“Space”ni iki aparıcı tərk etdi…

Ölkənin tanınmış televiziya kanallarından biri olan “Space”-nin iki əməkdaşı ötən həftə öz işini tərk edib. Belə ki, aktrisa-aparıcı Ümnisə Hacıyeva (Umka) bir neçə gün öncə televiziya ilə yollarını ayırmaq qərarına gəlib. Xatırladaq ki, Ümnisə Hacıyeva bundan əvvəl “Sənətsevər plus”, “İdman hamı üçün” verilişlərinin aparıcısı olub. Onun televiziyadan getməsinin səbəbi hələ ki, məlum deyil.

Ötən həftə əməkdar artist Əkbər Əlizadə də Space TV-ni tərk etdiyini açıqlayıb. Qeyd edək ki, əməkdar artist bu televiziya kanalında “Hər səhər” verilişinin aparıcısı idi. Bu günlərdə isə aparıcı efir zamanı işdən çıxdığını elan edib:

“İşlərimin çoxluğu ilə bağlı gedirəm. Reklam və anons xatirinə deyil, həqiqətən də gedirəm. Yorğunluqla bağlıdır. Sağlamlığıma görə dincəlirəm”. Aparıcı bundan sonra efiri gənc aktyor Əlibəy Məmmədlinin aparacağını bildirib. Qeyd edək ki, Əkbər bir müddət bundan əvvəl də Space TV-dən getmiş, daha sonra geri qayıtmışdı. Aktyor teatrda çalışmaqla yanaşı hazırda “Qız atası” serialında da çəkilir.

Qeyd edək ki, iki aparıcının eyni vaxtda televiziya kanalını tərk etməsi müəyyən söz-söhbətə səbəb olub. Bəzi iddialara görə bir sıra televiziya kanallarında olduğu kimi “Space”də maaş gecikdirmələrinə görə aparıcılar öz işini tərk etmək qərarına gəlir.
Məsələyə aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın əməkdaşı adıçəkilən TV ilə əlaqə saxlayıb. Qurumun icraçı direktoru Kamil Şahverdiyev yayılan iddiaları təkzib edib:

“Space”də kütləvi istefalar yoxdur. Bildiyiniz kimi Əkbər Əlizadə uzun illərdir ki, televiziyamızda çalışır. Sadəcə o, işləri ilə bağlı aparıcılığa ara vermək qərarına gəlib. Bildiyiniz kimi Əkbər ara-sıra işləri ilə bağlı efirə fasilə verir. Çox güman ki, yenə də müəyyən işlərini həll etdikdən sonra yenidən qayıdacaq. Lakin onun bu dəfə də geri qayıdıb-qayıtmayacağı ilə bağlı hələ ki, dəqiq bir söz deyə bilmərəm. Lakin qeyd edim ki, biz aparıcılarımız ilə dava-dalaşla ayrılmamışıq. Sadəcə insandır, bir müddət işlədikdən sonra istirahətə qərar verir və yaxud başqa işlərini həll edir. Biz onun işdən getməsi xahişinə müsbət yanaşdıq. Bildirdi ki, səhhəti ilə bağlı işdən ayrılmaq istəyir və başqa işlərlə məşğul olacaq. Biz də onunla sağollaşıb-halallaşdıq.

Umka ilə bağlı məsələdə də problem yaşanmayıb. Aparıcı bildirdi ki, işlərini çatdırmır, başqa dəvətləri var. Biz də onun getmək istəyini qəbul etdik. Zorla kimi saxlamaq olmaz ki… “

Kamil Şahverdiyev televiziya maaşların gecikdirilməsi iddialarına da cavab verib:
“Maaşlarla bağlı heç bir problemimiz yoxdur. Vaxtlı-vaxtında maaşlar verilir. Azacıq gecikdirmələr hər yerdə olduğu kimi bizdə də bəzən yaşanır. Ola bilsin ki, qısa müddətli, 3-4 günlük gecikmələr olur, amma bu heç də böyük problemə çevrilmir”. (Musavat.com)