ABŞ Ermənistanı necə məyus edir? – TƏHLİL

ABŞ-ın Ermənistandakı səfiri Riçard Milliz bu günlərdə bir daha göstərdi ki, böyük siyasətdə alturizm olmur – Ermənistandakı inqilaba ilk dəstək verən ölkələrdən olan ABŞ, indi də İrəvana konkret siyasi və ən əsası da iqtisadi dəstəyinin şərtlərini açıqlayıb.

Korrupsiyaya qarşı mübarizə, hüquq-məhkəmə sistemində köklü islahatlar və bir də təbii ki, demokratik və şəffaf parlament seçkiləri!

Siyahı elə böyük olmasa da, ondan ən azı bir nəticə çıxır: arzulanan bir neçə yüz milyon dolları tez almaq elə də asan olmayacaq. Üstəlik, bir sıra politiloqlar məsələni bir az da kəskin qoyurlar: ümumiyyətlə, almaq mümkün olacaqmı?

Məsələ bundadır ki, ABŞ prezidenti D.Trampın erməni lobbisi qarşısında hansısa maliyyə öhdəliyi yoxdur. Hətta onun erməni əsilli seçicilərə bu və ya digər vəd verib-verməməsilə bağlı da heç nə məlum deyil.

Ona görə də ABŞ-dan maliyyə dəstəyi almaq üçün N.Paşinyan çox tər tökməli olacaq. Üstəlik, ortada Rusiya ilə münasibətlər də var: ermənilər “iki stulda oturmağa” cəhd edir, bu isə elə də asan bir məsələ deyil. D.Tramp Brüsseldə NATO-nun sammitindən çıxıb Helsinkiyə, V.Putin cənabları ilə görüşə can atsa da belə mehribanlıq və yaxınlıq “nökər”lərə şamil olunmur, onların hər biri öz ağalarının yanında olmalıdırlar.

Hətta ABŞ Ermənistanın Rusiya ilə yaxınlığına dözüm nümayiş etdirsə də bunu Kreml haqqında demək olmaz. Bir neçə gündür ki, Rusiya mediası bir məsələni gündəmdə saxlamağa xüsusi cəhd edir: N.Paşinyan Brüsselə gedəcək, ya getməyəcək?

Ermənistandakı inqilabdan sonra bir xeyli müddət susan politoloq A.Duqinin bəyanatlarının ardı-arası kəsilmir. Amma həmin bəyanatlarda əsas məqsəd Paşinyana təzyiq olsa da, onların səslənməsi bütün hallarda ziyanımıza deyil.

Kremlə yaxınlığı iddia olunan adamın dilindən “Bütün Qarabağ Azərbaycana məxsusdur” sözlərinin səslənməsinin bizə nə ziyanı ola bilər ki?

Hazırda yeni baş nazir N.Paşinyan ABŞ-ın tələblərini qismən də olsa, yerinə yetirməyə və korrupsiyaya qarşı “geniş cəbhə” açmağa cəhd edir. Növbədənkənar parlament seçkisinin də bütün hallarda bu ilin payızından gec olmayaraq keçiriləcəyi bildirilir. Hətta ötən ay belə xəbər yayılmışdı ki, Paşinyan yeni seçki məcəlləsi qəbul olunandan sonra (bu, səhv etmiriksə, iyulun ikinci yarısı üçün nəzərdə tutulmuşdu) istefa verib seçkilərə hazırlaşmağı planlaşdırır.

Bütün bunlar, necə deyərlər, öz yerində. Burada bizim üçün gözlənilən məqamlar da var, gözlənilməyən də.

Düşündürücü məqam isə bir az başqa aspektdədir.

Bir az əvvəldə ABŞ-ın şərtlərindən bəhs etdik. Çox məntiqli olardı ki, Vaşinqton bu şərtlərin sırasında Dağlıq Qarabağ problemini də yada salsın. Bir həmsədr ölkə kimi, guya uzun müddət Qarabağ problemini çözməyə çalışan bir dövlət kimi, daha məntiqli olardı ki, onun şərtlərinin siyahısında Qarabağ problemi də yer alsın.

Paşinyan tutuquşu kimi Koçaryanın və Sarkisyanın siyasi ritorkasını davam etdirəcəksə, Dağlıq Qarabağ probleminə yanaşmada hər hansı bir pozitiv dəyişiklik nümayiş etdirməyəcəksə, onda Ermənistan inqilabının nə mənası vardı?

ABŞ-ın özü də Ermənistana təsir etmək üçün ən real imkandan istifadə etməyəcəksə, onda həmsədr ölkə qismində ili ilə calamağın və insanların əsəbləri ilə oynamağın nə mənası var?
Bilirsiniz, çox qəribə və anlaşılmaz məqamdır: on illər ərzində konfliktlərə yanaşmanın öz fəlsəfəsi formalaşıb. Hamı razılaşır ki, qeyri-konstruktiv tərəfə təzyiq göstərmədən problemi çözmək mümkün olmur.

Deyirlər ki, mövcud status-kvo məqbul sayıla bilməz. Ərz edirlər ki, BMT TŞ-nın qətnamələri yerinə yetirilməlidir. Amma necə? Bunun yolu budur ki, Ermənistana təzyiq edilsin. Vacib deyil hərbi xarakterli olsun, təzyiqin siyasi və iqtisadi yolları da var. Guya bunu cənab D.Tamp özü və ya onun diplomatları bilmirlərmi? Məgər Rusyaya qarşı indi tətbiq olunan sanksiyalar Ukraynanın ərazi bütövlüyünü təmin etməkçün deyilmi?

“İkili standartlar” ifadəsini çox da sevmirik, amma bu cür siyasətə başqa bir ad da tapmaq olmur. Həm də azərbaycanlılar arasında belə məsəl var ki, “görünən dağa nə bələdçi?”

Ola bilsin, N.Paşinyan korrupsiyaya görə bir-iki adamı damlayacaq, hakimləri dəyişəcək və hətta mümkündür ki, babat seçki də keçirəcək. ABŞ da kisəsinin ağzını açıb bir-iki milyon dollar atacaq onun qabağına.

Ermənistanın baş naziri də bu pulları Dağlıq Qarabağda istifadə etməkçün silah-sursata sərf edəcək. Sonra amerikalı diplomatlar Bakıya və İrəvana səfərlər edib münaqişəni həll etməyə gəldiklərini deyəcəklər…

Gülməli deyilmi, cənablar? Daha neçə il bu axmaq diplomatik maskarad davam edəcək? Bəlkə yetər? Axı daha cidanı çüvalda gizlətmək olmur…

Hüseynbala Səlimov

Zdrave universal kremi zdrave forte