Qüdrət Həsənquliyevdən parlamentdə SƏRT TƏNQİD

“Hər il müvafiq dövlət qurumu bələdiyyələrlə bağlı keçirilən tədbirlər barədə hesabatlar verir, lakin onların ölkə həyatındakı rolunun artırılması istiqamətində hökumətdən müvafiq qanun layihələri parlamnetə daxil olmur”.
Moderator.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklərin müzakirəsində çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, ölkə prezidenti kiçik və orta sahibkarlığın inkişafına dəstək verir, lakin bələdiyyələr onların fəaliyyətinə mane olur:
“Bəzən sahibkar Bakıətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir. Bütün sənədlər hazır olanda bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli icra hakimiyyətiləri ilə birlikdə cinayət sövdələşməsinə gedib sahibkarların marağına toxunurlar. Bələdiyyə sədrləri ərazidəki sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, lakin sonra həmin pul geri qaytarılmır. Hesab edirəm ki, Ədliyyə Nazirliyi bu qanunsuzluqların qarşısının alınmasında xüsusi rol oynamalıdır. Çox zaman bəzi icra hakimiyyətləri bu qanunsuzluqları bələdiyyələrin əli ilə gördürür. Mənə bir diş həkimi müraciət etmişdi, onun obyekti qanunsuz halda icra hakimiyyəti tərəfindən sökülmüşdü. Bələdiyyə isə bu məsələdə vətəndaşın tərəfində olmur”.