Ana səhifə / Gündəm / Azər Həsrət: “Bir videom var, onu tapıb qoyullar ortaya”

Azər Həsrət: “Bir videom var, onu tapıb qoyullar ortaya”

 

Azərbaycan mediasının tanınmış siması, hazırda isə beynəlxalq arenada ölkəmizin haqq səsini dünyaya çatdıran Azər Həsrət son günlərin ən populyar simalarından biridir. O, artıq beynəlxalq tədbirlərdə ermənilərlə baş-başa gəlir və onları arqumentləri ilə susdurur. Bununla belə, mübahisəli personalardan biridir. Deputatlıq arzusu, keçmişdəki yazıları, Mətbuat Şurası sədri iddiaları… Bütün bunlarla bağlı danışmaq üçün onu redaksiyamıza dəvət etdik və bizi maraqlandıran bütün suallara cavab tapmağa çalışdıq. Həmkarım Elşad Paşasoyla birlikdə xeyli sual hazırladıq və həmkar səmimiyyəti ilə onu cavablandırmasını istədik.

Qonağımızı öncə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu salamladı.

– Azər Həsrətin səsi, fotoları son zamanlar müxtəlif qitələrdən, ölkələrdən gəlir. Xaçmazın Dədəli kəndindən başlayıb, Avropaya, Afrikaya, İndoneziyaya  qədər gedirsiz. Belə sürətli və çoxsaylı səfərlərin əsas səbəbi nədir və siz oralarda nə edirsiz?

– Dədəli mənim yurdumdur, ata evimdir. Yurda bağlı insanam. İki daş arasında belə, səhər tezdən gedib, axşam qayıtdığım olur.

R.Arifoğlu:

– Hətta sosial şəbəkədə bir statusunuza rast gəldim ki, həftə sonu məni Bakıda tədbirlərə çağırmayın, axtarmayın, Dədəlidə oluram…

– Özüm üçün adət etmişəm. Hər ay əzizlərimin qəbrini ziyarət edirəm kəndimizdə. Bəlkə də kəndimizdə yeganə adamam ki, 12 ayın 12-sində də məzarlığa gedirəm. İkincisi də, hər bazar günümü mən o kənddə keçirirəm. Camaata qaynayıb-qarışıram. Xeyirdə-şərdə…

R.Arifoğlu:

– Bunları bildik. Sizin ata ocağınızdır və bunu həyat tərzinə çevirmisiz. Bəs İndoneziyaya niyə geetmişdiniz?

– İndoneziyaya YUNESKOnun tədbirinə getmişdim. Tək bir azərbaycanlı mən idim. Hətta rəsmi nümayəndələrdən də gözümə heç kim dəymirdi. Bu tədbirlərdə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri olaraq iştirak edirəm. İndoneziyada da 3 may Ümumdünya Söz Azadlığı Günü tədbirində iştirak edirdim. Mənim bu təşkilatla uzunmüddətli işbirliyim var.

R.Arifoğlu:

– O tədbirlərin xərclərini özünüz çəkmirsiz?

– Xeyr. Adətən ya dəvət edən tərəf çəkir. Elə situasiya olur ki, bu, Azərbaycana lazımdırsa, vətəndaş cəmiyyəti  nümayəndəsi olaraq QHT Şurası bu səfəri maliyyələşdirir. Yəni mənim cibimdən getdiyim səfərlər də olur. Bu ilin yayında Tatarıstana xanımımla getmişdim. Xanımım  əməkdar biologiya müəllimidir. Onu “master klass” verməyə dəvət etmişdilər. Kazan Dövlət Universiteti dəvət etmişdi. Arzu edirdilər ki, mən də orda olum.

R.Arifoğlu:

– Bəs xanımınız necə, sizin hesabınıza belə səfərlərə gedirmi?

– Xanımım əsasən mənim hesabıma gedir (gülür). Amma siz nəzərdə tutduğunuz mənada mənim hesabıma getdiyi səfərlər olmayıb. Çünki o, ixtisasca pedaqoqdur, öz sahəsi ilə bağlı tədbirlərə gedir. Amma bəzi səfərlərdə mən onu müşayiət etmişəm. Onunla yol yoldaşlığı etməyi istərəm. Çünki biz bir-birimizi çox yaxşı anlayırıq. Eyni zamanda o da öz sahəsinin qabaqcıl mütəxəssislərindən biridir.

R.Arifoğlu:

– Özü demədi, amma mən qeyd edim ki, Azər Həsrətin son illər çoxsaylı beynəlxalq tədbirlərdə, özü də sıx intervalda iştirak etməsinin səbəbi budur ki, ingilis, rus və türk dillərində çox sərrast danışır. Bu da Azərbaycanın müəyyən çevrəsi üçün çox əhəmiyyətli bir məqamdır. Azər Həsrət həm də zəngin bioqrafiyası ilə seçilən şəxslərdən biridir, demokratik fikir və media, QHT təmsilçisidir… Bu ümumiləşdirmənin ardınca bir sual:  səfərlərin yekunu olaraq ekspert və bir qədər təftişçi bir şəxs kimi sizdə yaranan fikirlər necədir? Azərbaycan beynəlxalq arenada, sektorda necə təmsil olunur? Əvvəllər adətən bu cür beynəlxalq tədbirlərdə ermənilər, ruslar meydan sulayırdı. Bizimkilər isə yalnız həmin ölkələrdəki səfirliklərin  o qədər də yüksək siyasi intellekti olmayan təmsilçilərinin vasitəsilə zəif müdafiə olunurdu. İndi durum necədir?

– İntellekti bir qırağa qoyaq, səfirliklərin nümayəndələrinin ürəyi yox idi. Millətə bağlılıq məsələsində problem var idi. Məsələyə çox sadəlövh yanaşırdılar. Mən 20 ilə yaxındır ki, Azərbaycanın media və QHT sektorunu beynəlxalq səviyyədə təmsil edirəm. ATƏT, Avropa Şurası, NATO, Avropa Birliyi… səviyyəsində tədbirlərdən söhbət gedir. Dünyanın ən öndə gələn və sayılıb-seçilən təşkilatları, əlavə olaraq da jurnalist təşkilatlarının baş qərargahlarında olmuşam. Nə müşahidə edirəm? Əvvəlki illərdə meydanda tək görünürdüm. Sağa-sola baxanda görürdüm ki, Azərbaycan davası ediriksə, ya səsimə səs verən yoxdur, ya da çox naşı adamlardır. O naşı adamlar da diplomatik korpus nümayəndələri idilər. Naşılıqları da ondan ibarət idi ki, əllərində hazır çıxışla gəlir, o çıxışı edir və işlərini bununla bitmiş hesab edərək gedirdilər. Bununla Azərbaycan davası aparılmaz. Biz nə edirik? Son illər bu sahədə vəziyyət çox dəyişib. O tədbirlərdə Azərbaycan hökumət nümayəndələrini daim öz yanımda görürəm. O adamların da artıq hazır kağızdan çıxış etmədiyinin şahidi oluram.

S.Telmanqızı:

– Sizin Brüsseldəki çıxışınız əvvəlcədən hazırlanmış deyildi?

– Xeyr. Mən bu yaşa gəlib, heç bir dildə yazılı çıxış etməmişəm. İngilis, rus, türk dillərində… Özümü də buna alışdırmaq istəməmişəm. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Varşavada illik toplantısı olur. Mən davamlı orda iştirak edirəm. Orda artıq hazır çıxışla getmək mümkün deyil. Getdinsə, uduzdun.  50 nəfər adam çıxış edir iclasda. Mən çalışıram ki, 40-cı adamdan sonra siyahıya yazılım.

S.Telmanqızı:

– Azərbaycana qarşı danışanlara toplu cavab vermək üçün?

– Mütləq. Mən o tədbirə gedənə, sessiyaya çatana qədər nə danışacağımı bilmirəm. Sadəcə olaraq, orda diqqətlə dinləyirəm. Azərbaycana ənənəvi hücum edənlər var. Bütün bunları dinləyirəm, ehtiyac olsa, iki-üç sətir qeyd edirəm. Brüsseldə düşünürdüm ki, mənim çıxışıma ehtiyac olmaya bilər. Amma situasiya elə oldu ki, zala müraciət edildi çıxış üçün və mən öz sözümü dedim.

R.Arifoğlu:

– Ermənilərlə polemikanız olub?

– Olub. Brüsseldə də çıxışım Qarakənd faciəsi, vertolyotun vurulması ilə bağlı idi. O da təsadüfən həmin günün həmin saatına təsadüf etmişdi. 14.41-də vertolyot vurulub, mən də 14.39-da çıxış etdim.  Ermənilərlə polemikaya gəlincə, ermənilərin tanınan üzləri var. Onlar son illər məni görəndə özlərini yığışdırırlar. Çünki mənim çərçivəm yoxdur.

“O deputatı görəndə öz-özümə dedim ki, bu adamın yerinə niyə mənim kimisi olmasın?”

R.Arifoğlu:

– Özümüzünkülərlə polemikada da çox sərtsən. Bu tərzin səbəbi nədir?

– Səbəbi odur ki, mən inandığımın üzərinə sərt gedən biriyəm. Bilirəm ki, haqq yolunda ucadan, yüksək səslə danışıramsa, bu o deməkdir ki, mən ona ürəkdən inanıram. Şübhəm olsa, həmin mövzu haqda daha asta səslə danışaram.

R.Arifoğlu:

– Hərdən öz həmkarlarımıza qarşı da həddən artıq sərt danışdığınız olur…

– Olur. Həddən artıq… O da nədən qaynaqlanır? Reketlik məsələsində…

R.Arifoğlu:

– Amma onlar da sizin üzərinizə gəlirlər.

– Hə, gəlirlər. Bir videom var, onu tapıb ortaya qoyurlar. Mən də hər zaman deyirəm ki, Allahın bədbəxti, bu videonu mən tapıb yaymışam youtube-də. Sən məni nə ilə şantaj edirsən?

R.Arifoğlu:

– (Təəccüblə) O nəyin videosudur elə?

– Məşhur çıxış. Elmar Hüseynovun qətlindən sonra keçirilən toplantıda etdiyim kəskin siyasi çıxışdan gedir söhbət.

E.Paşasoy:

– O zaman ona inanırdız, o cür danışırdız. İndi də situasiyaya uyğun, başqa cür danışırsız?

– Yox, inanmaq məsələsi deyil. Allah göstərməsin, hesab edin ki, axşam bir həmkarınızı öldürüblər. Doğrudur, mənim Elmarla elə də isti münasibətim yox idi. İdeoloji olaraq bir-birimizə yad olmuşuq… Gecə onu öldürüblər və biz də səhər Beynəlxalq Mətbuat Mərkəzində bir araya gəlib, tədbir keçiririk. Bu emosiya mütləq aşıb-daşmalı idi.

R.Arifoğlu:

– O videonu niyə youtube-dən yığışdırmırsız ki?

– Niyə yığışdırım ki?

S.Telmanqızı:

– Baxanda hansısa peşmançılıq, kompleks keçirmirsiz?

– Qətiyyən. Hətta o videonu AzTV-də “əməkdar jurnalist” adı alanda etdiyim çıxışı da ona calaq ediblər.

R.Arifoğlu:

– (Gülə-gülə) Mənimçün də elə video hazırlamışdılar.

E.Paşasoy:

– Sizi zaman-zaman incitmək istəyənlər “Azər deputatlığa Həsrət” deyə çəkirlər adınızı… Bu, sizə toxunmur?

– Onu Elnur Astanbəyli yazmışdı.  Mənimçün problem deyil.

E.Paşasoy:

– Gerçəkdən deputatlığa həsrət… kimi bir durum var?

“Mən həyatda kredo olaraq özümü deputat görürəm. Nazir yox, icra başçısı yox, məhz deputat kürsüsündə. Bir zamanlar özümü Mətbuat Şurası  sədri kürsüsündə görürdüm, indi görmürəm”

S.Telmanqızı:

– Onsuz da bu, sirr deyil ki. Siz hər zaman etiraf edirsiz ki, ən böyük arzunuz deputat olmaqdır.

– Təbii. Bunu manşetdən də yazın. Mən özümü orda görürəm. Tanıyanlar mənim o qabiliyyətimi, bacarığımı, sağımı-solumu  yaxşı bilirlər. Mən həyatda kredo olaraq özümü deputat görürəm. Nazir yox, icra başçısı yox, məhz deputat kürsüsündə. Bir zamanlar özümü Mətbuat Şurası  sədri kürsüsündə görürdüm, indi görmürəm.

S.Telmanqızı:

– Niyə? Bu kürsü niyə sizinçün maraqsızlaşdı?

R.Arifoğlu:

– Amma iddialar var ki, özünüzü bu kürsüdə görürsünüz, Amaşovun yerinə göz dikmisiz…

-Yoox. Amaşov bilirsiz necə adamdır? Bizim keçmişdə onunla qarşıdurmamız olub. Mən sərt demişəm, o, hər zaman yumşaq deyib…

R.Arifoğlu:

– (Zarafatla replika verir) Ona görə də o, Mətbuat Şurasının sədridir.

– Amaşovla bizim aramızda çözülməyəcək problem yoxdur.

R.Arifoğlu:

– Amaşov bu vəzifədən getsə, sizin də namizədliyinizi Mətbuat Şurasına versələr, o vəzifəyə gedərsinizmi?

– Düşünmürəm. Çünki çox balaca yerdir ora. (Bizim təəccübümüzü görüb izahat verir – S.T.) Bu, mənim təkəbbürümdən irəli gəlmir ha. Mən QHT sədriyəm. Uzun illər öncə Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqını qurmuşam. İndi pis-yaxşı, bu günə kimi ayaqdadır. İndi könüllü idarəetməni Müşfiq Ələsgərliyə vermişəm. Azərbaycan Jurnalistlər Konfederasiyasının qurucularından biri olmuşam.  Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi «Soros» Fondunun pulu ilə qurulub. Dünyanı da o təşkilatın adı ilə dolaşıram.

E.Paşasoy:

– Soros gedib, sizsə burdasız.

– Bəli, mən burdayam. İddialarım vardı və onlara uyğun da hərəkət edirəm. Azəbaycan Mətbuat Şurasının qurucularından biriyəm. İctimai Televiziya və Radio Yayımı quruculuğunda bu və ya digər şəkildə iştirakçıyam.

S.Telmanqızı:

– Eyni zamanda Yayım Şurasının üzvüsüz.

– Bəli, indi üzvü olmuşam.

S.Telmanqızı:

– Yayım Şurasının üzvü Mətbuat Şurasının sədri ola bilərmi?

-Yox, elə bir qadağa yoxdur. Mətbuat Şurası QHT-dir. Mən, məsələn, Yayım Şurasının üzvü olaraq deputat ola bilmərəm, bizneslə məşğul olmaq hüququm yoxdur. Yəni mən proseslərin önündə olmuşam hər zaman.

S.Telmanqızı:

– Bayaqdan özünüzlə bağlı sadaladığınız statuslara, gördüyünüz işlərə diqqətlə qulaq asıram. Ölkəni beynəlxalq aləmdə təmsil edirsiniz, ölkə daxilində hakimiyyəti müdafiə edirsiz, “mən hər zaman İlham Əliyevin arxasındayam” sözünü də sizin dilinizdən eşitmişəm. Əminəm ki, bu sual sıravi oxucunun da ağlına gəlir: hökumətə bu qədər xidmət göstərmiş Azər Həsrətə deputatlığı niyə qıymırlar?

– Bu günlərdə deputatlardan birini bir verilişə dəvət etmişdilər. Təmsil etdiyi rayonun sosial-iqtisadi inkişafından danışmalı idi. Onunla bərabər də bir icra hakimiyyəti nümayəndəsi də efirdəydi. Jurnalist onların hər ikisinə sual verirdi. Siz təsəvvür edin ki, deputat orda tər tökürdü. Televiziyada çıxış edirdi, amma qabağındakı kağızdan oxuyurdu. Mən o zaman dəhşətə gəldim. Öz-özümə dedim ki, bu adamın yerinə mənim kimisi və ya Rauf Arifoğlu kimisi niyə olmasın?

S.Telmanqızı:

– “Niyə”lərin cavabını özünüz üçün tapmısız?

– Mənim üçün bu cavablar aydındır. Çünki mənim keçmişim müxalifətçidir. Düzdür, partiya mənsubiyyətim olmayıb…

R.Arifoğlu:

– Amma Əli Kərimlini dəstəkləmisiz…

– Əli Kərimlini ölümünə dəstəkləyən biri olmuşam. 2003-cü ildə bəyanat verib, İsa Qəmbəri dəstəkləmişəm. 16 oktyabrda meydanda ölümünə döyülənlərdən biri də mən olmuşam. Bunun da videosunu çəkib, evdə saxlayıram. Belim, bədənim zolaq-zolaq idi.

R.Arifoğlu:

– Səni kim döyüb, yadındadırmı?

– Paa… 10-a qədər polis nəfəri. Professor Adil Qeybullanın gözünün qabağında olub, ondan soruşa bilərsiz. Azadlıq Meydanının arxa tərəfi ilə gedirdim. Mitinq bitmişdi. Özü də qaçmırdım, asta-asta gedirdim. 10 polis dəyənəkləri ilə birdən qabağıma çıxdı…

S.Telmanqızı

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …