Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Müsahibə / Əli Hüseynli:“8 mindən çox məhkum humanistləşdirmə sərəncamının təsir dairəsinə düşüb”

Əli Hüseynli:“8 mindən çox məhkum humanistləşdirmə sərəncamının təsir dairəsinə düşüb”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

 – Bildiyimiz kimi, 2017-ci il fevralın 10-da ölkə başçısı İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşməsi ilə bağlı sərəncam imzalanmışdı. Bu sərəncamın hazırki vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

– Həqiqətən də 1 il yarımdan çox müddət keçməyinə baxmayaraq, bu sərəncam indiyə qədər əhəmiyyətini qoruyub saxlayır. Həmin sərəncamın bir hissəsi ilə bağlı həm də qanunvericilik tədbirləri görülüb. Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəlləsinə müvafiq dəyişikliklər edilib.  Faktiki olaraq cəza siyasətinin humanistləşdirilməsinin qanunvericilik bazası yaranıb.  Bir sıra maddələr Cinayət Məcəlləsindən çıxarılıb və sıra maddələrin cəza sanksiyaları isə yüngülləşdirilib və həbs cəzasına alternativ cəzalar da müəyyənləşdirilib. Bu mərhələdə qanunun tətbiqi ilə bağlı əldə olunmuş nailiyyətlərdən danışmaq olar.

Müqayisə üçün deyə bilərəm ki, 2017-ci ilin yarım ili ilə müqayisədə 2018-ci ilin yarım ilində azadlıqdan məhrum etmə növündə cəzaların təyinatı 15 faiz azalıb.  Eyni zamanda çox müsbət haldır ki, 1 il əvvəlki dövrlə müqayisədə həbs növündə qətimkan tədbirinin seçilməsi halları 25 faiz azalıb. Bu, çox ciddi bir rəqəmdir. Əvvəllər həbs qətimkan tədbirinin seçilməsi çox hallarda baş verirdi və bu, hüquq ictimaiyyətini də narahat edirdi. Qanunvericiliyin humanistləşdirilməsindən sonra azadlıqdan məhrum etməyə alternativ olaraq, ictimai işlər cəzası növünün tətbiq olunmasına başlanılıb. Təxminən 18 faizə qədər bu cəza növünün tətbiqi artıb.

Ümumi göstəricilərə gəldikdə isə bilərəm ki, 2018-ci ilin yarım ili ərzində müxtəlif formalarda 8 mindən çox şəxs humanistləşdirmə sərəncamının təsir dairəsinə düşüb. Həmçinin qeyd etməliyəm ki, 2300-dən çox məhkumun cəzası azaldılıb.

Çox təqdirə layiq haldır ki, məhkəmələr tərəfindən azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiqi tendensiyaları artmaqdadır.

Eyni zamanda cənab prezidentin sərəncamına uyğun olaraq, Probasiya xidməti də yaradılıb. Bundan əlavə, həmin sərəncamda məhkum olunmuş şəxslərin əməyə cəlb olunması ilə bağlı müddəalar da yer alıb.  Əldə etdiyimiz məlumatlara görə, hazırda cəzasının çəkdiyi müəssisədə  işlə təmin olunan məhkumların sayı artmaqdadır. Bütün bunlar həmin sərəncamın zamanında verildiyindən xəbər verir.

 – Əli müəllim, Milli Məclisin oktyabrın 12-də keçirilən iclasında deputat həmkarınız Elman Məmmədov məhkum olunmuş şəxslərin azadlığa çıxdıqdan sonra iş tapa bilməsi barədə fikirlər səsləndirdi. Sizin bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik. 

– Həqiqətən də bu, həmkarım Elman Məmmədov tərəfindən qaldırılmış haqlı məsələdir. Müxtəlif hadisələrə, səbəblərə və sosial, psixoloji duruma görə cinayət törətmiş insanlar var. Məhkum olunmuş şəxslərin arasında cinayətkar aləmə meyli olmayan, cinayətkar aləmin psixologiyasının daşıyıcısı olmayan şəxslər var. Onların cəmiyyətə inteqrasiyasından və tam hüquqlu üzv olmasından ötrü müəyyən səylər göstərməliyik.  Məhkum olunduqdan sonra azadlığa çıxan, cinayətkar aləmə meyli olmayan, cinayətkar aləmin psixologiyasının daşıyıcısı olmayan şəxslərin əməyə cəlb edilməsi, işlə təmin olunması çox faydalı olar. Həmin şəxslər cəmiyyət üçün təhlükə yaratmaz. Heç kimə sirr deyil ki, bəzi cinayətlər maddiyat üzərindən də törədilir. Hesab edirəm ki, belə bir səbəbin biri də aradan qalxmış olar. Cənab prezident müvafiq sərəncamındakı məhkumların cəza çəkdiyi dövrdə işlə təmin olunması çox mühüm əhəmiyyət kəsb edir. Məhkum həm də iş vərdişini itirmir. Əmək islah olunmağın vacib elementlərindən biridir. Məhkumluq dövründə faydalı əməklə məşğul olan şəxs artıq müəyyən vərdişlər əldə edir. Həm də bunun müqabilində müəyyən gəlir qazana bilir. Bundan sonra isə məhkum azadlığa çıxdığı zaman  onun cəmiyyətə inteqrasiyası daha asan olur.

Hesab edirəm ki, mətbuat işçiləri öz yazılarında məhkumların cəmiyyətə inteqrasiya prosesi ilə bağlı daha çox pozitiv məlumatlar verməlidirlər. Bəzi hallarda cinayət törətmiş şəxslər, kriminal obrazlar mətbuatda təbliğ olunur. Ancaq bunun əvəzinə, məncə  cinayət törədib peşman olan ,faydalı bir insana çevrilən obrazları təbliğ etmək lazımdır.

 -Dəfələrlə parlamentin iclaslarında belə bir məsələ qaldırılıb ki, Azərbaycanda vəkillərin sayı digər ölkələrlə müqayisədə çox azdır. 

– Hakimlərin sayı ilə bağlı hələ bir neçə il bundan əvvəl Məhkəmə Hüquq Şurası tərəfindən çox ciddi tədbirlər görülüb.  Hesab edirəm ki, hazırda hakimlərin sayı əhalinin sayına görə kifayət qədərdir. Vəkillərin sayı ilə bağlı çox ciddi problem var idi. Bildiyimiz kimi, Vəkillər Kollegiyasına yeni rəhbər təyin olunub və yeni struktur formalaşıb. Vəkilliyə sonuncu seçkilərin nəticəsində kifayət qədər vəkillərin də sayı artıb. Bu proses davam etməkdədir.  Çünki qanunvericiliyə edilmiş dəyişikliyə görə nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Əvəzinə isə vəkillik üçün daha geniş şərait yaradılıb. Əlbəttə ki, vəkillərin bu prosesi daha da asanlaşdırmaq üçün qanunvericilik təklifləri var. Hələ ki, parlamentə daxil olmayıb. Amma biz vəkillik institutunun inkişafı, vəkillik peşəsi ilə bağlı bütün liberal addımları atmağa hazırıq.  Pozitiv hal kimi onu dəmək istəyirəm ki, mən vəkillərin sonuncu andiçmə mərasimində iştirak etmişdim. Orada çox müsbət hal ondan ibarət idi ki, hətta dövlət qulluğunda çalışan insanlar, bir sıra hallarda hüquq-mühafizə orqanlarında işləyən gənclər vəkilliyə imtahan verərək qəbul olunublar. Mən bunu təbii bir maraq hesab edirəm. Vəkillik peşəsi hər zaman hüquq ictimaiyyəti arasında sevilən peşədir. Axı, vəkil həm də müdafiə edəndir. Zəifi müdafiə edəndir, müdafiəyə ehtiyacı olanı qoruyandır. Mən son illər baş verən bu islahatları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu proses davam edəcək.

 – Vəkillər Kollegiyasına üzv olmaq üçün nəzərdə tutulan  keçid balı 60-dır. Gələcəkdə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul qaydalarında və keçid balının aşağı salınması ilə bağlı qanunvericilikdə  dəyişikliklər ola bilərmi?

– Bizim yanaşmamız belədir: Ədalət mühakiməsinin tərəflərindən biri ədalət mühakiməsi çəkişməsi prinsipi nəticəsində həyata keçirilir. Bu çəkişmə zamanı tərəflərin eyni peşəkarlığı olmalıdır. Opponentlərimizin arqumenti ondan ibarətdir ki, vəkilliyə qəbul üçün tələb olunan keçid balı niyə belə yüksəkdir? Biz isə buna belə qiymət veririk ki, axı nə üçün vəkilə qoyulan tələb aşağı olmalıdır? Vəkilin peşə hazırlığı, bacarığı kifayət qədər yüksək olmalıdır. Müddəhimi müdafiə edən vəkil, müddəhimi ittiham edən prokuror qədər biliyə, bacarığa malik olmalıdır. Hesab edirəm ki, vəkilliyə qəbul üçün tələb olunan keçid balının aşağı salınması üçün ixtisaslaşmış qurum olan Vəkillər Kollegiyasının və rəhbərliyinin rəyini nəzərə almalıyıq.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …