Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Müsahibə / “FETÖ adlanan terror təşkilatı ilə millətimizin həssaslığı istismar edildi”

“FETÖ adlanan terror təşkilatı ilə millətimizin həssaslığı istismar edildi”

Musavat.com Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat üzrə müşaviri Hamid Karadenizlə müsahibəni təqdim edir:

– Hamid bey, Türkiyə xalqı 24 iyun seçimlərində Rəcəb Tayyib Ərdoğana yenidən böyük etimad göstərdi, bununla da dövlətin idarəçilik formasını dəyişdi. Sizcə, bu dəyişikliklər böyük və şərəfli yol keçmiş, dünya miqyasında böyük gücə çevrilmiş Türkiyə dövlətinin gələcək tarixinə necə təsir edəcək? Fikirlərinizi bilmək istərdik…

– Əvvəlcə sizə çox təşəkkür edirəm. Sizin simanızda həm də Azərbaycan mediyasına diqqət üçün minnətdarlığımı bildirirəm. Cənab prezident Rəcəb Tayyib Ərdoğan öz gücü, mübarizəsi, fəaliyyəti, öz idealları və millətin azadlığı, rifahı və xoşbəxtliyi üçün bir prezident kimi iradəli, mətanətli və çalışqan bir liderdir. Həqiqətən də, millətin könlündə taxt quraraq, 2002-ci ildən bu yana, 16 il içərisində qatıldığı bütün seçkilərdə xalqın dəstəyi və etibarını qazanmış bir lider olaraq seçimlərin hər birindən uğur və zəfərlə çıxıb.

Bir xatırlatma edim; Türkiyədə 28 fevral deyilən bir proses vardı. Bu proses xalqın, millətin hafizəsində özünə yer edən bir prosesdir. Həmin prosesi mən də yaşamışam, o zaman bizlərə də müəyyən mövzularda təzyiqlər oldu. Amma bizim dövləti, milləti, vətəni və bayrağı çox sevməmizin nəticəsi olaraq, xüsusilə də inanclı təbəqədən olan insanlar da dövləti qarşı çıxma, ordusu ilə qarşı-qarşıya gəlmə halı baş vermədi. Lakin bununla yanaşı bir sıra qüvvələr tərəfindən təşkil olunan terror təşkilatları dövlətə, vətənə, təhlükəsizlik qüvvələrinə və əsgərlərinə silah çəkmiş, dövləti və bayrağı sevən, qoruyan insanlara qarşı o terror hücumları etdilər. O zamanlarda da terror təşkilatlarının qurbanı olan insanlarımız vətən və bayraq qarşılığını öz qanları ilə ödədilər…

Ən son Fətullah Gülənin FETÖ deyilən terror təşkilatı ilə millətimizin həssaslığı istismar edildi. Bizim millətimiz din, vətən, mərhəmət, təhsil, ehtiyacı olanlara yardım məsələlərində çox həssasdır. Xüsusən yardımlaşmanı, təhsili hər zaman üstün tutub. Buna görə də təhsilə nüfuz etməklə bu terror təşkilatı 40 ildən çox müddətdə xaincəsinə, hiyləgərcəsinə önəmli sahələrdə yerləşərək, 15 iyul 2016-cı ildə edə biləcəklərini etdilər, aktivləşmək istədilər. Onlar millətin pulu, dəstəyi və yardımı ilə alınan təyyarə, helikopter və silahları millətə doğru çevirdilər. Bu da FETÖ-nun necə bir xain terror təşkilatı olduğunun göstəricisidir. Onlar 250 nəfərin, qardaşlarımızın şəhid olmasına vəsilə oldu, 3000 nəfərə yaxın vətəndaşımız yaralandı. Bu gün ABŞ-ın Pensilvaniya əyalətində qorunan Fəthullah Gülənə hansı qüvvələrin himayədarlıq etdiyi də göz önündədir. Yəni başqalarının terror təşkilatlarının bu ölkəyə təhlükə yaratdığı zaman başı əzilərkən Türkiyə üçün təhdid yaradan bir qüvvə belə qorunur…

Bu hadisələrdən sonra Türkiyədə çox önəmli bir proses başladı. Bu da son 80-90 yılda xalq vətəni, milləti və bayrağı üçün bir sıra siyasətçilərimiz sui-qəsdə qurban getdi. Eyni şeylər Rəcəb Tayyib Ərdoğan üçün də hazırlandı, amma vətənimiz, dövlətimiz və millətimiz liderinə, dəyərlərinə canı bahasına sahib çıxdı. Millət tank və topun qarşısına, silahların qarşısına əllərində silah deyil, bayraqlarla çıxdı. Belə bir milləti kimsə tarixdən silə bilməyəcək. Artıq bundan sonra heç kimin belə bir çevriliş cəhdinə əl atmayacağına inanıram və bu yeni sistemlə Türkiyədə yenidən dövlət-millət birliyinin çiçəklənəcəyinə, gücünü göstərəcəyinə inanıram. İnanıram ki Türkiyə iqtisadi, sosial və təhsil kimi məsələlərdə millətin və Prezidentimizin arzu etdiyi qardaşlıq və birlik hakim olacağı və Türkiyənin keçmişdəki gözəl günlərinə qovuşacaq. Bu millətimizin son qalası olan Türkiyə Cümhuriyyətinə, millətinə sahib çıxmaqdı.

– Prezident idarəetməli Türkiyə Cümhuriyyətinin ilk prezidenti kimi tarixə düşən Rəcəb Tayyib Ərdoğan and içdikdən sonra ilk xarici səfərini məhz Azərbaycana etdi. Necə düşünürsüz, səfər ikitərəfli münasibətlərin inkişafına hansı töhfələri verəcək? 

– Bilirsinizmi, Türkiyə-Azərbaycan münasibətləri sadəcə ikitərəfli münasibətlər deyil. Dəyərli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” sözü hər halda əbəs yerə deyilməyib. Türkiyə Cümhuriyyətinin banisi, qurucusu Mustafa Kamal Atatürk də “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı da boşuna deməyib. Bizim münasibətimiz digər ölkələrarası münasibətlərdən fərqlənir; Türkiyə-Azərbaycan əlaqələri daha çox qardaşlıq münasibətidir.

II Dünya müharibəsi illərində Azərbaycan dövləti Türkiyəyə yardım edir və Osmanlının son padşahı Azərbaycandan borc istəyəndə Azərbaycan hakimiyyəti “Qardaş qardaşa borc verməz. Bu bizim sizə vəfa dəstəyimizdir” deyir.

Çar Rusiyası Azərbaycanı işğal etdiyi zaman Nuri paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək ölkəni hürriyyətə qovuşdurub azərbaycanlı qardaşlara təslim etməsi bu iki ölkə arasındakı qardaşlığın göstəricisidir. Dünyada Azərbaycanla Türkiyə arasındakı münasibətlər başqa heç bir ölkə arasında yoxdur.

Bir misal deyim, Türkiyə ilə Ermənistanın sərhədi bağlıdır. Niyə? Çünki azərbaycanlı qardaşlarımızın evləri, torpağını separatçı Ermənistan haqsız yerə işğal edilib. Artıq bu ölkə dəstəyi kimdən alır, bunun üstündə durmayacağam, amma Ermənistan terror dövlətidir, işğalçı ölkədir. Keçmişdə də buna bənzər fəaliyyətilə türk diplomatlarını ASALA terror təşkilatı vasitəsilə bir sıra ölkələrdə qətlə yetiriblər. Onların uşaqlarına öyrətdiyi ilk ifadə: “Sizin ən böyük düşməniniz türklərdir”. Halbuki, biz türk olaraq daim başqalarının hansı irqə, dinə və millətə sahib olmasından asılı olmayaraq onlara qarşı insanlıq sevgisi, insanlıq gözü ilə baxır və insan kimi yanaşırıq. Çünki biz insanı hədəf alan, ona həm dünyada, həm də axirətdə rahatlıq bəxş olunacağına inanan bir millətin nümayəndəsiyik. Azərbaycanın Qarabağ torpaqlarının işğalı səbəbilə biz Ermənistanla bütün münasibətləri kəsərək, onlara belə bir mesaj vermişik ki, bizim iqtisadi olaraq bundan bəzi itkilərimiz olsa da, bu önəmli deyil. Demişik ki, bəli, sərhədləri açacağıq, amma “qırmızı xətt”imiz var: Qarabağ və Qarabağ ətrafındakı torpaqları azərbaycanlı qardaşlarımıza qaytarın, məhz bundan sonra bizim sizinlə münasibətlərimiz normallaşacaq. Dünyada elə bir ölkə yoxdur ki, başqa dövlət üçün, qardaş dövlət üçün digər bir ölkə ilə sərhədlərini bağlasın. Bu da yalnız Azərbaycan-Türkiyə münasibətləri nəticəsində Türkiyənin Ermənistanla münasibətləri kəsməsidir. Bu da Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Daha bir vacib məqam var: bu da hər iki ölkədə prezident seçkilərindən sonra Türkiyə prezidentinin Azərbaycana, sizin dövlət başçınızın isə Türkiyəyə səfər etməsidir. Bunun bir anlamı vardır. Bu dünyaya mesajdır. Bu, dünyaya bizim inanclardan, tarixdən qaynaqlanan bağlarımızın olması haqqında bir mesajdır. Bu bağları heç kim bu millətin qəlbindən, könlündən çıxarıb ata bilməz.

–  26 iyunda Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən möhtəşəm hərbi paradda Türkiyənin təyyarələri də Bakı səmasında nümunəvi uçuşlar keçirdi. Bu nümayişlər Azərbaycanın və Türkiyənin inkişafını, uğurlarını istəməyən məkrli qüvvələrə hansı mesajları verdi? 

– Bu addımın həmin dövlətlərə verdiyi mesaj budur: Cümhuriyyətimizin qurucusu Atatürkün dediyi kimi “Azərbaycanın kədəri kədərimiz, sevincimizdir”. Türkiyənin gücü Azərbaycanın gücüdür. Türkiyənin iqtisadiyyatı, dik duruşu, hakimiyyəti Azərbaycanın da dik duruşu və hakimiyyəti deməkdir. Türkiyə mövcud olduğu, güclü olduğu müddətdə kimsə Azərbaycana tərs gözlə baxa bilməz. Biz sevincdə də, kədərdə də bərabərik. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə bizim təyyarələrimizin Bakı səmasında uçması dosta güvən, düşmənə qorxu verir. Bundan əlavə, istər TANAP, istərsə də “Bakı-Tbilisi-Ceyhan” və “Bakı-Tbilisi-Qars” layihələri əməkdaşlığı iki qardaş dövlətlərin bir-birini hər məsələdə gücləndirməsi, dəstək verməsi deməkdir.

– Zaman–zaman Türkiyə ilə Azərbaycan arasındakı dostluq əlaqələrini pozmağa çalışan qüvvələr peyda olur. Necə düşünürsüz, son günlərin önəmli mesajları bölgədə qardaşlıq münasibətlərini pozmağa cəhd edən beynəlxalq güclərin planlarını boşa çıxara bildimi?

– Türkiyənin dünyadakı bütün dövlətlərlə iqtisadi, siyasi münasibətləri vardır. Dövlətlərarası hüquq deyilən bir anlayış mövcuddur. Dövlətlərin qarşılıqlı münasibətləri məhz bu hüquq çərçivəsində tənzimlənir. Bu münasibətlər çərçivəsində qarşılıqlı ticarət, idxal-ixrac əməliyyatları həyata keçirilir. Biz Azərbaycanla qardaşlıq hüququnu qorumaqla bərabər, digər ölkələrlə münasibətlərin zədələnməməsi və kəsilməməsi üçün də diplomatik, siyasi və dövlət idarəçiliyi etikasını hər zaman qorumuşuq və qorumağa da davam edirik.

– Türkiyə tərəfdən Rusiyaya aid hərbi təyyarənin vurulmasını hadisəsini xatırlasaq…

– Bəli, bu hadisə zamanı bəzi qüvvələr sevindilər. Sonradan bu işin də arxasında xain təşkilat olan FETÖ-nün dayandığı aşkara çıxdı. Hansısa qüvvələr Rusiya ilə Türkiyə arasında müharibə olmasını arzulayırdı. Bu iki dövlət müharibəyə başlasa, bu addımlardan Azərbaycanın da gələcəklə bağlı müəyyən problemləri yaranacaq. Həqiqətən də prezident Rəcəb Tayyib Ərdoğanın da sabit bir siyasət aparması, ağlı ilə siyasətini birləşdirməsi gözəl bir nəticə əldə olmasına səbəb oldu. Hər iki lider strateji addımlar ataraq qırılma nöqtəsinə gələn Rusiya-Türkiyə münasibətlərini daha da genişləndirdilər, yenidən bərpa etdilər. Siyasətçilərimizin, liderlərimizin dahiliyi nəticəsində buna nail oldular.

-Azərbaycanla münasibətlərimizi zəiflətmək istəyənlərə gəlincə…

– Təbii ki, bizi sevənlər də var, sevməyənlər də… Sevənlər ölkələrimizin güclənməsini, sevməyənlər isə zəifləməsini istəyir. Biz bizi sevəni də, sevməyəni də yaxşı tanıyırıq. Sevməyənlərlə münasibətləri müharibə aparmadan, qırmadan, daha incə bir siyasətlə davam etdiririk. Heç kim Azərbaycan-Türkiyə münasibətlərini poza bilməyəcək.

– Hamid bəy, İyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin ildönümü yaxınlaşır. Bununla bağlı Səfirlik Azərbaycanda hansı dövlət əhəmiyyətli tədbirlər keçiriləcək və ölkəmizdə terrorla mübarizə sahəsində görülən işləri necə dəyərləndirirsiniz?

– 15 iyul 2016-cı ildə xain FETÖ təşkilatının çevriliş cəhdi zamanı millətimizlə bərabər küçələrdə gecələyən, Türkiyəyə getmək istəyirik deyən azərbaycanlılar da vardı. Xalqımızın sabaha qədər, bir ay boyunca prezidentimizin “Küçələri boş qoymayın!” çağırışı ilə insanlar sabahadək küçələrdə oldu… Azərbaycanda dövlət FETÖ-nün məktəbləri, liseylərini dərhal bağladı. Hətta dünənə qədər “İSTƏK” liseyi adı ilə fəaliyyət göstərən daha bir FETÖ məktəbi bağlandı. Bundan sonra FETÖ terror təşkilatına aid universitetin sahibi dəyişdi. Ayın 13-də Bakıdakı səfirimiz Erkan Özoral mediya nümayəndələrinə bu hadisələrlə bağlı məlumat verdi. Bu mütəmadi olaraq davam edəcək. 16 iyulda yenə də bununla bağlı tədbirimiz var. O gecə yaşanan hadisələrlə bağlı kadrlar nümayiş etdiriləcək. Bizim millət xoşniyyətli olduğu üçün hadisələri tez unudur. Amma biz həmin hadisələri xalqımızla paylaşmağa davam edəcək, fəaliyyətimizlə 15 iyul hadisələrinin unudulmamasına çalışacağıq.

– Dövlətləarası münasibətlərin tənzimlənməsində diplomatların önəmli bir yeri var. Artıq uzun müddətdir ki siz də Azərbaycanda fəaliyyət göstərirsiniz. Ölkəmizdəki beşillik fəaliyyətiniz dövründə ikitərəfli münasibətlərin inkişafı istiqamətində hansı işləri görmüsünüz və nə kmi problemlərlə qarşılaşmısınız?

– Ölkələrarası münasibətlər çox önəmlidir; İşin bir rəsmi tərəfi vardır. Həmin rəsmi tərəfdə bir diplomatın üzərinə düşən vəzifələri müəyyən qaydalar çərçivəsində yerinə yetiririk. Bu çərçivədə də biz media nümayəndələri ilə görüşüb ölkələrarası münasibətlərdə nələr edə biləcəyimizi müzakirə edirik. Bu illər ərzində həyata keçirdiyimiz layihələr çərçivəsində Azərbaycandan müxbir və operatorları Türkiyəyə göndəririk. Orada jurnalistlər istər TRT, istərsə də “Anadolu” agentliyinin iş prinsipi ilə bağlı məlumatlandırılırlar. Daha sonra orada media sahəsində ixtisaslaşan mütəxəssisləri Bakıya dəvət etməklə, burada da seminarlar təşkil edirik. Bu çərçivədə həmçinin Gəncə, Yevlax, Mingəçevir, Şəki, Qəbələ və Xaçmazdakı media qurumlarında da qonaq olaraq, oradakı əməkdaşlarla da Türkiyə təcrübəsini bölüşürük. Daha sonra buradakı bütün media quruluşlarında görüşlər keçirərərək bəzi müzakirələr apardıq. Bunların nəticəsində Azərbaycan mediası ilə münasibətlərimizi zirvəyə yüksəltdik. Daha sonra buradakı redaktorları Türkiyəyə dəvət edərək onların prezident və baş nazirlə görüşlərini keçiririk. Bilirsiniz ki, bu münasibətləri zaman-zaman pozmaq istəyən qurumlar da ola bilir. Biz adekvat cavablarımız ilə bunlara izn verməməyə çalışırıq. Yanlış anlaşılmış durumlarda, dəqiq olmayan informasiya yayımlayan media orqanlarının rəhbərləri ilə əlaqə saxlayaraq, hadisənin əsl mahiyyətini izah edirik. Gələcəkdə də buna bənzər fəaliyyətimizi davam edirik. Bu da Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirir. Növbəti il isə “Qafqaz Media Toplantısı” adı altında buradan media nümayəndələrini Qars və Ərzurumda bilik və təcrübə mübadiləsini təmin etdik. Bununla da azərbaycanlı qardaşlarımıza oradakı media qurumlarını tanımaq üçün fürsət verdik.

– Türkiyə və Azərbaycan mediasını müqayisə edərkən ortaya hansı fərqlər çıxır? 

– Bəzi media qurumları da var ki, istər iqtisadi, istərsə də kadr potensialı baxımından zəiflik səbəbilə ancaq məhdud çərçivədə fəaliyyət göstərir. Türkiyəyə gəlincə, ölkəmiz bu sahədə dünya ilə yarışır. Azərbaycanda kəmiyyət olaraq potensial var, güclü kadrlar var, amma bütün bunlardan keyfiyyətlə istifadə edə bilmirlər. Bunun da səbəbləri iqtisadi və kadr potensialı ilə bağlıdır. Bu sahədə ilk növbədə çox güclü bir reklam bazarı lazımdır. Dövlət də KİVDF vasitəsilə mediaya dəstək göstərməyə çalışsa belə, media quruluşları da bilavasitə inkişafda maraqlı olmalı və üzərinə düşən vəzifələri yerinə yetirməlidir.

– Türkiyə Cümhuriyyətinin diplomatik nümayəndəsi olaraq Azərbaycanda söz azadlığının vəziyyətini necə görürsünüz? Sizcə, ölkəmizdə söz azadlığına əngəl ola biləcək hər hansı durum varmı?

– Belə müqayisə apara bilərəm: Məsələn, İran, Özbəkistan, Türkmənistan və digərlərilə müqayisə apararsaq, Azərbaycanın bu sahədə daha yüksək inkişaf sərgilədiyini görə bilərik ki, bu da ölkə hakimiyyətinin fəaliyyətinin nəticəsidir. Əlbəttə ki, zamanla bəzi məsələlər də həll olunacaq. Bu günə qədər mən Azərbaycanı çox təhlükəsiz, rahat yaşanıla biləcək bir ölkə olaraq gördüm. Dolayısı ilə, bütün bunlar ölkə qanunvericiliyi çərçivəsində olan bir məsələdir. Biz burada indiyədək narahatedici bir durumla qarşılaşmadıq. Olduğu zaman da buna yenə də ölkə qanunvericiliyi daxilində yanaşılır. Hakimiyyətin bu sahədə fədakarlıq etdiyini görmək mümkündür.

– Son olaraq bilmək istərdik, Sizə görə Azərbaycan yaşamaq üçün necə bir ölkədir?

– Bir diplomat olaraq istər sosial, istərsə də iqtisadi baxımından buradakı həyatımız çox rahatdır. İqtisadi olaraq da hər şey zamanla daha da yaxşı nöqtəyə gedəcək. Bura yaşamaq üçün çox rahat, dostlarımıza da tövsiyə edə biləcəyimiz ölkədir. Bura neft ölkəsi olduğundan, əsas gəliri neftlə əlaqəli olduğu üçün zamanla bəzi məsələlərdə iqtisadi olaraq problem ola bilər. Amma yenə də iqtisadiyyatı çox güclüdür. Azərbaycan xalqı da öz iqtidarı, dövləti, bayrağı və millətinə sadiq bir xalqıdır. Hər şey müəyyən qaydalar çərçivəsində davam edir. Ağıllı hərəkət edib ticarətini, işini düzgün görən insanlar həm özünə, həm də türk qardaşlarına mühüm faydalar verir. Azərbaycan hər kəsin təhlükəsiz, rahat yaşadığı və yaşayacağı bir ölkədir. Azərbaycan xalqı vicdanı, saflığı, sadəliyi və gözəlliyini qoruyan, insanları çox dürüst olan bir xalqdır.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …