Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / Məşhur azərbaycanlı aktyor özünü ÖLDÜRMƏK İSTƏDİ: “Həyatdan bezmişdim, kəndirlə…”

Məşhur azərbaycanlı aktyor özünü ÖLDÜRMƏK İSTƏDİ: “Həyatdan bezmişdim, kəndirlə…”

“Uşaqlıqda ağrılı günlər yaşamışam, həyatdan bezmişdim, hər kəsdən, hər şeydən qaçırdım, özümə çox qapanmışdım. Hətta düşünürdüm ki, özümə qəsd edim”.
Bu sözləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, “Uçurum” serialında Ayaz obrazını canlandıran aktyor Elnar Qarayev Publika.az-a verdiyi müsahibəsində deyib.
– Elnar bəy, sizi tamaşalardan, film, reklam və seriallardan tanısaq da, barənizdə çox az bilirik. Oxuculara özünüzü daha yaxından tanış edərdiniz…
– Əslən Şabran rayonundanam, Sumqayıt şəhərində anadan olmuşam və Hacı Zeynalabdin Tağıyev qəsəbəsində boya-başa çatmışam. Ailədə beş qardaşıq, mən dördüncüyəm.
– Bu sənəti seçərkən adətən aktyorlar valideynlərinin etirazı ilə üzləşir. Sizdə necə oldu?
– Orta məktəbi yaxşı qiymətlərlə bitirmişdim, atam çox təkid etdi ki, pedaqoji fəaliyyətlə məşğul olum. İstəyirdi ki, müəllimliyi seçim. Aktyorluq uşaqlıq arzum olmayıb, hər şey qəfil baş verdi. 10-cu sinifdə oxuyarkən KVN qrupu təşkil olunmuşdu, həmçinin müəyyən səhnəciklər hazırlanmışdı. Bu səhnəciklərdə iştirak etməyə başladıqdan sonra incəsənətə sevgim böyüdü. Beləliklə, fikrimi qətiləşdirdim ki, aktyor olum.
2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru fakültəsinə daxil oldum, 2004-cü ildə bakalavr təhsilimi başa vurdum, 2006-cı ildə isə magistraturanı fərqlənmə diplomu ilə bitirdim.
– Bu sənətdə irəliləyə bilmək üçün daşlı-kəsəkli yollardan keçməlisən. Siz bu yolda hansı maneələrlə üzləşmisiniz?
– Sənət yolunda maneə törədənlər həmişə çox olub… Universitetin 3-cü kursunda oxuyarkən Gənc Tamaşaçılar Teatrında işə düzəlmişdim. Müəyyən problemlər yarandı. Odur ki, oradan çıxmağa qərar verdim. Bununla belə qarşılaşdığım maneələr məni ruhdan düşməyə qoymadı. Uğur insana bəlkə çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. Hər uğursuzluqda bir qələbə arzusu yatır.

– Problem dedikdə nəyi nəzərdə tutursunuz?
– Əslində problemlər çoxdur, danışa biləcəyim və danışmaq istədiyim mövzular deyil. Daha sonra fəaliyyətimi Xalq Artisti Amaliya Pənahovanın rəhbəri olduğu Bələdiyyə Teatrında davam etdirdim. 2005-ci ildə Bələdiyyə teatrından öz istəyimlə ayrılıb, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul olundum. Artıq uzun illərdir teatrda fəaliyyətimi davam etdirirəm. Şükür Allaha ki, indi işlərim öz axarı ilə gedir.
– “Uçurum” serialında əsas rollardan birini ifa edirsiniz. Serial gündəmdə maraq doğuran layihələrdən biridir. Çəkilişlər necə gedir?
– Artıq iki həftədir serial efirə gedir. Rejissorumuz Vüsal Məmmədov çox tələbkardır, onun nəticəsidir ki, ilk bölümlərdən tamaşaçılardan xoş reaksiyalar alırıq. Hiss edirəm ki, “Uçurum” teleməkanda bəyənilən seriallardan biridir. Çəkilişlər də, nəticə də gözlədiyimdən yaxşıdır.

– Uçurum sizin üçün nə ifadə edir?
– Hər kəs həyatının hansısa mərhələsində uçurumla qarşılaşa bilər. O uçuruma yıxılmaq, yuvarlanmaq, yaxud xilas olmaq və həyatda qalmaq öz əlimizdədir.
– Deyirlər ki, ən dərin həqiqətlə uçurum kənardan dərk edilir. Həyatda özünüzü uçurum kənarda hiss etdiyiniz anlar olub?
– Uşaqlıqda ağrılı günlərim olub, həyatdan bezmişdim, hər kəsdən, hər şeydən qaçırdım, özümə çox qapanmışdım. Hətta düşünürdüm ki, özümə qəsd edim. Kəndirdən özümü asmaq haqqında fikirləşirdim.
– Köməyinizə kim gəldi?
– Özüm. Uşaq olsam da, öz gücümlə özümü müalicə edə bildim. Dərk elədim ki, həyatın çətinlikləri hər kəs üçündür və tədricən bütün ağrılar sakitləşib keçəcək. İnsan uçurumda və ya qaranlıqda öz düşüncələri ilə baş-başa qalanda həyatın mənasını daha aydın dərk edir.
– Bir uşaq niyə intihar etmək istəsin ki? Səbəb nə idi?
– Həssas uşaq idim, kimsə məni danlayanda əsəbiləşib evdən qaçırdım.

– İndi sizdə həyat eşqini artıran qüvvə nədir?
– Ailəm və sənətim.
– Sizcə, tamaşaçılar serialda vermək istədiyiniz mesajları anlaya və düzgün nəticə çıxarda biləcək?
– Mütləq. Bütün yaradıcı heyət çalışır ki, tamaşaçı serialı izləyəndə ssenarini rahatlıqla qəbul etsin.
– Rejissorlar baş rola aktyor təyin edərkən onun hansı xüsusiyyətlərini nəzərə alırlar?
– Sözsüz ki, aktyorun oyunu və obraza nə dərəcədə uyğun olmasını. Yaradıcılıqda sünilik heç də effektiv vasitə deyil, tamaşaçı sənə baxanda oyununa inanmalı və təsirlənməlidir. Kamera önündə olan insanlar üçün yaraşıq və xarizma da önəm daşıyır. Lakin bu, birinci dərəcəli amil deyil.
– Serialdakı rolunuza görə tənqid olunursunuz?
– Tamaşaçıları nəzərdə tutursunuzsa, onlar adətən mənfi obrazları tənqid edir, müsbət qəhrəmanları sevib ideallaşdırırlar. Ümumiyyətlə, tənqidə açıq insanam, çəkilişlərdə bir-birimizə məsləhət verməkdən və irad bildirməkdən çəkinmirik. Yaradıcı prosesdə müzakirə və tənqid işə hər zaman müsbət təsir göstərir.

– Serialın əsas mövzusu qayınana və gəlin münasibətləridir. Sizcə, bu gün oğul anaları övladlarının seçimlərinə çoxmu müdaxilə edir? Eyni halla üzləşsəydiniz, nəcə davranardınız?
– Həqiqətən də istər qızlar, istər oğlanlar ailə qurarkən valideynlər onların qərarına müdaxilə edir. Belə ailələrlə hamımız hər gün rastlaşırıq. “Uçurum”da gördüyünüz bir çox obrazlar real həyatdan götürülüb. Deyirlər ki, Sevda obrazı həddən artıq mülayim və sakit təsvir olunub. Lakin biz bilirik ki, həm Ayaz kimi oğullar, həm də Sevda xarakterli gəlinlər real həyatda həqiqətən də var. Belə layihələr insanları həyat haqqında düşünməyə və baş verənləri analiz etməyə sövq edir.

– Siz necə oğul və həyat yoldaşısınız?
– Özümü tərifləməyəcəm, yaxşı olmağa çalışıram.
– Evlisiniz?
– Ailəliyəm, bir qızım, bir oğlum var.
– Ailə qurarkən valideynləriniz qərarınıza təsir göstərib?
– Xeyr.
– Gələcəkdə övladlarınızı sevmədiyi şəxslə ailə qurmağa məcbur edərsiniz?
– Övladlarıma məsləhət vermək, yol göstərmək atalıq borcumdur. Bununla belə onların talelərinə qarışmağı doğru addım hesab etmirəm.
– Bəzi həmkarlarınızdan fərqli olaraq gündəmdən qaçırsınız. Halbuki, kifayət qədər sənət təcrübəniz var.
– Çalışıram ki, lazımsız söz-söhbətdən uzaq olum. Şöhrət mənə heç bir üstünlük gətirmir, sözümü sənətimlə deyirəm.
– Sizcə, populyarlıq aktyorun azadlığını əlindən alır?
– Müəyyən qədər, bəli. Məşhurluğun müsbət və mənfi tərəfləri var. Sevilmək və hörmət qazanmaq yaxşı üzüdür. Bəzən elə anlar olur ki, orada səni kiminsə tanımasını istəmirsən, sıxılırsam.
– Həyatınızdan və işinizdən razısınız?
– Əlbəttə ki, sevdiyim işlə məşğulam. Həftənin beş-altı günü çəkiliş meydançasında olsaq da, bu işin mənəvi zövq verən tərəfləri imkan vermir ki, yorulaq. Əgər işimizdən mənəvi zövq almasaq, çəkiliş meydançasında bir saniyə belə, dayana bilmərik. Hamı bilir ki, istər teatrda, istər kinoda aktyorların aldığı məvacib yüksək deyil. Bizi sənətə bağlayan maddiyyat deyil, sənət eşqidir.

– Aktyorların formada qalması vacib məqamlardan biridir. Siz bunun üçün nə edirsiniz?
– Böyük tamaşaçı qarşısına çıxan aktyor özünə baxmalıdır. Sağlam qidalanır və idmanla məşğul oluram.
– Özünüzü teatrda, yoxsa çəkiliş meydançasında rahat hiss edirsiniz?
– Hər birinin öz mürəkkəbliyi var. Mənim üçün teatrda oynamaq ona görə rahatdır ki, obrazı aylarla məşq etmək üçün vaxtın var. Tamaşadan sonra narazı qaldığı məqamları növbəti dəfə düzəldirsən, özünü inkişaf etdirirsən. Serialda isə belə deyil, ssenari bir neçə gün əvvəldən verilir.
– Elnar bəy, vaxt ayırdığınız üçün minnətdaram. Sizə yaradıcı və peşə uğurları arzulayıram.
– Təşəkkür edirəm.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …