Etirazlar Saakyanı da haqladımı? – TƏHLİL

İnqilablar “yoluxucu”luğa, ətrafa sirayət etməyə və daha geniş siyasi areala yayılmağa meylli olur. Bu mənada Ermənistandakı “məxməri inqilab” da istisna deyil.

Əvvəlcədən düşünülürdü ki, çox qısa müddətdə onun dalğası Dağlıq Qarabağ ermənilərini də əhatə edəcək. Təsadüfi deyil ki, artıq ötən gün bu qəbildən ilk informasiyalar yayıldı.

Sözsüz ki, nəticələrlə tələsməzdik. Bəlkə də böyük etirazların nə vaxt başlayacağı həmişə inqilab texnoloqlarına bəlli olur, amma əksəriyyət üçün bunu proqnozlaşdırmaq heç də asan iş deyil.

Aydın məsələdir ki, Dağlıq Qarabağdakı qondarma rejim də bir ada kimi qalmayacaq və bu bölgənin də “siyasi problemi” həll olunmalıdır. Hazırda o, demək olar, Paşinyan hökumətinin yox, əski hakim partiyanın nəzarəti altındadır.

Region bir növ Qarabağ kriminal hərbi-siyasi klanının qalası kimi qalır. Belə vəziyyətdə hətta Paşinyan üçün Dağlıq Qarabağ adından danışıq aparmaq, onun adından nəsə demək elə də asan məsələ deyil. Həm də bu bölgə üçün də Ermənistandakı problemlər xarakterikdir: illərdir ki, onun da insanları kriminal siyasi klanın əsiridirlər.

Yox, biz illüziyalara qapılmırıq, demirik ki, sabah Qarabağ erməniləri B.Saakyanı devirib Azərbaycanla bir olmaq arzularını izhar edəcəklər. Yox, elə də sadəlövh deyilik və gözəl bilirik ki, cəmi ermənilər həm də öz “milli üllüziya”larının əsiridirlər.

Amma bir erməni – L.Ter-Petrosyan gec də olsa, Azərbaycanla danışmağın və dil tapmağın zəruri olduğunu başa düşdüsə, deməli, digər bir siyasi və ya ictimai lider də bu nəticəyə gələ bilər. Ona görə də tam ümidimizi də itirmirik. Hərçənd ki, ümid və gözləntilərimiz daha çox öz Azərbaycanımızla, onun hərbi və iqtisadi gücü ilə bağlıdır. Çünki məsəl var, deyirlər ki, qurdla dostluq elə, amma çomağını yerə qoyma…

Ermənilər də belədir. İndi onlar daha çox öz “məxməri inqilab”larından siyasi, hətta iqtisadi dividendlər götürməyə çalışırlar.

Bilirsiniz, bu, onların xislətidir – bir şeyi beş dəfə artıq şişirtmək və özləri haqqında mif yaratmağa çalışmaq. İndi də belə edirlər. Bu yaxın vaxtların bir epizodu heç yadımdan çıxmır.

N.Paşinyanın baş nazir kimi təyin edildiyi günün axşamı Rusiya telekanallarından biri Moskvadakı erməniləri göstərirdi. Bir erməni qadını qucağındakı uşağın əllərini yuxarı qaldırıb deyirdi: “De ki, ermənilər böyük millətdir”…

Bəli, “böyük millət”, “xristianlığı ilk qəbul etmiş xalq”, “dünya sivilizasiyasına böyük töhfə vermiş millət”, “əzabkeş xalq” – bunların uydurduqları epitetləri sayıb-qurtarmaq mümkün deyil.

İndə də özləri haqqında “azad xalq” obrazı yaratmağa çalışırlar. Məqsədləri də bu yolla demokratik Qərb ölkələrinin “saqqızını oğurlamaqdır”. Rusiyanın ətəyini buraxmaq istəmir və başa düşürlər ki, əks təqdirdə Dağlıq Qarabağı itirər və bütün milli sayıqlamalarının – “böyük Ermənistan” yalanının üstündən bir qara xət çəkərlər.

Amma Qərbin maliyyə dəstəyinə, hətta siyasi dəstəyinə də ehtiyacları var. Çünki Rusiya da regiondakı bütün siyasətini bunların sərsəm milli planlarına tabe edə bilməz. Kremlə Azərbaycan da, hətta Gürcüstan da lazımdır. Ona görə də haylar çalışırlar ki, Qərbin də siyasi və xüsusilə maliyyə dəstəyini qazansınlar.

Təsadüfi deyil ki, bu yönümdə də müəyyən informasiyalar dolaşır: guya ki, ABŞ bunlara ilk böyük maliyyə dəstəyi göstərməyi planlaşdırır. Ən əsas məqsədləri də budur ki, regiondakı siyasətlərini dəyişmədən, Ankara və Bakıya minnətçi düşmədən Ermənistan iqtisadiyyatını dirçəldə biləcək imkanlar tapsınlar. ABŞ da, Avropa da onlara bunun üçün lazımdır.

Amma proseslər göstərir ki, ABŞ-ın da öz gözləntiləri var. Gələcək əsl niyyətləri açacaq. Fəqət duyulan budur ki, Vaşinqton Dağlıq Qarabağla bağlı yenidən siyasətini fəallaşdırmaq istəyir.

Qısa bir müddətdə ABŞ prezidenti Azərbaycan prezidentinə düz üç məktub göndərib və həmin o məktublarda sıx əməkdaşlığa çağırışlarla yanaşı, Dağlıq Qarabağla da bağlı optimist notlar var. Hətta Azərbaycan prezidentinin ABŞ-a səfər edəcəyi haqda informasiyalar da dolaşır.

Bizə belə gəlir ki, Dağlıq Qarabağ problemi Ermənistandakı son proseslər üçün bir test olacaq. Çox güman, Vaşinqtonda düşünürlər ki, həmin hadisələr Ermənistanda Rusiya təsirinin zəifləməsinə aparacaq. Bu isə heç şübhəsiz, yeni diplomatik təşəbbüslər üçün əlverişli zəmin yaradır və bir növ, siyasətçiləri və diplomatları həvəsləndirir. Amma Ermənsitan Kremlin ətəyini buraxacaqmı? Bu “azad xalq” həm də azad millət kimi digər millətlərin cərgəsinə qoşulacaqmı?

Böyük ehtimalla N.Paşinyan Qərblə Rusiya arasında “oynamağa” çalışacaq. Lakin problemin qəlizliyi ondadır ki, Qərbə də artıq oyun-filan lazım deyil, oyun dövrü bitibdir, indi hamıdan daha konkret olmaq umulur…

Hüseynbala Səlimov

Zdrave universal kremi zdrave forte