Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / Azərbaycanda silinmiş məlumatları bərpa edən ilk şirkət – Video

Azərbaycanda silinmiş məlumatları bərpa edən ilk şirkət – Video

PİTS İnformasiya Texnologiyaları Şirkətinin direktoru Zeydulla Xudaverdiyevin “Qafqazinfo”ya müsahibəsi:

– PİTS şirkəti haqqında məlumat verə bilərsinizmi, sizi informasiya texnologiyaları bazarında digərlərindən fərqləndirən xüsusiyyət nədir?

– Şirkətimiz 2011-ci ildən fəaliyyətdədir. Biz Azərbaycanda informasiya texnologiyaları sahəsində xidmət göstəririk. 2014-cü ildən isə məlumatların bərpası sahəsində fəaliyyətə başladıq. Əslində bu, təsadüf nəticəsində oldu. Belə ki, müştərilərimizin birinin dəyərli məlumatları itdi və biz hər vasitədən istifadə edərək məlumatları geri qaytarmağa çalışdıq və buna nail olduq. Bundan sonra qərara aldıq ki, ölkədə bu sahəni inkişaf etdirək.

Azərbaycanda peşəkar səviyyədə 2014-cü ildən məlumatların bərpasını həyata keçiririk. Bunun üçün əlbəttə ki, böyük məbləğdə investisiyalar ayırdıq və Azərbaycanda beynəlxalq standartlara uyğun məlumat bərpası laboratoriyası qurduq.

– Azərbaycan bazarında İT xidməti göstərən ayrı-ayrı şəxslər var. Bəzən bunlar şirkət şəklində fəaliyyət göstərir. Amma siz daha böyük şirkətsiniz. Komandanızı necə formalaşdırdınız? 

– Məlumatların bərpası şirkətimizi fərqləndirən əsas xüsusiyyətlərədn biridir. Biz bu sahəni ona görə seçdik ki, bu məsələdə boşluq var idi və heç kim peşəkar səviyyədə müştərilərə xidmət göstərmirdi. Bunun üçün də bizə savadlı kadrlar lazım idi. Şirkətimizdə bu işi həyata keçirənlər illərin təcrübəsini qazanmış texniki mütəxəssislərdir. Onları xarici ölkələrə treninqə göndərdik və bu sahəni treninqlərdən sonra daha çox mənimsədilər.

Qeyd edim ki, İT mühəndisləri birbaşa bu xidmətləri həyata keçirə bilməzlər. Bu, tamam başqa sahədir. Belə ki, istifadə olunan avadanlıqlar və kimyəvi maddələr tamam fərqlidir. Bəzən zədələnmiş disklərdə elə problemlər yaranır ki, peşəkar olmayan cəhdlər nəticəsində məlumatlar tam itir. Biz əmin olmalıyıq ki, mütəxəssislərimiz tam peşəkardırlar.

– Bazarda rəqibiniz yoxdur və bildiyim qədərilə sizdə məlumatların bərpası xidməti bahalıdır…

– Qiymət məsələsi incə məsələlərdəndir. Əlbəttə, çalışırıq ki, qiymətlərimiz minimum olsun. Bunun üçün lazımi işlər həyata keçiririk. Ancaq məlumatların   bərpası prosesi özü qəliz bir proses olduğu üçün çox resurs istifadə edirik. Həm vaxt, həm ehtiyat hissələri, həm də mühəndisləri inkişaf etdirmək üçün çox xərcimiz çıxır. Bu səbəblərdən də xidmətlərin dəyəri aşağı deyil.

Düzdür, bizim Azərbaycanda rəqibimiz yoxdur. Ancaq bundan istifadə edərək müştərilərə yüksək qiymətlər demirik. Bazarda ortaq məxrəci tutmağa çalışırıq.  Qiymətlər nə çox baha olmalıdır, nə də keyfiyyəti aşağı salmalıyıq. Biz qiymətləri aşağı salmaq üçün məcburuq ki, keyfiyyəti də aşağı salaq. Qiyməti aşağı salsaq, o zaman müştərilərimizin məlumatları yarımçıq və tam bərpa olunmayacaq. Bu da onları qane etmir.

– Bir diskin bərpası üçün nə qədər xərc lazımdır? 

– Qiymətlərimiz sabit deyil. İnformasiya texnologiyaları sahəsində müxtəlif qurğular var. Bunların hər biri fərqli arxitekturaya malikdir. Hər birində yaranmış  problemlər fərqli resurslar və zaman tələb edir. Bu səbəbdən biz məlumat bərpası üçün qiymətləri stabilləşdirə bilmirik. Ancaq böyük bazarlarda qiymətləri stabilləşdirə bilirlər. Bunun da əsas səbəbi odur ki, müştərilər çoxdur.

– Siz həm də media şirkətlərinə İT sahəsində texniki dəstək göstərirsiniz. Ümumiyyətlə, ölkədə bu sahədə olan vəziyyəti necə dəyərləndirirsiniz? Biz saytlara hücum olanda bu sahədəki zəifliyi hiss edirik. Amma xaricdə böyük medialar var ki, hücum olarsa belə, onu oxucu hiss etmir, yəni sayt dayanmır…

– Biz müxtəlif media şirkətlərinə texniki dəstək göstəririk. Onların veb-saytlarının idarə olunmasına və qorunmasına görə məsuliyyət daşıyırıq. Azərbaycanda bu sahədə olan vəziyyət bizi qane etmir. Müəyyən saytlar onlayn statusunu itirir.  Bunun səbəbi əsasən haker hücumlarıdır. Başlıca səbəb isə veb-serverlərin lazımi səviyyədə qurulmamasıdır. Həm də bu sahədə mütəxəssislər azdır. Veb- serverləri elə serverlərdə yerləşdirilir ki, onların internet trafiki limitlidir. Biz də bu səbəbdən serverlərimizi xarici klaud serverlərdə yerləşdiririk. Onlar çox böyük resurslara malikdir və kibertəhlükəsizlik məsələsi də yüksək dərəcədə qorunur. Başlıca məsələlərdən biri də internet resurslarını idarə edən şəxslərdir. Şirkətlərdə işləyən əməkdaşlar peşəkarlığa malik olmalıdırlar. Belə olmasa veb-serverlərə hücumlar da olacaq və xidmətlər dayandırılacaq. Bu da media şirkətlərinin və başqalarının nüfuzuna ciddi təsir edəcək.

– Hakerlər hər yeni alqoritmə qarşı yeni texnologiyalar icad edirlər. Bu baxımdan İT mütəxəssislərinin işi çox çətindir. Necə mübarizə aparırsınız? 

– Haker hücumları zaman keçdikcə qəlizləşir. Belə ki, yeni hücum metodikaları hakerlər tərəfindən işlənib hazırlanır. Biz də bunlara ciddi nəzarət edirik. Müəyyən texniki nəzarət sistemləri quraşdırırıq. Əsas məsələ məlumatın təhlükəsizliyidir. Biz hər zaman məlumatları yüksək dərəcədə qoruyuruq. Hər hansı bir təşkilatın məlumatlarının ehtiyat nüsxələrini saxlayırıq. Bir serverə hücum olduğu zaman o serverdən xidməti ayırıb digər servirə keçiririk. Eyni zamanda, hücumun metodikasını başa düşməyə çalışırıq. Lazımi kod qaydaları tətbiq edirik və hücumların qarşısını alırıq. Bu, o demək deyil ki, bir həftədən sonra hakerlər hücum edə bilməyəcəklər. Onlar hər zaman yollar axtarırlar. Bizdə 24 saat dəstək xidmətləri var. Serverlərə nəzarət edirik, hücum olduğu halda dərhal hücumların qarşısını alırıq. Bizim üçün müqəddəs məsələ müştəri məlumatlarının itməməsidir.

– Bizdə serverlərin çoxu xarici ölkələrdə yerləşdirilir. Serverin ölkə daxilində yerləşdirilməsinə nə mane olur və bu təhlükəsizlik baxımından nə dərəcədə güvənlidir? 

– Veb-serverlərin Azərbaycanda yerləşdirilməsi çox önəmlidir. Bu resursları istifadə edənlər Azərbaycan vətəndaşlarıdır. Bu, həm sürətə təsir göstərəcək, eyni zamanda serverlərin idarəetməsini daha yaxından edə biləcəyik. Ancaq xaricdə yerləşdirilməyin əsas səbəbi odur ki, onlar 24 saat dəstək göstərirlər. Azərbaycanda 24 saat dəstəyi olan klaud provayder olsa da effektiv dəstək verilmir. Bizdə problem olanda xarici klaud provayderlərə nəzarət edirik, onlar bizlə dərhal əlaqəyə keçirlər. Məsələni bir yerdə həll edirik. Ona  görə də biz məcburuq ki, ciddi şirkətlərin serverlərini xaricdə yerləşdirək. Bundan əlavə, yüksək resurslu serverlərin verilməsinin Azərbaycanda qiyməti bahadır. Bu, həm bizim üçün, həm də müştərilərimiz üçün vacib amildir. Çünki hər iki tərəfin xərcləri azalır. Həm də xaricdə yerləşdiriləndə bir serverin bir neçə nüsxəsini rahatlıqla idarə edə bilirik.

– Azərbaycanda bu xidmətin xərcləri nə qədərdir? 

– Qiymətlər müştərilər üçün açıq deyil. Biz veb-saytlara giririk və qiymətləri görmürük. Bunun üçün satış şöbələrinə müraciət etməliyik. Onlar bizə qiymət göndərməlidirlər. Bu sahədə şəffaflıq yoxdur. Qiymət sorğusu etdiyimiz zaman  bizdən səbəblər soruşurlar. Bu veb-servermi, video ilə bağlı və s. servislərmi olacaq deyə sual edirlər. Layihələrə əsasən bizə qiymət deyirlər. Çünki standart qiymətləri yoxdur. Ancaq xaricdə qiymətlər veb-saytlarda açıq görünür. Proses 5-10 dəqiqə çəkir. Azərbaycanda isə hər hansı serveri aktivləşdirmək üçün biz buna xeyli zaman sərf etməliyik.

– 7 ildir ki, bu bazardasınız. Şirkətinizin maddi durumu necədir? 

– Şirkətin maddi vəziyyəti çox yüksək deyil. Bizim Türkiyədə, Gürcüstanda da ofislərimiz var. Azərbaycanda bunun yüksək olmamasının səbəbi biznes sahiblərinin informasiya texnologiyalarına dəyər verməməsi ilə bağlıdır. Biz yüksək keyfiyyətli xidmət göstəririk. Bu səbəbdən də xidmətlərimiz digər İT mütəxəssislərinə görə yüksəkdir. Biz hər gün bir neçə şirkətin məlumat itkisi ilə üzləşib bizə müraciət etdiyini görürük. Başa düşürük ki, “back up” sistemlərinin olmaması şirkətin fəaliyyətinin dayanmasına gətirib çıxarır. Elə zaman olur ki, şirkət tam dayanır. Son dövrlər Azərbaycanda və digər ölkələrdə haker hücumları nəticəsində şirkətlərin bütün məlumatları şifrələnir. Qarşlığında isə hakerlər tərəfindən müəyyən ödənişlər tələb olunur. Ödəniş yüksək olduğu üçün şirkət rəhbərləri həmin məlumatları bərpa etdirə bilmirlər.

– Fərdi kompüter istifadəçiləri bəzən düşünür ki, onun məlumatları hakerlərə niyə lazım olsun?! Ancaq araşdırmalarla müəyyən edilib ki, internetdə qorunmadan istifadə edilən və açılan bir sistemin hakerlər tərəfindən hücuma məruz qalması 17 dəqiqə vaxt alır. Həm də nəzərə alınmalıdır ki, lisenziyalı sistem istifadə edilməməsi kompüterlərin bu səbəbdən yenilənməməsi gecənin qaranlığında işıqsız maşın idarə etməyə bənzəyir… 

– Mən məlumatların qorunması sahəsində təcrübəli namizədlərdən biriyəm. Hakerlərin fərdi kompütər istifadəçilərinə hücum etməsi rahatlıqla baş verə bilər. Fərdi istifadəçilərə hər hansı ümumi yerlərdə məsələn, aeroportlarda, kofe- şoplarda, restoranlarda olarkən VPN-dən istifadə etmələrini təklif edirəm. Əks halda, ümumi şəbəkələrdən istifadə edəndə rahatlıqla məlumatlar götürülə bilər.

– Bizdə də çox təəssüf ki, lisensiyasız proqramlar istifadə edilir. Buna səbəb də qiymətlərin bahalığıdır…

– Bəli, bu, xərclərlə bağlıdır. İstifadəçilər Microsoft proqramlarının lisenziyasını almırlar. Torrent xidmətlərindən istifadə edərək həmin xidmətləri quraşdırırlar. Əslində istifadəçilər bilmirlər ki, torrentlərə yerləşdirilmiş olan əməliyyat sistemləri hakerlər tərəfindən dəyişdirilir. Bu istifadəçi üçün heç bir problem yaratmasa da, onun kompüteri digər məqsədlər üçün istifadə olunur. Windows əməliyyat sisteminin lisenziyasız istifadə olunması, “update”lərin söndürülməsi  böyük risklər yaradır. Yenilənmə Microsoft tərəfindən ona görə tətbiq edilir ki, müəyyən boşluqları aradan qaldırsınlar. Çünki hakerlər boşluqlardan istifadə edərək həm fərdi istifadəçilərin, həm də korporativ istifadəçilərin məlumatlarına hücum edə bilirlər.

– Lisenziyalı proqram təminatı üçün qiymətləriniz necədir?

– Yeni proqram təminatı xidmətinin yazılması 25 manatdır. Amma lisenziyaların qiymətlərini Microsoft şirkətinin distrubütoru bizə verir. Biz həmin xərcləri müştəriyə ödətdiririk. Microsoft Windows-un qiyməti 200 dollar civarındadır. İstifadəçilər 1000-2000 manat ödəniş edib noutbuklar, kompüter dəstləri alırlar. Onu sadəcə elektron cihaz kimi alırsınız, ancaq əməliyyat sistemi sizin məlumatlarınızı qoruyur və nəzarət edir. Sizin məlumatlarınız dəyərlidir. Bunların qorunması üçün məsləhət görürəm ki, lisenziyalı proqram təminatından istifadə edəsiniz. Ümumi götürəndə isə, xərciniz 400-500 dollar arasında dəyişəcək.

– Azərbaycanda kiber təhlükəsizlik sahəsindəki vəziyyəti qənaətbəxş hesab etmək olarmı?

– Bu sahədəki vəziyyət bizi qane etmir. PİTS şirkətinin rəhbəri olaraq hər gün bir neçə şirkətin bizə müraciət etdiyini görürük. Bu sahədə çox boşluqlar var.  Hakerlər rahatlıqla sistemi silə bilirlər, məlumatları şifrələyirlər və onlardan pul  tələb edirlər. Bu, birbaşa kibertəhlükəsizliyin çox aşağı olmasını göstərir. Bir neçə şirkətləri tanıyıram ki, bu səbəbdən bütün məlumatlarını itiriblər və fəaliyyətlərinə yenidən başlayıblar. Biz bu sahədə şirkətlərin infrastrukturunu audit edib boşluqları da tapırıq. Amma bu xidmətləri şirkətlərə təklif edəndə heç bir şirkət buna müsbət reaksiya vermir. Ancaq haker hücum edəndən sonra bizə müraciət edirlər ki, məlumatlarımızı qaytarın. Bu da hər zaman mümkün olmaya bilər. Şirkət rəhbərlərinə və fərdi kompüter, internet resurslarının istifadəçilərinə müraciətim odur ki, məlumatlarını yüksək dərəcədə qorusunlar. Bu dəqiqə çox hücumlar var və ciddi şirkətlərə ziyan vururlar.

– Ad çəkmək etik olmasa da, hər hansı şirkətə bu sahədə dəyən ziyanın məbləğini deyə bilərsinizmi?

– Təcrübəmizə əsasən böyük zavodların, sığorta şirkətlərinin bütün məlumatları itmişdi. Nə biz, nə də digər təşkilatlar onlara heç bir köməklik göstərə bilməyib. Bunun da başlıca səbəbi hakerlərin kompüterə girərək məlumatları birdəfəlik silməsidir. Bunu nə biz, nə də dünya ölkələrində fəaliyyət göstərən şirkətlər bərpa edə bilmirlər. Çünki hakerlər yüksək bitli şifrələmə tətbiq edirlər. Biz onun deşifrə olunmasını hər zaman edə bilmirik. Həmin şirkətlər 20 milyon dəyərində məlumatlarını itiriblər. Bu, böyük bir məbləğdir. Düşünün ki, bütün zavodlar, sığorta təşkilatları müştəri bazasını itirib.

– Demək ki, hakerlər həmişə bir addım sizdən öndədir…

– Bəli. Biz bunu qəbul edirik. Çünki hakerlər fərqli düşünürlər. Onlar qapıdan yox, pəncərədən daxil olurlar. Biz həmişə çalışırıq ki, müştərilərimizin internet resurslarını qoruyaq. Ona görə də hər zaman məlumatların ehtiyat nüsxələrini çıxarırıq. Hakerlər hücum etsələr belə məlumatları itirmirik.

– Bu, yorucu və stressli işdir. Yorğunluğunuzu necə çıxarırsınız? Dincəlməyə vaxtınız olurmu?

– Hərdən olur ki, bəzi şirkətlər bizə əvvəlcədən xəbərdarlıq edirlər ki, saytlarına hücumlar ola bilər. Biz bununla bağlı gücləndirilmiş iş rejiminə keçirik. İki  gün durmadan hakerlərlə mübarizə apardığımız günlər olub. Əlbəttə ki, bu, bizi yorur. Mühəndislərimiz 8 saatdan çox işləmir. Biz məcbur olaraq 8 saatdan bir mühəndisləri dəyişirik. Yorğunluğumuzu çıxara bilmədiyinizdən dolayı məcburuq ki, şənbə və bazar günləri dincələk. Bizim üçün işçilərin dincəlməyi önəmlidir.

– Xarici səfərlərdə də tez tez olursunuz…

– Bunun əsas səbəblərindən biri digər ölkələrdə ofislərimizin olmasıdır. Hazırda biz şirkətimizin 4-cü ofisini Almaniyada açmağa çalışırıq. Heç bir zaman geridə qalmaq istəmirik. Bütün konfranslarda, treninqlərdə iştirak edirik. Yenilikləri öyrənirik və ölkəyə gətiririk.

– İctimaiyyət və maraqlı tərəflər üçün son illər aktual olan məsələlərdən biri də sosial şəbəkələrə nəzarət etməyin mümkün olub-olmamasıdır. Sizcə, bunu etmək mümkündürmü? 

– Dünyada və Azərbaycanda sosial şəbəkələrdən geniş istifadə olunur. Bundan istifadənin səbəbləri fərqlidir. Əlbəttə ki, texniki tərəfdən nəzarət etmək mümkündür. Feysbuk şəbəkəsi özü hər bir istifadəçisini görür və məlumatlarını izləyir. Dövlətin də ola bilər ki bu sahədə müəyyən tətbiqləri olsun. Yəni, dövlət istəsə nəzarət etmək mümkündür. Çünki bütün internet trafiki Azərbaycandan keçir. Biz şirkətimizin daxilində bütün istifadə edilən trafiklərə nəzarət edirik. Hər bir dövlət də onun daxilindən keçən trafikə nəzarət edə bilər.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …