Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Müsahibə / Tahir İmanov: “Qoy Cem Yılmaz gəlib Fərdaya baxsın”

Tahir İmanov: “Qoy Cem Yılmaz gəlib Fərdaya baxsın”

Azinforum.az kulis.az-a istinadən KVN Parni iz Baku Teatrının rəhbəri, Əməkdar artist Tahir İmanovla müsahibəni təqdim edir.

 

– Tahir bəy, beynəlxalq arenada KVN-in standartları nədir?

 

– Mən KVN-ə Anar Məmmədxanov vasitəsi ilə gəlmişəm. Bunu dəfələrlə demişəm, yenə də qürur hissi ilə deyirəm ki, 80-lərin sonu, 90-ların əvvəli bütün Azərbaycan KVN-lə nəfəs alırdı. Bildiyiniz kimi, o illər ağır illər idi. Sanki KVN gənclərin hərəkatına çevrilmişdi. Anar Məmmədxanov həmişə deyirdi ki, avara-avara tinlərdə durmaqdansa, boş-boş, lağ-lağı söhbətlərdənsə, gənclər KVN-ə qatılsa, daha yaxşı olar. KVN-nin məqsədi nədir? Ölkəni təmsil etmək, gənclərin intellektual zövqünü formalaşdırmaq. Biz bunlara nail olduq. KVN tək oyun deyil, həm də həyat tərzidir. O həyat tərzi də insanın formalaşmasına təbii ki, müsbət təsir edəcək. Və təsir etdi də… KVN bir tarixdir.

 

– Siz də bir tarix yazdınız…

 

– Mən onda məktəbdə oxuyurdum. Siniflərdə KVN-lər olurdu. Anar Məmmədxanov da gəlib izləyirdi. Məni də orda seçdi. Bilirsiniz, bu insanda paxıllıq hissi yox idi. Onun komandasına çox güclü aktyorlar cəlb olunmuşdu. Bəhram Bağırzadə, Ənvər Mansurov, Samir Abdullayev, Azər Məmmədzadə kimi nəhəng aktyorları var idi. Amma Anar Məmmədxanov yenə də axtarırdı. Və bu axtarışın nəticəsi kimi mən, sonradan Cabir İmanov, Murad Dadaşov, Elçin Əzizov üzə çıxdı. Anar Məmmədxanov bizi başına yığdı və dedi ki, ən asanı insanları bayağı yumorla güldürməkdir. Təəssüflər olsun ki, o vaxt da, elə indi də bayağı yumor daha çox kütlə toplayır. Amma Anar deyirdi ki, sən bayağı yumorla heç vaxt ölkəni təmsil edə bilməyəcəksən. Ona görə də hər bir zarafatda, yumorda məna olmalıdır, Azərbaycanı təmsil edəcək nüanslar olmalıdır. Baxın, görün Anar bunu nə vaxt deyib? Hələ biz demək olar ki, SSRİ ab-havasından çıxmamışdıq, özümüzü sovet vətəndaşı hesab edirdik. “Müstəqil Azərbaycan”, “Üçrəngli bayraq” və s. ifadələr bizim leksikonumuza daha sonra gəlmişdi. Yeri gəlmişkən, incəsənət adamları arasında ilk dəfə üçrəngli bayrağımızı Anar Məmmədxanovun başçılığı ilə Parni iz Baku komandası qaldırdı. Biz məhz Anar Məmmədxanovun öyrətdiyi yumora, satiraya yiyələndik. Daha sonra isə Yuli Qusman, Beynəlxalq KVN-nin prezidenti Alekdandr Vasilyeviç Maslyakovdan öyrəndik. Maslyakov həmişə deyirdi ki, qurşaqdan aşağı zarafatlar etməyin. O vaxtı bütün KVN-çilər parodiyalara başlayanda çox kəskin tənqid olundular. Sonra başa düşdülər ki, buna ehtiyac var, efir üçün də lazımlı idi. Emil Abbasov ilk dəfə Boris Yeltsini yüksək səviyyədə parodiya etmişdi. Bizə bu cür yumor öyrədiblər. Və biz istəyərdik ki, beynəlxalq KVN arenasında da bu istiqamətdə yumor olsun. Ancaq təəssüf edirəm ki, beynəlxalq KVN-də də vəziyyət dəyişib. Şəxsən mən artıq o KVN-ə baxmıram. Çünki mənə yaxın olan KVN deyil.

 

 

– Niyə? Səbəb?

 

– Təkrar edirəm: bizim çıxış etdiyimiz səhnələrdə mənası dərin yumor və satiraya önəm verilir. Bizim çıxışlarımızda dramaturji xətt, qlobal ideya var idi. Əvvəli mahnı, ortası zarafat, sonra yenə mahnı… Bizim çıxışlarımız belə olurdu.

 

– Konsepsiya vardı yəni…

 

– Bəli. Bu gün KVN-çi çıxıb deyir: “İndi isə kitabxanada əhvalat”. Bunlar düşünür ki, təki gülməli bir şey olsun. Mən bu cür KVN-i qəbul eləmirəm.

 

– Tahir bəy, türk yumoruna münasibətiniz necədir?

 

– Mən Kamal Sunalın adını çəkərdim. Ona böyük hörmətim var.  Kamal Sunalın bütün filmləri güclü satiradan xəbər verir. Çox böyük aktyor idi. Bu aktyor türk yumoruna əvəzolunmaz töhfələr verib. Mənim türk yumoruna hörmətim var. Məsələn, məşhur yazıçı Əziz Nesin. Onun əsərlərini rusca oxumuşam. Sizə təəccüblü gəlir, ancaq biz kitab oxuyuruq.

 

 

– Niyə təəccüblü gəlsin ki?

 

– Çox vaxt belə düşünürlər (gülür).

 

– Mən belə düşünmürəm. Əziz Nesin dediniz… Böyük bir yumor ənənəsi yaratdı Əziz Nesin. Mənim də sevdiyim yazıçılardandı. Bu ənənə hələ də Türkiyədə davam etdirilir…

 

– Bəli. Məsələn, Cem Yılmaz.

 

– Amma siz demişdiniz ki, Cem Yılmazı tanımıram.

 

– Mən baxmıram. Çünki onun dediklərinin hamısı şəxsən mənim üçün bəllidir. Mən artıq onun nə demək istədiyini əvvəlcədən bilirəm. Həm də tez-tez danışır deyə baxmaq olmur. Mən demirəm ki, Cem Yılmaz aktyor deyil. Xeyr. Cem Yılmaz bəlkə də bu gün Türkiyədə yumor istiqamətində fəaliyyət göstərən ən böyük aktyorlardan biridir. Mən sadəcə deyirəm ki, Cem Yılmazı başa düşmürəm, başa düşdüklərim isə artıq mənə bəllidir.

 

 

– İndi Cem Yılmazı izləmirsiniz?

 

– Xeyr. Üzr istəyirəm. Cem Yılmaz bizi izləyir? Sizin belə bir məlumatınız var?

 

– Mən Cem Yılmazın adından danışa bilmərəm.

 

– Biz həmişə özümüzü başqaları ilə müqayisə edirik. KİV-də yazırlar ki, Ermənistanda belədir, bizdə belə. Ümumiyyətlə, niyə biz Ermənistanla müqayisə olunmalıyıq? Axı onlar kimdi? Mən bax bu nöqteyi-nəzərdən çıxış edib deyirəm ki, müqayisə etməyək. Qoy gəlsin Cem Yılmaz Fərdaya, Cabirə, Bəhrama baxsın. Mən niyə ona baxmalıyam axı? Ümumiyyətlə, Türkiyə yumorunu qəbul etmirəm yox, başa düşmürəm. Başa düşmədiyim üçün də baxmıram.

 

– Türkiyədə heç sevdiyiniz yoxdu? Yumor istiqamətində…

 

– Adlarını çəkdim. Kamal Sunal. Sonra Cem Yılmazın bir-iki yumorunu bəyənmişəm. Ancaq son illər mənə bu istiqamətdə ən çox xoş gələn film Mahsun Qırmızıgülün “Möcüzə” filmi oldu. Bax bu dünya səviyyəli filmdir. Bu filmlə türklər fəxr edə bilərlər. Nə qədər düşündürücü yumor var burda. Güclü satira, özünü tənqid. Halbuki biz bu gün özünü tənqidi qəbul etmirik. Müğənnilərimiz və bəzi məmurlarımız… “Möcüzə” filmində ucqar bir kəndin timsalında həm çox gözəl yumor elementləri, həm satira, həm özünü tənqid, həm də böyük məna gördük. Möcüzə nədir? İnsanların təhsil alması, maariflənməsi, bir-birini sevməsi. Biz elə bilirik ki, möcüzə ancaq nağıllarda olur. Boş şeylərdi bunlar. Möcüzəni biz özümüz yaradırıq. Bu mənada əhsən Mahsun Qırmızıgülə! Mənim ona olan hörmətim bu filmdən sonra qat-qat artdı. Çox istərdim ki, Azərbaycanda da belə filmlər çəkilsin. Amma təəssüf ki, o filmlər kassa gətirməyəcək. Yenə də vurğulayıram, bu gün kütləni bayağı yumor, qurşaqdan aşağı zarafatlar cəlb edir. KVN-in zarafatları, yumoru isə hələ də yaşayır.

 

– Mən KVN-nin səhnəciklərində Türkiyə türkcəsi ilə yumor görmüşəm. Sizcə, o necə bir yumordur?

 

– Bunu tamaşaçı müəyyən edir. Sizcə, necədir?

 

 

– Bayağı deyil?

 

– Bu, Türkiyə türkcəsinə yumor deyil. Anadolu ləhcəsində bir söz başqa məna verir, bizim dildə başqa məna…

 

– Eyni vəziyyətdə onlar da bizim dilə gülürlər…

 

– Bəli…

 

– Sizin bayaq dediyiniz o mənalı yumora daxildir bu?

 

– Bu barədə gərək yumor və satiraya öz töhfələrini verən biri şərh versin. Sizin dediyinizin bayağı, olub-olmamağını onlar müəyyən edə bilər.

 

– Bəs sizin öz fikriniz nədir?

 

– Mənim fikrim necə olacaq? Bunu özüm yazmışam.

 

– Tahir bəy, KVN məktəbinin həm də filmləri var. Bu yaxınlarda da “Bəxt üzüyü 2” təqdim olundu. Ondan əvvəl “Ölülər”…

 

– “Ölülər”i bizim ən yüksək pilləmiz hesab edirəm.

 

– Kassa gətirdi o filmlər?

 

– Xeyr. Biz bilirdik ki, kassa gətirməyəcək. Nəyə görə? Gəlin, bir sorğu keçirək. Gənclərdən soruşaq ki, siz “Ölülər” əsərini oxumusunuz? Əksəriyyəti deyəcək yox. Sonra müəllifini soruşaq. Ona da cavab verən olmayacaq. Faciə demək istəmirəm, amma bu böyük bir problemdir. Mənim aləmimdə Cəlil Məmmədquluzadə, Sabir satiranın banisidir. Elə deyil?

 – Əlbəttə.

 

– Onları tanımamaq olarmı? Necə ki Üzeyir Hacıbəyovun yerinə əksəriyyət Üzeyir Mehdizadəni tanıyır, burda da vəziyyət eynidir.

 

– Bu filmi çəkməkdə məqsəd Cəlil Məmmədquluzadəni tanıtmaqdır?

 

– Məqsəd odur ki, biz nə vaxtsa bu dünyadan iz qoyub gedək. Deməsinlər, biz ancaq KVN-lə məşğul olmuşuq. Biz “Ölülər”ə canımızı qoymuşuq. Beş il bu filmin üzərində işləmişik. İdeyalar gəlirdi ağlımıza, yazırdıq, xoşumuza gəlmirdi, cırıb tullayırdıq. Bu remeykdir axı.

 

– Dekonstruksiya…

 

– Bəli. Burda əsas məsələ bu dövrün Şeyx Nəsrullahı ilə Kefli İsgəndərini tapmaq idi. O biriləri tapmaq asan olacaqdı. Cəlil Məmmədquluzadə bu iki obrazı müsbət və mənfi kimi yaratmışdı. Xeyr, şər. Qarşı-qarşıya qoyulan iki obraz. Və bu iki obrazla göstərmişdi ki, nə qədər Azərbaycan yaşayacaq bu iki obraz da yaşayacaq.

 

– Siz lap əvvəl “Məşədi İbad”la dekonstruksiyaya başladınız və indi də davam edirsiniz. Daha çox bu istiqamətdə filmlər çəkirsiniz…

 

– Mən deməzdim daha çox bu istiqamətdəyik. Daha çox müstəqil filmlər olub. “Məşədi İbad”, “Ölülər”, “Bəxt üzüyü” – vəssalam. “Ağanatiq”, “Məhəllə” bizim brendlərdir. Cəmi üç remeyk çəkmişik, üçü də uğurlu olub.

 

– Tahir bəy, efir qadağasını çox tez-tez səsləndirirsiniz. Hətta sonuncu tamaşanızın adı da “TV-yə giriş qadağandır” adlanırdı. Bu nə məsələdir? Axı bu gün televiziyalar öz əvvəlki qüdrətini itirib, sosial şəbəkələr, Youtube olduğu bir vaxtda…

 

– Yaxşı ki, bunu siz dediniz. Mən desəydim, deyəcəkdilər, Tahir İmanov çətin adamdır. Bilirsiniz, bu mövzu bizim üçün artıq bağlıdır. Televiziya bizi yaxına buraxmır, bizi istəmir. Cəhənnəmə istəməsinlər. Bizim öz dünyamız var, onların öz dünyası. Riyaziyyatda necədi? Paralel xətlər ancaq sonsuzluqda kəsişirlər. İnşallah, kəsişərik.

 

– Siz istəyirsiniz televiziya KVN-i efirə buraxsın?

 

– Artıq istəmirəm.

 

– Məncə, KVN-nin buna ehtiyacı yoxdur.

 

– Təbii ki. Artıq neçə ildir biz Facebook, İnstagram vasitəsilə öz reklamımızı qururuq. Və sizi inandırım ki, effekti daha çoxdur. Tək mən demirəm bunu, siz də dediniz: Azərbaycan televiziyalarına baxmırlar. Amma mənim üçün ən əsası hörmətli Nuşirəvan Məhərrəmlinin sitatıdır. O fikri skreen eləmişəm. Sonra deməsinlər ki, sən böhtan atırsan, yalan danışırsan. Bunlar belə danışır axı. Nuşirəvan bəyin sitatı: “Azərbaycan əhalisi daha çox xarici kanallara üstünlük verir”. Başqa cür desək, necə alınır? Azərbaycan televiziyasına baxmırlar. Yəni Nuşirəvan müəllim bunu deyirsə, Tahir İmanov kimdi ki, bunu desin? Biz Azərbaycanı təmsil edəndə bizə qadağa qoyan TV kanallarının adları heç adi kağızda da yox idi. Onlar bizi yox, biz onları özümüz üçün qadağa etmişik. Bu gün bizə baxanların sayı daha çoxdursa, nəyimə lazımdı Azərbaycan kanalları? Onlara ümumi bir ad versək, belə deyə bilərik: Azərbaycan mənəviyyatına zərbə vuran ictimai təşkilatlar. Uşaqlarımızın formalaşmasına ciddi zərbə vuran, onların təfəkkürünü zədələyən kanallar. O cür bayağı maqazin verilişləri ilə, tok-şoularla. Biri erkən nikahları, digəri əxlaqsız geyinən bəzi müğənnilərimizi, başqa biri qalmaqalları təbliğ edir. Bütün bu sadaladıqlarımın içində mədəniyyət, incəsənət sözü oldumu? Hansısa kanal mədəniyyəti, incəsənəti təbliğ edir dedim mən? Gəlin, açıq-aşkar danışaq. AzTV, Mədəniyyət, İctimai TV-dən başqa bunu heç biri eləmir. Ona görə də onların reytinqi aşağıdır. Space, ATV Qara Qarayevin yubileyini göstərərmi? Ömründə göstərməz. Çünki bilirlər ki, baxılmayacaq, reklam yığa bilməyəcəklər. Halbuki onlar bir masa arxasına əyləşib centlmen müqaviləsi bağlasalar və desələr ki, biz artıq bayağı müğənniləri efirə buraxmırıq, ancaq mədəniyyətimizi, incəsənətimizi təbliğ edirik, inanın mənə, o reklam verənlər, sponsorlar məcbur gəlib reklam verəcəklər. Televiziya ilk növbədə milləti maarifləndirməlidir. Bu ömrü boyu belə olub, indi isə əksinədir. Bizim televiziyanın problemi budur. Yoxsa onlar bizə qadağa qoyub filan. Bu mənim problemim deyil.

 

 

– Problem deyil deyirsiniz, amma efir qadağası niyə bu qədər qabardılır?

 

– Xeyr, biz sadəcə faktlardan danışırıq. Biz tarix yaratmışıq. Sadəcə buna təəssüflənirik ki, ölkəni təmsil edən bir qurum qadağa olunub. Biz mahnımızda da qeyd etmişik. Hər şeyə görə şükür edirik.

 

– Tahir bəy, sizin adınıza bir Facebook profili açılmışdı?

 

– Tahir İmanov heç bir sosial şəbəkədə yoxdur. Bunun da səbəbi odur ki, mən öz qısa həyatımın dəyərli vaxtını boş-boş şeylərə xərcləmək istəmirəm.

 

– Bu dəyərli vaxtda nələr edirsiniz bəs?

 

– Filmlərə baxıram, kitab oxuyuram. Öz sənətimlə məşğulam. Biz bu qadağa dövründə 7 böyük layihəyə imza atmışıq.

 

– Qadağa stimul olub o zaman.

 

– Əlbəttə. Ən böyük layihəmiz də Moskvada baş tutacaq. Bu ilin avqust ayında Rusiyanın bütün kinoteatrlarında Planet Parni iz Bakunun və Sreda kino-kompaniyasının birgə layihəsi olan “Klimancaro” filmi nümayiş olunacaq. Bu Bakımızı, mədəniyyətimizi, mətbəximizi, gəzməli-görməli yerlərimizi təbliğ edən komediya filmidir. Mən bu filmin ərsəyə gəlməsinə görə sözsüz ki, Leyla Əliyevaya təşəkkürümü bildirirəm. Filmdə Rusiyanın aparıcı aktyorları ilə yanaşı Azərbaycan aktyorları da yer alıb. Bu film bizim beynəlxalq arenaya qayıdışımızdır. Qoy televiziyalar bizi qəbul eləməsin. Biz də başqa yerə gedərik (gülür).

 

 

– Məmurlardan da sizə şikayətlər gəlir…

 

– Şikayətdən daha çox, təzyiq deyək. Televiziya ilə bu bir-birinə bağlı olan məsələlərdir. Məsələn, Hadı Rəcəblini götürək. Sizin saytda müsahibəsi çıxmışdı, bizim onu təhqir etdiyimizi demişdi. Mən də ona cavabımı verdim. 3 il əvvəl biz bu məsələni bağlamışdıq. O zaman zəng edəndə də bir-birimizə hörmət etdik, indi mənim cavabımdan sonra yenə Hadı Rəcəblinin zəngində biz qarşılıqlı hörmət etdik bir-birimizə. Nə bir nifrət, nə bir təhqir söhbəti olmadı. Ola da bilməz.

 

– Başqa kimlər sizə zəng edib?

 

– Daha çox TV-ya rəhbərlərinə polislər, vergi işçiləri zəng edir. Bilirsiniz, mən nə məmurları, nə də televiziyanı qınamıram. Nə mənada qınamıram? Təbii ki, bu işdə onların töfhəsi var. Mənə belə gəlir ki, ən əsas məsələ bizə olan bu münasibətə ziyalıların susmasıdır. Tək KVN-lə bağlı deyil bu, bir çox məsələlərə göz yumurlar. Sanki heç nə baş verməyib, heç nə olmayıb. Deyirlər, əşşi, nəyimə lazımdır, özləri bilər. Adi bir hadisə. Yadınızdadırsa, “26-lar” kafesini bağladılar. Absurd bir vəziyyət yarandı. Bu məsələdə Çingiz Abdullayevi kim dəstəklədi? Yazıçı Anar, Parni iz Baku komandası. Elə Anar müəllimin özünü də biz dəstəklədik. Anar müəllim bizim ziyalımızdır. Bizim ailəyə yaxın adamdır. Anar müəllim müasir Azərbaycanın 10 vizit kartından biridir. Amma əksər ziyalılar susur. Eynilə bizim konsertlərə gələn ziyalılar. Aralarında hətta SSRİ xalq artistləri, Respublikanın xalq artistləri, məşhur ifaçılar, rəssamlar var. Hamı konsertdən çıxandan sonra deyir, biabırçılıqdır, necə sizi qadağan eləyiblər. Axı siz bizi təmsil eləmisiniz, bizim bayrağımızı qaldırmısınız. Yalnız bura kimi. Ondan o tərəfə heç bir addım yoxdur. Qardaş, bu səni narahat edirsə bir açıq məktub yaz, ver saytlarda çap olunsun. Şükür Allaha, bu gün söz azadlığı Azərbaycanda o qədər inkişaf edib ki, bunu hansı sayta versən, həmin an dərc edəcəklər. Kimi gözləyirlər? Susurlar. Danışmırlar. Və heç vaxt da danışmayacaqlar. Danışmayıblar da. Təəssüflər olsun ki, bu gün ziyalılarımız susur. Amma danışsaydılar, biz KVN-çilərə böyük dəstək olardı. Hamı da görür ki, KVN-çilər danışır, ətrafdakılar isə susur. Demək, bu mövzu heç kimə maraqlı deyil. Deyirlər, qoy öz axarıyla getsin. Harda qırılır qırılsın…

 

– Tahir bəy, müasir ədəbiyyatımızı izləyirsiniz?

 

– Təəssüf ki… Tək bizim müasir yazarları deyil, dünyadakı brend yazarları da oxumuram. Mənimki klassikadır. Böyük kitabxanam da var.

 

– Dekonstruksiyalara meylin səbəbi aydın oldu… 

 

– Bəli… (gülür). Bilirsiniz, kitab çox böyük sərvətdir. Hələ SSRİ vaxtı 2-ci, 3-cü sinifdə oxuyanda müəlliməmiz bizə deyirdi ki, ən gözəl hədiyyə kitabdır. Bu əbədi düstur kimi bizim beynimizə həkk olunub. Mən son pullarımı kitaba vermişəm. “Acından öldüyüm” vaxtlarda. Çox kasıb vaxtlarımda… Bax mənim kitabxanam bu cür yaranıb.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …