Bazar ertəsi , Noyabr 19 2018
Ana səhifə / Siyasət / Gürcüstanda maraqlı siyasi proseslər xarakterik hal alır

Gürcüstanda maraqlı siyasi proseslər xarakterik hal alır

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvilinin namizədliyini dəstəkləyəcək. Bu barədə partiyanın siyasi şurasının iclasından sonra parlamentin sədri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, “Gürcü Arzusu” partiyası prezident seçkilərində öz namizədi ilə iştirak etməyəcək: “Bu qərarın səbəbi ondan ibarətdir ki, Gürcüstan parlament respublikasıdır və siyasi hakimiyyət parlament və hökumətə məxsusdur. Prezident nə hakim partiya, nə də müxalifətin maraqlarını təmsil etməlidir. Dövlət başçısı xalqın maraqlarının obyektiv müdafiəçisi olmalıdır”.

İ.Kobaxidze qeyd edib ki, S.Zurabişvilinin böyük siyasi və diplomatik təcrübəsi var: “Salome Zurabişvili, həmçinin, Gürcüstan parlamentinin layiqli üzvüdür və hər zaman ölkənin vacib məsələləri ilə bağlı prinsipial mövqeyini nümayiş etdirib. O, Gürcüstan tarixində heç bir siyasi partiyanı təmsil etməyən ilk prezident ola bilər. Biz Gürcüstan cəmiyyətini prezident seçkilərində Salome Zurabişvilinin namizədliyini dəstəkləməyə çağırırıq”.

S.Zurabişvili 2004-2006-cı illərdə Gürcüstanın xarici işlər naziri olub. O, həmçinin, 2003-cü ildə Gürcüstanın Fransadakı səfiri, sonrakı illərdə “Gürcüstan yolu” partiyası və “Salome Zurabişvilinin ictimai hərəkatı”nın lideri olub. Xanım siyasətçinin 66 yaşı var.
Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Seçkilərdə namizəd kimi iştirak etmək istəyən 46 şəxs Gürcüstanın Mərkəzi Seçki Komissiyasına müraciət edib. Müraciət edənlərin 26-sı təşəbbüs qrupu, 20-si isə siyasi partiyalar tərəfindən təqdim olunub. Bu günə qədər yalnız 6 nəfərin namizədliyi qeydə alınıb.

Gürcüstanın hakim partiyası niyə seçkilərdə kənar namizədi dəstəkləmək qərarını verib və qarşıdakı seçkilərdə Saakaşvilinin rolunu necə dəyərləndirmək olar?

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun başlıca səbəbi Konstitusiyaya edilən dəyişikliklə bağlıdır: “Cari ilin 28 oktyabr tarixində Gürcüstanda yeddinci dəfə prezident seçkiləri keçiriləcək. Gürcüstan 6 illik müddətə dövləti idarə edəcək şəxsi hakimiyyətin ən uca zirvəsinə yüksəldəcək. Hazırkı Prezident hüquqən ikinci dəfə namizədliyini verə bilər. 2017-ci ildə Gürcüstan Konstitusiyasında edilən dəyişikliyə görə, bu seçkilərdə gürcü xalqı son dəfə prezident seçkilərində iştirak edəcək. Növbəti prezident seçkiləri 300 nəfərlik Seçicilər Kollegiyası tərəfindən seçiləcək. Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası hazırkı Prezident Qeorgiy Marqvelaşvilini deyil, başqa bir namizədi dəstəkləyəcəklərini bildirdi. Partiya sədri Bidzina İvanaşvili seşkilər öncəsi ölkədə yaşanan hadisələrə görə aktiv siyasətə yenidən başlayıb və başqa bir namizədi dəstəkləyəcəkləri ilə bağlı belə deyib: “Ölkənin demokratik inkişafi üçün bu addımı atırıq. “Gürcü Arzusu” partiyası onsuz da parlamentdə əksər çoxluğa sahibdir və müxalifətin xeyrinə prezident seçkilərində öz namizədini vermir”.
“Gürcü Arzusu” partiyasının siyasi şurası bu barədə 9 sentyabrda qərar qəbul etdi. Partiya prezident seçkilərində xanım Salome Zurabişvilini dəstəkləyəcək. Bu isə Zurabişvilinin seçkilərdə qələbə qazanmasını əhəmiyyətli dərəcədə təminat altına alır. Qeyd edim ki, xanım Zurabişvili Gürcüstanda yaxşı tanınan Niko Nikoladze ve İvane Zurabişvili nəslinin davamçısıdır. Mixeil Saakaşvilinin lideri olduğu köhnə “Vahid Milli Hərəkat” üzvlərinin qurduğu “Avropa Gürcüstanı” partiyası seçkilərdə öz namizədləri David Bakradze ilə iştirak edəcək. Respublika Partiyasının lideri David Usupaşvili də seçkilərdə mübarizə aparacaq.
Gürcüstanda son illər keçirilən prezident və parlament seçkiləri demokratikliyi və şəffaflığı ilə seçilsə də, bu seçkilərdə hakim partiyanın dəstəklədiyi namizədin xanım Salome Zurabişvilinin seçilmə ehtimalı olduqca yüksəkdir. Bu seçkilərdə M.Saakaşvili amilinin çox da təsirli olmayacağını düşünürəm”.

Məhəmmədəli QƏRİBLİ

VIPedu.BIZ

Həmçinin oxuyun

Cəmil Həsənli: “Əli Kərimli ya azadlığa buraxılmalı, ya cərimə, ya da həbs olunmalıdır”

Ötən gün polis şöbəsindən sərbəst buraxılmış Milli Şuranın sədri Cəmil Həsənli bu gün Bakıda müxalifət …