“Sponsora yalvarırlar ki, səni sevirəm, mənə 100 min pul ver” – Prodüserdən qalmaqallı müsahibə

“Nigar Camalın sənəti Röyadan üstündür”

Türkiyədə yaşayan, “Avropa prodüseri” kimi tanınan Sultan Mustafayev “Yeni Müsavat” qəzetinin redaksiyasında qonaq olub.

Musavat.com-un suallarına cavab verən prodüser ilə Bakıya gəliş səbəbindən, şou-biznesdə yaşanan qalmaqallardan, dostu Aygün Bəylərdən və televiziyaların hazırkı durumundan danışdıq.

– Bakıya gec-gec gəlirsiniz, gələndə isə mediadan uzaq gəzirsiniz. Bu dəfə gəliş səbəbiniz nədir?

– Dostlarımı başıma toplayıb doğum günümü qeyd etməyə gəlmişəm. Bundan əlavə, bir çox məsələlərlə bağlı açıqlamalarım olacaq. Aygün Bəylərin toyu olması ilə bağlı məsələyə aydınlıq gətirəcəyəm. Müğənni Damla ilə aramızda yaşananları açıqlayacağam.

– Aygün Bəylərin adı çəkilmişkən, siz də müğənninin toyu olacağını demişdiniz. Sonra ifaçı efirə çıxıb dedi ki, hər kəsi aldadıb. Bu durumda siz də yalançı duruma düşdünüz. Məsələnin əsli necə olub?

– Toy olacaqdı. Toya az zaman qalmış bəzi şeylər baş verdi. Aygün xanım qəti qərar verib, o bəydən ayrıldı. Bu gün Aygün Bəylər sənətdən tamamən uzaqlaşıb. Toy olmayacaq. Aygün xanım “Səhər-səhər” verilişində zarafata dedi ki, toy söhbəti yalan idi, layihə üçün edib. 42 yaşlı gənc xanımdır, ailə qurmaq onun da haqqıdır. Sadəcə bəzi məsələlər Aygün xanımın ürəyincə olmadı və bu izdivac baş tutmadı. Hazırda Aygün xanımın başı ailəsinə qarışıb.

– Aygün Bəylər toyu olacağı təqdirdə, sizinlə yollarını ayıracaqdı. Bunu siz açıqlamışdınız. Indi isə yenidən birlikdəsiniz. Onun bu addımına görə siz tərəfinizdən inciklik olmadı ki?

– 7 ilə yaxındır ki, birlikdə fəaliyyət göstəririk. Bizimki dostluq, qardaşlıqdır. O sənətkardır, mən onun arxasında durub özümü reklam etmirəm. Aygün xanım evdar qadın olmaq istəyirdi. Mən də razı olmurdum. Bu dəfə Bakıya gələndə Aygün xanım zəng etdi, söhbətləşdik. Onun bu sahədə yeganə dostu mənəm. Çünki sənət aləmini əxlaqsızlar bürüyüb, artıq efirə çıxıb pornoqrafiya göstərirlər. Aygün xanım da deyir, mənim sənətim, əxlaqım var, onlarla dostluq etmək mənə yaraşmaz. Hər kəs də bilir ki, Aygün Bəylər öz sənəti ilə irəli gedib. Onun üçün gic-gic reklamlar, əxlaqsız işlər görmək maraqlı deyil. Elə konserti olub ki, öz cibindən pul ödəyib, qapı-qapı düşüb sponsor axtarmayıb. Özünüz də bilirsiniz ki, Azərbaycanda konsert vermək necə çətindir. Gedib sponsora deyirlər ki, qurban olum, səni sevirəm, mənə 100 min pul ver. Aygün Bəylər elə xanım deyil. Ona görə də ona qarşı qara piar kampaniyaları qurulub. Guya, mən Aygün xanımla ailə qururam. Bunlar cəfəngiyyatdır. Aygün Bəylər mənim dostum, qardaşımdır, böyüyümdür, ustadımdır.

– Dediniz ki, Aygün Bəylər ailə qurmasa da, sənətdən gedib. Sənətdən getməyinin səbəbi küskünlük ola bilər?

– Onun altında küskünlük, inciklik də var. Bu gün sənətkarlar layiq olduğu münasibəti görmür. Efirə ancaq bədənini göstərənlər, əxlaqsızlıq edənlər çıxarılır. Aygün xanım da deyir, o şeylərə namusum imkan vermir. Bədənimi açıb göstərə bilmərəm ki, məni axşam otelə apar, mənimlə görüş. Yaxşısı budur ki, evdə oturum.

– Aygün Bəylərlə Röyanın məhkəməsi davam edir. Bu qalmaqalı öz aralarında həll etməkləri daha doğru deyildimi?

