25 Mart 2017, Şənbə

Şirin Cəfəri Eynulla Fətullayevə sərt cavab verdi: ” Eynulla və təmiz adam kəlməsi bir-birinə ziddir”

13:52 | 11.01.2017
2.732 dəfə oxundu

Şirin Cəfəri: “Allahdan Eynulla Fətullayevə şəfa diləyirəm”

Virtualorg.az  və Haqqın.az saytlarının baş redaktoru Eynulla Fətullayev  jurnalist Əvəz Zeynallının müəllifi olduğu “Qaynar Qazan” verilişində  bir sıra şəxslərə qarşı sərt ifadələr işlədib. Onun barəsində danışdığı  şəxslərdən biri də “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərlidir. Fətullayev iddia edib ki, Şirin Cəfəri ləğv edilmiş  MTN-ə “işləyib”, yəni  həmin qurumla sıx təmasda olub.

Şirin Cəfəri barəsində Fətullayev tərəfindən səsləndirilən ittihama reaksiya verib. O, Azinforum.az-a bildirib ki, Eynulla Fətullayev elə bir xislətə malikdir ki, ondan hər cür iftira eşitmək mümkündür:

“Fətullayevin barəmdə dediyi fikirlər yalandır, özü nə danışdığını bilmir. Mən belə başa düşürəm ki, bu adam artıq başını itirib. Sözsüz ki, onun həbsdən necə çıxdığı mənə şübhəli qalır. Belə görünür ki, bu şəxs həbsxanadan “üzü ağ” çıxmayıb. İndi də ağzına gələni danışır və yazır. Mən, artıq ona ciddi fikir verməyin tərəfdarı deyiləm. Çünki adamda həbsxana həyatının psixoloji sarsıntıları özünü büruzə verir”.

Şirin Cəfəri qeyd edib ki, Eynulla Fətullayevdən məhkəməyə şikayət etmək niyyətində olsa da, sonda bu fikrindən daşınıb: “Fətullayevi Azərbaycan xalqı, cəmiyyətimiz yaxşı tanıyır. Bilir ki, hansı yuvanın quşudur. Bəllidir ki, bu adam uzun illər ermənipərəstliyi ilə seçilib, erməni qucağında oturan biri olub. Fətullayev rəhmətlik Elmar Hüseynovun ölümündən şəxsi maraqları üçün istifadə edib. Vaxtı ilə özü MTN-lə əlbir olub, onların sifarişi əsasında fəaliyyət göstərib, müəyyən mənada Elmar Hüseynov məsələsində oyunlar oynayıb. Bu gün isə bu məsələlərdən yayınmaq üçün şəxsən məni MTN-ə “bağlamağa” çalışır. Ancaq ortada tarix var. Bu Elmar Hüseynovun ölümündən küllü miqdarda pul əldə etmək, yararlanmaq istəyirdi. Amma bu cəhdi alınmadı. Keçmiş MTN-də ki, şefləri Eynullanı işlətdilər və sonra da ona atdılar. İndi də başqa sahədə istifadə olunur. Üstəlik ağzına gələni danışır. Guya hamı oldu MTN-nin agenti, Eynulla oldu təmiz adam. Amma Eynulla və təmiz adam kəlməsi bir-birinə ziddir.
Şirin Cəfəri hesab edir ki, Eynulla Fətullayevin mediaya bəlli olan həyatı onun necə insan olduğunun əyani göstəricisidir: “Bu adam indiyə qədər bir neçə partiya dəyişib. Müxtəlif şəxslərin yanında olub. Hər yerdən də destruktiv fəaliyyətinə görə qovulub. YAP-çı idi, amma sonra sosial demokrat oldu. Daha sonra Xankəndinə gedərək saxta rejimin prezidenti ilə görüşdü, ondan müsahibə aldı, imkan yaratdı ki, saxta rejimin rəhbəri Azərbaycana qarşı ittihamlar irəli sürsün. Xocalı ilə bağlı heç bir azərbaycanlının yazmayacağı reportaj yazdı. Sözümün canı odur ki, bu adamın keçmişi onun necə şəxs olduğunu ortaya qoyur”.

Cəfəri daha sonra xatırladıb ki, özünə hörmət edən bir insan üçün həyatda ən biabırçı hal dar gündə yanında duran dost və həmkarlarından imtina etməkdir:

“Eynulla həbsdə olduğu müddətdə “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşları hər ay ona yardım göstəriblər, ailəsini heç vaxt tək buraxmayıblar. Ancaq adam həbsdən çıxdıqdan sonra onların üzərindən xətt çəkdi, hətta bir çoxu haqda mətbuata mənfi istiqamətdə danışdı, bunu müdafiə edən onlarla jurnalisti borclu çıxardı. Sonradan həmin qəzetdə çalışan jurnalistlərdən birini təzə yaratdığı QHT-də işə cəlb etdi, amma əmək haqqını vermək istəmədi. Həyatda ən ağır hal dar gündə sənə dayaq duran insanlar haqqında ağzına gələni danışmaqdır. Bunu da son 20 illik tarixdə ancaq Fətullayev edə bilib. Mənəviyyatı bundan ibarətdir.
Şəxsi həyatına baxanda da necə insan olduğu ortaya çıxır. Eynullanın Bakı Şəhər İcra Hakimiyyətinin mərhum başçısı Rafael Allahverdiyevlə bir qalmaqalı var idi. Bu qalmaqalın içində başqa bir incə məqam da mövcud idi. Mən bunu açıqlamaq istəmirəm. Özünə hörmət edən, mənəviyyatı olan hər bir insan üçün bu eyib məsələdir, amma Eynulla üçün əsla eyib bir şey deyil”.

Sonda Şirin Cəfəri bildirib ki, Eynulla Fətullayev şəxsən onu tanımır: “Ola bilsin ki, adımı eşidib, amma şəxsən tanışlığımız yoxdur. Tanımadığın bir insan haqqında nəsə demək üçün insanın əxlaq və mənəviyyatında problemlər olmalıdır. Yalnız mənəviyyatı zəif olan adam bunu edə bilər. Mənim Eynullaya yazığım gəlir. O bədbəxt adamdır. Allahdan ona şəfa diləyirəm”.

Rövşən ƏLİ

Azinforum.az