Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Valideynlər ət maşınında çəkilmiş barmaqları götürüb gətirirlər ki…”

“Valideynlər ət maşınında çəkilmiş barmaqları götürüb gətirirlər ki…”

“Valideyn səhlənkarlığından körpə uşaqların əli ət maşınında qalır. Valideyn də doğranmış barmaqları yenidən bərpa olunacaq ümidi ilə gətirirlər, lakin ət maşınında qalmış barmaqları bərpa etmək mümkün olmur”.

Virtualaz.org saytı xəbər verir ki, bunu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Əl cərrahiyyəsi şöbəsinin rəhbəri Fikrət Qafarov deyib.

Onun sözlərinə görə, aparılan təbliğatlara baxmayaraq, körpə uşaqların əlinin ət maşınında qalması halları azalmır, hətta əksinə, son vaxtlar belə hadisələr adiləşib. “Hazırda bizim şöbədə belə xəstələr müalicə alır. Zədələnmiş əli bərpa etmək üçün bir neçə əməliyyat lazım olur. Ümumiyyətlə, əl travmaları ümumi travmaların 40 faizini təşkil edir. Bundan əlavə, uşağın əlinin qaz və elektrik sobasında yanması faktları da çoxdur”, – F.Qafarov deyib.

Şöbə rəhbəri sərxoş halda əlin şüşəyə vurulması, mürəkkəb alətlərdən düzgün istifadə etməmək səbəbindən xəsarətlərin çox olduğunu da qeyd edib: “Bəzən isə qeyri-peşəkar həkimlər tərəfindən edilən əməliyyatlar çox ağır fəsadlara yol açır. Hər bir xəstəliklə ixtisasına uyğun həkim məşğul olmalıdır”.

İnstitutun direktoru Vaqif Verdiyev isə deyib ki, müraciət edənlərin əksəriyyəti ağır vəziyyət yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlardır. Əvvəlki illərə nisbətən yol qəzalarında ağır xəsarətlərin faiz göstəricisi artıb. Hazırda yol nəqliyyat travmatizmi ilə əlaqədar elmi araşdırmalar aparılır. “Ən çox müraciətlər qışda və yayda qeydə alınır. İl ərzində 10 minə yaxın müraciət daxil olur”,- direktor deyib.

İnstitutun Kəskin travmatologiya şöbəsinin müdiri Qələndər Canbaxışov isə söyləyib ki, zədələnmələrlə bağlı müraciət edən xəstələrin 95-98 faizi cərrahiyyə əməliyyatına məruz qalır. “Əvvəllər qəzalarda bir-iki sınıq olurdusa, hazırda çoxseqmentli sınıqlarla müraciət edənlərin sayı daha çoxdur. Buna səbəb isə, birinci yerdə, yüksək sürətdir. Yolun və avtomobillərin nasazlığı, təhlükəsilik kəmərindən istifadə etməmək də yol qəzalarında ağır xəsarətlə nəticələnir”, -Q.Canbaxışov qeyd edib.

 

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın