Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Müsahibə / Siyavuş Novruzov: “İşıq sönəndən sonra ancaq əlac qaldı yatmağa”

Siyavuş Novruzov: “İşıq sönəndən sonra ancaq əlac qaldı yatmağa”

“Bu hadisəni təxribatla və ya terrorla əlaqələndirmək yersizdir”

Moderator.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”ın suallarına cavab verib.
– Siyavuş bəy, telefon zənglərimizə cavabınızın gecikməsi belə qənaət yaratdı ki,  istirahətdə deyilsiniz. Hətta toplantılarınızın olduğunu dedilər. Bilmək olarmı nə toplantı idi?
– Yox, istirahətdə deyilik, yeni qərargahda, iş başındayıq. Belə bir fikir var ki, siyasədtə heç vaxt istirahət olmur. (Gülür) Toplantıya gəldikdə, yarım ilin yekunlarını, həmçinin növbəti yarım ilin planlarını müzakirə edirik. Ölçülüb-biçilir, hazırlanır, təhlillər aparılır. Bilirsiniz, 3 il dalbadal seçki ilidir. Prezident seçkiləri oldu, ondan sonra bələdiyyə və parlament seçkiləri keçiriləcək. Bununla bağlı işlər var. Ən əsası da bizim partiya həyatı ilə bağlı işlərimiz çoxdur. Partiya strukturlarının fəaliyyəti, onların hesabatları var. Bir neçə gün əvvəl rayon sədrlərinin hesabatını keçirdik. Həmçinin gənclər birliyinin, aparat rəhbərlərinin toplantısı oldu, növbəti yarım il üçün tapşırıqlar verdik.
-Deməli, növbədənkənar parlament seçkilərindən söhbət getmir. Yoxsa, bununla bağlı partiya daxilində hazırlıqlar aparılır?
– Hələlik, belə bir şey yoxdur. Burda iki amil olmalıdır: ya parlament buraxılmalıdır ki, seçki qabağa çəkilsin, ya da əvvəl referendum keçirib, sonra parlament seçkisinə getmək lazımdır. Çünki parlament seçkilərinin keçirilməsi vaxtı konstitusiyada göstərilib.
– Bəs, Milli Məclisdəki 6 boş qalmış yerlə bağlı necə, seçkilər təyinə olunacaqmı?
– Bu, artıq MSK-nın səlahiyyətlərinə aiddir. Bizə aid olan odur ki, MSK boş qalan yerlərlə bağlı seçki təyin edəcəksə, biz ora namizəd irəli sürəcəyik.
– Siyavuş bəy, günün, bəlkə də ilin ən ciddi hadisəsi ölkədə yaşanan elektrik enerjisi problemi ilə bağlıdır. Yəqin ki, bu, partiyadakı toplantıda da müzakirə olunub. Gecə yarısı ölkənin işıqsız qalması ilə bağlı sizin ehtimallarınız, məlumatlarınız nədən ibarətdir? Baş verənlərdə terror, təxribat izi axtarmağa ehtiyac varmı?
– Yox. Mən hesab edirəm ki, hava şəraiti ilə bağlı baş verən hadisədir. Biz hamımız kondisionerdən istifadə edirik. Elə bu gün 46 dərəcə istilik proqnozlaşdırılıb. Kondisionerlərin işləmə gücü və tələbatı var. Bir faktı deyim: yaponlar hesablayıblar ki, may ayından sentyabr ayına qədər əgər bütün dövlət nümayəndələri, o cümlədən də rəsmi şəxslər qalstuksuz işə gəlirsə, o halda Yaponiyada 3-5 faiz işığa qənaət olunur. Təsəvvür edirsinizmi bu, nə deməkdir? İndi bizdə ən müxtəlif yerlərdə, restoranlarda kondisionerlərin, soyuducuların sayının artması və s. məsələlər öz təsirini göstərir. Enerji tələbatı var, ola bilər ki, bunun nəticəsində hadisə baş verib. Yəni dünyanın hər yerində fors-major hallar yaşanır. Ən əsası budur ki, müvafiq qurumlar baş verən problemi dərhal aradan qaldırır və qaldırmağa davam edir. Azərbaycanın energetika sahəsi çox inkişaf edib. Mən bir çox ölkələrdə olmuşam, həmçinin bizi əhatə edən dövlətlərdə. Bu gün Azərbaycanda olan energetika, yeni modul stansiyaların olması, onların ən yüksək şəkildə yeni texniki avadanlıqlarla təmin olunması, həmçinin onlarla bağlı istehsal müəssisələrinin məhz ölkəmizdə olması faktdır. Vaxtilə transformatorları çox böyük çətinliklə ayrı-ayrı ölkələrdən alırdıq. Bu yaxınlarda cənab prezident böyük bir transformator istehsal edən zavodun açılışında iştirak etdi. Yəni bütün bunları özümüz edirik. Ötən gecə baş verənləri də təbii fəlakət, təbii hadisə kimi qiymətləndirmək olar. Bu hadisəni təxribat, terror aktı ilə əlaqələndirmək yersizdir.
 “Yerdə qalanlar elə başa düşdü ki, zəhərlənənlərə dotasiya verəcəklər, evdə xəstələnən, qripləyən hamı özünü saldı xəstəxanaya ki, ”mən də zəhərlənmişəm”
 
– Tənqidçilər daha çox bu fikri vurğulayırlar ki, bütün bir ölkə bir transformatorun ümidinə qalmamalı idi, alternativlər olmalı idi. Özü də Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Bununla bağlı nə deyə bilərsiniz?
– Müəyyən alternativlər işə salındı və müəyyən hissələrdə, vacib sahələrin əksəriyyətində elektrik enerjisi bərpa olundu. Qalanı isə hissə-hissə…Müharibə vəziyyətində olan ölkənin müharibə rejimi var. O da nəzərdə tutulub. Əgər Azərbaycanda bununla bağlı belə hal yaranacaqsa, o zaman fövqəladə hal rejiminə keçiləcək. Yəni hər dəqiqə o rejimə keçilmir. Məsələn, deyək ki, Azərbaycanın müəyyən ehtiyatları var, ərzaq, taxıl ehtiyatı və s. Bunlar hamısı fövqəladə vəziyyət üçün nəzərdə tutulur. Elə hər gün götür ehtiyatlardan istifadə elə, bu, olmaz. Əgər müharibə vəziyyəti yanacaqsa, müharibə şəraiti olacaqsa, təbii ki, bununla bağlı xüsusi proqram var və bu proqrama uyğun olaraq məsələlər həll olunur. Mən 15 il Təhlükəsizlik və müdafiə komitəsinin üzvü olmuşam və bunları çox gözəl bilirəm. Bunlar hamısı var. Orada alternativ nələri bərpa edirlər, nələr işə düşür, necə olur. Yoxsa hər gün bunu göstərməyə, yaxud tətbiq etməyə ehtiyac yoxdur. Deyək ki, bizim Şimal DRES var, onu işə sala bilərlər. Yaxud başqa variantlar var. Baxıldı ki, indiki halda bərpa olunandır və bərpa da olundu.
– Maraqlıdır, siz özünüz işıq sönəndə nə etdiniz? Narahat oldunuzmu?
– Futbola baxırdım. Bu hadisə futbol qurtardıqdan sonra baş verdi. İşıq sönəndən sonra ancaq əlac qaldı yatmağa. (gülür)
– Bəs, ölkənin hakim partiyasının rəhbər strukturunda təmsil olunan şəxs maraqlanmadımı ki, nə baş verir?
– Aydın məsələdir, yoldaşlarla əlaqə saxladıq. Bəlli oldu ki, nə baş verib və nə vaxta qədər bərpa olunacaq. Yəni bu, bəlli olan məsələ idi. Odur ki, məsələnin şişirdilməsinin o qədər də tərəfdarı deyiləm. Axşamdan bəlli idi ki, saat filandan hansı hissələr bərpa olunub. Təqribən 15 dəqiqə sonra. Həmçinin bütün o sahəyə aid olan strukturlar dərhal iş başına keçdilər.
– Hazırda suyunuz necə, gəlirmi?
– Suyumuz da gəlir, işığımız da yanır. (gülür) Tədricən hər yerdə problemlər həll olunar, inşallah, hamı aydınlığa çıxar!
– İnşallah! Siyavuş bəy, hazırda əksər insanlar narahat edən digər problem var, bu da taxıl biçmək üçün kombayn çatışmazlığı ilə bağlıdır. Deputat, YAP funksioneri olaraq vəziyyətlə bağlı nə deyə bilərsiniz?
– Bununla bağlı da kifayət qədər məlumatım var. Texnika illər üzrə alınmır. Məsələn, bir il bir məhsul bol olur, o biri il isə başqa bir məhsul. Bu, dünyada da belədir. Bu il keçən ilə nisbətən taxıl əkini daha çox ərazini əhatə edir. İkinci bir tərəfdən, havaların isti keçməsi taxılın tez yetişməyinə təsir göstərib. Məsələn, bu il pambıq daha tez yetişəcək, çünki isti sevən bitkidir. Texnikanı hava şəraitinə uyğun olaraq almırsan. Texnika nəticə ilə bağlı alınır. Amma fermer azaddır. Torpaq mülkiyyəti də üç hissədən ibarətdir: dövlət mülkiyyəti, bələdiyyəti və şəxsi mülkiyyət. Şəxsi mülkiyyətdə olan torpaq mülkiyyətində heç kəsə deyə bilməzsən ki, sən filan məhsulu ək! Təbii ki, onu maraqlandırırsan, strateji məhsulların əkilməsi üçün vergini götürürsən, subsidiyalar, dotasiyalar verirsən, fermer maraqlı olur, hansısa məhsulu əkir. Amma ümumilikdə fermerə heç kəs diktə edə bilməz ki, sən nə əkməlisən. İndi fermer əkib, məhsul da bitib. Azərbaycanda bir xüsusiyyət var, mən bunu çoxdan müşahidə edirəm. Siz də uzun illərdir jurnalistika fəaliyyəti ilə məşğulsunuz, bunu gözəl bilirsiniz, biri bank açırsa, hamı başlayır bank açmağa. Biri tikinti sektoruna gedirsə, hamı başlayır tikinti işi ilə məşğul olmağa. Biri söküntü işi ilə məşğul olursa, bunlar da profilini dəyişir, o işə başlayır. Daha düşünmürlər ki, 30 faiz bu işlə, 30 faiz digər işlə, 30 faiz da o biri işlə məşğul olsa, daha effektli nəticə alınar. Yəni həm birinin bazarına girməzlər, həm də burada tələbat və qazanc yaxşı olar. Məsələn, görürsən bir kənddə biri taxıl əkirsə, digərləri fikirləşir ki, biz niyə taxıl əkməyək? Çünki taxılçılıq nisbətən yüngül başa gələn sahədir, bir neçə dəfə suvarmaqla can qurtaran bir işdir. Amma digər sahələr, tutalım tərəvəzçiliklə məşğul olmaq çətindir. Təbii ki, onun gəliri də taxıldan artıqdır, amma ona əmək sərf etmək lazımdır. Daha çayxanada oturmaq yox.
– Ardıcıl şəkildə pambıqçıların kütləvi şəkildə zəhərlənməsi barədə danışılarkən də təxribat versiyası gündəmə gəlmişdi.
– Biz o məsələ ilə bağlı da araşdırmaq apardıq. Bir neçə nəfərlə bağlı belə bir hal baş vermişdi. Yerdə qalanlar elə başa düşdü ki, zəhərlənənlərə dotasiya verəcəklər, gün vuran, evdə xəstələnən, qripləyən hamı özünü saldı xəstəxanaya ki, “mən də zəhərlənmişəm”. (gülür) Yəni belə hallar da var idi. Belə hallar da araşdırılır. Amma hər kəs bilsin ki, bu dövlətdə heç bir məsələ diqqətdən kənarda qalmır, hər bir məsələ araşdırılır. Bir neçə rayonda zəhərlənmə hadisələri olmuşdu. Amma onlara qoşulanlar çox oldu.
– Yəni dediklərinizdən belə çıxır ki, Azərbaycana qarşı hələ də hər hansı xarici, ya daxili qüvvələrin təxribatçı planlarından söhbət gedə bilməz, eləmi?
– Bəli. Bilirsiniz ki, Azərbaycanda bu günə qədər ictimai-siyasi sabitlik çox yüksək şəkildə qorunur. Azərbaycan prezidentinin, Ali Baş Komandanın rəhbərliyi altında bütün hüquq mühafizə orqanları birgə fəaliyyət göstərir. Elə yeri gəlmişkən, ötən gün (2 iyul-red.) Azərbaycan polisinin 100 illiyi tamam oldu, onları da bu münasibətlə təbrik edirik. Doğrudan da müstəqil Azərbaycan dövlətinin həyatında mühüm rol oynayıblar. Lazım olanda səngərlərdə döyüşüblər, lazım gələndə terrorizmə qarşı mübarizə aparıblar, həmçinin ictimai asayişin qorunmasında iştirak ediblər. Bu gün Azərbaycanın təhlükəsizlik xidməti, polis orqanlar, fövqəladə hallara məsul şəxslər, həm də Azərbaycan ordusu tam şəkildə birgə Silahlı Qüvvələrin daxilində çox düzgün olaraq, Ali Baş Komandanın rəhbərliyi altında iş aparırlar. Onun nəticəsidir ki, ən böyük, mötəbər tədbirlər Azərbaycanda keçirilir və ölkəmizdə ictimai-siyasi sabitlik həmişə qorunur. Keçmişdə olan hadisələri, terror hadisələrini çıxmaq şərtilə, sonrakı dönəmlərdə ölkəmizdə heç vaxt elə hallar baş verməyib. İnşallah, bundan sonra da baş verməz, bunu arzu edirik.
– İnşallah! Siyavuş bəy, hələlik iş başında olsanız da, yəqin istirahət planınız da var. Harada istirahət edəcəksiniz, sirr deyilsə?
– Hələ ki, elə bir planım yoxdur. Hələlik burdayam, işdəyəm. Uzağı Naxçıvana gedəcəyəm.
– Deputatlara ayrılan tətil pulu barədə də sosial şəbəkələrdə çox danışıldı. Siz nə qədər maaş aldınız?
– Başım o qədər qarışıb ki, maaşın verilib-verilmədiyini bilmirəm…
VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanlı şair: Mən qadın da, kişi də sevmişəm – MÜSAHİBƏ

Şair, dramaturq və aktyor Orxan Bahadırsoyun a müsahibəsi: – Orxan, sizi tanımayan təbəqə üçün özünüzü …