Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / “Xocalının və Şuşanın işğal xəbərini ilk dəfə mən yaymışam…”- Hərbi jurnalist -FOTOLAR

“Xocalının və Şuşanın işğal xəbərini ilk dəfə mən yaymışam…”- Hərbi jurnalist -FOTOLAR

 

Jurnalist Şamil Sabiroğlu çoxlarına yaxşı tanışdır. Müsahibimiz 1965-ci ildə Salyan rayonunda anadan olub. Ali təhsillidir. 1991-ci ildən Azərbaycan mətbuatında çalışır. Hal-hazırda “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədridir. Xocalı soyqırımı zamanı yaralı və şəhid olan insanlara köməklik edən cəfakeş insanlardan biridir. Bu yaxında Ş.Sabiroğlu ilə görüşdük və o dövr haqda bizə danışdı.
Moderator.az həmin yazını təqdim edir.
“Meydanda xəsarət alanlardan biri də mən olmuşam…”
“1988-ci ildə başlanan Milli Azadlıq Hərəkatının könüllülərindən biri olmuşam. Həmin ilin dekabrın 4-dən 5-nə keçən gecə Azadlıq Meydanında rus əsgərləri insanlara işgəncə verərkən, xəsarət alanlardan biri də mən olmuşam. 1989-cu ilin avqust ayında könüllü dəstə yaradaraq Laçın rayonuna getdik. O zaman Laçının Qayğı qəsəbəsi var idi, ermənilər Gorus rayonunun Dığ kəndindən Xankəndinə tunel yol çəkmək istəyirdilər. Biz bunun qarşısını almaq üçün ora yollanmışdıq və həmin yolda qırx üç mənzilli bina tikilməsi haqqında qərar verildi. Mən Laçında insanlarla da görüşdüm.
“Həmin tədbirə rusların 100-ə qədər hərbçisi cəlb olunaraq təhlükəsizliyi təmin etdilər…”
1990-cı il 20 yanvar hadisəsindən sonra  “Şah İsmayıl Xətai” adına könüllü dəstə yaratdıq və biz  Xocalıya gəldik. Həmin vaxtı əlimizdə elə böyük silahımız yox idi, amma vətənpərvərlik hissi var idi. Bir müddət Cəmilli kənd orta məktəbində müəllim də işlədim. Qısa müddətdə şagirdlərin hörmətini qazanmışdım. 1990-cı ilin 28 may günü  Azərbaycan müstəqil olmayan vaxtı,  millət vəkilimiz Elman Məmmədovun və Xocalı təhsil şöbəsinin sədrindən də  razılıq alaraq 28 mayı Xocalı şəhər stadionunda qeyd etdik. Həmin tədbirə rusların 100-ə qədər hərbçisi cəlb olunaraq təhlükəsizliyi təmin etdilər.
“Dəfələrlə dedim ki, Xocalıya kömək edin…”
Həmin tədbirləri Milli Qəhrəmanımız Əlif Havıyev lentə almışdı. Amma təəssüflər olsun ki, onlar da Xocalıda qaldı. Fotoqraf Əliş İsmayılovun çəkdiyi fotolar da orda qaldı. Bununla da mən Xocalılara bağlandım. Mən həmçinin 1991-ci ildən “Səhər” gündəlik qəzetinin muxbiri və “İki sahil” qəzetinin isə ştatdan kənar muxbiri işləyirdim. Yazılarımda dəfələrlə yazmışdım ki, ermənilər deyir ki, Xocalı axırda bizə qalacaq. Dəfələrlə dedim ki, Xocalıya kömək edin, amma etmədilər. Xocalı işğal olunanda yaralıların çıxarılmasında iştirakçılardan biri də mən olmuşam.
“Xocalıdan gətirilən meyitlərin içində…”
Xocalı faciəsi zamanı Ağdamda idim. Ölmək haqqında heç nə fikirləşmirdim. Ölsəm belə bu, mənim üçün şərəf olardı. İmkan düşdükcə fotolar da çəkdim. Onların bir neçəsini sizə təqdim edəcəm. Xocalıdan gətirilən meyitlərin içində on üç yaşlı qız uşağı var idi, ermənilər uşağı zorlamışdılar. Kadrlarda çəkmişdim qadını ayaqlarından trosla bağlayıb maşının arxasına bağlayıb sürümüşdülər. Mən həmişə düşünürəm ki, ermənilər bu vəhşiliyi məhz Xocalıda niyə törətdilər. Xəbər yaymışdım ki, Xocalı işğal olunub, amma buna inanmamışdılar. Mənim xəbərimdən sonra inandılar ki, Xocalı işğal olunub.
“Sonradan anladım ki,  mən müxbirəm…”
Mənim həmin hadisələr zamanı foto çəkmək yadıma düşmürdü. Mən fürsətdən istifadə edib Ağdam camaatına minnətdarlıq edirəm. Məndə həmin hadisələr zamanı balaca fotoaparat var idi. Yanımda ingilis reportyoru var idi. Bizə əmr verildi ki, yerə yatın ermənilər atır. Mən yerə yatdım. İngilis muxbirə dedim ki, yat aşağı, ermənilər atır. Dedi ki, mən kadr tutmaq istəyirəm. Sonradan anladım ki,  mən müxbirəm və Bakıya xəbər verməliyəm. İndi düşünürəm ki, əslində həmin vaxtı çox kadr çəkə bilərdim. O zaman insanları xilas etmək haqda düşünürdüm deyə foto çəkməyi fikirləşmirdim.
“Xocalıda ümumi olaraq 43 foto çəkdim…”
Milli Qəhrəmanımız Allahverdi Bağırov erməni komandir Vitali Baqdasaryanla danışdı ki, Xocalıdakı meyitləri kameraya çəkməyə imkan yaratsın. Bunun üçün bir nəfərə icazə verildi. Onda mən subay idim, Azərbaycanın ilk hərbi operatoru Seyidağa Mövsümlüyə dedim ki, mən subayam arxamda gözləyənim yoxdur, icazə ver mən gedim. S.Mövsümlü dedi ki, yox, Şamil mən özüm gedəcəm. Balaca Quran kitabım var idi, onu Seyidağa müəllimə verdim ki, üstündə olsun. Dedim ki, sağ-salamat gedib-qayıdasan. Şükr Allaha salamat qayıtdı. Xocalıda ümumi olaraq 43 foto çəkdim.
“Şuşa şəhərinin işğalı haqqında ilk məlumatı mən yaydım…”
Martın 10-dan sonra Bakıya qayıtdım. Mən fürsətdən istifadə edib “Səhər” qəzetinin sabiq baş redaktoru Məzahir Süleymanzadəyə və müavini Hidayət Elvüsala və kollektivə minnətdaram ki, onlar doğrudan da mənə inandılar. Çünki bütün mətbuatda Xocalıda iki adamın həlak olduğunu yazırdılar. Şuşa şəhərinin işğalı haqqında ilk məlumatı mən yaydım. Təəssüflər olsun ki, bu qədər vaxt keçməsinə baxmayaraq Xocalının qisası alınmayıb.
“Bizim problemlərimiz də var…”
1993-cü ildə ailə həyatı qurdum. Elə həyat yoldaşım da Xocalı sakinidir. 2007-ci il noyabr ayının 26-da “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyini yaratdıq. Təkcə Azərbaycanda yox, ölkədən xaricdə də təbliğatlar aparırıq. Bizim problemlərimiz də var. Məsələn birliyin ofisinin olmaması bizim problemlərimizdən biridir. Ötən il döyüş bölgələrində görüşlər keçirdik. Hospitallarda olan yaralı əsgərlərimizə də baş çəkirik. May ayında fotolarımdan ibarət foto sərgimi təşkil etmək istəyirəm.
Bizim yeni layihələrimiz də var. Məsələn, “Yeddi şəhid, yeddi qazi” layihəsi. Bu gün  çoxlu şəhidlərimiz var ki, onları xatırlayan yoxdur. Biz çalışacağıq ki, belə qəhrəmanlarımızı tanıdaq. Döyüş bölgələrinə səfərlərimiz olacaq. İstəyirik ki, sentyabrın 15-də Bakının işğaldan azad olunmasının 100 illliyini Türkiyədə qeyd edək. Birliyin sədr müavini Dilbər Soltanova Türkiyənin Amasya, Samsun və İzmir şəhərlərində Xocalı soyqırımına həsr olunmuş abidə və parkların açılışında yaxından iştirak edib. Təşkilatın Qadınlar şurasının sədri Ayna Novruzlu və Gəncə regional departamentinin rəhbəri Aqil Məmmədov bu yöndə işlər görür”.
Xatırladaq ki, Şamil Sabiroğlu  “Onu eldən soruşun”, “Qəhrəman şəhər” və türk dilində çapdan çıxan “Bir kış günü vahşeti Xocalı” kitablarının müəllifidir.  Prezident İlham Əliyevin imzaladığı  21 iyul 2010-cu il tarixli sərəncamına əsasən o, “Tərəqqi” medalına layiq görülüb.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …