Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / Müsahibə / “Pullu kişinin vaxt keçirəcəyi qadın ola bilmərəm” – Mina

“Pullu kişinin vaxt keçirəcəyi qadın ola bilmərəm” – Mina

Mina Sovetski  kimi tanınan Nərminə Hüseynova “Yeni Müsavat” qəzetinin redaksiyasında qonaq olub. “Hər şey istəyirəm”, “Oppan”, “Gəlin, dönək evə” kimi mahnılarla məşhurlaşan müğənni ilə şou-biznesin hazırkı vəziyyətindən, sənət yeniliklərindən və şəxsi həyatından danışdıq:

– İlk dəfə qarşımıza 16 yaşlı Mina olaraq çıxdınız. Hazırda isə qarşımda bambaşqa bir xanım var…

– Çox dəyişdiyim doğrudur. Artıq Minayam. Sovetski ləqəbini istifadə etmirəm. O reper Minada qaldı. İndi qarşınızda yalnız müğənni Minayam.

– Mina necə yarandı?

– O zaman 16 yaşım vardı. Müğənni Elnarə Xəlilova mənim xalam qızıdır. Yerli telekanalların birində bu layihə üçün qız axtarırdılar. Elnarə mənə də təklif etdi, seçimlərə qatıldım və seçildim. Beləliklə, Mina yarandı. Mina partlaşır anlamında mənə qoyuldu. Deyildiyi kimi də əsl “partlayış” etdim.

– O vaxt üçün qəbul edilməsi çətin mahnı ilə tamaşaçı qarşısına çıxdınız. Bu sizi qorxutdumu?

– O layihənin üstündə çox qırğınlar olub. Mahnını müğənni Şölə oxumalı idi, amma alınmadı. Onun səs imkanları çoxdur, amma repə uyğun deyil. Daha sonra mən oxudum və bacardım. Uşaq idim, heç nədən qorxmurdum.

– “Hər şey istəyirəm” mahnısında vulqar, məişət sözləri çox var. O yaşda o mahnı ağır gəlmədi?

– İndi düşünürəm ki, ağır iş imiş. Amma mən başa düşmürdüm. Elə bilirdim ki, “cool”am, hamı məni sevir, bəyənir. Həqiqətən də, insanlar məni sevdi, bəyəndi. Tənqid edənlər də oldu, qəbul edirəm. amma sevənlər daha çox oldu deyə davam etdim.

– 16 yaşlı yeniyetmənin  bu mahnını oxumasına ailəsi necə razı oldu?

– Nəslimiz çox yaradıcıdır. Xalq artisti, əməkdar artist, rəqqas, bəstəkar, müğənni var. Ailəm mənə dəstək oldu. Amma sonra dedilər ki, yaşın artıb, gənc qızsan, reper Minaya son qoy. Mən də xanım-xatun Mina oldum.

4ab29525-1765-476e-912d-c5e56c425014.jpg (129 KB)

– Ona görə bir neçə il şou aləmindən uzaqlaşdınız?

– Bəli, daha səsimin böyük imkanlarını göstərə biləcəyim mahnılar oxumağa və aktrisalıq etməyə başladım.

– Türkiyənin məşhur döyüş filmi “Son məktub”da rol aldınız. Filmə çəkilmə prosesiniz necə oldu?

– O zaman ANS-də çalışırdım. O vasitə ilə əlaqə qurdum. Filmdə tibb bacısını oynayıram. Həm də türkü ifa etmişəm. “Son məktub” 3-cü rol aldığım ağır-tarixi filmi idi. Orada çox şey öyrəndim. Türkiyədə aktrisaya böyük hörmət var. İnsanlar sənətçiyə çox hörmət edirlər. Ayaq üstə qalmağa qoymurlar, gün düşəndə başına çətir tuturlar, suyunu, kofesini gətirirlər. burda hündürdabanda saatlarla ayaq üstə dursan, heç kimin vecinə olmaz. Bundan əlavə 5 seriala çəkilmişəm.

– Son rol aldığınız “Bacanaqlar” serialından ayrılmısınız. Səbəb yuxarıda sadaladıqlarınızdır?

– Alınmadı, kollektiv arasında anlaşılmazlıq oldu. Düşündüm ki, mənə uyğun iş deyil.

– Hazırda yaradıcılığınızda hansı yenilik var?

– Yeniliklər çoxdur. Səsim çox yüksəklərdən gələcək. Hazırlıqlar gedir.

– Bayaqdan fikir verirəm ki, Türkiyə türkcəsində danışırsınız. Belə başa düşürəm ki, yolunuz Türkiyəyədir.

– Doğru tapdınız. Orada layihələrim var. Müğənni kimi işə başlayacağam, sonra aktrisalıq da edəcəyəm. Allah hamının yolunu açsın. Yeni bir ulduz doğur.

– Azərbaycanlı  aktrisaların Türkiyədə oğru, ofisiant, əxlaqsız obrazlarını oynaması birmənalı qarşılanmır. İddia olunur ki, bizim sənətçilər alçaldılır. Obrazın aktrisa üçün fərqi varmı?

– Xalq artistlərimiz var ki, Biləcəridən o tərəfə çıxa bilmir. Amma gənclər var ki, tarixi filmdə çəkilir. Obrazın fərqi yoxdur. Böyük film bazarında rol ala bilmək önəmli addımdır. Kiçiltmək lazım deyil.

– Şou-biznesin hazırkı durumunu necə qiymətləndirirsiniz?

– Heç vaxt şou-biznesdə olmamışam. Özümü ora aid hiss etmirəm. Bizdə şou yoxdur.

– Şou göstərən, rəqs edən xanım ifaçılara da münasibət birmənalı deyil…

– Bizimkilər Azərbaycan üçün normaldır. Bizdən ulduz çıxmayıb. Həqiqətən, yoxdur. Beyons, Rihanna kimi dünyada tanınan ulduzlarımız yoxdur.

– Bu fikriniz birmənalı qarşılanmayacaq. Dediklərinizə cavab olaraq da, deyiləcək ki, biz balaca ölkəyik, buradan dünyaya tanınmaq çətindir.

– Milli-mentaliteti əsas gətirəcəklər. İstərdim ki, Azərbaycanda  Rihanna, Beyons kimi müğənnilər olsun.

– Mina özü niyə elə müğənni olmur? Qarşınızı nə kəsir?

– Hələ ki, hazırlaşıram. Tezliklə onlar kimi olacağam. Hələ ki, hazırlaşıram.

f57e3372-7f54-4b3c-8218-8d91605d5c63.jpg (106 KB)

– Yerli sənətçilərimizin bir kompleksi də keçirdikləri estetik əməliyyatları gizlətməsidir. Sizin də əməliyyatlar etdirdiyiniz, lakin gizlətdiyiniz deyilir.

– Bu öz güvən azlığıdır. Mənim üzümdə heç bir əməliyyat yoxdur. Yalnız dodağımda gel var. Amma peşmanam. Padruqam dedi ki, dodağında əyrilik var, gel vurdur. Dodağıma süni gel vurdular, daha da əyildi. Ondan sonra dəfələrlə dodağıma gel vurdurdum ki, əyrilik düzəlsin. Indi əməliyyat olunacağam. Xanımlara tövsiyə edirəm ki, süni geldən uzaq olsunlar.

– Vüsal Əliyevlə duet oxudunuz, amma sonra işbirliyiniz davam etmədi.

– Toy janrında da oxuya bildiyimi göstərmək istədim. Kaş, oxumazdım. Onunla duet oxuduğum üçün peşmanam.

– Toylara getməməyinizə səbəb nədir?

– Özümü toy biznesində görmürəm. Toy müğənnisi olmağa hazır deyiləm.  Hansısa toya getmək, xınayaxdı aparıcısı olmaq istəmirəm. Yarım saat bir məclisdə oxuyaram, amma  toy müğənnisinə çevrilmək istəmirəm.

