Bazar ertəsi , Oktyabr 15 2018
Ana səhifə / Siyasət / “Paşinyanın öz sələflərinin acı taleyindən ciddi dərslər götürməsi çətin, lakin real perspektivdir” – Aydın Quliyev

“Paşinyanın öz sələflərinin acı taleyindən ciddi dərslər götürməsi çətin, lakin real perspektivdir” – Aydın Quliyev

“Ermənistanda yeni hakimiyyətin apardığı hay-küylü həbslər və antikorrupsiya kimi təqdim etmək istədiyi fəaliyyətlərin əslində gorünənlərdən xeyli fərqli mahiyyətləri var. Kənar müşahidəçilər üçün aldadıcı görüntü ondan ibarətdir ki, Paşinyan əsasən sabiq dövlət elitası və onun həndəvərində pul qazanmış oliqarxları təqib edir. Təqib olunan bu çevrə insanlar erməni cəmiyyətini həm korrupsiya yolu ilə talayıb, həm də təcavüzkar Qarabağ siyasəti ilə Ermənistanın bugünkü iqtisadi fəlakətlərini şərtləndiriblər”.

Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Paşinyan məhz bu amillərə görə sabiq elitanın üzvlərini təqib və həbs edir, bununla erməni xalqının gözündə populyarlığını saxlamağa çalışır: “Əslində bu yol Paşinyan üçün nisbi reytinq saxlamaqdan ötrü nisbətən yeganə üsuldur. O yaxşı başa düşür ki, Qarabağ siyasəti sahəsində ermənilərin kütləvi dəstəkləyə biləcəyi hər hansı prinsipial yeni kurs müəyyən etmək praktik cəhətdən mümkünsüzdür. Qarabağ üzrə təcavüzkar siyasətdən tədricən yan keçmək kursu götürsə, erməni cəmiyyətində ona müəyyən əhəmiyyətli dəstək ola bilər. Ancaq bəlli səbəblərdən o buna getməz.

Odur ki, antikorrupsiya və hakimiyyətin mənimsənilməsi cinayətləri əleyhinə kampaniya aparmaqla həm öz cəmiyyətinin rəğbətini saxlamaq, həm də beynəlxalq dairələrin diqqətini çəkib pul-dəstək qoparmaq istəyir. Əlbəttə, Paşinyan özündən əvvəlki rəhbərlərin daxili və xarici siyasətdə iflasının əsas səbəbindən xəbərdar olmaya bilməz. O yaxşı bilir ki, təcavüz və Azərbaycanın izolyasiya siyasəti Köçəryan-Sarkisyan hakimiyyətlərini bitirmiş müstəsna səbəblər oldu. Paşinyanın onların acı taleyindən nəticə çıxararaq, xüsusilə Qarabağ siyasətində prinsipial dəyişiklik etməsi, fikrimcə, bir şərt daxilində reallaşa bilər: erməni xalqı kütləvi hərəkat formasında bunu tələb etsə… Azərbaycan izolyasiya siyasətini daha kəskin davam etdirdikcə Ermənistanda həmin vəziyyət yetişə bilər. Bir sözlə, Paşinyanın öz sələflərinin acı taleyindən ciddi dərslər götürməsi çətin, lakin real perspektivdir”.

Həmçinin oxuyun

Muxtar Babayevin səlahiyyətləri artırıldı – Baş nazirdən QƏRAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib. Unikal.org-un məlumatına …