Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmaz – Aqil Abbas

Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmaz – Aqil Abbas

Oxu.Az-ın müxbirinin suallarını yazıçı, millət vəkili Aqil Abbas cavablandırır:

– Üzvü olduğunuz parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iki gün öncə keçirilən iclasında “Məni Şuşaya Azərbaycan dövlət aparacaq” fikrini səsləndirmisiniz və bunu bir deputat həmkarınız öz “Facebook” səhifəsində paylaşıb.

Bu paylaşımdan sonra sizin fikirlərinizi alqışlayanlar, eyni zamanda, bir qədər istehza, ironiya, rişxəndlə yanaşanlar, gülüşlə qarşılayanlar da olub. Bəzi insanlardakı bu istehza, bu inamsızlıq nədəndir, sizcə?

– Əvvəla, bunun nədən və kimdən qaynaqlandığını bilmirəm. İkinci, söhbət məndən getmir, bizdən gedir, yəni bizi Azərbaycan dövləti Şuşaya aparacaq. Yaxşı, mən onda sual verirəm: bizi hansı ölkə aparacaq Şuşaya?

Qoy o sualıma cavab versinlər. Müharibəni də Azərbaycan dövləti aparacaq, Qarabağı da Azərbaycan dövləti işğaldan azad edəcək. Qonşu azad etməyəcək ki?!

– Niyə insanların bir qismi Qarabağın azad ediləcəyinə bir qədər şübhə ilə yanaşır, insanlarda, belə demək mümkünsə, ümidsizlik yaratmağa çalışır?

– Bilirsiniz, belələri varsa, görünür, sadəcə, kimisə söyməyə adam axtarırlar. Əslində, inamsız adam görməmişəm. Gördüyüm insanlar, deputat seçildiyim dairənin, bölgənin insanları içərisində beləsinə rast gəlməmişəm. Qarşıma çıxmayıb. Kiminsə qarşısına çıxıbsa, onun öz günahıdır. Hər kəs də öz ürəyi istədiyi yerləri görür.

Mən inanıram və qəti əminəm ki, Şuşanı da, digər yurd yerlərimizi də dövlətimiz azad edəcək. Yaşım 65-i keçib, lakin lazım olsa, mən də Şuşaya döyüşə gedəcəyəm. Burada qəribə nə var?! Düzünü deyim ki, “lazım gəlsə” sözünü heç xoşlamıram, amma savaş başlasa, mən 1990-cı ildən atəşkəsə qədər səngərdə olmuşam, yenə də səngərdə olacağam.

Bu, heç, amma kim inanmırsa, bu, onun öz işidir. İnsanlar var ki, Allaha, peyğəmbərlərə, imam Hüseynə inanmırlar. İnanmırlarsa, deməli, onların öz işdir, onları məcbur edəsi deyiləm ki?! Allaha inanmayan Şuşaya gedəcəyinə də inanmaz.

– Münaqişənin sonunu necə görürsünüz, hərb, yoxsa sülh yolu ilə işğal faktı aradan qaldırılacaq?

– Sülhlə nəyinsə həll olunacağına inanmıram və əsl sülh o zaman olacaq ki, müharibəni udacağıq. Erməni silahlı qüvvələri üzərində qələbə çalacağıq və bunu etməyə də tam gücümüz, qüdrətimiz var.

Azərbaycan dövlətinin, ölkə başçısının iradəsi ortadadır. Eyni zamanda, mən erməni xalqını, erməni icmasını demirəm, əgər onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşacaqlarsa, dinc, yanaşı yaşamağı seçəcəklərsə, o zaman burada yaşaya bilərlər.

Azərbaycanda yaşayan digər xalqlar kimi, onların da burada yaşamağa haqları var. Onların da seçmək-seçilmək kimi haqları mövcuddur. Mən demirəm ki, erməniləri oradan qovub çıxaraq. Deyirəm ki, Azərbaycan Konstitusiyasına əməl edəcəklərsə, bu ölkədə nələr varsa, onlardan da istifadə etmək hüquqlarına malikdirlər.

Vətəndaşlığı qəbul edəcəklərsə, buyursunlar, otursunlar, yaşasınlar, əvvəllər necə yaşamışdılarsa, indi elə yaşasınlar.

30 ildir ki, ATƏT-in Minsk qrupu yaranıb, 1994-ci ildən bu yana atəşkəsdir. Ancaq ortada heç nə yoxdur. Sülh-sülh deməklə, yəni halva-halva deməklə heç nə olmur. O savaş olacaq və 2016-cı ilin aprelində göstərdiyimiz igidliyi onda da göstərəcəyik.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …