Mütəllibovlardan necə qorunmalı? – Taleh ŞAHSUVARLI

15:10 | 22.11.2016
714 dəfə oxundu

Sözün açığı bu aralar məqalə ilə çıxış etməyə heç həvəsim yox idi.
İşsizliyin verdiyi fürsətdən yararlanıb bir kitab üzərində çalışıram, əhvalımı soruşan dostlara zarafatla dediyim kimi, “Kantı yola salıb, Kontu qarşılamaqla” məşğulam.
Azərbaycan ictimai şüuru çox böyük ölçüdə fəlsəfədən və elmdən uzaqdır. Xalqı, cəmiyyəti ittiham etmək fikrindən uzağam. Fərqindəyəm ki, aristokratiyamızın kökü çar hakimiyyəti və sovetlər zamanında kəsilib. Aristokratik ənənələri qırılan, məhv edilən, hərbi xarakteri inşaat batalyonlarında məqsədli şəkildə axtalanan bir toplumdan bundan fazlasını gözləmək yersizdir. Ancaq barı qazandıqlarımızın, malik olduqlarımızın qəsdinə durmayaq. Pis-yaxşı bir milli sistemimiz mövcuddur, onun gövdəsini baltalamayaq!
Di gəl ki, manıs təfəkkürlü tv-lər, ip-si çılpaq şəkillərdən çıxan saytlar, ictimai rəyə təsir gücü qalmamış qəzetlər, bir sözlə, bu media ilə Azərbaycan insanının dünyanın idrak etməsinə töhfə vermək mümkün deyil.
Mövcud hakimiyyətin strateji uğurları, İlham Əliyevin qeyri-adi dövlətçilik bilinci ilə ərsəyə gələn, artıq fəlsəfi-siyasi model kimi hər kəsin fərqinə varacağı bir şəkildə geopolitik münasibətlərdə özündən söz etdirən Azərbaycan modeli, buna rəğmən hələ öz həllini tapmayan məsələləri, ölkənin qos-qoca sorunları, “iqtidar yolsuzlaşdırır” aksiomasından doğan nəhəng korrupsiya faktları, bankların soyğunçuluq siyasəti, virtual məkana daşınmış müxalifətin fərsizliyi… bütün bunları açıq-açıq, eninə-uzununa dartışmaq, xalqı böyük hədəflər uğruna səfərbər etmək, “Lələtəpə ruhunu” qəti qələbə əzminə çevirmək üçün peşəkar insanları göz önündə saxlamaq əvəzinə mediamız əvvəlcə beyinləri qurudurdu, indi isə düşünən başları birdəfəlik unitaza soxmağa girişib…
Hərdən deputat statusu ilə kimlərsə xalqın önünə çıxır, bilərəkdən, ya bilməyərəkdən qaş qayırdığı yerdə vurub gözü də tökürlər. Üç cümləni ard-arda düzməyə səviyyələri, qabiliyyətləri, səriştələri çatmır. Hansınınsa adını xüsusi çəkməyə ehtiyac yoxdur. 125 deputatdan uzaqbaşı iyirmi beşində intellekt, qabiliyyət, yanımcıllıq var, qalan hamısı bir bezin, həm də köhnəlmiş, sürtülmüş bezin qıraqlarıdır.
Birinin qabiliyyəti çatıb, məsələn, Cəmil Həsənlinin qarşısına çıxa bilmir. Qabiliyyəti çatanlar da çıxmaq istəmirlər. Özlərini, yığdıqlarını, gələcəklərini qoruyurlar guya… Dilləri gödəkdir, dürüstlükdən, təmizlikdən, ictimai vicdandan, vətəndaşlıq məsuliyyətindən danışmağa mənəvi haqları yoxdur. Görməmişliklərini ört-basdır etmək üçün görməzlikdən gəlirlər. Siyasət, hakimiyyət uğrunda mübarizə öz doğası gərəyi hər zaman qarşılıqlı ittihamlar yaradıb və yaradacaq, məsələ bunda deyil. Sadəcə bu gedişat, yəni cəmiyyətin aydınlardan, düşüncələrdən, fəlsəfi, tarixi və elmi idrakla qidalanmaması nəticəsində ölkədə çox pis nihilizm yaranır. Bir tərəfdən qütbləşmə güclənir, bir tərəfdən bankların sayəsində sosial aqressiya dərinləşir. Bu qədər faiz bankçılıq, hətta sələmçilik də deyil, açıq-aşkar soyğunçuluqdur, talandır. Uzaq olsun, bu ölkədə mərkəzi hakimiyyət bir balaca zəifləsə, qəzəblənmiş kütlə və spontan ortaya çıxacaq avantürist liderlər qulaqları əvvəlcə kəsib, sonra sayacaqlar, bir lətifədə deyildiyi və Suriyada olduğu kimi…
Cahil və qəzəbli kütlədən qorxulu heç nə yoxdur cəmiyyətin tərəqqisi üçün. On illərlə dözümlə, təmkinlə, Heydər Əliyevin usta manevrləri, İlham Əliyevin yüksək iradəsi ilə qurulan və qorunan bu dövlətin vətəndaşla bağlarını acgöz və yarıtmaz icra başçıları gəmirir… Uzağa getməyək, elə bu günlərdə Xətai rayonu, Gəncə prospekti 20a ünvanda yerləşən və hər an uçmaq təhlükəsi olan qəzalı binanın sakinləri gecənin bir aləmində yollara tökülüşdü, magistralı bağladı. Dövlət pul ayırıbmı? Ayırıb! Prezident göstəriş veribmi? Verib! Niyə köçürülmür o camaat oradan? Niyə yüzlərlə ailə faciənin kandarından uzaqlaşdırılmır? Sabah o bina uçsa, o nazir bu nazirin, bu icra başçısı o komitə sədrinin üstünə atacaq məsuliyyəti. Amma vətəndaşa, cəmiyyətə lazım olan bu deyil axı!.. Məsuliyyətli, vicdanlı, işinin öhdəsindən vaxtında gələn, gərəkirsə yuxarı instansiyaları yerli problemlərdən vaxtında xəbərdar edən, “mənim sakinimin problemini həll et” deyə dəstəyi yerə asmayan yeni fiqurlar lazım idarəçiliyə… Məhkəmələrdə şərəfi, vicdanı ilə qanunu eyniləşdirən hakimlər lazım, mühakimə etdiyi cinayətkardan heç bir fərqi olmayanlar deyil. Haradan alaq? Bəli, yaxşı sualdır! Amma telekanallarda tərtib edilən hırraxanalarla formalaşacaq deyil axı bu bilinc… Sistemli, kollektiv, iqtisadiyyatdan təhsilə, elmdən hüquqa qədər geniş spektri əhatə edir.
Və bütün bunları deməliyik, toz-torpağı palazın altına süpürməklə ev kimi cəmiyyət də təmizliyə çıxmır. Bunları demədən, üstünə getmədən dövlətçilikdən danışmaq da ya pafosdur, ya da riyakarlıq. Şükürlər olsun, alnımız açıq, başımız dikdir! Biz o nakəslərdən deyilik ki, dövlət vergisini tələb edən kimi şələ-şüləmizi İrana daşıyıb Amerikan “5-ci kolon”unun içində də özümüzə yer eləməyə çalışaq. Biz bu millətin əsgəri, bu dövlətin qoruyucusu, bu cəmiyyətin aydınlarıyıq. Nə olursa-olsun nə bu vətəni tərk edəcəyik, nə də ali dövlətimizin hansısa geopolitik qurdların süfrəsinə daşınmasına imkan verəcəyik.
Bu aralar yenidən oxuduğum Ernst Kassierin İmmanuel Kantın fəlsəfəsində bir məqama verdiyi izahatı xatırlayıram: “Tarixin dəyəri fərdin xoşbəxtliyinə nəzərən ölçüləndə neqativ bir genişlik kimi görünə bilər. Ancaq bu ölçünün və meyarın həmin halda yanlış seçilməsi deməkdir. Tarixin dəyərinin doğru mizan-tərəzisi cəmiyyət və dövlət birliyinin fərdin azadlığı və təhsili üçün bir vasitə olmasıdır”.
Mən həmişə tarixi anlamağın, yaxın-uzaq keçmişdən danışarkən dövrün fiqurları ilə “emosional kontakt”, empati qurub “nə üçün” sualına cavab axtarılmasına tərəfdaram. Başqa sözlə, tarixi mühakimə etməyə yox, anlamağa çalışıram. Amma “Yeni Müsavat” qəzetində dəyərli həmkarım Elşad Paşasoyun eks-prezidentimiz Ayaz Mütəllibovdan aldığı müsahibəni oxuyandan sonra bütün ovqatım təlx oldu. Bu cür zəif iradəli, xaraktersiz, siyasət anlayışından uzaq, dövlətçilik şüurunun ən kiçik əlamətlərini belə daşımayan bir adamın xalqımıza rəhbər olmasının doğurduğu faciələri də yada salanda sözün əsl mənasında başımdan tüstü çıxdı.
Təsəvvür edin, Azərbaycanın bütün hakim elitası vertolyota minir, bu adamın reaksiyası təxminən belə olur: “getməyin, orada xoxan var”! Bir ölkənin Dövlət katibi, Baş prokuroru, Daxili işlər naziri üç-beş ermənidən qorxub öz ərazisinə gedə bilməyəcəkdisə, siz niyə orada otururdunuz axı cənab eks prezident?!. Axı onda vəziyyət fərqli idi, reallıq ayrı cür idi və Azərbaycanın qətiyyətli bir mövqe tutub Xankəndində daşı-daş üstdə qoymamağa imkanları qapalı SSRİ-nin dağıldığı ərəfədə daha çox idi…
O nə edirdi əvəzində? Kiyevə tələsir, SSRİ-ni bərpa etməyə həvəslənirdi! Bunun adı köləlik, bunun adı tarixdən bixəbərlik, bunun adı birinci postda müqəvva kimi oturmaqdır… Amma çox, çox təəssüflər olsun ki bu çanaq xalqın başında çox pis çatladı… Bu adam plan qurmalı idi, onun icrası üçün hər kəsi görəvləndirməli, Dağlıq Qarabağda Azərbaycan dövlətinin rəsmilərinə atılan balaca cınqılın əvəzində ermənilərin başına tonlarla bomba yağdırmalı idi. Gərəkirsə yerlə-yeksan edilməli idi erməni kəndləri, biz bu gün Xocalıdakı qətliamdan danışmamalı idik, ermənilər gerçək soyqırım necə olur, onu görməli idilər. Bu millətin torpağına, dövlətinə, dövlət adamlarına tuşlanan hər əl kökündən, dibindən kəsilməli idi və kəsilməlidir. Dövlət öz ərazilərini və vətəndaşını təhlükələrdən qorumaq üçündür, düşmən qanından qorxmamalıdır. Mən saxta humanizmi ümumiyyətlə qəbul etmirəm. Bir Azərbaycan türkünün canının qarşılığı yüzlərlə erməni, yaxud millətimin heysiyyatına toxunan hansı şərəfsiz toxumdan əmələ gələndirsə, onlardan yüzlərlə adam olmalı. Sülh istəyən, barış istəyən, insanlıq istəyən dinc otursun, ləyaqətimizi görsün…
Mən həmişə elə bilirdim ki, Heydər Əliyevdən Azərbaycan müxalifəti də çox şey öyrənib. Amma yanılmışam, həm də çox… ABŞ səfirliyini gecənin bir aləmi Azərbaycan siyasətçilərini elçiliyə toplayır, bizim hakimiyyətə gəlmək iddiasında olan müxalifət liderləri də öncə Hillari Klinton üçün “yağmur duası”na çıxır, ardınca gedib səfirin gözünün qabağında Demokrat Partiyasının namizədinə əl çalırlar… Biabırçılıqdır, sadəcə! Hillari gələcək, Tramp gələcək, yoxsa başqa biri, sizin işiniz bütün ehtimallara hazır olub öz xalqının, öz dövlətinin maraqlarına uyğun strategiya hazırlamaq və onu həyata keçirmək deyilmi?
Türkiyə prezidenti Ərdoğana mənim münasibətimi bilməyən yoxdur, yumşaq desəm, sevmirəm o adamı. Türkiyədəki partiyalar içində ruhuma doğma olan CHP-dir, ictimai-siyasi xadimlərdən İlkər Başbuğu təqdir edirəm. Amma nə zaman ki Ərdoğan PKK-nın üstünə gedir, FETÖ-nu darmadağın edir, gözünü ərəb bataqlağından ayırıb nəzərlərini Türk Cümhuriyyətlərinə çevirir, dəstəkləyirəm, öyürəm. Ancaq son günlər Ərdoğanın ən çox xoşuma gələn bir xüsusiyyəti var. Türkiyə dövlətinin xarakterini göstərir!
Bir dövlətin xarakteri bir millətin, bir mədəniyyətin, bir tarixin və fəlsəfənin xarakteridir. Mənim xaraktersiz insanla da, partiya ilə də, liderlə də, dövlətlə də aram yoxdur. Bu gün Azərbaycan dövlətinin başında xarakterli bir lider var, bu, çox sevindiricidir. Amma cəmiyyyət və vətəndaşlar olaraq biz hansı xarakter qoyuruq ortaya?

