Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Müsahibə / “Bütün komandalar Rusiyaya işləyir” – Sərdar Cəlaloğlu

“Bütün komandalar Rusiyaya işləyir” – Sərdar Cəlaloğlu

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edirik:

– Sərdar bəy, Ermənistanda seçkiqabağı situasiyanı necə qiymətləndirirsiniz?

– Ermənistanda qeyri-adi hadisə yoxdur. Rusiya hakimiyyət dəyişikliyi formasında siyasət aparır ki, erməni xalqı rusların oyununa bir az da dözsünlər. Ermənistanda kim hakimiyyətə gəlir-gəlsin, o, nə Ermənistanın müstəqilliyi, nə də erməni xalqının xoşbəxtliyi ilə bağlı addım ata bilər. Ermənilərin torpaq iddiası onları müstəqillikdən məhrum edib. Bu, Rusiyanın bölgədə kifayət qədər nüfuz qazanmasına və onu təsir dairəsinə almasına xidmət edir. Ermənistanda seçkilərin nəticəsinin oradakı hadisələrə təsiri olmayacaq.

– Hansı tərəf daha çox səs alacaq, Paşinyanın rəhbərlik etdiyi blok və dəstəklədiyi partiyalar, yoxsa indi müxalifətdə olan respublikaçılar? 

– Bir halda ki, orada bütün hadisələri Rusiya tənzimləyir, kimi məsləhət bilsələr, o da qalib gələcək. Ədalətli seçkidən, xalqın iradəsinin ifadəsindən söhbət gedə bilməz. Bütün komandalar Rusiyaya işləyir. Rusiya üçün kimin qələbə çalmasının o qədər də əhəmiyyəti yoxdur. Əsas odur ki, Ermənistan əvvəlki kimi Rusiyanın maşası olsun, Azərbaycanın müstəqilliyinə qarşı əngəl yaratsın, Rusiyanın Cənubi Qafqazda qalmasına şərait yaratsın. Bunu Paşinyan da, Tsarukyan da qalib gəlsə, edəcək.

– Bəzən belə fikirlər irəli sürülür ki, əslində Nikol Paşinyan Qərbin adamıdır və inqilab yolu ilə hakimiyyətə gətirildi. Amma siz əksini iddia edirsiniz. 

– Paşinyan Qərbin adamı idisə, başlatdığı hərəkata Qərbdən dəstək olardı. Məsələn, Ukraynada demokratik hərəkat başlayanda ABŞ dövlət katibinin nümayəndələri gəlib meydanda camaata çörək paylayırdı. Gürcüstanda da Saakaşvili hakimiyyəti üzvlərininmaaşlarını uzun müddət Amerika verdi. Ancaq Ermənistanda bu proses başlayanda Qərbdən bəyanat səsləndi ki, sadəcə, müşahidə edirik. Bu yaxınlarda Paşinyanın ABŞ və Avropa ölkələrinə yardımla bağlı çağırışına da heç bir reaksiya olmadı. Avropa dövlətləri aşkar şəkildə Ermənistana maliyyə dəstəyi verirdi. Görəndə ki Ermənistan Rusiyanın quberniyası kimidir və verilən pulları Ermənistan vasitəsilə Rusiyaya vermiş olur, Rusiyanı aldıqları blokadadan Ermənistan vasitəsilə çıxarmaq istəmədilər və ona görə də heç bir maliyyə dəstəyi göstərmədilər. Ermənistan necə Qərbyönümlü ola bilər ki, Qərbin dəyərləri erməni xalqının və Ermənistan dövlətinin bu gün həyata keçirdiyi siyasətə tamamilə ziddir. Başqa ölkənin torpaqlarını işğal ediblər, Rusiya qoşunlarını öz ərazisində saxlayırlar, daxili və xarici siyasət Rusiyanın icazəsi ilə aparılır.

Heç vaxt Ermənistanda Qərbpərəst qüvvələr yetişə bilməz. Düzdür, SSRİ dağılanda bəziləri meydana çıxdı, onları da məhv elədilər. Ermənistanda Qərbyönümlü Dəmirçiyan idi. Hətta sovet hökuməti vaxtında milli məsələni düzgün qurmadığına görə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsindən töhmət almışdı. Hakimiyyətə gələndən sonra ölkəni Rusiyanın təsirindən çıxarıb Qərbin siyasi sərhədləri daxilinə salmaq istəyirdi. Girib parlamentdə onu güllələdilər. Qərbpərəst və ya ruspərəst olmaq düşünülən qədər asan deyil, bəyanatların heç bir əhəmiyyəti yoxdur. Rusiya Ermənistanın ambisiyalarına kifayət qədər xidmət edir. Jirinovski dəfələrlə deyib ki, Azərbaycandan torpaq alıb sizə dövlət yaratmışıq, indi də Azərbaycanın bir parçasını qoparıb yenidən sizə veririk, bunun müqabilində nə deyiriksə, etməlisiniz.

– Elə isə Rusiya niyə Paşinyana “stavka” elədi?

– Müəyyən qüvvələrin hakimiyyətdə qalması daxildə xeyli problemlər yaradır, korrupsiya, rüşvətxorluq baş alıb gedir. Rusiya özü kasıblayıb, Ermənistana pul ayıra bilmir və orada iqtisadi problemlər yaranıb. Təbii ki, daxildə camaat hakimiyyətdən narazılıq edir. Rusiya öz dayaqlarını möhkəmləndirmək üçün Sərkisyanın komandasının başqa komanda ilə əvəzlənməsi ilə bağlı göstəriş verdi ki, bir müddətlik ermənilər yeni hakimiyyət gəldiyinə və xoşbəxt yaşayacaqlarına inansınlar. Ancaq Ermənistanda heç bir dəyişiklik olmayacaq.

– ABŞ-ın Ermənistana təyin edəcəyi xanım səfir Linn Treysin xüsusi missiya ilə göndərildiyi barədə xəbərlər yayılıb. Sizcə, bu missiya nədən ibarət ola bilər?

– ABŞ Konqresi belə qərar qəbul elədi ki, keçmiş SSRİ respublikaları ilə əlaqələr gücləndirilsin, siyasi iş yenidən qurulsun, həmin ölkələrdə gedən proseslərə bu və ya başqa şəkildə müdaxilə olunsun. Bu baxımdan əgər Konqresin qəbul etdiyi qərar həyata keçəcəksə, regiona çox ciddi adamlar göndəriləcək, bəzi səfirlər kimi ancaq təmsilçilik missiyası həyata keçirməyəcəklər, dəyişiklik üçün həm müxalifət, həm də iqtidarla işləyəcəklər.

Ola bilsin, Ermənistana göndərilən səfir də bu missiya ilə gələcək. Səfirlərdən heç nə asılı deyil, onlara nə tapşırılsa, icra edəcəklər. Ermənistanda vəziyyət olduqca çətin olacaq, çünki ölkə ərazisində rus qoşunları var və ermənilər öz ambisiyalarına görə, Rusiyanın buyruğuna getməyə məcburdurlar. Ermənistanın demokratikləşməsinin birinci əlaməti Qarabağdan imtina eləmək olacaq. İmtina eləmirsə, deməli, Ermənistan heç vaxt nə Rusiyanın təsir dairəsindən çıxacaq, nə də orada demokratikləşmə olacaq.

– Bəs sabiq prezidentlər Robert Köçəryanla və Serj Sərkisyanın revanşı olacaqmı? 

– Mafiyanın boğuşması Azərbaycan-Ermənistan münasibətinə təsir etməyəcək. Həqiqətən demokratik qüvvə hakimiyyətə gəlməyə cəhd edərsə, Ermənistanı Qərb siyasi həyatına doğru aparmaq niyyətində olan, rus qoşunlarının ölkədən çıxarılmasını, qonşuları ilə beynəlxalq hüquqa uyğun münasibət qurmaq istəyən qüvvə olarsa, biz o siyasi qüvvə ilə maraqlanmalı, onun bütün fəaliyyətini izləyib qiymət verməliyik. Hələlik belə qüvvənin meydana çıxma ehtimalı yoxdur.

Vaxtilə Akopyan kimi Qərbyönümlü insanlar var idi, indi onlar Ermənistan cəmiyyətində həddən artıq az dəstəyə malikdir. Məsələn, Akopyan parlamentin üzvü idi, deyirdi ki, Dağlıq Qarabağ Azərbaycanındır, niyə bu torpaqlara iddia edib öz müstəqilliyimizdən imtina edirik? Belə adamlar az dəstəkləndi. Ayrekan adlı siyasətçi isə söyləyirdi ki, Ermənistanla Azərbaycan bir-birinə qarşı yox, birləşib Rusiyaya qarşı mübarizə aparmalıdır. Belə yüksək demokratik fikirli adamlar Ermənistanda da vardı, amma xalqdan yüksək dəstək almadılar. Daxildə klanlar bir-biri ilə vuruşur-vuruşsun, ona diqqət etmək doğru olmazdı.

– Hazırda seçki uğrunda mübarizə aparanlar içərisində belə qüvvələrin olmamasının səbəbi nədir?

– Ermənistan Rusiyanın total nəzarəti altındadır, orada xalqın kimə səs verməsi o qədər də əhəmiyyət kəsb eləmir. Əslində ona seçki demək də gülüncdür, çünki Rusiyanın təyinatıdır. Sovetlər dönəmində Ermənistan daha müstəqil idi, Dəmirçiyan milli siyasət aparırdı, nəinki indiki Ermənistan. Çünki Rusiya nə desə, Ermənistan tutuquşu kimi təkrarlayır. (Teleqraf.com)

VIPedu.BIZ

Həmçinin oxuyun

Mixail Zabelin: “Burada yaşayan rus uşaqlar Azərbaycan dilini mütləq öyrənməlidirlər”

Azərbaycan məktəblərində rus dili müəllimləri çatışmır və eləcə də rusdilli uşaqlara Azərbaycan dili keyfiyyətli şəkildə …