24 İyun 2017, Şənbə

Qarnınız qədər başınızın haqqında da düşünsəniz – Aysel Əlizadə

14:27 | 15.05.2017
796 dəfə oxundu

Marketlərimizdə həmişə basabas olur. Restoranlarda yer tapılmır. Elə ki yay gəldi, bir istirahət mərəzində gecələməyə otaq qalmır. Ömrü boyu da yoxsulluqdan şikayət edirik.

Mən üsyandan öncə Misirdə olmuşdum. Qahirənin mərkəzində bir dənə sağlam inomarka tapmazdız. O sınıq-salxaq maşınları biz özümüzə yaraşdırıb sürmərik.

Mən başa düşürəm ki, ölkədə vəziyyət yaxşı deyil. Üstəlik, biz komfortu sevən xalqıq. Özümüzü yaxşıya layiq bilirik. Evimiz, maşınımız, telefonumuz yaxşısından olsun istəyirik və bunun üçün beş qat artıq işləməyə hazırıq. Amma etiraf edək ki, bunu təkcə işləməklə əldə etmirik. Bir-birimizi yağmalamaqla, aldatmaqla, hətta vətəni soymaqla da pullanmaqdan çəkinmirik.

Hər halda alimin maaşı ilə ölçmək olar hər şeyi.

Bilmirəm, biz alimə 150 manat civarında maaş yazanda nə haqda düşünmüşük. Hesablamaya görə o alim nə etməli idi, necə yaşamalıydı sualı o maaş alimə kəsiləndən bəri cavabsız qalır. Bütün dünyadan xəbərsiz olsan belə, 150-300 manat arası dəyişən ziyalı maaşının həyat üçün yetərsiz olduğunu və bu maaşla vicdanlı müəllim, həkim kimi qalmağın mümkünsüzlüyünü sən də, mən də gözəlcə anlayırıq. O müəllim ya rüşvət alacaq, ya da Hadi Rəcəbli demiş, fəhləliyə gedəcək.

“Bütün dünyadan xəbərsiz olsan belə, 150-300 manat arası dəyişən ziyalı maaşının həyat üçün yetərsiz olduğunu və bu maaşla vicdanlı müəllim, həkim kimi qalmağın mümkünsüzlüyünü sən də, mən də gözəlcə anlayırıq. O müəllim ya rüşvət alacaq, ya da Hadi Rəcəbli demiş, fəhləliyə gedəcək”

Sözüm onda deyil. Mən bütün mövzularda sizin yerinizə danışa bilmərəm. Sözüm ondadı ki, marketlərdə, bazarlarda adam əlindən tərpənmək olmur. Paytaxtdan yazıram və burdakı durumu ifadə edirəm.

Bu şəhərin bütün kitab mağazaları adamsızlıqdan it ulayan atılmış xarabazara bənzəyir. Kabab haqda düşündüyünüzün onda birini kitab haqda düşünsəz dünya dağılmaz. Qarnımıza elədiyimiz xidmətin yarıdan yarı hissəsini başımıza etsək, indiyə çox məsələni yoluna qoyardıq ölkədə. Hökumətlə döydüyümüz davaların içində savadla, kitabla, təhsillə bağlı mövzu yoxdu. Yalnız qarın davası. Bir dəfə bu ölkənin valideynləri məktəblərin durumu ilə bağlı narahatlıq ifadə etsəydi biz də “xalqımız böyükdü” deyəndə tərəddüd duymazdıq.

Yazıçı kimi alayı məsələdən narahatam. Yemək alırsız, nuş olsun. Bir ildə bir dəfə kitab mağazasına niyə girmirsiz? Yoxsa, hər şeyi bilirsiz artıq?

“Bu şəhərin bütün kitab mağazaları adamsızlıqdan it ulayan atılmış xarabazara bənzəyir. Kabab haqda düşündüyünüzün onda birini kitab haqda düşünsəz dünya dağılmaz”

İşimi-gücümü atıb sizinlə dalaşmağa girişməyəcəm. Bir az toparlanın, özünüzü yığışdırın deyirəm. Bir az.

Restoranlardan yığışdırmaq olmur sizi. Əridin o qarınları, arıqlayın. Ayıbdı!

Böyütdüyünüz uşaqlar sizi nə qədər yeyib -içən yerdə görəcək? Ananı nə qədər qazan başında görmək olar? Bu ölkənin anasını qazandan ayırmaq lazımdı – təcili.

Ana deyəndə qazan, süpürgə gəlir ağlımıza.

“Restoranlardan yığışdırmaq olmur sizi. Əridin o qarınları, arıqlayın. Ayıbdı! Böyütdüyünüz uşaqlar sizi nə qədər yeyib -içən yerdə görəcək? Ananı nə qədər qazan başında görmək olar? Bu ölkənin anasını qazandan ayırmaq lazımdı – təcili”

Filmlərimizdə, ədəbiyyatımızda, mədəniyyətimizdə ana təmizlikçi rolundadı. Ana süpürgəçi obrazından çıxmır. Böyük işlərə yönəlmir. Bu yaxınlarda tərcümə etdiyim pyesin premyerası oldu. Məşqə baxmağa getmişdim. Pyes haqda ayrıca yazacam. Mövzunu mövzuya qatmayaq.
Əsərdə ana obrazı var. Bir də gördüm, haydı, həmin bu ana əlində süpürgə səhnədə göründü. Oranı süpürdü, buranı süpürdü, girinc qaldı ortada.

Başıma ana boyda daş saldılar elə bil. İradımı rejissora dedim, əsaslandırdım. Sağolsun. Qəbul etdi və ananın əlindən süpürgəni aldıq. Rejissoru atam kimi sevirəm. Dedim ay kişi, al o süpürgəni o qadından, kitab ver, kompüter ver ona. Yetər aa!

Bir dəfə sizi kitab oxuyan yerdə görməyən uşaqlardan şikayət edirsiz: “İndiki uşaqlar oxumaq istəmirlər”. Kimdən örnək götürsünlər? Əlli il yaşayırsız, uşaq bircə dəfə sizi kitab dükanına girən görmür. Mağaza, mağaza…geyim, qarın. Və?

“Bir dəfə sizi kitab oxuyan yerdə görməyən uşaqlardan şikayət edirsiz: “İndiki uşaqlar oxumaq istəmirlər”. Kimdən örnək götürsünlər? Əlli il yaşayırsız, uşaq bircə dəfə sizi kitab dükanına girən görmür. Mağaza, mağaza…geyim, qarın”

Kimə baxıb düzlənsin? Mənə? Siz onu mənlə tanış etmisiz? Bir dəfə yazımı oxutmusuz ona? Yox!

Eləməyin də belə. Küsə bilərəm. Kitab günü ayırın. Ailə adətlərinə salın. Effektini görməsəz, nə deyirsiz deyin. Kitab.