Suriya həmlələri və ən sonda Afrin əməliyyatı bu planı sıradan çıxarmışdı. Bu gün ABŞ pzündə İdlibi ələ keçirmək gücü hiss etsəydi, müttəfiqləriylə birlikdə mütləq bunu edərdi. Edə bilmədiyinə görə də, Rusiyanın İdlib qərarına qarşı çıxır.
Türkiyənin isə narahatlığının bir neçə səbəbi var. Birincisi, İdlibde olan və Türkiyəyə yaxınlığı ilə seçilən Azad Suriya Ordusudur (ASO). Türkiyə ASO üzərindən Suriya planlarını həyata keçirməyi düşünür. Digər və daha önəmli səbəb isə, köç məsələsidir. Suriyada baş verənlər üzündən ən çox sıxıntı ilə üzləşən ölkə Türkiyədir. Daha öncə də milyonlarla köç axınına məruz qalan Türkiyə, İdlib əməliyyatlarına görə növbəti böyük köç dalğası ilə üzləşəcəyini yaxşı bilir.
İdlib əməliyyatından əvvəl Türkiyə və Rusiya arasında bu mövzu dəfələrlə müzakirə edilib. Əgər məsələnin siyasi çözümü tapılmayacaqsa, İdlibinq an gölünə çevriləcəyi çübhə doğurmur. O da nəzərə alınmalıdır ki, bölgənin böyük hissəsi Türkiyənin “terrorçu təşkilat” kimi tanıdığı “Heyat Tahrir Şam” qruplaşmasının nəzarətindədir”. (Qaynarinfo)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …