İllərlə gözlədiyimiz an yetişibmi? – TƏHLİL

Ermənistanla onun indiyə qədərki geosiyasi hamisi Rusiya arasında dərin bir ixtilafın yarandığını demək hələ tez olsa da, hər halda münasibətlərdəki aşkar inamsızlığı və soyuqluğu sezməmək mümkün deyil; Rusiya mediası elə hey baş nazir N.Paşinyanın “Qərbin adamı” olduğunu və çox da uzaq olmayan gələcəkdə bu ölkənin Rusiyanın hərbi-siyasi çətiri altından uzaqlaşacağını iddia edir.

Elə ermənilər də sakit dayanmırlar. Kimi Rusiyanın və Belarusun Azərbaycana silah satdığını əsas gətirərək, kimi də Rusiyanın bu ölkəyə satdığı qazın qiymətini qaldırmaq istəməsi haqqındakı son xəbərləri bəhanə edərək İrəvanı Avrasiya Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa səsləyir.
Əslində əvvəllər də belə hallar olurdu. Ermənistanlı “ekspertlər” və “yazarlar” vaxtaşırı müxtəlif motivlərdən Kremlin qarasınca deyinməyi sevirdilər.

Ən əsas səbəb də bu olurdu ki, İrəvan Kremlin regiondakı bütün siyasətini öz milli sayıqlamalarına tabe etmək istəyir. Amma sözsüz, Moskva bu iltifatı onlara göstərməkdə acizdir. Çünki onun da bölgədə öz maraqları var və Ermənistan da yalnız bu maraqları təmin etmək və ya onlara yol açmaq istiqamətindəki həlqələrdən biridir.
Əlbəttə, belə status erməniləri qane etmir. Onlar Moskvadan ən azı, Vaşinqtonla İsrail arasındakı yaxınlığı tələb edirdilər və dəfələrlə bunu açıq şəkildə deyirdilər. İndi isə vəziyyət bir az inversiya olunub: hazırda gileylənən tək İrəvan deyil, bir az əvvəldə də qeyd etdiyimiz kimi, həm də Moskvanın özüdür.

Rusiyalı ekspertlər, politoloqlar səviyyəsində problem yoxdur. Onlar Paşinyan kabinetilə bağlı verdiklərini artıq veriblər: “bu, qərbpərəst bir hökumətdir”, “Paşinyana inanmaq olmaz” və s. Ən başlıcası, açıq işarə edirlər ki, Azərbaycana yardımçı olmaq lazımdır ki, İrəvanı bir az cəzalandırsın və Ermənistanı təkrar əvvəlki siyasi müstəviyə qaytarsın…

Doğrusu, biz özümüz də əvvəllər dəfələrlə yazmışdıq ki, Ermənistanın hərbi və geosiyasi gücü (əgər belə demək mümkünsə) onun Rusiya ilə ittifaqındadır və bu ittifaq mütləq nə vaxtsa, çat verəcək. Onda Bakı üçün əlavə şanslar yaranacaq. Rusiyalı politoloqlara inansaq, artıq həmin situasiya yetişib: Azərbaycan hətta hərbi əməliyyatlar keçirmək fikrinə düşərsə, Kreml ona mane olmayacaq…

Nə demək olar? Azərbaycanın hərbi əməliyyatlar keçirməsi ilə bağlı onu deyə bilərik ki, heç kim öz ərazisində təcavüzkar və yaxud da işğalçı olmur. Bu səbəbdən, Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün həmişə hərbə müraciət etmək haqqı var.

Həmin “mütərəqqi dünya ölkələri”, eləcə də Minsk Qrupunun həmsədrləri heç razı olardılarmı ki, hansısa qonşu dövlətin əsgərləri onların ərazisinin bir hissəsində at oynatsın? Məgər demokratik Avropa deyilən məkanın bir hissəsi sayılan İspaniyada bir neçə həftənin içində katolon separatistlərinə necə cavab verildiyinin şahidi olmadıqmı? Dövlət bütün hallarda dövlətdir. Ona görə də demək olmaz ki, bir dövlətin ərazi bütövlüyü digərinkindən daha vacibdir. Bu, həm də beynəlxalq hüquqa, humanizm və ədalət prinsiplərinə selektiv münasibət demək olardı.

Bu səbəbdən də “dünya birliyi” deyilən mücərrəd məfhuma çox da bağlanmaq lazım deyil. Kiçik imkan düşən kimi ermənilərə elə bir zərbə vurmaq lazımdır ki, uzun müddət onlar üçün şok olsun. Dünya reallıqlarla hesablaşır; gəlin biz də indiki reallığı dəyişib eləsini yaradaq ki, həmin dünya bizim reallığımızla hesablaşmalı olsun.

İndi Paşinyan min bir oyundan çıxır, iddia edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağ rejimini tanımalı, onunla danışıq aparmalıdır. Bilirsiniz o, bunu niyə edir? Bu adam bilir ki, o, Qərbdən maliyyə dəstəyi umduğu kimi Qərbin də ondan gözləntiləri var.

Təxminən bir ay ərzində ABŞ prezidenti D.Tramp prezident İ.Əliyevə dörd məktub göndərib və onların bəzisində Qarabağla da bağlı mesajlar var. Bunların hamısını adi diplomatik jest kimi səciyyələndirməyə əsas yoxdur. Böyük ehtimalla Qərbdə düşünürlər ki, Ermənistanda baş verən son proseslər Qarabağ müstəvisində də müəyyən dəyişikliyə gətirməlidir.

Belə vəziyyətdə Paşinyanın bir yolu var: hansı yollasa danışıqları yubatmaq, yaxud, ümumiyyətlə, danışıqlardan qaçmaq və bununla da daha bir müddətə prosesi növbəti dalana istiqamətləndirmək.
Ona görə də bir yol var: əgər Paşinyan danışıqlara gəlmək istəmirsə, o zaman onu danışıqlara məcbur etmək lazımdır. Bunun da bircə yolu var – Ermənistana daha bir sarsıdıcı zərbə endirmək.

Həm də belə bir deyim var siyasətçilər arasında: silahlar təkcə paradlarda göstərilmək üçün deyil. Hər bir silahın bəlli müddəti var. Ya düşmən onun ekvivalentini, yaxud da ondan yaxşısını əldə edir, bununla da bəzi silahlar aktuallığını itirir, ya da bəlli zamandan sonra onların istismar müddəti bitir və yenilərini əldə etmək lazım gəlir. Ona görə də gəlin silahlarımızı paslanmağa qoymayaq…

Hüseynbala Səlimov

Zdrave universal kremi zdrave forte