Bizə sızlamaq, vaysınmaq, qıvrılmaq yaraşmaz.
Bu millətdən qandan qorxmayan, vətən uğruna, ideal uğruna canından keçməyi bacaran soydur.
ADNA-dakı terror yadınızdadır yəqin, neçə Savalanlar var bu toplumun içində. Xalqın təhtəlşüurundan gələn bir səslə “vur, komandir vur” deyən neçə gizirimiz, düşmən gülləsindən əsgərini qorumaq üçün sinəsini sipər edən, alovlanan döyüş vasitəsini düşmən üstünə sürən zabitlərimiz var. Gen öz sözünü deyir, ruh öz sözünü deyir, irrasional şəkildə qələbə üçün lazım olan hər şeyi edirik. Nə olar artıq bunu şüura, fəlsəfəyə, məqsədyönlü fəaliyyətə, ən əsası gerçəkliyə çevirək!
Və… Mütəllibov kimi səriştəsizlərin bir daha bu dövlətin başına keçə bilməməsi üçün elə bir mexanizm quraq ki, bir daha torpaq itkisi ilə üzləşməyək, qaçqın düşməyək, aydın və nizamlı bir cəmiyyət modeli ilə bəşəriyyətin tərəqqisində söz sahibi olaq…

Taleh Şahsuvarlı

Azinforum.az