17 Yanvar 2017, Çərşənbə axşamı

Prezident İlham Əliyev: “Naxçıvanı dəmiryolu blokadasından çıxaracağıq”

12:37 | 11.01.2017
563 dəfə oxundu

Azinforum.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan dünənki iclasında çıxışı zamanı deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, keçən il nəqliyyat sektorunda önəmli hadisələr baş verib:

“Xüsusilə Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır. Keçən ilin yaz aylarında mən göstəriş vermişdim ki, ilin sonunadək bizim dəmir yolumuz İran sərhədinə qədər çatdırılmalıdır və artıq biz buna nail olduq. Təqribən 7-8 ay ərzində çatışmayan o hissəni inşa etdik və ondan əlavə, Astaraçay üzərində körpünü də biz tikdik və istifadəyə verdik. Yəni, Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirdi. İndi biz bu böyük layihənin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürmüşük ki, bu prosesi sürətləndirək.
Bu, həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcəkdir. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq. Biz bu layihənin icrası ilə, eyni zamanda, Naxçıvanı da dəmiryolu blokadasından çıxaracağıq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək. Yəni, bu, tarixi layihədir və biz bunu qonşu, dost ölkələrlə birlikdə icra edirik”.