SALAM SARVAN 30 İL ƏVVƏL QUMARDA NƏYİNİ UDUZUB? – HƏRƏKATÇI ŞAİRİN GƏNCLİYİNDƏN DANIŞDI

00:44 | 10.12.2016
2.052 dəfə oxundu

Azinforum.az xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə  tanınmış şair Salam Sarvanla “bozqurdçular” arasında ciddi polemika gedir. Hətta vəziyyət o yerə çatıb ki, tərəflər bir-birinin ünvanına təhqirlər belə yağdırırlar.  Buna səbəb tanınmış şairin  millətçilər və “bozqurdçular”la  bağlı yazdığı sərt məzmunlu  status olub. Məsələn aktuallığı bu mövzuya  tanınmış hərəkatçı və jurnalist Fərəməz Novruzoğlunu qoşulmağa vadar edib.  Fərəməz bəy Salam Sarvanla bağlı 30 il əvvəl baş verən bir hadisəni olduğu kimi nəql edib. Azinforum.az həmin fikirləri  təqdim edir:

“Baxıb görürəm ki, əksəriyyət Salam Sarvandan yazır. Əslinə baxanda, Salama da elə bu lazım idi, necə deyərlər, istəyinə çatdı adam.

Amma, məncə, inciməyinə dəyməz o cür adamdan…

1986-cı ilin payızı idi. Tələbəsi olduğum keçmiş  Xalq Təsərrüfatı İnstitutunun 3 saylı yataqxanasının 421-ci otağında qumar oynayırdıq. Lerikdən olan talış balası Şahin özüylə bir nəfər gətirmişdi – cəlilabadlı Salam Sarvanı. Oyun zamanı öyrəndik ki, o da bizim institutun tələbəsidi. İnsafən, çox mahir qumarbaz idi – mimikası, oyun tərzi… Bir sözlə, hər şey yerli- yerində idi.

Şahin imkanlı ailənin uşağıydı. Bizim kimi kasıblar o və onun kimi imkanlıları “qazlayıb” pullarını udurduq. Şahin də qarşımıza Salamı çıxardı. Oyun zamanı hiss etdim ki, Salam “kart düzməyi” çox gözəl bacarır. Bu səbəbdən də, “ziyanın yarısından qayıtmaq” fəlsəfəsini əsas tutub oyundan yarımçıq çıxdım.

Mən bu hadisəni yaxın dostlarım naxçıvanlı Bayramla,  qazaxlı Hacıya danışdım. Onlar bizim yataqxananın qarşısında yerləşən Ticarət Texnikomunun tələbəsi idi. Hər ikisi məşhur “şuller” olub. İmkanlı bir uşaq qumar oynamağa gələn kimi onları dəvət edər, yarım saatın içərisində məsələni “kökündən çürüdərdik”.

Xülasə, iki gün sonra məşhur 421-ci otaqda qızğın qumar oyunu başladı. Masanın ətrafında 5 nəfər vardı: mən, qazaxlı Hacı, Salam Sarvan, lerikli Şahin, bir də Şəmkirdən İlham. Həmyerlim Bayram isə bu dəfə seyrçi rolundaydı.

Oyunun başlamasından 2 saat keçirdi. “Seka” qalınmışdı. “Bank”da xeyli pul vardı. Kartları paylayan qazaxlı Hacı oldu. Mənim əlimdə 2 Karol və bir Dama vardı, yəni heç nə. Amma bu, işarə idi – Damanı, yəni Salam Sarvanı “məngənə”yə salmalıydıq. Mən öhdəmə düşən vəzifəni yerinə yetirdikdən sonra “pas” getdim. Bundan sonra Salam Hacıya “açıq” elan etdi. Lakin bunun üçün yetərli pulu olmadığına görə, əynindəki bahalı “Rancer” kostyumunu və “Salamander” ayaqqabısını ortaya qoydu. Ardınca da, sevincək halda, 3 altılığı masanın üstünə çırpıb, pulları qamarlayırdı ki, Hacının amiranə səsi otağı bürüdü:
– DUR, oğlum! Məndə 3 tuzdu!

İndi deyirlər ki, Salam Sarvan millətçiləri, turançıları köpək adlandırıb, təhqir edib. Çoxları bundan çox qeyzlənib. Amma mənim heç vecimə də deyil. Axı şalvarını qumarda udduğum bir adamın sözünü mən niyə ciddiyə alım ki?

P.S. Yeri gəlmişkən, vaxtilə “Narxoz”un yataqxanasında “qazlayıb” pullarını udduğumuz pullu papaların “qaz” oğullarından biri də Fazil Məmmədov olub”.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.az