Ana səhifə / Media / Universitet qəzetlərinin “ölüm səbəbləri” – Facebookun hələ ki “yemədiyi” kağızlar

Universitet qəzetlərinin “ölüm səbəbləri” – Facebookun hələ ki “yemədiyi” kağızlar

AzEdu.az universitet qəzetlərinin fəaliyyəti ilə bağlı  kiçik araşdırma aparıb.

Bəzi universitetlər qəzetlərin fəaliyyətini qənaətbəxş hesab etdiyi halda, bəzilərində ümumiyyətlə, qəzet çap edilmədiyi məlum olub.
“Universitetin “Gənc müəllim” qəzeti 1954-cü ildən çap olunur və burada  universitetlə bağlı tədbirlər, müəllim  və tələbələrin məqalələri  dərc olunur.”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Mənsur İbrahimov ADPU-nun “Gənc müəllim” qəzeti barəsində ətraflı danışıb:
“Azərbaycan Dövlət Pedaqoji Universitetində 1954-cü ildən etibarən “Gənc müəllim” qəzeti fəaliyyət göstərir. Hazırda həmin qəzet ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin nəzdində fəaliyyət göstərir. Ayda bir dəfə çıxan qəzet A3 formatında, 8 səhifədən ibarətdir  və universitet tərəfindən maliyyələşdirilir.
“Gənc müəllim” qəzeti böyük ənənələrə malikdir. Bu qəzetdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, ictimai-mədəni, elmi-pedaqoji həyatı öz əksini tapır. Yəni, universitetdə keçirilən mədəni-kütləvi tədbirlər, müəllim və tələbələrin yazıları bu qəzetdə dərc olunur.
Tələbələrin qəzetə marağı yüksəkdir. Universitetin müəllim və tələbələri bu qəzetdə öz məqalələri ilə çıxış edirlər. Ümumiyyətlə, universitetdə elə bir sahə yoxdur ki, qəzetdə öz əksini tapmasın.
Universitetdə 8 fakültə var və 1500 tirajla nəşr olunan qəzet tələbələrin və müəllimlərin sayına uyğun olaraq fakültələr arasında paylanır.”
“Universitetimizin dərc olunan bir qəzeti yoxdur”. 
Bakı Slavyan Universitetinin mətbuat katibi İbrahim Quliyevin isə məsələyə münasibəti konkret olub:
“Bakı Slavyan Universitetində heç bir qəzet dərc olunmur. Bizim xəbər və məlumatlar  elektron variantda verilir.  Universitetimizin rəsmi saytı və feysbuk səhifəsi var ki, universitetin həyatı ilə bağlı bütün  yazılar burada öz əksini tapır”.
“Universitet qəzetləri içərisində ilk dəfə  “Poliqlot” Azərbaycan Mətbuat Şurasına üzv qəbul olunub”
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ağa Cəfərli təmsil etdiyi universitetin qəzetindən ürəkdolusu danışıb:
“Universitetin rəsmi mətbu orqanı olan “Poliqlot” qəzeti 2000-ci ilin dekabrından etibarən, nəşr olunur. Universitet büdcəsi hesabına maliyələşən, rəngli formatda nəşr olunan 8 səhifəlik qəzetdə əməkdaş və tələbələr məqalə, kiçik hekayə, şeir və maraqlandıqları mövzu ilə bağlı analitik yazılarını və müxtəlif materiallarını dərc etdirirlər. Bundan başqa, qəzetdə universitetin müəllim və tələbə heyətinin fəaliyyəti, ölkədə və xaricdə qazanılan uğurları, əməkdaşların elmi yaradıcılığını əks etdirən məqalələr, eləcə də təşkil edilən tədbirlər, konfranslar, seminarlar, açıq dərslər, dəyirmi masalar, o cümlədən, rəhbərliyin görüşləri haqqında məlumatlar dərc edilir. 
Qəzet universitetin professor-müəllim heyəti və tələbələri ilə, həmçinin ADU-ya gələn xarici qonaqlarla müsahibələr hazırlayır, ali təhsil müəssisəsinin tələbələri və məzunları ilə yaxından əməkdaşlıq edir. “Poliqlot”  ayda bir dəfə çap olunur. Qeyd edək ki, universitetlər içərisində ilk dəfə məhz ADU-nun rəsmi mətbu orqanı olan “Poliqlot” qəzeti 22 oktyabr 2009-cu ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul olunub”. 

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …