Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Gündəm / “Biz müxalifət partiyaları olaraq hər zaman iddia etmişik ki, hakimiyyət ədalətli seçki keçirməyib”

“Biz müxalifət partiyaları olaraq hər zaman iddia etmişik ki, hakimiyyət ədalətli seçki keçirməyib”

Azinforum.az  Ağ Partiyanın sədri Tural Abbaslının “Bakı-Xəbər” qəzetinə verdiyi müsahibəni təqdim edir.

Tural Abbaslı: “Nisbətən xarici siyasət kursu ilə razılaşmaq olar”

MSK namizədlərin irəli sürülməsilə bağlı sənədləri qeydiyyata alır və sonra iddialı şəxslərə lazım olan sayda imza toplamaq üçün vərəqlər verir. Bu prosesə qədəm qoyan siyasilər az deyil. Onlardan biri də gənc siyasətçi, Ağ Partiyanın sədri Tural Abbaslıdır.

Qanunvericiliyə görə, prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilməyib. Bu səbəbdən də biz müsahibimiz olan siyasilərlə daha çox seçki mühitinə münasibət və onların öz karyeraları barədə söhbət edirik. Dünən Tural Abbaslı ilə də söhbətimiz məhz bu rakursdan oldu. Beləliklə, müsahibimiz Azərbaycanda prezident olmaq istəyən ən gənc iddialı namizəd Tural Abbaslıdır

– Deyəsən, mərhələnin birini uğurla keçibsiniz. Bu istiqamətdə işləriniz nə yerdədir?

– Bəli, namizədliyimin irəli sürülməsi qeydə alındı və təsdiqləndi. MSK-dan lazım olan sayda imza vərəqi götürdük. Bu gündən imzaların toplanmasına start verəcəyik.

– Daha çətini də elə bu mərhələdir. 40 min imza hər halda az deyil. Bu rəqəm sizi qorxudurmu?

– Bəli, seçkidə ən çətin mərhələ məhz budur. Saydan əlavə, tələb budur ki, toplanan imzalar 60 dairəni əhatə etməlidir. Çalışacağıq ki, öhdəsindən gələk. Namizəd olaraq ilk dəfədir bu işə girişirik. Ona görə də asan proses olmayacaq.

– Namizədliyinizi fərdi qaydada irəli sürübsünüz, yoxsa rəhbərlik etdiyiniz partiyanın sədri kimi?

– Bizim partiyanın adı ilə bağlı problem həllini tapmayıb. Buna görə də mən fərdi təşəbbüs kimi namizədliyimi irəli sürmüşəm.

– Sizin partiyanızın qeydiyyatla bağlı problemi olmamalıdır axı…

– Bəli, biz Vahid Azərbaycan Partiyası kimi fəaliyyət göstəririk. Bu, rəsmi dövlət qeydiyyatına alınmış siyasi partiyadır. Biz qurultay keçirib partiyanın adının dəyişməsi ilə bağlı qərar qəbul etmişik. Partiyanın adının Ağ Partiya olmasını istəyirik. Bu da rəsmiyyətdə problem yaradır. Çünki Ədliyyə Nazirliyi bununla bağlı qərar verməyib.

– Söhbət rəhmətlik Kərrar Əbilovun rəhbəri olduğu partiyadan gedir? Həmin partiyaya siz necə sədr seçildiniz?

– Biz 2016-cı ildə Müsavat Partiyasından ora transfer etdik. Həmin hadisədən bir ay sonra K.Əbilov vəfat etdi, partiyanın qurultayında mən Vahid Azərbaycan Partiyasının sədri seçildim.

-Tural bəy, Vahid Azərbaycan pis ad deyil axı… Niyə bu gözəl addan imtina etmək istəyirsiniz?

– (Gülür-M.Q.) Bizim ideoloji xəttimizi sağ mərkəzçilik təşkil edir. Bu da Türkiyədəki AK Partiya ilə yaxınlıq anlamına gəlir. Hesab etdik ki, həmin brenddən də yararlanmaq lazımdır. Siyasətin də bir marketinqi var. Düşündük ki, bu ad bizə daha böyük uğur gətirə bilər. Yəni insanların beyninə yazılmış bu adda bir partiya var axı…

– Bir növ, Ərdoğanı təkrarlayıb, onların uğuruna şərik olmaq istəyirsiniz?

– (Yenə gülür-M.Q.) Xeyr, Ərdoğan şəxsdir, biz isə ideoloji yaxınlıqdan söhbət edirik. Rusiyada Kommunist Partiyası var. Həmin adda müxtəlif ölkələrdə fəaliyyət göstərən partiyalar bir-birilə ideoloji yaxın olurlar. Eyni sözü liberal demokratlar, yaşıllar barəsində deyə bilərik. Biz düşünürük ki, türk-islam çoğrafiyası üçün AK Partiyanın tutduğu yol ən məqbuldur.

– Ərdoğanın partiyasında dinə bir qədər üstünlük verilir. Partiyanın funksionerlərinin çoxu ibadət edir. Bu baxımdan necə, onları təkrarlaya bilirsiniz?

– Mən ibadətə kiminsə təkrarlanmağı kimi yox, hər bir insanın Yaradana olan borcu kimi baxıram. Bəli, özüm də dini ayinləri icra edirəm. Namaz qılıb, oruc tuturam. Bir millət olaraq bizim kökümüzdə islam var. Bunu görməmək mümkün deyil. Hazırda dövlətimizin atributu sayılan bayrağımıza baxın. Orda islamın rəmzi sayılan rəng var. Təəssüf ki, Azərbaycandakı partiyaların çoxu islama meyl edənlərə geriyə addım atmaq kimi yanaşır və daha çox müasirləşməni üstün tuturlar. Mənim düşüncəmə görə, bunlar bir-birini tamamlayan cəhətlərdir. Sadəcə, doğru yanaşmaq lazımdır. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu Cumhuriyyəti quranda hansı ideyaları məqbul biliblərsə, biz onu dəstəkləyirik, o yolu getmək istəyirik.

– Namizədlər arasında ən cavanısınız. Buna baxmayaraq, ortaya böyük iddia qoyursunuz. Yəni prezident olub ölkəni idarə etmək istəyirsiniz. Bu sizdə bir kompleks və ətrafdan qınaq yaradırmı?

– Şəxsimdə heç bir kompleks yaratmır. Namizədlər içində ən gənc olsam da, siyasi karyera və keçilən şərəfli həyat yolu baxımından özümü kimdənsə zəif saymıram. Mənim siyasətdən başqa işim olmayıb. Düzdür, bunu insanların çoxu bilmir və elə bilirlər ki, Tural bu dəqiqə göydən düşüb. Səbəbi mənə bəllidir. Çünki bizdəki böyük partiyalarda yalnız bir-iki lider önə çəkilib gözə soxulur. Səhnə arxasındakı fiqurlar isə çox görsənmir. Mən özümə və ətrafımda olan gənclərə güvənməsəydim, heç bu yola çıxmazdım da. Mənim hazırda 35 yaşım var və bunu az yaş hesab etmirəm. Rəsulzadə Milli Şuraya rəhbərlik edəndə onun 34 yaşı olub. Bizim müxalifət liderləri saydığımız şəxslərin 1992-ci ildə yaşları 35-dən aşağı olub, ancaq onlar hakimiyyətdə təmsil olunublar. Siyasi təcrübələri də bizdən az idi. Avropaya fikir verək. Avstriyanın baş naziri məndən 3-4 yaş balacadır. Bizdə niyə olmasın?

– Siyasətdə olsanız da, dövlət qurumlarında çalışmayıbsınız, yəni idarəetmə təcrübəniz yoxdur. Bu sizə prezident olmaq üçün maneə yaratmır ki?

– Düşünmürəm ki, bunun üçün xüsusi ixtisas tədris olunmalıdır və onun adını da “Prezidentliyə hazırlıq” qoymalıdırlar. Bütün siyasətçiləri, məmurları partiyalar yetişdirir. Mən də uzun müddət ölkənin böyük partiyalarından birinin Divan üzvü olmuşam və həmin qurumun rəhbər strukturlarında təmsil olunmuşam. Əksinə, mən düşünürəm ki, müxalifətdə idarəetmədə olmaq daha böyük səriştə tələb edir, nəinki dövlətdə. Çünki müxalifətdə insanlara əməkhaqqı vermədən onları subordinasiyanı qorumağa dəvət etməlisən və üstəlik də iş gördürməlisən. Müxalifətdə olmağın risqli tərəflərini də nəzərə alsaq, görün bu nə qədər çətin bir işdir. Dövlət qurumlarında isə əməkhaqqı verilir, lazımi tənbeh və cəza mexanizmləri var. Biz belə təcrübəni mənimsəmişik və bunu önəmli sayıram. Söhbət sağlam komandadan gedirsə, mən iddia edə bilmərəm ki, bu gün Azərbaycandakı bütün strateji sahələri əhatə edə biləcək kadrlar var. Bu da problem deyil. Məqsəd partiyanın yox, Azərbaycanın güclənməsi olacaqsa, biz partiyamızın üzvü olmayan kadrlardan da istifadə edəcəyik.

– Dəfələrlə vurğuladınız ki, Müsavat Partiyasında olubsunuz. Həmin partiya və digərləri seçkiləri boykot edirlər. Bunu da vaxtın 6 ay irəli çəkilməsi ilə izah edirlər. Həmçinin, seçkidə iştirak edənləri imitasiyada günahlandırırlar. Həmin arqument və ittihamlara münasibətiniz necədir?

– Əvvəla qeyd edim ki, mən imitasiya ittihamı ilə qətiyyən razılaşmıram. Onda 2003, 2008, 2013 seçkiləri nə olub? Deməli, bunların özlərinin iştirak etdiyi seçkilər imitasiya sayılmır, boykot etdiklərində iştirak edənlərə həmin damğanı vururlar. Çox məntiqsiz yanaşmadır. İqtidarın nəyi dəyişib? Biz müxalifət partiyaları olaraq hər zaman iddia etmişik ki, hakimiyyət ədalətli seçki keçirməyib. Onda sual çıxır: niyə 2013-də müxalifət vahid namizədlə seçkidə iştirak edirdi? Məgər onda Azərbaycan iqtidarı daha demokratik idi? Eyni siyasi mühit hökm sürürsə, niyə belə iddialar səslənməlidir? Bu ittihamı səmimi saymıram. Altı ay arqumentini irəli sürüb, hazırlıqsızlığı əsas gətirib, seçkini boykot etməyi də ciddi arqument kimi qəbul etmirəm. Həmin arqumenti biz irəli sürsəydik, inandırıcı görünə bilərdi. Çünki yeni partiyayıq. 30 ilin partiyası hər bir ekstremal vəziyyətə hazır olmalıydı. Çünki onların strukturları və kifayət qədər seçki təcrübəsi var. Həmin mexanizmin işə düşməsinə 6 ay müddət mane ola bilməzdi. Ancaq biz risqə giririk. Mənim üçün həmin müxalifət partiyalarının barəmizdə nə düşündükləri maraqlı deyil. Biz onların yox, xalqın səsini qazanmağa iddialıyıq.

– Uzun müddət təmsil olunduğunuz partiya seçkidən imtina edib. Orda çoxlu sayda dostunuz var. Həmin adamlar sizə imza yığmaqda kömək edə bilərmi?

– Təbii ki, olacaq. İki-üç gündür mənə bu dəstəklə bağlı təkliflər gəlir. Bu məsələdə onların çoxu siyasi maraqlardan çox, şəxsi münasibətləri önə çəkir. Biz belə dəstəyi yalnız Müsavatdan deyil, seçkiyə qatılmayan digər müxalifət partiyalarından da gözləyirik. Bizim onların da arasında çoxlu sayda dostumuz var. Funksional əməkdaşlıq olacaq. Lazım olsa, biz də onlara dəstək verərik. Çünki bu marafonda bizim hədəfimiz onlar deyil. Biz iqtidarı udmaq istəyirik.

– Müxalif partiya kimi hazırkı hakimiyyətin yürütdüyü siyasətin hansı aspektlərilə daha çox razı deyilsiniz?

– Daxili siyasətlə ümumiyyətlə razı deyilik. Hər şey göz qabağındadır. İnsanların səhiyyə ilə bağlı təminatı yoxdur, təhsilin səviyyəsi çox aşağıdır. Sosial baxımdan da köklü dəyişikliklər aparılmalıdır. Gənclərin mənzil şəraitilə bağlı vəziyyət acınacaqlıdır. Bunları çox sadalaya bilərəm. Nisbətən xarici siyasət kursu ilə razılaşmaq olar. Bura balanslı siyasəti aid edə bilərəm. Hakimiyyətlə razılaşsaydıq və onların bütün işlərini təqdir etsəydik, onda biz siyasətə niyə qoşulurduq ki?

– Dediniz ki, hakimiyyətin xarici siyasət kursu ilə qismən razısınız. Bura Dağlıq Qarabağ probleminə yanaşmanı da aid edə bilərik, yoxsa sizin bu məsələyə başqa münasibətiniz var?

– Biz uzun illərdir ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyilə danışıqlar aparırıq. Ortada isə nəticə yoxdur. Bir qarış da olsun torpağımız qaytarılmayıb. Ortaya müxtəlib prinsiplər, paketlərin adı atılsa da, real nəticə görünmür. Danışıqlar prosesində bizim arxamızda güc durmadısa, Ermənistan əsl təhlükəni dərk etməyib yenə qeyri-konstruktiv olacaq. Düşünürəm ki, buna nail olmaq üçün Azərbaycan Türkiyə ilə sıx hərbi əməkdaşlıq etməlidir. Çünki Qarabağ probleminin həlli ilə bağlı başqa alternativ görmürəm. Belə getsə, bir 20 il də biz danışıq aparmalıyıq. Dünya praktikasında müharibə ilə alınan torpaqların sakitliklə geri qaytarılması kimi hal yoxdur. Ən azı Fələstin probleminə nəzər salmaq kifayət edər ki, bunun belə olduğuna əminlik yaransın. Bu məsələdə daha çox hərbi gücün tətbiqini istəyirik.

– Tərcümeyi-halınıza diqqət etdik və gördük ki, ixtisasca jurnalistsiniz. Niyə bu peşənin dalınca getmədiniz?

– Mən çox gənc yaşlarımdan siyasətə meylli olmuşam. O zamankı qəbul imtahanlarında bir qədər fərqli qaydalar vardı. Bəzən insan topladığı bala görə istəmədiyi ixtisasda oxumağa məcbur qalırdı. Buna görə də mənim jurnalistikada oxumağım şəxsi istəyim və həvəsimlə olmayıb. Sırf təsadüf nəticəsində həmin fakültədə oxumuşam. Buna baxmayaraq, peşəyə və siz jurnalistlərə böyük hörmətlə yanaşıram.

– Amma siyasətçi üçün yazmağı bacarmaq əlavə avantaj anlamına gələ bilər. Elə deyilmi?

– Təbii ki, razıyam. Bu gün də müxalifətdə olan siyasi liderlərin sırasında zamanında jurnalistika ilə məşğul olanlar var.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan …