“Ofşor zonada qeydiyyatdan keçib vergidən yayınırlar”

13:26 | 27.12.2016
529 dəfə oxundu

Qafqazinfo” vergilər naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun Azərtac-a verdiyi müsahibəni qısa ixtisarla təqdim edir:

– Ölkəmizin vergi sistemində aparılan islahatların əsas istiqamətlərini necə səciyyələndirmək mümkündür?

– Son dövrlər istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin azalması, dünya iqtisadiyyatında mövcud olan qeyri-müəyyənlik, mürəkkəb xarici iqtisadi mühit ölkəmizin makroiqtisadi və maliyyə sabitliyinə təsirsiz ötüşməyib. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü və uzaqgörən siyasi kursu qətiyyətlə davam etdirməsi sayəsində, eləcə də ölkədə struktur və institusional islahatların sürətləndirilməsi, fəal fiskal siyasətin həyata keçirilməsi, əhalinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, qeyri-neft məhsullarının ixracının artırılması və sənayenin artım sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində Azərbaycan qlobal proseslərin təsirindən qorunmağa, itkilərini minimuma endirməyə və əhalinin sosial müdafiəsinin təmin edilməsinə nail ola bilib.

Dövlət başçısının fərmanı ilə təsdiqlənmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya, postneft iqtisadi inkişaf modelinin dəstəklənməsinə yönəlmiş yeni strateji hədəflər və prioritetlər öz əksini tapıb.

Bu hədəflərə çatmaq və yeni iqtisadi inkişaf modelinə keçidlə bağlı dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş konkret vəzifələrin icrasını təmin etmək üçün vergi orqanları da bütün səylərini səfərbər ediblər. Dövlət büdcəsinin gəlirlərinin artırılması üçün Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi potensialının düzgün müəyyənləşdirilməsi və yeni vergi mənbələri hesabına vergitutma bazasının genişləndirilməsi, vergilərin tam həcmdə və vaxtında ödənilməsinə nəzarətin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə “risklərin idarə edilməsi” kimi innovativ alətlərin uğurla tətbiqinə başlanılıb, iri vergiödəyicilərində elektron auditin tətbiq dairəsi genişləndirilib.

Dövlət başçısının sərəncamından irəli gələn məsələlərin həlli, vergi orqanları qarşısında qoyulmuş vəzifələrin səmərəli icrası, vergiödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan partnyorluq münasibətlərin qurulması və geniş vergi xidmətlərinin göstərilməsi məqsədilə nazirliyin strukturu və menecmenti müasir idarəetmənin tələblərinə uyğun olaraq yenidən qurulub. Son aylar qarşıda duran əsas məsələlərdən biri də “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun layihəsinin hazırlanması idi. Layihə artıq Milli Məclis tərəfindən qəbul olunub və qanun dövlət başçısı tərəfindən imzalanıb.

– Vergi Məcəlləsinə əsas dəyişikliklər nədən ibarətdir?

– Hər şeydən əvvəl deyim ki, vergi orqanları dövlətin vergi siyasətini həyata keçirən qurumdur və əlbəttə, dövlət büdcəsinin gəlirlərinin formalaşmasına məsul orqan olaraq vergi gəlirlərinin artırılmasında maraqlı tərəfdir. Lakin ölkəmizdə həyata keçirilən vergi siyasətinin ən vacib elementlərindən biri əlverişli biznes mühitinin yaradılması, biznesin iqtisadi inkişafa yönümlü olması, dövlətin iqtisadi maraqları ilə yanaşı, sahibkarların və vətəndaşların maraqlarına cavab verməsidir.

Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklər edilib. Son dəyişikliklərin əsas məqsədi və hədəfi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır. Dəyişikliklər zərfi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində, qabaqcıl beynəlxalq təcrübənin yaxından öyrənilməsi, biznesi təmsil edən təşkilatların və sahibkarların ictimai birliklərinin təkliflərinin müzakirəsi əsasında hazırlanıb.

Qanunvericiliyə dəyişikliklər Milli Məclisin komitələrində çox ciddi müzakirələrdən keçib və millət vəkilləri tərəfindən də müsbət qarşılanıb.

Bütövlükdə Vergi Məcəlləsinə 201 dəyişiklik edilib. Məcəlləyə 115 yeni maddə əlavə edilib, 83 maddəyə dəyişiklik edilib, 3 maddə isə ləğv olunub. Dəyişiklikləri qruplaşdırsaq, 123 maddə vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34 maddə vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə isə vergi yükünün azaldılması və ya vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır.

Məcəlləyə edilmiş dəyişikliklərin bir hissəsi vergitutma bazasının genişləndirilməsi ilə bağlıdır. Araşdırmalar göstərir ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində vergidən yayınma hallarına hələ də rast gəlinir. Bu, özünü bəzi sahibkarların vergi orqanlarında qeydiyyatdan keçməməsində, uçot-məlumat bazasının düzgün aparılmaması və yaranmış vergi öhdəliklərinin düzgün göstərilməməsində, vergiödəyicilərinin mənfəətinin minimallaşdırılması məqsədilə müxtəlif metodların tətbiqində, vergi yükü aşağı olan ofşor zonalarda qeydiyyatdan keçməklə vergilərin yayındırılmasında, büdcəyə vergilərin tam və vaxtında ödənilməməsində və s. formalarda göstərir. Vergi islahatlarına dair yeni istiqamətlər məhz bu sahələrdə vergi nəzarətinin gücləndirilməsini, bəzi hallarda isə (məsələn, elektron ticarətdə) vergi nəzarətinin yenidən qurulmasını nəzərdə tutur. Rezident vergiödəyicilərinin ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı (ofşor) hesab edilən ərazilərdə təsis edilmiş vergiödəyiciləri ilə apardıqları əməliyyatlara nəzarətin təmin edilməsi məqsədilə belə gəlirlərə transfer qiymətlərinin tətbiq edilməsi nəzərdə tutulur.

– Vergiödəyiciləri tərəfindən aparılan əməliyyatların uçotunun şəffaflaşdırılması ilə bağlı qanunvericilikdə nə kimi dəyişikliklər edilib?

– Ölkəmizdə mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi sahəsində mövcud vəziyyətin təhlili göstərir ki, qaimə-fakturaların kağız formasında tətbiqi bəzən bir sıra problemlərə və nəticə etibarilə vergidən yayınma hallarına şərait yaradır.

Bunun qarşısını almaq məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər edilib və sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim olunması tələb ediləcək.

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il aprelin 1-dən, bütün digər vergiödəyiciləri isə 2018-ci il yanvarın 1-dən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

Bu dəyişiklik sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmininə xidmət edir.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də topdan və pərakəndə ticarətlə məşğul olan vergiödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsidir ki, bu da sahibkarlar ilə vergi orqanları arasında yarana biləcək fikir ayrılıqlarının qarşısının alınmasına və vergiödəyicilərinin maliyyə sanksiyalarına məruz qalmamalarına imkan yaradacaq.

– Məcəllədəki dəyişikliklərin bir qismi də vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi ilə bağlıdır…

– Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərdə də vergiödəyicilərinin hüquqlarının qorunması və genişləndirilməsi başlıca prinsiplərdəndir.

Digər dəyişiklik kameral vergi yoxlamaları ilə bağlıdır. Ölkə başçısı tərəfindən kameral vergi yoxlamalarının konkret olaraq verilmiş bəyannamələr əsasında 30 gün ərzində başa çatdırılması tapşırılıb və bu məqsədlə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, kameral vergi yoxlamasının vergi bəyannaməsinin təqdim edildiyi vaxtdan 30 iş günü müddətində həyata keçirilməsi və müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlamasının keçirilməsi qadağan edilib.

Vergiödəyicilərinin hüquqlarının qorunmasına xidmət edən yeniliklərdən biri də “Könüllü vergi açıqlaması” (“Voluntary tax disclosure”) sisteminin tətbiqidir.

– Vergiödəyicilərinin marağına səbəb olan mühüm yeniliklərdən biri də nağdsız hesablaşmaların genişləndirilməsi ilə bağlı yeni qanundur. Bu qanunun mahiyyəti nədən ibarətdir?

– “Nağdsız hesablaşmalar haqqında” qanun layihəsi ölkə başçısının 4 avqust tarixli sərəncamı ilə verilmiş tapşırığa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb və nağdsız ödənişlərin tətbiq dairəsinin genişlənməsinə şərait yaradır.

Etiraf etmək lazımdır ki, bu sahədə biz hələ də dünyanın əksər ölkələrindən, o cümlədən qonşu Türkiyədən, hətta bir sıra MDB ölkələrindən geri qalırıq. Nağdsız ödənişlərin həcminin artırılması, ilk növbədə, pul dövriyyəsinin tənzimlənməsinə müsbət təsir göstərməklə yanaşı, maliyyə sektorunda kifayət qədər canlanma yaradacaq, vergidən yayınma hallarının azalmasına gətirəcək və təbii ki, həm də vergi daxilolmalarının artmasına birbaşa təsir edəcək.

Burada bir neçə mühüm məqamı qeyd etmək istərdim.

Qanuna əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hesablaşmaların nağd qaydada aparılması ay ərzində 30 min manatadək, digər vergiödəyiciləri tərəfindən isə ay ərzində 15 min manatadək məhdudlaşdırılır.

Vergiödəyiciləri tərəfindən bəzi hallarda, məsələn, kənd təsərrüfatı məhsullarının istehsalçılarından məhsulların alınması və s. kimi hallarda vergiödəyicisi olmayan fiziki şəxslərdən malların nağd qaydada satın alınmasına icazə verilir.

Qanunla bir sıra ödəmələrin, xüsusilə müxtəlif vergi və rüsumların, sosial ödəmələrin, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqlarının və digər ödəmələrin nağdsız qaydada həyata keçirilməsinə dair tələblər müəyyən edilib. Əməliyyatlarının həcmi ardıcıl 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əməkhaqlarının da nağdsız qaydada həyata keçirilməsinə yol verilir.

Nağd hesablaşmalarla bağlı məhdudiyyətlər Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə də yer alır. Banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulacaq. Burada xüsusilə vurğulamaq lazımdır ki, qanunda nağd pul vəsaitlərinin bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara deyil, yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinə tətbiq olunacaq.

-Bu günlərdə Milli Məclisdə “Vergiödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi də müzakirəyə çıxarıldı. Bu məsələyə şərh vermənizi xahiş edirik.

– Hər şeydən əvvəl qeyd edim ki, bu Qanun layihəsi Milli Məclisə dövlət başçısının şəxsi təşəbbüsü ilə göndərilib və Prezidentin ölkə sahibkarlarına göstərdiyi dəstəyin daha bir növbəti nümunəsidir. Qanun, ilk növbədə, vergiödəyicilərinin iqtisadi fəallığının artırılmasına xidmət edir.

Qanun layihəsinə əsasən, vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlərin və Vergi Məcəlləsinin 58.7-ci maddəsində nəzərdə tutulan nağd əməliyyatların aparılması qaydalarının pozulmasına görə maliyyə sanksiyalarının 2017-ci ilin 1 yanvar vəziyyətinə istisnasız olaraq silinməsi, eləcə də Vergi Məcəlləsində nəzərdə tutulan digər maliyyə sanksiyalarının müəyyən ardıcıllıqla və şərtlər daxilində silinməsi təklif edilir.

Əminəm ki, bu qanun layihəsinin qəbulu vergiödəyicilərinin sərəncamlarında kifayət qədər vəsaitin qalmasına, borc məbləğlərinin azalmasına təsir edəcək, sahibkarların iqtisadi fəallığının artmasına və vergi yükünün optimallaşdırılmasına xidmət edəcək. Digər tərəfdən nəzərə almaq lazımdır ki, sahibkarların sərəncamında qalacaq vəsait də iqtisadi dövriyyəyə daxil olacaq və multiplikasiya effektini nəzərə alsaq, bunun iqtisadi səmərəsi bir neçə dəfə artacaq.

Bütövlükdə bu qanunların, eləcə də Vergi Məcəlləsinə dəyişikliklərin qəbulu ölkəmizdə vergi mühitinin cəlbediciliyinin artmasına, dövlət-biznes münasibətlərinin partnyorluq müstəvisinə keçidinin sürətlənməsinə təkan verməklə bərabər, iqtisadi fəallığın və fiskal dayanıqlılığın təmin olunmasına da müsbət təsir göstərəcək.

Vergilər Nazirliyi 2017-ci ildə və sonrakı dövrlərdə öz fəaliyyətini kiçik və orta sahibkarlığın dəstəklənməsinə, dövlət büdcəsinin gəlirlərinin artırılmasına, vergiödəyiciləri ilə şəffaf partnyorluq münasibətlərinin genişlənməsinə xüsusi diqqət yetirəcək.