Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / İlahi musiqilər ifaçısı: “Bizim qrupda pul yoxdur”

İlahi musiqilər ifaçısı: “Bizim qrupda pul yoxdur”

“Savalan” qrupu illər öncə yaransa da, bu gün də musiqiləri sevilərək dinlənilir. Qrupun üzvü Novruz Novruzlu Sputnik Azərbaycan-a “Savalan” qrupunun yaranma tarixi və hazırkı fəaliyyəti ilə bağlı danışıb.

— “Savalan” qrupu necə yarandı?

— 1979-cu ildə Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşam. Musiqili komediya aktyoru ixtisası üzrə təhsil almışam. Tələbəlik illərində ictimai fəal insan idim. Daha sonra hərbi xidmətə yollandım. Hərbi xidməti bitirəndən sonra qayıdıb fəaliyyətimi davam etdirdim. Azərbaycan Dövlət Opera və Balet Teatrında aktyor kimi çalışmağa başladım. 90-cı illərdə “Savalan” qrupunu yaratdıq. O zaman içimizi və mənəvi zövqümüzü rahatlatmaq üçün bir yerə yığışıb ruhumuzu rahatladan mahnılar oxuyurduq. Beləliklə, Allah belə qismət elədi, qrup yarandı.

— “Savalan” qrupu Azərbaycan musiqi sənətinə nə kimi töhfə verib?

— Əsas olan odur biz tamaşaçıya münasibətimizdə səmimiyik. Sənətimizdə səmimiyik. Düşündük ki, bu səs-küyün içində bir dənə də insan ruhuna rahatlıq gətirəcək qrup olsun. Çünki musiqi həm cismin, həm ruhun qidasıdır.

— Hər bir işin nəticəsi olaraq maddi qazanc güdülür. Bəs siz necə? İlahi musiqilər oxuyan qrupunuz maddi gəlir əldə edə bilir?

— Biz bu qrupu yaradanda maddiyyat haqqında düşünmürdük. Amma maddiyyat da önəmlidir. Doğrudur, biz əsas ilahi musiqilər səsləndirən qrup kimi tanındıq. Amma bizim qrup tək ilahi musiqilər səsləndirmir. Eyni zamanda italyan, hind və digər janrda musiqilər oxuyuruq.

Savalan qrupun üzvü Novruz Novruzlu
“Savalan” qrupun üzvü Novruz Novruzlu

— İlahi musiqiyə gənclərin marağı var? Müraciət edənlər olur sizə?

— İlahi musiqiləri ifa etmək üçün öncə həyat təcrübəsi olmalıdır. Bunun üçün tək səs kifayət etmir. Bunun üçün təcrübə lazımdır. İnsan anadan olandan ölənə kimi özünü dərk etmək üçün yaşayır. Mən qrupa gəlmək istəyən gəncləri aidiyyatı qruplara yönəldirəm. İllərlə qoruduğumuz imicə zərər gəlməməsi üçün öz qrupumuza heç kimi qəbul edə bilmərəm. Eyni zamanda heç kim maddiyyat olmayan yerdə işləməz. Bizim qrupda isə pul yoxdur.

— “Savalan” qrupu Azərbaycan musiqisini dünyanın bir çox ölkələrində təmsil edib…

— Allah istədi və bu qrup yarandıqdan sonra xarici ölkələrə də dəvət aldı. Ən çox da Türkiyədən dəvətlər gəlir. Etiraf edim ki, xarici ölkələr bizim bu sənətə daha çox dəyər verir. Bəzi yerlərə də dəvət olan zaman maddi cəhətdən imkan olmadığı üçün imtina etmişik. Azərbaycandan isə indiyədək nə diqqət, nə də maddi yardım görmüşük. Kaş biz bir-birimizi sevə bilək, bir-birimizin qədrini bilək.

— Üz cizgiləriniz mülayim insan olduğunuzu göstərir. Heç mənfi obrazda oynaya bilərsiniz?

— Əlbəttə, oynaya bilərəm. Rejissor məndə o obrazı görsə, təbii ki, oynamağa hazıram. Özüm üçün də maraqlı olar.

— Aktyor kimi xarici festivallara dəvət almısınız?

— Musiqi ilə aktyorluq birlikdə çətindir. İki yerə parçalanmaq olmur. Ona görə də musiqiyə daha çox diqqət ayırıram.

— Heç olubmu ki, hansısa müğənni sizə şou-biznes üçün qalmaqal yaratmaq təklif etsin?

— Məni tanıyanlar xasiyyətimə yaxşı bələddirlər. Onlar bilirlər ki, şou-biznes mənlik deyil. Bundansa televiziya hərdən tərbiyəvi əhəmiyyətli proqramlar hazırlasalar, daha yaxşı olar. Əks halda vəziyyət heç də ürəkaçan deyil. Səhərdən axşama kimi şou olmaz.

— Siz həm də sözündə bütöv insan kimi tanınırsınız. Hətta ən kədərli gününüzdə belə, dostunuza verdiyiniz sözü tutmusunuz…

— Bəli. Qızım dəm qazından dünyasını dəyişdi. Həmin hadisədən bir müddət öncə dostuma toyda oxuyacağıma söz vermişdim. Kədərli günümə baxmayaraq, gedib bir-iki mahnı ifa etdim.

— Deməli toylara gedirsiniz?

— Səviyyəli toylar olanda gedirik. Az olur, amma olur.

— Bu yaxınlarda konsert verəcəksiniz…

— Uzun ildən sonra insanlara mənəvi zövq verməyi düşündük. Bu konsertdə tək ilahi musiqilər olmayacaq, eyni zamanda rus, italyan, hətta hind musiqiləri də olacaq. Konsert 18 mart tarixində Opera və Balet Teatrında, saat 19:00-da baş tutacaq. Biletlərin qiyməti isə 20-50 manat arası dəyişir.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …