Qaranlığa məhkum müharibə adamı: “Rəhim Qazıyev qəzeti hikkəsindən bağladı…”

Bir dəfə görüşmüşdük. Evində şərait yaxşı olmadığından qonşudan icazə alıb onun evinə dəvət elədi məni. Narahat idi. İstəmirdi lap uşağı yerində olan biri belə yaşadığı evini görə.  İndi durumu elədir ki, heç qonşuya da keçə bilmir. Səhhəti icazə vermir. Gözləri görmür. Dünya işığına həsrətdir. Deyir sənin üzünü görmürəm, qızım, daha utanmıram ona görə. Mənə olan rəhmini də görmürəm, rahatam. Qaranlıqda rahatam, rahat. Görmürəm!.. “Görmürəm”ə vurğunu bir neçə dəfə təkrarladı. Aydın idi, çox darıxdır səhhətinə görə. Amma yenə də danışdıq…

…Düz on gündür nəyi necə yazım, necə başlayıb, necə bitirim, deyə düşünürəm. Düşünürəm, eni bir addım olan dəhliz-mətbəxi sizə necə ifadə eləyim? Fikirləşirəm, evinin nəinki işıqlandırılması, heç havalandırılması belə, olmayan bu adam öz qaranlıq dünyasında necə olub ki, boğulmayıb bu çağacan? Necə olur danışır, gülümsəyir, təsəlli verir kiməsə? Onun yazı üçün şəkilini çəkən fotoreportyora istiqamət verir. Aparatın üstündə əlini gəzdirdikcə bəh-bəh, əladır, söyləyir. Sonra kövrəlir, köks ötürür, işi üçün darıxır. Dönüb bir də foto aparatın keyfiyyəti, xüsusiyyətləri ilə maraqlanır, təzədən. Necə olur ki, hələ siması qaralıb-bozarmayıb? İçini kin, nifrət bürüməyib? Niyə kimsəni söymür, nəsə ummur? Bu qədər qayğılarla necə aqressiv deyil?

Yəni suallar çoxdur gözlərində qaranlıq, üzündə işıq olan bu adama, Azərbaycanın döyüş tarixini illər öncə foto yaddaşa köçürən, hərbi fotoreportyor Əli Qafarova. Onun qaranlıq dünyasında insanlıq, həyat və adamlar necədir, deyə sormaq istədim. İstədim bilim görüm mənə, sizə, bizə, hamımıza deməyə nə sözü, nə söhbəti var?

7724f540-ed56-40ef-b385-0821865bb364.jpg (193 KB)

– Necəsiniz deyə soruşmaq istəyirəm düzü, amma…

– Amması filanı yoxdu, hər günə şükür, beləyəm, (gözlərini göstərir, həm də gülümsəyir) kor…

– İnsan var, elə qaranlığa doğulur, anadan gəlmə görmür, bəs sonradan görməmək necə duyğudur?

– Ağır sual oldu, bu… Qoy deyim, çətindir. Utanırsan. Elə şeylər var, onu xanımına da deyə bilmir, adam… Amma indi məcbursan deyəsən. Mən buna bir balaca acıqlanıram. Amma bəzi məsələlər var, deyirəm onu yaxşı ki, elə görmürəm…

-Nə kimi məsələ?

-Ümumi məsələlərdir. Nəyinə lazımdır, başını ağrıtmayım.

-Yox ağrıtmırsınız, istəyirsiniz lap əvvəldən başlayaq. Siz əvvəldən hərbi fotoreportyor ixtisası oxumusunuz, ya sonradan dəyişib, qərarınız?

– 1967-ci ildə “Azərbaycan müəllimi” qəzetindən başlamışam, fotoreportyorluğa. On səkkiz il o qəzetdə işləmişəm.

-Bəs necə oldu, getdiniz?

-Həmkarlar var idi, “Xalq ordusu” qəzetində çalışırdılar. Oturub söhbət eləyəndə dedilər, bizdə fotoreportyor yoxdur, iş ağırdır deyə, gəlib işləmirlər. Hadisələr yeni-yeni başlayırdı. Nəsə özümə sığışdrmadım. Gəldim rəhbərliyimizə dedim ki, mən gedirəm, “Xalq ordusu”na. Düzü istəmədilər gedim, amma getdim. Heç bu gün də peşiman deyiləm getməyimə görə. Elə yaxşı ki, getmişdim. Özü də məni işdən çıxarmadılar. Köçürmə yolu ilə dəyişdilər yerimi, “Azərbaycan müəllimi”ndən, Müdafiə Nazirliyinə, “Xalq ordusu”na.

d51dd1fa-c5a2-44da-b765-a690b2b36fdd.jpg (233 KB)

Birinci ezamiyyətiniz hara oldu?

-Tərtərə. Ölü şəhər sözünü siz eşitmisiniz yəqin, amma  görməmisiniz. O sözdə necə dəhşətli mənzərənin əks olunduğunu Tərtərdə gördüm. O qədər vahiməlidir ki, adamsız, boş və dağılan şəhər. Adam istəyir, otursun ağlasın. Xocalı hadisələrinin şahidi oldum, Ağdam məscidində olduq. Çox dəhşətli idi. Amma heyif sona qədər davam eləməyə qoymadılar.

-Kim qoymadı?

-Rəhbərlik…

-Hansı rəhbərlik?

-Müdafiə Nazirliyi, Rəhim Qazıyev…

-Sizinlə bağlı nə idi ki, problem?

-Mənimlə bağlı problem yox idi. Ümumiyyətlə qəzeti bağlamaq idi, onun məqsədi, lap əvvəldən. Çox mübarizə apardı. Axırda da istədiyinə nail oldu.

Yenə də aydın olmadı, niyə bağlatdırdı qəzeti?..

-Düzü bilirsən necədir? Əslində o adam düz deyilən sözü, obyektiv olan kadrı bəyənmirdi. Qoymurdu işimizi görək. Hər şeyə olmaz deyirdi. Bir dəfə bizim uşaqlar cəbhə xəbərlərindən birini “AzərTac”a istinadən verdi. Onu bəhanə elədi ki, onsuz da siz xəbər yazmırsınız, qəzeti bağlayırıq, vəssalam. Eləcə də bağlandı. Ürəyi bağlamaq istəyirdi, bağladı, vəssalam. Kim nə deyə bilərdi ki, ona?!.. Amma çox heyif… Düzdü, məni fotoqraf olduğuma görə saxladılar, amma uşaqların əmək kitabçalarına yazıldı ki, hərbi hissələrdə işlə təmin olunmasın. Əsas kimi də onu göstərdilər ki, Müdafiə Nazirliyinin rəsmi mətbu orqanında çalışdıqları üçün hərbi hissədə fəaliyyət göstərə bilməzlər. Beləcə uşaqlar hərəsi bir yana dağıldı. Bir mən qaldım. Sonra “Azərbaycan ordusu” qəzetini də maliyyə problemi üzündən bağladılar.  “Xəzərin keşiyində” qəzetinə keçdim. Hərbi dəniz donanmasının mətbuat orqanı idi.

bbc1256d-3d21-4843-b08d-b3fb4c4453da.jpg (79 KB)

Söz arası: Bəzən belə qadınları görəndə qəribə gəlir adama, həyat yoldaşının bütün xatirələrini yaddaşında dəqiqi saxlayır, arxivini yığır. Az qala mətbuat xitməti rəhbəri funksiyasını icra edir evdə. Lap Əli Qafarovun həyat yoldaşı Tavad xanım kimi. Hərdən bizimlə söhətə qoşulurdu. Deyir bir gün xəbər gəldi ki, Fizuli istiqamətində ağır döyüşlər olub. Mən də bilirəm ki, Əli bəy o istiqamətdə çəkilişlər aparmaq üçün gedib.  Şəmistan Əlizamanlı, indi Müdafiə Nairliyində çalışan Vaqif Drgahlı ilə birgə. Təcili tibbi yardımda tibb bacısı kimi işləyirdim onda. Onsuz da narahatam məlumata görə, dedilər səni baş həkim çağırır. Getdim. Soruşdu sənin yoldaşının familyası Qafarovdur? Dedim bəli. Qayıtdı ki, sakit ol, indicə dedilər o soyadda bir nəfər şəhid olub,Fizulidə, Bakıdan gəlibmiş. Hay-küyü sevən adam deyiləm. Qalxdım ayağa dedim doktor, mənə maşın verin, nazirliyə gedirəm. Təsəvvür etməzsiniz, maşın verildi,  sürücü həyəcan siqnalını işə saldı. Nazirliyə çatanda bizi heç saxlamadılar da. Elə bildilər içəridən çağırıblar. Qapılar taybatay açıldı. Maşınla içəri girdim. Həm həyəcanlıyam, həm də fikirləşirəm ki, məni saxlayıb həbs eləsələr necə olar? Düşüb qaçdım binanaya. İkinci ya üşüncü mərtəbədə qarşıma Vaqif çıxdı. Dedi nə lazımdır? Dedim Əli Qafarovun yoldaşıyam hanı o, noolub Əliyə?… Səsimə Şəmistan Əlizamanlı da gəldi, dedi Tavad xanım,nə gəzirsiniz burda, narahat olmayın, ona heç nə olmayıb. Biz birinci maşınla çıxdıq, o, ikinci ilə. İnanmadım. Vaqif Dərgahlının əli-qolu sarıqlı idi. Bir də heç nə olmayıb söyləyəndə, dedim heç nə olmadığına görə bu gündəsən, eləmi? Düzü nə olduğunu mənə demədilər, amma gerçəkdən də Qafarov familyalı bir şəhidimiz var idi o gün. Amma bizim Əli deyildi. Bir neçə saata Bakıda oldu. Elədiklərimi dedim. Danladı məni, dedi bir də eləmə.Ölsəm, öləcəm də, özləri gəlib deyəcəklər.  Belə həyəcanlarım çox olub. O üzdən sağ olduğu hər ana görə şükür eləməyi öyrənmişəm. Elə bu vəziyyətinə də şükür, yanımızdadır.

520b5f33-87b1-4f54-b0ff-de1cee96ee05.jpg (100 KB)

– Ön xətdə çox olmusunuz, Tavad xanım danışan bu hadisədən başqa nə yadınızdadır?

-Adam elə bilir ona nəsə olmaz, ölüb eləməz. Bir iki hadisə olur, sonra deyirsən, yox, mən də ölümlüyəm, ölə bilərdim. Deməli, bayaq sizə göstərdiyim aparatdan ikisi vardı məndə. Onu hər ehtimala qarşı götürürdüm, çiyinimdə asılı olurdu həmişə. Ayaq üstə işləyirəm o biri aparatla, uşaqlar da mənə deyirlər ki, çox qalxma, snayper işləyir, en aşağı. Dedim axı, elə bilirsən ölmərsən. Cavab verdim ki, əşi heç nə olmaz. Hə, bir də gördüm möhkəm nəsə dəydi mənə. Baxdım, aparatı qoyduğum cib yırtılıb. Tez aşağı yatdım. Fotokameranın yanda olması məni qorumuşdu. Güllə ona dəyib, yana dəyişmişdi istiqamətini. Bir dəfə də təpənin üstündə durub görüntü almaq istəyirdim. Onda yüngül yaralandım. Amma evdə demədim. Üstündən bir xeyli keçəndən sonra ayağımı çəkməyimdən anlamışdı Tavad xanım. Elə hey deyirdi, daha getmə. İndi elə olub ki, ümumiyyətlə heç yerə gedə bilmirəm, ona da yük olmuşam.

-O elə demir amma…

-Bilirəm demir. Özüm onu da bilirəm  ki, əziyyət verirəm ona. Mənə görə işdən çıxıb. Təqaüd kartımı vermişəm Tavad xanıma. Əlilliyə görə on bir manat əlavə pul da yazılır, mənə hər ay. Hərdən zarafatla sataşıram, deyirəm, günümə otuz üç qəpik verir sənə dövlət, mənə baxmasan olmaz, Tavad xanım (gülür). Düzü uşaqlarıma da əziyyət verirəm belə, utanıram, belə yaşamaq olar?!.. Tavad xanım yatmır, səhərə qədər. Mən görmürəm deyə gecə-gündüzü səhv salıram. Bir də görürsən ki, gecə durub otururam, elə bilirəm, səhərdir. Uşaqlar xüsusi saat düzəldiblər mənə. Gözlərim tutulandan sonra əllə bilmək üçün təzə-təzə öyrənirəm o saatı. Hərdən dururam, saata baxım, mən qalxan kimi, o məndən qabaq durur ayağa. İstəmirəm əziyyət çəksin. Bu qadından inan ki, xəcalət çəkirəm. Məndənsə üç-dörd uşaq saxlamaq daha rahat olardı ona. Görməyən adamı saxlamaq ağır işdir.

12a4bc9a-9a69-4af0-9f82-9bd3efc1e3da.jpg (175 KB)

QEYD: O, gecə-gündüzü səhv salmasından danışır, mən otağa göz gəzdirirəm. Dövlət Dram Teatrından az yuxarıda, sökülən məhəllələrin yaxınlığındakı ümumi evlərdən birində yaşayır. Mənzilin sahəsi on səkkiz kvadratdır. On üç kvadratı yaşayış sahəsi sayılır. Cəmi bir otaqdan ibarətdir. Heç bir çarpayı da yerləşmir içəri. Bir kiçik divan, iki kreslo qoyulub birtəhər. Bəlkə heç özümdən asılı olmadı bu sual.

-Bəs siz harda yatırsıniz, Əli müəllim?

Sualdan duruxdu Əli Qafarov, susdu, cavabı əli ilə kresloları göstərən xanımı verdi:

– Bunları yan-yana ona görə qoymuşam. Burda yer salıram ona, divanda yatmır deyir narahatdır.

Bu dəfə özü dillənir:

-Əşi şükür olsun, bayırda qalmırıq ki?..

QEYD: Mövzunu dəyişmək lazımdır, bu haqda danışmaq deyəsən əsəbiləşdirdi, müsahibimi…

-Hansı fotokamera ilə çəkirdiniz Əli müəllim?

Söz arası:  Sual onu diksindirdi. Söhbətimizin şirin yerində elə bil ayağa qalxmaq istədi Əli müəllim, sonra ani xatırladı ki, yox, köməksiz qalxa bilmir daha. Bərkdən səsləndi, ay Tavad, hanı  mənim “Zenitim”?! Ay qız, birdən atıb eləyərsən haaa… Xanımı ayağa qalxıb burdadır, Əli bəy, narahat olma. Dəxildəki fotoaparatı gətirdi. Bir əli ilə aparatı tutub, o biri əli ilə də  Əli müəllimin əlini götürüb fotokameraya yaxınlaşdırdı. Dərindən nəfəs aldı Əli müəllim, qayıtdı ki, elə bildim atıblar…

-Bax bu “Zenit”lə çəkmişəm hamısını. “Qrad”ın mərmisini  də bu aparatla tutmuşdum.

4912ee72-255f-43de-929b-188b7f3f61ec.jpg (257 KB)

QEYD: Çoxlarının yadındadır yəqin. Qrad mərmisinin hədəfə gedişini göstərən fotoşəkili. Məhşur şəkildir. Dəfələrlə mükafat alıb o şəkilə görə Əli Qafarov. İndi o anı xatırlayır və gülümsəyir…

-Deməli, çoxdan idi evdən çıxmışdım. Yalan olmasın bir aya yaxın idi. Heç xəbərim yox idi ev-eşikdən. O kadrı çəkmək beynimə dolmuşdu. Dəfələrlə çəkdim, bilirdim ki, alınmadı. Amma bir dəfə alındığını hiss elədim. O mənzərəni yadıma salanda hələ də gülürəm. Deməli icazə alıb təcili Bakıya gəldim. Üst-başım bərbad, palçıq, qan içində. Orda bəzi hallarda yaralıların, meyitlərin götürülməsinə də kömək eləyirdim axı. Hə, deməli qapını döydüm, Tavad xanım açdı. Salamsız-kalamsız dedim Tavad, deyəsən anı tuta bilmişəm. O, bilirdi nəyi deyirəm. Dinməzcə laborotoriyanın qapısını açdı ki, di keç, tez elə, yu, görək tutmusanmı?!..Lenti yudum, gördüm həəə,  kadrı tutmuşam. Sonra çıxıb uşaqlarla, xanımla salamlaşdım…

-İndi hardadır sizin arxiviniz?

-Çoxunu dost-tanış istədi verdim. Bir xeylisi də batıb gedib. İndi cəmi bir yeşiyim qalıb. Heyifim gəlir. Təkcə mənim deyil, illər sonra Aərbaycanın hərb tarixini araşdıracaq bir alim üçün dəyərli arxivdir, amma batıb gedir. Çox narahat oluram. İstəmirəm batsın. İyirmidən çox milli qəhrəmanın döyüş kadrları var o lentlərdə. Otuz-qırx il sonra əl-əl axtarılacaq. Nə isə… Görünür günah həm də məndədir. Bu günümü düşünə bilmədim.

-Heç yerə müraciət eləmirsiniz, niyə?

-Lazım olsam axtaracaqlar, belə eləmərəm axı, ayıbdır…

SON: Qapıdan çıxanda həyat yoldaşı Tavad xanım dedi ki, qızım o heç cür gözlərinin görməməsi ilə barışmır. Nə normal yemək yedirtməyə icazə verir, nə də əziyyətini çəkməyə. Özü eləməyə çalışır, o da daha alınmır. Dinə bilmirəm, çünki inciyər, deyər görmürəm deyə, məni saymırsınız deyəsən artıq. Sonra bir epizodu danışdı. Qadın evdə olmayanda Əli müəllim qalxıb əvvəlki günlərdə olduğu kimi çay süzsün özünə. Divardan tuta-tuta birtəhər balaca, dar mətbəxə keçib. Çayı, əli ilə axtara-axtara stəkanı tapıb. Birtəhər çay süzüb. Amma çaydanı geri, yerinə qoya bilməyib. Qaynar çaydandan su ətrafa dağılıb. O haradan necə keçəcəyini bilməyib. Tavad xanım deyir Əlini belə görmək çox ağır idi. Xanımı gələnə qədər tərpənməyib. Düşünüb ətrafı daha çox bulayar, qadına əziyyət olar… Adamları əziyyət çəkəndə uzun müddət özümə gələ bilmirəm. Hələ bu qədər mənəviyyatlı, xaraktercə güclü, mərd biri kişi əziyyət çəkəndə elə bilirsən dünyanın sonuna bir şey qalmayıb. Yazını çapa hazırlayanda eşitdim, Əli Qafarovun ürəyi ağrayıb. Hətta o qədər ciddi tutması olub ki, həkimdən acığı gələn adam, diliylə həkim istəyib. Həkim gəlib onun gizli infakt keçirdiyi məlum olub. Yadıma düşdü ki, axı bu adam yanaşı qoyulmuş iki kresloda yatır. Görmür, ürəyi incidir onu, əsəbləri yerində deyil, problemlər və iki qoşa kresloda hər günün bütün gecəsini dirsəklənib yatmaq. Çətindir. Bəs indi necə olacaq görəsən?!..

Sizi bilmirəm, amma məncə Əli Qafarov nümunədir, yaxşı adam, vətənpərvər vətəndaş, vicdanlı fotoreportyor, jurnalist nümunəsi.  Bu üzdən gələcəyə göstərmək üçün qorumalıyıq onun kimiləri. Çünki şair demiş, bir də gördün fotodur, İNSAN!..

Zdrave universal kremi zdrave forte