– Röya mənə yazmışdı, zəng etmişdi. Mən də ona təklif etdim ki, öz aramızda həll edək. Sonra Röya məhkəmə yolunu seçdi. 2012-ci ildə mən Röyanın konsertini təşkil etmişəm. Gəlin, düzgün danışaq. Artıq maskalar cırıldı. Aygün xanım konservatoriya bitirib, həm müğənni, həm bəstəkardır. 7-8 dildə mahnı oxuyur. Röya da gözəl insandır, populyardır. Balaca səsi ilə özünü sevdirib. Amma o, “Qarabağ şikəstəsi” oxuya bilməz. Düşünürəm ki, ikisi də oyunun qurbanına çevrilib.

– Röyanın Türkiyədəki fəaliyyəti birmənalı qarşılanmır. Kimisi deyir, uğur qazanıb, kimisi də deyir, boş yerə pul xərcləyir. Türkiyədə yaşayan biri olaraq, siz necə düşünürsüz, orada Röyaya münasibət necədir?

– Röyanın orada apardığı piar kampaniyası gözəldir, alqışlayıram, amma nəticə yoxdur. O Gülşəndən 1 mahnının sözlərini 100 min dollara alır. O pulu azərbaycanlı bəstəkara versə, daha yaxşı mahnı alar. O mahnı ilə nə etdi? Mahnısı 1-2 dəfə “Kral TV”də getdi. Azərbaycanda bir mahnının efirdə verilməsi 5-6 min manatdırsa, Türkiyədə 20-30 min dollardır. Əcnəbi olduğun üçün daha çox ödəyirsən. Röyanın pulu varsa, iş görsün. Amma mənə elə gəlir ki, onun əldə etdiyi uğur deyil. “Altın Kelebek” mükafatı alanda Türkiyə mətbuatı Röya haqqında nə qədər neqativ məlumat yazdı. Orxan Gəncəbay da müsahibə verdi ki, bu nominasiya haradan çıxdı? Biz artıq maskalanmışıq, bizə nəyi verirlərsə, onu yeyirik. Amma mən bunlara göz yuma bilmərəm. Ona görə düzünü danışıram.

– Hətta iddia olundu ki, Nigar Camal 100 min pul verib mükafatı alıb, amma sonda Röyaya verilib.

– Onu dəqiq deyə bilmərəm. Amma Röyanın uğurunu təbrik etmişdim. Mənim fikrimcə, Nigar Camalın Röyadan böyük sənəti var. Sadəcə, Röyanın gücü və imkanı daha çox olduğu üçün mükafatı ona veriblər.

– Müğənni Damla ilə münasibətiniz necədir? Barışığınız həqiqidirmi?

– Yay boyu Damlanı anti-reklam etmişdim. Bunun səbəbi o idi ki, mənə pul “atmışdı”. Mən ona deyəndə ki, məsələni sakit həll edək, mənə vulqar cavab verdi. O zaman dedim ki, səni tapdalayıb keçərəm. Keçdim də. Bunu bütün Azərbaycan gördü. Prodüseri Şamil mənə zəng edib dedi ki, Damla sizi evinə dəvət edir. Razılaşmadım. Sonra Şamillə görüşdük. Dedim, gəl, bunu efirdə həll edək. Razılaşdıq, Türkiyəyə getdim. Qayıtmışam, amma məsələ hələ həll olunmayıb. Mənim hesabıma yayda Damla xeyli pul qazandı. Halal xoşu olsun. Onlardan cavab gözləyirəm. Onu da deyim ki, o pul mənə çatdı. Sadəcə üz-üzə barışıq olmayıb.

Mən Damlanı Sumqayıtda 30 manata toy oxuyandan tanıyıram. Mənim Damlaya qarşı hirsimin soyumasının səbəbi mənə borclu olduğu pulu qaytarması deyil, İsraildə yaşayan bir dostum mənə təklif etdi ki, Damla ilə sizi barışdırım. Onun xətrinə soyumuşam. Bu gün münasibətimiz yoxdur. Barışmamışıq, şərtimi yerinə yetirsələr, onlarla normal münasibət saxlayaram.

– Kənardan şou-biznes necə görünür? Narazılığınız nədəndir?

– İlk narazılığım telekanallardandır. Hər insan öz yerinə işləməlidir. Hər müğənni bir sayt açıb, digər həmkarını “vurur”. Bu doğru deyil. Neçə dəfə Aygün Bəylərin ölüm xəbəri yayıldı, anası komaya düşdü. Müğənnilər efirdə ağzına gələni danışır. Efirdə pornoqrafiya açıblar. Biri ağzına banan alır, biri kolbasa göstərir, biri pul cırır. Onlar qudurub, harınlayıb. Deyir, ağayam, istədiyimi edərəm. Röya söhbətindən sonra bəzi televiziyalar mənə qadağa qoyub. Çünki Röyanın dostudurlar. Istəyir bütün telekanallar məni “zapret”ə qoysun. Düz olanı deyəcəyəm. Mən “Ay Zaur”un verilişinə çıxan deyiləm. İnsanlarla məzələnir, o əxlaqsızlığın birinci nümunəsidir. O gün biri çıxıb tül paltarla, ayağını qaldırıb. Mənim elə verilişlərə ehtiyacım yoxdur. Mənə ömürlük qadağa qoysunlar.

– Müsahibədən öncə söhbət edəndə dediniz ki, Türkiyədə veriliş açmaq istəyirsiniz. Sizin verilişin formatı necə olacaq?

– Maqazin verilişi olacaq. Qonaqlarımızla gündəmi müzakirə edəcəyik, hər iki ölkənin şou-biznesini müqayisə edəcəyik. Tam fərqli veriliş olacaq. Mən şou aləmindəki digər insanlara bənzəmirəm. Heç kim məni yönləndirə bilməz. Kiminsə sözü ilə kimisə “vurmaram”. Bizdə tənqidi təhqir kimi qəbul edirlər. Türkiyə şou-biznesinə baxaq. Hər şeyləri üzdədir. Yataqlarına, evlərinə qədər göstərirlər yaşadıqları kişilər, qadınlar bəllidir. Bizdə isə gizlədirlər. Əslində kimin-kim olduğunu hamı bilir. Bu qədər xoflu olmaq lazım deyil.

– Bəs gizliliyin səbəbi nədir? Qınaqdan qorxurlar?

– Bizim müğənnilər heç kimə lazım deyil. Azərbaycanda isə ancaq toyxana üçün lazımdırlar. Hansı müğənnimiz Türkiyədə anşlaqla konsert verir? Hansı Avropa səhnəsinə çıxır? Ancaq muğam dövlət xətti ilə dəstəkləndiyi üçün tanınır. Bizdə müğənnilər düşməndir. Bir müğənninin ki, 21 dənə düşməni var, inkişafdan necə danışa bilərik? Röya 21 müğənni ilə danışmır. Bu böyük göstəricidir.

– Müğənnilər bir-birinin uğuruna niyə sevinmir?

– Onların sevinməsi üçün içlərində insanlıq, rəhm olmalıdır. O da 90 faiz müğənnidə yoxdur. 3 ildir ki, İstanbulda yaşayıram. 50 müğənni ilə işləmişəm. Onlardan 3-4-ü mənimlə əlaqə saxlayıb. Qalanı Bakıda görəndə yalandan can yandırır. Hamısı maskalanıb.

– Səmimi müğənnilər kimlərdir?

– Səmimi ancaq Aygün Bəylərdir. Həm xalqa qarşı səmimidir, həm də sənəti var. Ona görə ona inanıram. O həyatını sənətinə fəda edib. Indiki gənclər sənəti başa düşmür. İndi Üzeyirə, Şəbnəm Tovuzluya qulaq asırlar. Mən musiqi üçün mübarizə aparıram. Mənə deyirlər ki, bir gün səni öldürəcəklər. Deyirəm ki, bir Allaha can borcum var, bəndədən qorxmuram. Heç kimin ərini, arvadını əlindən almamışam, heç kimə sataşmamışam. Ona görə qorxum yoxdur.

– Aygün Bəylərin sənətdən getdiyini dediniz. Bundan sonra kiminləsə çalışmaq istəyirsiniz?

– Heç kimlə işbirliyi qurmayacağam. Allah ona ömür versin. İstəyirəm ki, fikrini dəyişim.

– Son iki ildə qalmaqallar səngimişdi. 2017-ci ilin sonlarından qalmaqal yenidən dəb halını aldı.

– İt ili olduğu üçün qalmaqal artıb. Müğənnilər ağa olmaq istəyir. Allah İlhamə Quliyevaya rəhmət eləsin. O dahi idi, hamısının səsini kəsmişdi. Heç biri danışa bilmirdi. Indi şou-biznes anasız qalıb. Indi 3 partiya yaranıb. Hərə bir partiyaya başçılıq etmək istəyir. Onun nəticəsində qalmaqallar başlayıb. Həm də işsizlikdir. Yanvar-fevral ayı boşluqdur, oturub “İnstagram”da ağzına gələni yazır. Sonra 30 gün toyda olur. Mənim də başıma gəlib, efidə qalmaqallı çıxış etmişəm. Ondan sonra 30 gün toyda olmuşam. Deməli, kütləyə maraqlıdır.

– Heç tənqidi fikirlərinizə görə müğənnilər və ya sevgililəri tərəfindən hədələnmisiniz?

– 2008-ci ildə bir müğənninin sevgilisi hədə-qorxu gəlmişdi ki, telekanala çıxsan, sən öldürtdürəcəyəm. Mən də efirə çıxıb, sözümü dedim. Allaha şükür ki, yaşayıram. Yay ərəfəsində də 1 dəfə zəng gəlib. Özünü Dalmanın sevgilisi kimi təqdim edən şəxs dedi ki, səni tapıb öldürəcəyik. Bundan başqa heç bir problem yaşamamışam.

 

Загрузка...