– Toylara, xınalara getmək istəmirsiniz, serialları bəyənmirsiniz. Bəs haradan qazanırsınız?

– Mənə ailəm baxır. Maddi dəstəkçim ailəmdir. Azərbaycanda albomdan,  konsertdən qazanmaq çətindir. Amma Röya, Miri Yusif bu çətinlikləri aşıb. Mən telekanalların birində çalışanda başqa telekanallar mahnımı pulla alırdı. Mən də zamanla bunlardan pul qazanmağı düşünürəm.

– Ulduz kapriziniz varmı?

– Mən ulduz xəstəliyinə tutulmadım. Uşaqlıqdan şıltaq və özündən razıyam.  Kaprizlərim isə var.

– Elnarə Xəlilova da şıltaq idi. Ailə qurub, ana olandan sonra tamamilə dəyişdi.

– Mən dəyişəcəyimi düşünmürəm. İllər ərzində dəyişməyə çalışsam da, alınmadı.

– Özünüzü çox uşaqlı ana olaraq görürsünüz?

– Görürəm. Maksimum 3 uşağın bioloji anası olaram. Bundan əlavə başqa ölkələrdən də uşaqlar götürüb saxlayaram.  Bir qaradərili uşağım olsun istəyərəm.

– Minanın PR elə idi ki, daha yüksək pillələri fəth edə bilərdi, amma sanki istədi yerə çata bilmədi.

– İstədiyim yerə çata bilmirəm. Bizim sahədə peşəkarlar azdır, dəstək yoxdur. Bu məni məyus edir, bu sahədə olduğum üçün peşman oluram.

5a88c6ea-1a7e-4bc2-ad5c-ed89a9794e79.jpg (151 KB)

– Bir də başqa dəstək növləri var. Pullu sevgililər hazırkı müğənnilərin ən böyük dəstəkçisidir.

– Mən kiminsə pul qarşılığı sevgilisi olmaram. Həyatımdakı insan ancaq həyat yoldaşım ola bilər. Hansısa pullu kişinin vaxt keçirəcəyi qadın ola bilmərəm.

– Məşhur xanımlar qarşı cinsin onlara çox vaxt ciddi yanaşmamasından şikayətçidir.

– Düzdür. Hazırda sənətimlə məşğul olmaq istəyirəm. Kiminləsə  münasibət qurmaq istəmirəm. Sonuncu dəfə xəyanətlə qarşılaşdım. Ona görə başımı işimlə qatmaq istəyirəm. Mənimlə ciddi və qeyri-ciddi münasibət qurmaq istəyənlər var. Heç biri ilə danışmıram.

– Xəyanətlə qarşılaşdığınızı dediniz. Reaksiyanız necə oldu?

– Sakitcə ayrıldım. Xoşbəxt olsun.

– Sizcə Azərbaycanın yaraşıqlı məşhur kişisi kimdir?

– Yoxdur.

– “İstəyirəm” mahnısında belə bir misra var: ” İstəyirəm nazir olum”. Nazir olsanız, nələr edərsiniz?

– Çox şey edərdim. Ilk olaraq incəsənətə pul ayıraram, mədəniyyətimizin inkişafına çalışaram. Şirkətlər açaram. Daha sonra imkansızlara yardım edərəm.

– Tanınmış insanlar var ki, bir müddət sonra siyasətə qoşulur. Sizin belə fikriniz varmı?

– Xeyr yoxdur. Mənim üçün siyasət maraqsızdır.

– Siyasi görüşünüz nədir? Hansısa partiyanın üzvüsünüz?

– Xeyr, heç bir partiyanın üzvü deyiləm. amma YAP-a üzv olmaq istəyərəm.

Həmçinin oxuyun

Əli Hüseynli:“8 mindən çox məhkum humanistləşdirmə sərəncamının təsir dairəsinə düşüb”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni …