Binəli Yıldırımın xətası… – TƏHLİL

Türkiyə Baş naziri Binəli Yıldırımın şiəliyin yayılması barədə söylədiyi fikirlər ciddi qalmaqala səbəb olub. Xatırladaq ki, baş nazir ABŞ-ın CNN kanalına müsahibəsində Yıldırım İranla münasibətlərə toxunub. Türkiyə və İran arasında 500 ildən çoxdur müharibə olmadığını qeyd edən baş nazir deyib ki, Yaxın Şərqdə sülh və stabilliyin olması üçün hər hansı dini ayrı-seçkilik olmamalıdır. Sitat: “Lakin şiəliyin belə geniş yayılması region üçün ciddi təhlükədir. Regionda dini zəmində müharibə başlayıb və heç kim onun nə vaxt bitəcəyini deyə bilməz. Buna görə də biz vaxtaşırı qonşu və dost ölkə İrana təhlükəli addımlardan çəkinməsilə bağlı xəbərdarlıq edirik”.

Baş nazir son illərdə Türkiyə rəhbərliyinin də qeyd etdiyi kimi, İranın məzhəbi fəaliyyətlərini tənqid etməyə çalışsa da, məzhəbi hədəfə alması birmənalı qarşılanmayıb. Aydındır ki, Yaxın Şərqdə bir sıra ölkələrin, o cümlədən İran, Səudiyyə Ərəbistanı, Misir, o cümlədən bir neçə il əvvələ qədər Türkiyə rəhbərliyində də dini ritorika ağırlıq təşkil edib. Xüsusən də İraq və Suriyada baş verən olaylar bəzi dairələr tərəfindən məqsədli şəkildə məzhəb qarşıdurması kimi yozulmağa çalışılıb. Əlbəttə, regionda bir sıra ölkələrin, o cümlədən İranın siyasətində din və məzhəb faktorunun əhəmiyyətli təsiri var. Çünki bu ölkələr faktiki olaraq teokratik dövlətlərdir və dini və ya deyildiyi kimi məzhəbi gorunumu olması aydındır.

Ancaq son 5 ildə baş verənlər, xüsusən də Liviya, Suriya, İraqdakı savaşlar göstərdi ki, din sadəcə bu mövzuda dövlətlər üçün alətdir. Söhbət məzhəblər və inanclardan deyil, dövlətlərin siyasi maraqlarından gedir. Bunun ən bariz örnəyi son bir ildə Yaxın Şərqdə baş verənlərdir. Məsələn, bir il əvvələ qədər İran və Türkiyə arasında ən yüksək səviyyədə qarşılıqlı ittihamlar, məzhəb və dini ritorikaya söykənən tənqidlər vardı. Eyni münasibətlər İraq və Türkiyə arasında da vardı. Ancaq indi vəziyyət ən azından zahirən 180 dərəcə dəyişib. Hər iki ölkə arasında anlaşma və hətta birgə fəaliyyət var. Hansı ki, Türkiyə baş naziri də son müsahibəsində bunu etiraf edib. Halbuki radikal məzhəbçi nöqteyi-nəzərindən baxdıqda dini və ya məzhəb düşmənçiliyi edən ölkələrin barışması mümkün deyil, əksinə aralarında ən sərt şəkildə bir düşmənçilik olmalı idi. Yaxud da bir neçə ay əvvələ qədər ən yaxın müttəfiq olan və birgə hərəkət edən eyni məzhəbə qulluq edən Qətər və Səudiyyə Ərəbistanı kimi dövlətlərin indi düşmən olduğu, hətta bu ölkənin o biri ölkənin heyvanlarına belə suyu kəsməsinə qədər nifrət və düşmənçiliyin baş verməsi göstərir ki, əsl səbəb din və ya məzhəb ayrılığı deyil. Baxmayaraq ki, məzhəb və ya din Orta Şərqdə hər dövlətin “əl silahıdır”. Dövlətlər öz xarici siyasətində din amilindən rahatlıqla istifadə edir, öz xalqlarını və eləcə də başqa müsəlman xalqların dəstəyini almaq üçün məzhəb kartından rahat istifadə edir.

Bu anlamda Türkiyə baş nazirinin qeyd elədiyi İran yayılmaçılığı bir məzhəbin deyil, bir dövlətin xarici siyasətidir. Onu bir məzhəbin üzərinə yükləmək, insanların inancını və ya inanc daşıyıcısı olan insanları hədəfə alır. Nəticədə eyni dinə, kitaba inanan insanlar dövlətlərin. Siyasətçilərin maraq savaşının qurbanı olur.

Türkiyənin baş nazirinin konteksti məhz məzhəb üzərinə gətirməsi əlbəttə uğursuz ifadə forması kimi yadda qalacaq. Görünən odur ki. baş nazir özü də məsələyə məzhəbi kontekstdən deyil, siyasi kontekstdən baxaraq İran siyasətini tənqid etmək istəsə də, uğursuz olub.
Ancaq istənilən halda bu tərz ehtiyatsız açıqlama Türkiyə dövlətinin başında dayanan adam üçün ciddi xətadır. İlk növbədə ona görə ki, Türkiyənin özü layiq, demokratik Cümhuriyyətdir. Bu ölkədə fərqli dindən və məzhəbdən olan insanlar yaşayır. İkinci tərəfdən Türkiyə böyük bir türk dünyasının lokomotiv ölkəsidir. Türk milləti isə dini və məzhəbi olaraq yekcins deyil, fərqli məzhəb və dinlərin daşıyıcısıdır. Bu cür ifadə tərzi həm də Türkiyənin birləşdirici, barışdırıcı missiyası ilə üst-üstə düşmür. (Musavat.com)