Çərşənbə axşamı , Dekabr 18 2018
Ana səhifə / Siyasət / Elxan Şahinoğlu: “2016-cı il göstərdi ki, torpaqlarımızı güc yolu ilə geri ala bilərik”

Elxan Şahinoğlu: “2016-cı il göstərdi ki, torpaqlarımızı güc yolu ilə geri ala bilərik”

Zahid Oruc: “Ermənistanda müharibə tərəfdarları azalır”

 
Başa çatmaqda olan 2016-cı il Qarabağ cəbhəsində ciddi dönüş ili kimi tarixə yazıldı. Atəşkəs haqqında müqavilənin imzalandığı 1994-cü ilin mayından üzü bəri ilk dəfə Azərbaycan ordusu düşmənin təxribatlarının qarşısını almaqla yanaşı, uğurlu döyüş əməliyyatları keçirərək işğalçı ölkənin nəzarətində olan mühüm strateji yüksəklikləri nəzarət altına aldı. 
Hesab olunur ki, məhz Azərbaycanın hərbi cəhətdən bir neçə dəfə üstün olmasını anladığı üçün nəinki keçmiş prezident Levon Ter-Petrosyan, hətta birmənalı şəkildə güzəştlərdən imtina edən sabiq müdafiə naziri Seyran Ohanyan da sülh təşəbbüsləri ilə çıxış etməyə başlayıblar. Ekspertlərin cari ili dəyərləndirməsi və 2017-ci illə bağlı maraqlı gözləntiləri var.
Milli Məclisin Təhlükəsizlik, müdafiə, korrupsiyaya qarşı müdafiə komitəsinin üzvü Zahid Oruc bildirdi ki, 2016-cı ildə Azərbaycan dövlətçiliyinin möhkəmləndiyi ən mühüm platforma məhz Qarabağ cəbhəsində baş verib: “Doğrudur, uzun illər aparılan sülh prosesi vasitəçilər arasında formalaşan böyük siyasi-hərbi konfrontasiya səbəbilə hər hansı nəticəni əldə etməyə imkan vermədi. Lakin 90-cı illərin hərbi reallığı və müstəqilliyin ilk illərində itirilmiş mövqelər hətta ən zəif ölkə halında belə Ermənistanın xeyrinə işləyirdi və diplomatik cəhdlərin səmərəsizliyinin başlıca səbəbi idi. Aprel ayındakı 4 günlük müharibə on illər ərzində hökm sürən status-kvonu dəyişdirməyə imkan verdi.
Image result for Cəbhə
Təmas xəttinin dəyişməsi və yeni hərbi mövqelərdə möhkəmlənmək məcburiyyəti təkcə siyasi cəhətdən deyil, ilk dəfə olaraq hərbi baxımdan da ənənəvi kursda köklü dəyişikliklərə vəsilə oldu. Söhbət aprel toqquşmalarındakı itkilərin miqyasca böyüklüyündən və onun erməni cəmiyyətində doğurduğu şokdan getmir. Hərçənd onun əhəmiyyəti də insan resursu böhranı yaşayan və demoqrafik potensialı tükənən bir ölkə üçün ölçüyəgəlməzdir. Lakin 1-ci Qarabağ savaşında Azərbaycan üzərində qələbəni təmin edən səhra komandirləri, nəhayət, durduqları vəzifə və nüfuz mərtəbəsindən salındılar. Halbuki oxşar proseslər 90-cı illər Azərbaycanın döyüşlərdə məruz qaldığı uğursuzluqlar fonunda atdığı addımların təkrarına bənzəyirdi”.
Z.Orucun sözlərinə görə, aprel müharibəsindən sonra Qarabağ danışıqları yeni müharibənin alovlanmasının qarşısını alan Moskvanın regiona təsirini artırsa da, hazırda beynəlxalq qüvvələr nisbəti Qafqazda köklü nəticələr qazanmağa imkan vermir: “Lakin əvəzində Rusiya silahı ilə güclənən Azərbaycan dövləti erməniləri forpost olmaqdan çıxarır və 100 il ərzində onların sığındıqları səngərdən dünyaya boylanma, yeni tərəfdaşlar axtarmağa məhkum edir. Hər halda, Moskva-Bakı ittifaqı İrəvanın ənənəvi müdafiə mövqeyini dəyişməkdən başqa yol saxlamır. Lakin hətta bütün ölkəni bürüyən anti-Rusiya etirazları fonunda siyasi elitası çörəyi və silahı aldığı paytaxtın hökmranlığına son qoya bilməz. Rus çəkmələri İrəvanda hər zaman böyük siyasi məna daşımaqda davam edəcək. Çünki alternativlərin hamısı tərk-silah edilib. Hərçənd 2016-cı ilin mühüm nəticələrindən biri yeni reallıqların düşmən tərəfdə dərk olunmasıdır”.
Image result for Zahid Oruc
Deputat yuxarıda düşmən ölkə ilə bağlı toxunduğumuz situasiyaya da diqqət çəkdi: “Günlər öncə birinci Qarabağ savaşının qəhrəmanlarından birinin – Levon Ter-Petrosyanın ”sülh platforması” ilə çıxış edərək vaxtilə onu qınayanlara təzədən xitab etməsi böyük hadisədir. Deməli, xalqın içərisində baş verən təbəddülatlar Qarabağa indekslənmiş partiya və hərəkatların hamısına təsir edir. İndi Ermənistanda müharibə tərəfdarları heç zaman olmayacaq dərəcədə azalır. Hətta keçmiş müdafiə naziri Seyran Ohanyanın vəzifəsindən gedəndən sonra daha azad bir şəkildə güzəştlərdən danışması çox böyük mətləblərdən xəbər verir. Siyasi məkanda baş verən hərəkətlənmələr əbəs deyil. Ona görə də Qarabağın siyasi gələcəyi haqda danışanların hamısı sizə aprel ayından sonrakı yeni eradan bəhs edəcək. Doğrudur, hər iki tərəf yeni silahlanma yarışını həyata keçirir. Azərbaycan təkcə lokal bir ərazini – hərbi təmas xəttini deyil, Bakını –  neft hövzələrini və su ehtiyatlarını da qorumaq üçün hava hücumundan müdafiə sistemlərini almağı davam etdirir. Lakin qarşı tərəfin büdcə resursu belə rəqabəti uzun illər aparmağa imkan vermir. “İskəndər” raketləri ilə gündəlik vuruşmaq mümkün olmadığından, 2017-ci ildə Qarabağı taleyini vahid cəmiyyətə, iqtisadi sabitliyə və dəqiq hərbi strategiyaya malik olan tərəf həll edəcək. Nəzərə alsaq ki, Qərblə qarşıdurma dövrü arxada qala bilər və yeni Amerika administrasiyası Moskva ilə fərqli bir siyasəti izləyəcək, deməli, Azərbaycan dəyişən beynəlxalq şəraiti çox uğurlu bir şəkildə Qarabağa yönəldəcək”.
Image result for Elxan Şahinoğlu
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, 2016-cı il Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından dönüş ili olmasa da, keçmiş illərdəkindən fərq də özünü göstərdi: “Aprel savaşının nəticələri Azərbaycan ordusunun gücünü həm düşmən ölkəyə, həm də beynəlxalq aləmə nümayiş etdirdi. Bu gücün nümayişi Azərbaycan cəmiyyətinə də lazım idi. Çünki son illərdə cəmiyyətdə passivlik yaranmışdı ki, sülh danışıqları illərdir nəticə vermir, güc yolu ilə torpaqlarımızın geri alınması isə uzanır. 2016-cı il göstərdi ki, torpaqlarımızı güc yolu ilə geri ala bilərik, modern texnika ilə silahlanan ordumuz buna qadirdir, gənclərimiz isə erməni gənclərindən fərqli olaraq savaşa atılmaq üçün istənilən fədakarlığa hazırdılar. Az da olsa, işğal altındakı torpaqların bir qismini geri aldıq. Bu, bir ilkdir və yaxşı nümunədir. Aprel savaşı göstərdi ki, sonrakı danışıqlar prosesi də nəticəsiz qalarsa, işğalçıya hərbi təzyiqi artırmalı olacağıq”.
Bu baxımdan, E.Şahinoğlu 2017-ci ildə prosesin davamının olacağını gözləyir: “Aydındır ki, növbəti ildə də danışıqlar nəticə verməyəcək, böyük dövlətlər Ermənistan hakimiyyətinə təzyiq etməyəcək və buna alternativ olaraq cəbhə bölgəsində gərginlik artacaq. 2017-ci ildə aprel savaşına bənzər hərbi toqquşmanın baş verməsi də mümkündür. ”Sülh platforması”nın yaradılması da 2016-cı ilin ən böyük yeniliyidir. Azərbaycanın ərazi bütövlüyünə hörmət edən ermənilərin sayı getdikcə artır. Bu, Ermənistan hakimiyyətinin illərdir apardığı “Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya bilməz” təbliğatının boş olduğunu göstərdi.
Azərbaycan hakimiyyətinin və cəmiyyətinin erməniləri Bakıda qəbul etməsi göstərdi ki, xalqımız bütün ermənilərə düşmən deyil, Azərbaycanın ərazi bütövlüyünə hörmət edən ermənilərlə əməkdaşlıq həm mümkün, həm də vacibdir. Ermənistan hakimiyyəti Azərbaycanda hətta hakimiyyətə qatı müxalif bir olan bir azərbaycanlı tapa bilməz ki, İrəvana gedib “Dağlıq Qarabağ Ermənistanındır” desin. Ancaq “Dağlıq Qarabağ Azərbaycan ərazisidir” deyən Ermənistan vətəndaşları var. Bu, Dağlıq Qarabağ məsələsində məhz Azərbaycanın haqlı olduğunu həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq aləmə göstərir. 2017-ci ildə bu siyasəti genişləndirmək lazımdır. Yəni bir əlimizdə silah, digərində qələm olmalıdır ki, lazım gələndə savaş, o biri hallarda “xalq diplomatiyası” yolu ilə işğal altındakı torpaqlarımızı geri qaytara bilək”.
Əlavə edək ki, səhra komandirlərinin “ağ bayraq” qaldırması, Ermənistanın ağır sosial-iqtisadi durumu, əhalidəki düşkünlük, hərbçilərin özgə torpaqlarında ölmək istəməməsi, üstəlik, Azərbaycan bayrağı altında yaşamaq istəyən ermənilərin sayının artması Qarabağ üçün fürsətlər yaradır.
VIPedu.BIZ

Həmçinin oxuyun

“Xalqımız onun cavabını verdi” – Milli Məclisin sədrindən Mübariz İbrahimovu təhqir edən “psixoloq”a reaksiya

Milli Məclisdə özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı …

Bir cavab yazın