Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / Siyasət / Kremldən Paşinyana müharibə xəbərdarlığı – ŞƏRH

Kremldən Paşinyana müharibə xəbərdarlığı – ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində tutduğu mövqe Rusiyanın sərt reaksiyasına tuş gəlib. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Paşinyana müraciətlə deyib ki, müsbət meyilləri zədələmək lazım deyil. “Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində meydana gələn bütün müsbət meyilləri alqışlayırıq. İndi onları ehtiyatsız bəyanatlarla zədələmədən daha da inkişaf etdirmək lazımdır. Biz də öz tərəfimizdən bu müsbət meyillərə mümkün qədər hər cür dəstək verəcəyik”-deyə, M.Zaxarova deyib.

Ekspertlər bunu Rusiyanın Ermənistana daha bir sərt şilləsi kimi şərh edib. Paşinyanın sərsəm bəyanatları, boşboğazlığı Qarabağ probleminin həlli istiqamətində aparılan sülh danışıqlarına ciddi zərbə vurur. Paşinyanın BMT tribunasından “Qarabağ heç vaxt Azərbaycana verilə bilməz” deməsi də bunun bariz nümunəsidir.

Hərbi-siyasi şərhçi Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiya zamanında Paşinyanın sərsəm bəyanatlarına reaksiya verməli idi:

“Rusiya Xarici İşlər Nazirliyi çox “tez” ayılıb. Paşinyan dəfələrlə danışıqlar prosesinə olmazın zərbələr vurub. O, öz bəyanatları, sərsəm çıxışları ilə, həm ATƏT-in Minsk Qrupunun həmsədrliynə, həm də öz ağalarının, konkret olaraq rəsmi Moskvanın vasitəçiliyinə kölgə salıb. İndi Zaxarovanın belə bir bəyanat verməsi “toydan sonra nağara”ya bənzəyir. Paşinyanın ipini vaxtında çəkib, onu başa salmaq idi. Amma nə Putindən, nə də ATƏT-in Minsk Qrupunun sədrlərindən heç bir reaksiya olmadı. Zaxarova indi nəsə həll edəcək? Bunlar hamısı boğazdan yuxarı səslənən bəyanatlardır. Danışıqlarda nə irəliləyiş var ki? Paşinyan gedib BMT-nin tribunasından bəyan etir ki, Qarabağ heç vaxt Azərbaycana qaytarıla bilməz. Rusiya bu məsələdə ikibaşlı oyunlarına son qoymalıdır. Putin Bakıya gələndə onun borcu idi ki, Ermənistana və bütün dünyaya mesaj versin ki, Qarabağla bağlı hansısa işlər görülür. Amma Putin heç ağzını açıb bir söz demədi. İndi Zaxoravnın “bəzəkli” sözlərdən istifadə etməsi heç nəyi həll etmir”.

 

Ü.Cəfərovun sözlərinə görə, Rusiya diplomatiyası çox qeyri-ciddi, qeyri-sivil qaydalarla idarə olunur:

“Bir idarənin ki, başında Lavrov ola, ondan nə gözləmək olar? Mən Rusiyaya inanmıram. Bu gün Dağlıq Qarabağ probleminin həll olunmamasının bir nömrəli səbəbkarı Rusiyadır, onun prezidentinin, xarici işlər nazirinin apardığı siyasətdir. Sadəcə olaraq Rusiya Azərbaycanı itirmək istəmir. Ermənistandan fərqli olaraq Azərbaycan həm silah satışından, həm digər iqtisadi əlaqələrdən hər il Rusiya büdcəsinə kifayət qədər vəsait ödəyir. Zaxarovanın bəyanatı heç bir məsələni həll edən deyil. Bunlar sadəcə olaraq danışılmış oyunlardır. Həmin Paşinyandır ki, danışıqlarda qondarma Dağlıq Qarabağın iştirak edəcəyini deyirdi. Rus-erməni hoqqaları arıtq Azərbaycan xalqını bezdirib. Zaxarovanın bəyanatlarına heç vaxt inanmamışam. Zaxarova ranqlı adamlar heç vaxt nəyisə həll etmirlər. Bu məsələnin bir nömrəli səbəbkarı və həllinə töhfə verə biləcək şəxs Putindir, o, da Bakıda heç ağzını açmadı. Dağlıq Qarabağ məsələsində Rusiya çoxtərəfli oyun oynayır. Düşünürəm ki, onların məqsədi, məramı tamamilə fərqlidir”.

Həmçinin oxuyun

Gürcüstan azərbaycanlıları üçün seçki bülletenləri azərbaycanca çap ediləcək

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlayıb. …