Fuad Ağayev:“Bakıda sökülən evlərlə bağlı dövlət zəmanəti olmalıdır”

Vəkil Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində Bakıda son dövrlər sökülən evlər və mülkiyyət hüququndan danışıb.

Son dövrlər Bakı şəhərində evlərin kütləvi söküntüsü davam edir. Bu hallarla bağlı ümumi hüquqi normalar varmı?

-Fuad Ağayev: Mənim müşahidələrimə görə Bakıda evlərin söküntüsü haradasa on ilə yaxındır davam edir. Füzuli küçəsi, Mirzəağa Əliyev küçəsində (keçmiş Basin) yerləşən ərazilərdə evlər hələ 2009-2010-cu illərdə intensiv şəkildə sökülürdü. O ki, qaldı normalara, birinci növbədə konstitusiyaya müraciət etməliyik. Dövlət ehtiyacları olmadan hər hansı kəsin, istər dövlət orqanı, istərsə özəl şirkət, istərsə də fərdi şəxs olsun, onların hansısa evləri, binaları, daşınmaz əmlakı məhv etmək hüququ yoxdur. Əfsuslar olsun ki, çoxları bunu bilmir. Yəni, bunu törədənlərin əksəriyyəti bilir, amma vətəndaşların çoxları bilmir, biləndə də onların müdafiə imkanları çox məhduddur. Ona görə ki, Azərbaycanda məhkəmələr müstəqil deyil və qanunu rəhbər tutmurlar.

Bəzən elə şirkətlər tikintiyə cəlb olunur ki, hətta onlar haqqında axtarış sistemlərində belə məlumat əldə etmək mümkün deyil. Vətəndaşlarla bağlanan müqavilələr notariat qaydasında təsdiq olunmur, risklərin sığortası yoxdur. Bu hallarda hökumət vətəndaşların hüquqlarının qorunması sahəsində hansı işlər görməlidir?

-Birinci növbədə qanun rəhbər tutulmalıdır. Hazırda Bakıda bütün bu köhnə tikililərin söküntüsü prosesini bir qayda olaraq pilot layihə adlandırırlar. Bu, ümumiyyətlə ağlabatan deyil. Pilot layihə deyəndə, bir qayda olaraq hansısa bir-iki, uzağı üç nümunəvi layihələri nəzərdə tuturlar. Amma Bakının böyük bir hissəsinin söküntüsünü pilot layihə adlandırmaq nə qanuna uyğundur, nə də ki, mövcud beynəlxalq təcrtübəyə müvafiq deyil. O ki, qaldı siz sadaladığınız şirkətlərə, normal, qanunu rəhbər tutan dövlətlərdə bu proses başqa cür gedir. Əgər, dövlət adından hansısa evlər sökülürsə orada mütləq dövlət orqanının iştirakı olmalıdır. Dövlət zəmanəti, təminatı mütləq olmalıdır. Hansısa tanınmayan və naməlum səbəblərdən ortaya düşmüş şirkətlərin iştirakı, onların əksəriyyətinin kifayət qədər nizamnamə fondunun olmaması, müstəqil şəkildə bəyan edə biləcəkləri vəsaitlərinin olmaması əlbəttə, gələcəkdə ciddi problemlər yarada bilər. Əgər, fərd özəl şirkətlə müqavilə bağlayırsa, doğrudan da belə bir mənzərə yarana bilər ki, sabah bu özəl şirkətin maliyyə mənbələri birdən-birə maliyyələşdirməni dayandırır, bu şirkət iflasa uğrayar. Belə olan halda nəticə etibarı ilə vətəndaş nə etməlidir? Vətəndaşın evi yoxdur, onun evinin yerində artıq heç nə tikilmir və ona kirayə haqqı ödənmir. Bu suallar bir çox vətəndaşlar tərəfindən verilir. Əfsuslar olsun ki, məhkəmələrdə bu cür problemlərə çox diqqətsiz yanaşırlar. Məhkəmələrin borcları olduğu halda ki, belə qanunsuz söküntülərin qarşısını alsınlar, məhkəmələr bunu etmir.

Evlərin söküntüsü zamanı hüquqları pozulan vətəndaşlar hansı addımları atmalıdır? Bu sahədə presedent məhkəmə qərarları varmı? Məhkəmə qərarlarının icrası vəziyyəti necədir?

-Birincisi, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı, yəni bilavasitə bu cür problematikaya aid iki qərarı var. Bakının Xutor ərazisində söküntülərlə bağlı Haqverdiyeva Azərbaycana qarşı iş üzrə və Xalikova Azərbaycana qarşı iş üzrə Avropa İnsan Hüqulqrı Məhkəməsi müəyyən edib ki, dövlət ehtiyacları mövcud deyilsə, əgər buna dair Nazirlər Kabinetinin qərarı yoxdursa, birmənalı olaraq insanların mülkiyyət hüququ pozulub. O ki, qaldı qərarların icrasına, indiyənədək bir sıra qərarlar var ki, icra edilməyib. Yəni vətəndaşlara, onların daşınmaz əmlakına vurulmuş ziyana görə ödəniləsi kompensasiya ümumiyyətlə və tam ödənilməyib. Belə hallar mövcuddur.

loading...