“Mini ətəkli qıza əxlaqsız kimi baxmıram”

Müğənniliyə yeni addım atan aparıcı Fariz İlyasov musavat.com-un redaksiyasında qonaq olub.

Suallarımızı cavablandıran müsahibimlə yeni işlərindən, ATV-dən uzaqlaşmasından, ona olan paxıllıqdan və şəxsi həyatından danışdıq:

– Əvvəl sizi aparıcı, model, aktyor kimi gördük. İndi də müğənniliyə başlamısınız.

– İmkan tapdıqca, hamısı ilə məşğul oluram. Mən mahnı oxuyanda dedilər ki, aparıcı müğənniliyə başladı. Amma onlar bilmirlər ki, mənim musiqi təhsilim var. Əməkdar artist Teyyub Aslanov müəllimim olub. Ali təhsil alan zaman teatra dəvət aldım, aktyorluğa başladım. Bir çox festivallarda mükafat qazanmışam. Sonra MAG verilişindən təklif gəldi, aparıcılığa başladım. Ondan sonra da “V element” verilişinin aparıcısı oldum. Son günlər isə müğənni olmaq istəyim məni mahnı yazdırmağa məcbur etdi. “Sevsən məni” mahnımı təqdim etdim. Mahnıdan sonra “Bəxt üzüyü” filminə çəkildim. Hazırda Kazım Sübhanla çalışıram. Yeni mahnı üzərində işləyirəm. Fərid Kərimli aranjeman edib, Orxan Mürvətli sözləri yazıb. Klip də çəkdirəcəyəm. Bu işim daha peşəkar olacaq.

“Yaraşıqlı kukla” deyiləm, istedadlıyam”

– Müğənni, aparıcı, model, aktyor… Sizcə, necə təqdim olunmalısınız?

– Düzdür, insanlar bilmir, məni necə təqdim etsin. Daha çox xarici görünüşümü vurğulayırlar. “Yaraşıqlı gənc, yaraşıqlı aktyor, aparıcı” adlandırırlar. Məni xarici görünüşümlə təqdim etmələrini sevmirəm. “Yaraşıqlı kukla” deyiləm. İstedadlı biriyəm, hər sahədən anlayışım var. Bir neçə işin ucundan tutduğum  üçün “istedadlı gənc” olaraq tanıdılmaq daha doğrudur.

– Bir neçə işi birlikdə görməyinizə səbəb həvəsdir, yoxsa daha çox pul qazanmaq arzusudur?

– Mən çox pul qazanmıram. Nə qazanıramsa, işimə xərcləyirəm. Maddi tərəfi fikirləşsəydim, bu sahəyə gəlməzdim. Pul qazanmaq  üçün bizneslə məşğul olmaq lazımdır. Şou-biznesdə pul qazanmaq olmur. Mən işimdən zövq alıram. Ona görə də incəsənətdəyəm.

– Tamaşaçılar isə düşünür ki, tanınmış insansansa, imkanlısan, var-dövlətin var…

– Biz imkanlı deyilik. “Bəxt üzüyü-2” filmindən qazandığımı mahnıya xərclədim. Bizim geri qalmağımıza səbəb müğənnilərə prodüserlərin pul ayırmaması, sponsorların olmamasıdır. Əvvəllər yenə şirkətlər müğənnilərə kömək edirdi. Sponsor adı pis çıxdıqdan sonra heç kim müğənniyə yatırım etmir. Azərbaycanda sponsorla şəxsi münasibətin olmalıdır. Dünyada isə şirkətlər sənətçiyə milyonlar xərcləyir. Həm özü, mən müğənni qazanır.

– Müğənnilikdə irəlilədikdən sonra ayağınızdan dartanlar, rəqabət aparanlar da olacaq. Buna hazırsınız?

– Elə bilirsiniz ki, ayağımdan dartmırlar?

– Artıq hiss edirsiniz?

–  İnsanlar elə düşünür ki, onların etdikləri yayılmır. Məsələn: Mənim haqqımda ATV rəhbərliyinə yalan xəbərlər çatdırır, məni pisləyirlər. dediyim şəxslər “V element” üzvləri deyil, yanlış anlamayın.  Dediklərim kompleksli insanlardır. Bir neçə gün efirdə olmasalar, unudularlar, efirsiz heç olduqlarını bildikləri üçün özlərinə rəqib görəndə onu dala çəkməyə çalışırlar. Sağlam rəqabət apara bilmirlər.  Efirsiz heç bir iş görə bilməzlər. Mən kiminsə yolunu kəsmirəm, özümə arxayınam. Bu yolda da iddialıyam.

– ATV rəhbərliyindən danışdınız. Telekanalda qadağada deyilsiz?

– Qadağada deyiləm. ATV-də məni ancaq “V element” kollektivi tanıyır, başqaları yox. Yenə də deyirəm, söhbət “V element” kollektivindən getmir. Digər proqramların əməkdaşları mənim haqqımda ATV rəhbərliyində mənfi imic formalaşdırıb. Mən heç yerə tələsmirəm. İstədiyim pilləyə çatanda o “şəxslər” televizor qarşısında məni izləyib, dəli olacaqlar.

“Əvvəl Aygün-Röya “partladırdı, indi Damla, Günay oraya aid deyil”

– Son aylar bayağı musiqilər çoxalıb. Həm tənqid olunur, həm də sevilir. Ən çox tənqid olunan Talıb Tale, Damla, Üzeyirdir. Amma ən çox izləyicisi olan da onlardır…  

–  Çox maraqlıdır. Onlar Özbəkistana, Türkiyəyə, Rusiyaya, Dağıstana ən çox gedən müğənnilərimizdir.  Belə deyək də, dünyaca məşhur müğənnimiz Üzeyirdir. Onlar üçün bu xarici musiqidir deyə sevirlər. Biz xarici mahnıları necə sevərək dinləyiriksə, onlar da elə Üzeyiri dinləyir. Bəlkə, bizim sevərək dinlədiyimiz mahnı Amerikada bəyənilmir, orada bayağı mahnı sayılır. Azərbaycanda əvvəl Aygün-Röya “partladırdı”, indi Damla, Günay oraya aid deyil”, sonra Röya gəldi. O da Aygündən az sevilmədi. Düzdür, Günay İbrahimli deyir ki, üçüncü odur. Amma bu fikirlə razı deyiləm. Bu gün Aygünlə Röyanın etdiklərini  Damla edir. Hazırda solo konsert də verməyə hazırlaşır. Belə getsə, Damla gələcək divamız ola bilər (Gülür).

– “V element”  baxılan bir neçə verilişdən biridir. Verilişindən niyə uzaqlaşdınız?

– İstədiyim münasibəti orada görmədim.  Qeyri-adekvat münasibət vardı. Tamaşaçılar da bunu görüb mənə sosial şəbəkədə yazırdılar.  Orada xoşbəxt deyildim. Kollektiv arasında parçalanma yaranmışdı. Mən mövsüm ortasında proqramdan uzaqlaşmaq istəsəm də, bunun etik olmadığını düşündüm. Maksimum dözdüm, üzərimdə mənfi aura vardı. Mövsümü başa vurub, proqramdan getdim.

“Bəxt üzüyü-2” filmində Tahir İmanovun obrazını bəyənmədim” 

– Böyük komandası olan “Bəxt üzüyü-2” filmində rol almısınız. Təklif necə gəldi?

– Afaq Bəşirqızı, Valeh Kərimovla rol almaq böyük təcrübədir. Mənə təklif etdilər ki, kastinqə qatılım. Kastinqdə bizə verilən səhnəni oynadıq, video çəkiliş oldu. Sonra rejissor izləyib mənim aktyorluğumu bəyəndi.  Ondan sonra yenidən dəvət aldım. Çəkilişə başladıq. Məni “V element” verilişində görmüşdülər.

– Filmi bəyənənlər də, bəyənməyənlər də var. Mətbuat konfransında Tahir İmanov demişdi ki, qurşaqdan aşağı zarafatlar, bayağı səhnələr olmayacaq. Amma özünün oynadığı obraz çılpaq qadına baxmaqdan ləzzət alan bir tipajdır…

– Mənim də bəyənib, bəyənmədiyim tərəflər var. Bu tək mənim işim deyil. 100-dən çox insan çalışır, ortada əmək var. Mən hər zaman yaxşı tərəfləri dilə gətirməyə çalışıram. Zövqlər də müxtəlifdir. Filmin 16+ olduğu əvvəldən deyilib. Amma bəzi valideynlər uşaqlarla gedir və utandıqlarını bildirirlər. Bu məqamda haqsızdırlar.  Tahirin oynadığı Xoşu obraz 40 yaşlı bakirdir, qızları görəndə ağzının suyu axır. O obrazı mən də bəyənmədim. Mənə uyğun deyil. Mən Cabir İmanovun obrazını bəyəndim. Rusiyada biznes qurmağa çalışan azərbaycanlıdır. Ikisi də Söylü ilə Moşunun oğludur. Film ümumu olaraq çox yaxşıdır. Dəyərli sənətkarları bir araya yığmaq asan deyil. Gəlin, əməyə hörmət edək.

– Bir az da sizin obrazınızdan danışaq. Hansısa səhnədə çətinlik çəkmisiniz?

– Mənim obrazım isə romantik gəncdir. Adım Emildir. Mənə çox yaxın obrazdır. Ssenarini oxuyanda deyirdim ki, necə mənə bənzəyir? Sadəcə o sakitdir, mən isə kobudam. Bir də o batil inanclara inanandır. Mən inanmıram. Filmdəki bəxt üzüyü mənimlə nişanlımın üzüyüdür. Batil inanclara inandığım üçün nişanlıma üzüyü itirməməyi tapşırıram. O isə itirir. Mən isə xoşbəxtliyimizin itdiyinə inanıb, onunla münasibətləri pozuram. Obrazımı çox bəyəndim. Düşünürəm ki, öhdəsindən gəlmişəm.

– Hazırda populyarlaşmağın bir yolu da “Maşın” şoudan keçir. Bəziləri gözdən düşür, bəzilərinin hörməti artır. Son şouda Talıb Talehin duruşu onu həm populyar etdi, həm də insanların ona qarşı fikri dəyişdi. Siz də orada olmaq istərdiniz?

– Bir neçə il öncə istəyirdim. Indi istəmirəm. Orada kimisə həyasızlıq edir, kimi söyüş söyür. O cür insanlarla eyni layihədə olmaq istəmərəm. Mən davakar biri deyiləm. Kiməsə cavab versəm, gözdən düşəcəyəm. Cavab verməsəm, yenə qınayacaqlar. Həm də mən populyar olmaq istəmirəm, sevilmək istəyirəm.

– Ətrafınızda xanımlar çoxdur. Bu şəxsi həyatınıza, münasibətinizə təsir edir?

– Həyata pozitiv baxan biriyəm. Kainata hansı enerjini ötürürsənsə, onun qarşılığını alırsan.  Mənim ətrafımdakılar inanmır ki, evliliyə isti baxan biriyəm. Deyirlər ki, ətrafında yüzlərlə qadın var, diqqət mərkəzindəsən. Necə yəni evlənmək istəyirsən? Mən onlara başa salıram ki, evlilik, ailə mənim üçün müqəddəsdir. Hazırda tanış olduğum qızlar var. Onlarla dost deyiləm, tanımağa çalışıram.  Ürəyimcə olan xanımı tapan kimi evlənəcəyəm, həmin xanımı da gizlətməyəcəyəm.

“Mühafizəkar ailədə böyüsəm də, mini ətəkli qıza əxlaqsız kimi baxmıram”

– Adətən, məşhurlar sevdikləri şəxsləri mediadan gizli saxlayır…

– Mən onları da qınamıram. Tanınmışları gözü götürməyən çox olur. Onlar həmin cütlüyü ayırmağa çalışır. Bizim həyatımıza daxil olan insan düşünməlidir ki, biz də keçmişdə kimisə sevmişik və ya münasibətimiz olub. Sabah kimsə keçmişi açıq qarşısına qoysa, onunla bağlı problem yaratmamalıdır. Hazırda görüşdüyüm xanımlar arasında evlənmək istədiyim yoxdur. Ona görə də onlardan heç birini üzə çıxartmıram. Bizdə belə bir şey var ki, bir qızın əlindən tutdunsa, deyirlər ki, almalısan. Mən müasir fikirli insanam. İngilis dili müəllimliyini oxumuşam, ətrafımdakı insanlar da müasir fikirli olub. İnsanların flört etmək normal haldır. Insan evlənəcəyi şəxsi yaxşı tanımalıdır.

– Həmin xanım necə biri olmalıdır?

– Mən müasir fikirliyəm. Xanımımın da baxımlı, xoş görünüşlü biri olmasını istəyirəm. Onu hər şeydən məhrum etmərəm. mən mini ətək geyinən qıza əxlaqsız kimi baxanlardan deyiləm. Düzdür, mühafizəkar ailədə böyümüşəm. Məktəbi bitirənə qədər telefonum olmayıb. Hara getsəm, valideynlərimdən icazə almışam, məlumat vermişəm. 9-dan sonra evə gec gəlmək olmazdı. Amma valideynlərim evlənəcəyim şəxsə qarışmayaxcaqlar. Seçimi mənə buraxıblar.

Zdrave universal kremi zdrave forte