Naxçıvanın göycəsi, mineral suyu, bir də daş küftəsi…

14:07 | 19.12.2016
867 dəfə oxundu

Daş küftə – Naxçıvan mətbəxinin ən məşhur yeməklərindən biridir. Adi küftədən bişirilmə üsulu, daha ləzzətli və fərqli olması ilə seçilir. Naxçıvanda əksər evlərdə bu küftəni hazırlamaq üçün iri çay daşı və qoz ağacından hazırlanmış çəkic olur. Bu isə onların DAŞ KÜFTƏNİ nə qədər çox sevdiklərini və tez-tez bişirdiklərini göstərir.

 

Bu yeməyi hazırlamaq elə də asan deyil. Çünki küftə üçün əti maşından keçirib yumrulayıb qazana atmırıq. Tikə əti 2 saat, bəlkə də 3 saat dayanmadan çəkiclə döymək, qiymə halına salmaq lazımdır. Elə ki, qiymə halına düşdü üzərinə bir ovuc noxud səpib yenidən döyməyə davam edirik.  Noxudlar tam əzilib, ətə qarışdıqdan sonra ora təmizlənmiş baş soğan və bir dəstə keşniş əlavə edirik. Daşın üstündə bunlar birlikdə döyülür. Döymə işi bitdikdən sonra bir stəkan düyü, sarıkök və duz-istiot da əlavə edilir, qarışdırılır. Hazır qiymə bir ovucun içərisinə sığacaq böyüklükdə kündələrə ayrılır. Kündələrin içərisinə zirinc qoyulur.

Bu zaman başqa qazanda yağ–soğan qovururuq. Üzərinə əlavə edilən su qaynamağa başlayınca küftələr qazana boşaldılır. İstəyə görə bura kartof və yaxud əvvəlcədən qaynadılmış noxud əlavə edilə bilər. Yemək hazır olduqdan sonra zövqə görə üzərinə quru nanə tökülür. Daş küftə isti halda yeyilir. Ən maraqlısı odur ki, naxçıvanlılar daş küftəni soyuduqdan sonra adətən, səhər yeməyində, şirin çayla, lavaşın arasına bükərək yeyirlər. Bu cür daha fərqli dada malik olduğunu deyirlər.

Ölkə.az