Bazar , Dekabr 16 2018
Ana səhifə / Müsahibə / Kreml İrəvandan bu bəhanə ilə uzaqlaşır – Tofiq Zülfüqarov

Kreml İrəvandan bu bəhanə ilə uzaqlaşır – Tofiq Zülfüqarov

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Ermənistanda baş verən son siyasi proseslərlə bağlı Axar.az-a müsahibəsini təqdim edirik:

– Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbs edilməsi və bir sıra şəxslərin vəzifədən azad edilməsi fonunda bu ölkədə gedən siyasi proseslər barədə nə düşünürsünüz?

– Ermənistan və Rusiya arasındakı bu uzaqlaşma heç də Paşinyandan başlamayıb. Bu uzaqlaşma prosesi Serj Sərkisyandan dövründə, daha doğrusu, 2016-ci ildən sonra başlayıb. Əslində, işğalçı ölkədə təbii bir proses baş verir. Bəs, bu təbii proses nədən ibarətdir? Yəni bir tərəfdən Rusiya bu siyasi böhran və ümumiyyətlə sanksiyalar daxilində postsovet məkanında daha realist siyasət aparmaq məcburiyyəti qarşısında qalıb. Bu fonda Rusiyanın forpostu Ermənistanla bağlı köhnə təbliğat layihələri təbii ki, öz əhəmiyyətini itirir. Rusiya da birmənalı olaraq bu yükdən azad olmaq niyyətindədir. O biri tərəfdən isə Ermənistanda birmənalı siyasi proseslər onu göstərir ki, ermənilər Rusiyanın onlara verdiyindən artıq nəsə verə bilməyəcəyini başa düşürlər və məhz bu uzunmüddətli siyasət nəticəsində də böhran içərisindədirlər. Yəni iş o həddə çatıb ki, özləri də etiraf edirlər ki, müstəqillik illəri ərzində 1 milyondan çox əhali Ermənistanı tərk edib. Ermənistan müxtəlif layihələrdən kənar qalan bir ölkəyə çevrilib. Bu baxımdan da Ermənistan öz gələcəyini Rusiya ilə görmür. Əsil reallıq bundan ibarətdir. Bu gün paralel gedən proseslərin nəticəsi artıq özünü büruzə verməyə başlayıb. Fikir verin, Rusiya Ermənistandan uzaqlaşmaq üçün forpostuna qarşı tənqidlər səsləndirir və müxtəlif bəhanələr irəli sürür. Rusiya rəhbərliyi öz ictimaiyyətinə sözdə dostluğa sadiq qaldığını, reallıqda isə Ermənistanın Kremlin maraqlarına zidd siyasət həyata keçirdiyini vurğulayır. Moskva məhz bu bəhanə ilə Ermənistandan uzaqlaşır. İş orasındadır ki, Ermənistan da bu istəkdədir. Ancaq Moskvadan fərqli olaraq, İrəvanın istəyi daha mürəkkəbdir. Ermənistan məhz Rusiya ilə təhlükəsizlik şərtini qorumaqla Qərblə əlaqələr qurmaq və investisiyalar cəlb etmək istəyir. Bu baxımdan da bu gün Ermənistanda sözügedən siyasi proseslər baş verir. Ən maraqlısı isə bu proseslərin son bir həftədə daha güclənməsidir.

– Ümumiyyətlə, Rusiyanın belə bir ərəfədə Ermənistanla bağlı narahatlığı nə dərəcədə inandırıcıdır?

– Lavrovun Ermənistanla bağlı son açıqlaması heç də qeyd etdiyim sxemdən kənar deyil. Yəni Rusiya göstərmək istəyir ki, məhz erməni siyasətçilərinin addımları onları belə davranmağa, yəni Ermənistanın yeni siyasətini qəbul etməməyə və bunun nəticəsi olaraq da forpostundan uzaqlaşmağa vadar edir. Bu bəyanat Rusiyanın gələcək taktikasının cizgilərini göstərir. Söhbət bu və ya digər məsələlərdə Ermənistanı ittiham edərək öz siyasətini yürütmək və lazım olmayan, xeyir gətirməyən xarici tərəfdaşlardan azad olmaqdan gedir.

– KTMT-nin baş katib Yuri Xaçaturova qarşı İrəvanın başlatdığı prosesi necə qiymətləndirirsiniz?

– Yuri Xaçaturov məsələsinə gəlincə, o, nominal bir fiqur idi. Onun KTMT-nin rəhbərliyində olub-olmaması həlledici rola malik deyil. Ermənistanın Xaçaturovla bağlı başlatdığı proses Rusiya tərəfindən bir bəhanə kimi qəbul olunur və Paşinyanın ciddi bir səhvi olaraq göstərilir. Əslində isə Xaçaturovun vəzifədən uzaqlaşdırılmasının Rusiya üçün hansısa əhəmiyyət kəsb etdiyinə inanmıram.

– Ermənistandakı bu siyasi proseslərin sonunu necə görürsünüz və baş verənlər fonunda Moskva-İrəvan gərginliyi arta bilərmi?

– Ermənistanda baş verən ümumi proseslər hazırkı istiqamətdə də gedəcək. Qarşıda bunu təsdiqləyən hansısa hadisələr baş verəcək. Yəni Ermənistan öz daxilində antirus addımlar atacaq. Belə ki, rusiyapərəst siyasətçilərin həbsi, onların siyasətdən kənarlaşdırılması və həmin şəxslərin siyasi aktivliyinin məhdudlaşdırılması prosesi davamlı olacaq. Çünki Paşinyan öz hakimiyyətini gücləndirmək üçün bu və ya digər qüvvələrə xidmət edən dairələrdən azad olmaq siyasətini yeridəcək. Rusiya da öz növbəsində forpostunun ona zidd siyasətinin ifşasını davam etdirəcək. Beləliklə, Ermənistandakı bu təbii proseslər davamlı olacaq. Rusiya Ukrayna böhranının elementlərinin sərhədlərinə çox yaxın olduğu bir məqamda Cənubi Qafqazda izolyasiya olan, heç kəsə lazım olmayan, daim antitürk rolu oynayan bir ölkə ilə yaxın olmaq istəmir. Bu baxımdan da Moskva çiyindəki siyasi yükdən azad olmağa çalışacaq və bu istiqamətdə başlatdığı prosesi davam etdirəcək.

– Ümumiyyətlə, belə bir vəziyyət Azərbaycana sərf edirmi?

– Hesab edirəm ki, Azərbaycanın çox rasional bir mövqeyi var. Təbii ki, məqsədimiz dəyişməz olaraq qalır, işğal olunmuş torpaqlarımız azad olunmalı və evlərindən didərgin düşmüş insanlar öz torpaqlarına qayıtmalıdır.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Düzünü deyim, hamımız qorxmuşduq…” -Deputatın Heydər Əliyev xatirələri…

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov ümummilli lider …