Şənbə , Oktyabr 20 2018
Ana səhifə / Manşet / “Müxalifətin üzünü ağ etdiyim üçün, ”Real”, İsa Qəmbər və Əli Kərimli mənə minnətdar olmalıdırlar” – MÜSAHİBƏ

“Müxalifətin üzünü ağ etdiyim üçün, ”Real”, İsa Qəmbər və Əli Kərimli mənə minnətdar olmalıdırlar” – MÜSAHİBƏ

Razi Nurullayev​: “Mən atdığım addımla müxalifəti xilas edirəm”

Qarşıdan gələn prezident seçkilərilə bağlı estafetə artıq start verilib. Proseslə bağlı mərhələni üç hissəyə ayırmaq olar. Namizədliyin irəli sürülməsi, qeydə alınması və təbliğat-təşviqatın başlanması. Birinci mərhələdə bir qədər qeyri-müəyyənlik yaşanır. Müxalifətin radikal sayılan qanadı seçkiləri boykot etməklə bağlı qərar verib.

Əsl müxalifət olduqlarını iddia edən, ancaq hakimiyyətə qarşı bir qədər konstruktiv mövqedə qalan bəzi partiyalar isə seçkidə iştirakla bağlı qərar qəbul ediblər. Seçkidə iştirakla bağlı qərar verənlərdən biri də Azərbaycan Xalq Cəbhəsi adına iddia edən partiyanın sədri Razi Nurullayevdir. Onun rəhbərlik etdiyi partiyanı mətbuatda daha çox alternativ AXCP kimi də təqdim edirlər. “Bakı-Xəbər” qəzeti olaraq Azərbaycanın qədəm qoyduğu bu həssas dönəmin reallıqlarını nəzərə almaqla, prezidentliyə namizədliyini irəli sürən hər bir iddialı ilə geniş müsahibə götürməyə qərar verdik. Bu xüsusda ilk söhbət etdiyimiz siyasətçi alternativ AXCP-nin sədri Razi Nurullayev oldu. Əli Kərimlinin partiyasında təmsil olunanda onunla çoxlu müsahibələr etmişəm. Bu təmaslarımız əsasən telefonla baş tuturdu. Bu dəfə Razi Nurullayevə zəng etdim, telefonuna zəng çatmadı. “Facebook”dan yazdım, cavab olmadı. Nəhayət, müavinlərindən biri ilə danışa bildim və həmin adam mənə çatdırdı ki, Razi bəy telefonla müsahibə vermir, istəyirsinizsə gəlin, ofisimizdə söhbət edin. Razi bəylə onun “Mellissa park”dakı ofisində görüşdük.

– Razi bəy, xoş gördük. İşləriniz necə gedir?

– Təşəkkür edirəm, şükürlər olsun ki, yaxşıyıq.

– Əvvəl Sizinlə telefonla çox danışmışıq. Ancaq indi bu vasitə ilə müsahibə vermirsiniz. Bunun Sizin statusunuzun dəyişməsilə bir əlaqəsi varmı? Axı indi partiya sədri olubsunuz…

– Xeyr, dəyişən statusumla bağlı deyil. Sadəcə olaraq vaxt məhdudiyyəti var. Bir də telefonda müsahibə vermək hazırlıqsız olmaq anlamına gəlir. Mən də qeyri-standart, lazım olmayan ifadələri işlətməkdən qaçıram. Bu baxımdan da ciddi mövzuları əhatə edən müsahibələri üzbəüz verməyə çalışıram. Düşündüm ki, ciddi mövzulardan yazan jurnalist kimi götürəcəyiniz müsahibənin əsas motivi bu kontekstdə olacaq. Bu baxımdan da üzbəüz görüşməyi daha məqbul saydım. İkinci səbəb isə son zamanlar sosial şəbəkələrdən aktiv istifadə etməyimdir. Mütəmadi olaraq oradan paylaşımlar edirəm, fikirlərimi canlı yayımda izləyicilərimizlə bölüşürəm. Bu baxımdan da bəzən fərdi müsahibələrə zərurət duymuram.

–  Bilirsiniz ki, ölkəni qarşıda ciddi proseslər gözləyir. Sizinlə söhbətimiz də məhz bu rakursdan olacaq. Prezidentliyə iddialı olanlardan biri də Sizsiniz. Bəzi digər müxalifət partiyalarından fərqli olaraq, Siz seçkilərdə iştirakla bağlı tərəddüd etmədən qərar verdiniz. Bu tələskənlikdir, yoxsa hazırlıqlı olmağınızın göstəricisi?

 

– Artıq biz keçən ildən 2018-ci ili partiyamız üçün siyasi dəyişiklik ili kimi qəbul etmişdik. 2015-ci ildən isə bu seçkilərdə iştirak edəcəyimizi vurğulayırdıq. Bu baxımdan da seçkidə iştirak edib-etməməyimizlə bağlı bir qətiyyətsizliyimiz də yox idi. Bunu tələskənlik kimi şərh etməzdim. Biz öz qətiyyətimizi ortaya qoyduq.

– Müxalifətin bəzi təmsilçiləri seçkini boykot etməklə bağlı qərar veriblər. Əsas arqumentləri də budur ki, seçkilərin vaxtı gözlənilmədən 6 ay irəli çəkilib və bu onların seçkiyə ciddi şəkildə hazırlaşmalarına mane olur. Boykota gedən partiyaların bu arqumentini nə dərəcədə ciddi və əsaslı sayırsınız?

– Düşünürəm ki, seçkilər önə çəkilməsəydi, biz daha da ciddi hazırlaşa bilərdik. Amma siyasi partiyanın 6 ayı bəhanə edib “hazır deyiləm” deməsi və seçkilərdən imtinanı məhz bu amillə izah etməsi qeyri-ciddi səslənir. İkincisi, seçkilərin vaxtının dəyişməsilə bağlı hakimiyyət hər hansı bir qanunsuzluq etməyib ki, biz ona kütləvi şəkildə etiraz edək. Bu proses Azərbaycanın Konstitusiyasına uyğun şəkildə həyata keçirilib. Beynəlxalq aləm də bunu bu şəkildə qəbul edibsə, biz niyə seçkidən imtina etməliyik? Biz bu cür əsassız arqumentlərlə xalqı aldada bilmərik. Seçkini bu şəkildə boykot etmək siyasi partiyanın yoxluğu anlamına gəlir. Siyasi partiyasansa, seçkidə mütləq iştirak etməlisən. Boykot o deməkdir ki, bununla seçki prosesi pozulmalıdır. Onlarda bu əminlik varmı ki, 11 aprel seçkilərini pozmağa gücləri çatacaq? Yəni iqtidar bunlarla danışığa gedib şərtlərini dəyişməyəcəksə, hansı boykot taktikasından danışmaq olar? Hazırkı boykot bunların heç birini şərtləndirmir. Bu yalnız seçkidən imtina anlamına gəlir. Bizi ittiham edirlər ki, seçkidə iştirak etməklə hakimiyyətin qələbəsinə legitimlik qazandırırıq. Götürək ki, biz hamımız seçki prosesindən kənara çəkilirik. Onda YAP-ın asanlıqla qazanacağı qələbə legitim olmayacaq? Çox gözəl şəkildə də legitimləşəcək. Məhz bu gün seçkini boykot edənlərin özünün də iştirak etdiyi seçkilərdə İlham Əliyevin qələbəsi legitim sayılıb və beynəlxalq birlik tərəfindən qəbul olunub. Reallıq budur ki, biz iştirak etsək də, etməsək də, seçki keçiriləcək və onun nəticəsi tanınacaq. Seçki ehtimallar üzərində qurulur. Bu baxımdan da hər bir namizədin qalib gəlmək şansını yüksək dəyərləndirməliyik.

– Müxalifətin bəlli qanadına boykotla bağlı sifarişin xaricdəki qüvvələr tərəfindən verildiyinə dair də fikirlər səslənir. Belə iddialar var ki, bəzi xarici qüvvələr bu üsulla seçki prosesinə qarşı təxribat törətmək istəyirlər. Bu versiyaları nə dərəcədə əsaslı saya bilərik?

– Mən xüsusi bir təlimatın gəlməsinə inanmıram. İştirakdan imtina edən partiyaların gücləri o qədər böyük deyil ki, onlara təlimat verməkdə maraqlı olan xarici havadarlar tapılsın. Məndə olan məlumata görə, boykotçuların özləri bu istiqamətdə məsləhət almaq üçün bəzi xarici qurumlardan görüş istəyiblər, onlara yazılı müraciət ediblər. Həmin dairələrdən heç bir dəstək ala bilməyiblər. Həmin xarici dairələr seçkidə iştirak edib-etməməklə bağlı qərarın verilməsini partiyaların öz seçiminə buraxıblar. Mən buna yüz faiz əminəm ki, hətta hansısa ölkənin protokol şöbəsində işləyən hansısa xarici vətəndaş onlara “seçkidə iştirak edin” desə idi, həmin partiyalar namizədliyini irəli sürmək üçün növbəyə durardılar. Hətta həmin məzmunlu təyinat bu gün də gəlsə, sizi inandırıram ki, qəbul etdikləri boykotdan məharətlə bir çıxış yolu tapacaydılar. Nəticədə boykota yox, seçkidə iştiraka haqq qazandıracaqdılar. Əfsuslar olsun ki, həmin qüvvələr real siyasəti deyil, siyasi oyunbazlığı yaxşı mənimsəyiblər. (Razi Nurullayev buna aid yaxşı bir lətifə də danışır-M.Q.)

– Razi bəy, maraqlı bir situasiya yaranıb. Siz özünüzü Elçibəy yolunun davamçısı sayırsınız. Boykota gedən partiyalar arasında da bu iddiada olanlar var. Onlar seçkidən imtina edir, Siz qalırsınız. Nəticə etibarilə eyni ideologiyanı dəstəkləyən elektoratı öz ətrafınıza çəkə biləcəksinizmi?

-Tam əminəm ki, Elçibəy tərəfdarları Əli Kərimlinin yanında deyillər. Bu boykotun da dirijoru, başında dayanan şəxsi Əli Kərimlidir. Elçibəy tərəfdarları isə Əli Kərimlinin və onun dəstəsinin Elçibəyə etdiyini heç zaman unutmayıb və unutmayacaq da. O şəxs hər zaman Elçibəyin çətiri altında gizlənmək istəyib. Özləri deməsə də, bu sözləri başqalarının dili ilə deyirlər. Əsl hərəkatçılar isə bilirlər ki, biz Elçibəyə qəlbən bağlıyıq və onu qəlbən sevirik. Etiraf edim ki, bu gün haqq dünyasında olan Elçibəyin bizim dəstəyimizə ehtiyacı yoxdur. Onun heykəli Azərbaycan xalqının qəlbində qurulub. Bu baxımdan da bizim və şəxsən Razi Nurullayevin Elçibəyə ehtiyacı var. Biz onun ideyalarına sadiq fəaliyyət göstəririk.

– Partiya olaraq ilk dəfədir ki, prezident seçkilərində iştirak edirsiniz. Yəqin ki, gücünüzün hakimiyyətlə bərabər olmadığının fərqindəsiniz. Seçki Sizə qələbədən başqa nə verə bilər?

– Siyasi partiya varsa, o mütləq sözünü hansısa formada xalqa çatdırmalıdır. Buna görə də biz seçkidə iştirak edirik. Seçkiyə də qələbə üçün gedirik. Mən bu gün Azərbaycandakı reallığı da dərk edirəm. Müxalifət olaraq şansımızın zəif olduğunun fərqindəyəm. Amma seçki prosesindəki çıxışlarımız çox şeyi dəyişə bilər. Ən önəmlisi isə budur ki, seçkidə iştirak etməyən Azərbaycan müxalifəti: “Real” hərəkatı, İsa Qəmbər, Əli Kərimli və digərləri mənə təşəkkür etməlidirlər. Çünki mən atdığım addımla müxalifəti xilas edirəm. Müxalifətin gələcək üçün fəaliyyət göstərməsi naminə addımlar atıram. Bu gün mənə “sağ ol” deməlidirlər ki, xalqın müxalifətə olan inamını qoruyub saxlayacam. Onların atdığı addım doğrudan da çoxlu suallar yaradır. Necə olur ki, bundan əvvəlki seçkilərdə iştirak edibsən, hətta 2010-cu il seçkilərində bütün gücünü qoyubsan və həmin zamanlarda boykot düşünməyibsən. İndi xalqa bunun izahını vermək lazımdır. Biz inqilabçı deyilik. Dəyişikliyə seçki ilə nail olmağı düşünürük. Xalq da bunu istəyirsə, niyə seçkidən imtina etməliyik? Ümid edirəm ki, mən bu seçkilərdə müxalifətin üzünü ağ edə biləcəm.

– Daha güclü namizəd kimi ortaya çıxmaq üçün, başqa siyasi qurumlarla seçkidə birgə iştirakla bağlı müzakirələriniz, istəyiniz oldumu?

– Bizim belə cəhdlərimiz çox olub. Hətta əməkdaşlıqla bağlı bəzi partiyalara məktublar da göndərmişik. Əfsuslar olsun ki, onlardan çoxu Əli Kərimlinin qorxusundan bizimlə əməkdaşlıqdan yan keçirlər.

– AXCP adı ilə Sizi qeydiyyata almayıblar. Bu adda partiyanın sədri kimi seçkilərdə iştirak Sizə problem yarada bilərmi?

– Təbii ki, biz bunu bilirik. Partiyanın qeydiyyat məsələsi tam həllini tapmayıb. Hətta Əli Kərimli seçkidə iştirak etsəydi, onu AXCP sədri kimi təqdim etməyəcəkdilər. Mən seçkilərə “Cəbhəçilər təşəbbüs qrupu”nun namizədi kimi qatılacam. Ancaq çıxışlarımızda deyəcəyik ki, biz AXCP-ni təmsil edirik.

– Seçkilərdə təbliğatınızı hansı vasitələrlə aparmağa üstünlük verəcəksiniz?

– Bizim hazırda virtual aləmdə populyarlığımız var. Sosial şəbəkələrin imkanlarından maksimum istifadə edəcəyik. Bəzən bizim paylaşımlarımızı 50 min civarında adam izləyir. Buna baxmayaraq, mən seçicilərimlə canlı təmasların qurulmasında da maraqlı olacam. Azərbaycanın bütün rayonlarını bir-bir gəzməyi hədəf qoyuram. Bu o zaman mümkün olar ki, bizə həmin görüşləri keçirməyə imkan versinlər. Bir də belə təbliğatın aparılmasına maliyyə lazımdır. Bu istiqamətdə danışıqlarımız gedir. Güman edirəm ki, siyasətə investisiya qoymaqda maraqlı olan dostlarımız tapılacaq.

– Seçki qurtardı və tutaq ki, qalib Siz deyilsiniz. Bundan sonrakı addımlarınız necə olacaq?

– Təbii ki, biz yolumuzu dəyişməyəcəyik. Müxalifətdə qalacağıq. Ancaq biz Azərbaycanda yeni bir siyasi mədəniyyətin əsasını qoymaq istəyirik. Bütün dünyada məğlub olan namizədlər qalibi təbrik edir, onun inauqurasiyasında iştirak edirlər. Bizdə niyə bu olmasın? Niyə bu, ABŞ-da, Almaniyada, Türkiyədə mümkün olur, bizdə yox? Biz hakimiyyəti özümüzdən uzaqlaşdırmamalıyıq. Düşmənçilik xalqın başında çatlayır. Mən Azərbaycanda siyasətin təkamüllə gedişinin tərəfdarıyam. Əbülfəz Elçibəyin də mövqeyi belə idi. Mən onun yolunu tuturam, barışdırıcı olmaq istəyirəm. (Bakı-Xəbər)

Müsahibəni hazırladı:
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Könül Quliyeva Etimaddan yazdı- “Aramızda gəzən şəhid kimi baxırdım ona…”

Qarabağ işğalda qaldıqca Etimad Əsədovun ruhu rahat olmayacaq! Həyatımın hər dönəmində çox ağır itkilərim olub. …