Ana səhifə / Media / Sayt rəhbəri Ramil Usubova müraciət etdi: “Şəki polisindən Ülvi Nəzərli adlı şəxs məni əsassız suallarla narahat edir”

Sayt rəhbəri Ramil Usubova müraciət etdi: “Şəki polisindən Ülvi Nəzərli adlı şəxs məni əsassız suallarla narahat edir”

“Demokratik.Az”-ın məlumatına görə, ötən ilin dekabrında həmin saytda  “Şəki Aqro İndastris MMC” barədə yayımlanan ifşaedici xəbərlər qarşı tərəfi hiddətləndirib. Yazılanlara hər hansı münasibət sərgiləməyən, faktlara hansısa aydınlıq gətirməyən şəxslər nədənsə özbaşınalıqlarını analiz etməməklə yetinməyib, sonda polis vasitəsilə peşə fəaliyyətimizə qarşı güc sınamağa qərar veriblər. Bəli, “Şəki Aqro İndastris MMC”-ni idarə edən bir neçə ədabaz öz nöqsanlarını aradan qaldırmaq əvəzinə, onlara həqiqəti və səhfləri göstərən bir “güzgü”nü Şəki Polis şöbəsinin otaqlarından daş-qalaq edirlər. “Demokratik.Az”-ın rəhbəri Osman Nərimanoğlunun dediyinə görə, özünü Şəki Polis şöbənin təhqiqatçısı kimi qələmə verən Ülvi Nəzərli adlı şəxs dəfələrlə (055-364-88-77) zəng edərək onu əsassız sorğu-suallarla narahat edib.
Təhqiqatçı məlum məqalədə adıçəkilən MMC direktoru Elşən Ağalarovun şikayəti əsasında jurnalistin peşə fəaliyyətinə senzura və təqibə yol verir, məlumatların böhtan tərəfini araşdırır. Jurnalistin dediyinə görə, qanunvericiliklə yayımlanan məlumatlarda Şəki polisinin araşdırmalı olduğu məqamlar var. Amma polis məsələnin məğzini özünə aid olmayan hissələrə yönəldir. Diqqətçəkən məqam isə odur ki, yazıların araşdırılması üçün dəfələrlə Baş prokurorluğa, Şəki prokurorluğuna redaksiyanın müraciəti cavabsız qaldığı halda, nöqsanında boğulanların səsi gur çıxır. Yəni, əgər məqalədə hansısa böhtan varsa və kimsə şikayətçidirsə buna məhkəmə hüquqi qiymət verə bilər. Şəki polisinin hərəkətini özünə qarşı sifariş, qorxutmaq və susdurmaq cəhdi hesab edən sayt rəhbəri olayla bağlı ölkənin Daxili İşlər Naziri cənab Ramil Usubova da müraciət yazıb. Müraciətdə deyilir: Şəki polisi “Demokratik.Az”a “hücum çəkdi” – Sayt rəhbəri Ramil Usubova yazdı” Möhtərəm cənab Ramil Usubov! Sizcə polisə kimlər etibar edir? – Heç şübhəsiz, vicdanı təmiz olanlar və qanunlar əsasında yaşayanlar.
Bəs polisə niyə hörmət edirlər? Çünki, polislər qanunların və insan haqlarının qorunmasına, bütövlükdə cəmiyyətin təhlükəsizliyinə xidmət edir. Elə sizlərə bu müraciətimin qayəsində də sizin timsalınızda milli polisimə olan hədsiz etibarım, rəğbət və məhəbbətim dayanır. Azərbaycanın ictimai-siyasi həyatında mühüm yeri olan, dövlətçiliyimizin qorunub saxlanmasına və asayişimizin təmin olunmasına mükəlləf olan POLİSLƏRİMİZ VAR OLSUN. Əgər bir jurnalist vicdanlı qələmin, müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkməlidirsə, polis də ictimai təhlükəsizliyi və qanunçuluğu ləyaqətlə qoruyacağına dair bir and içir. Bu şərəfli anda isə POLİS ANDI deyirlər! Andını pozmayan polislərimizin ANDI VAR OLSUN! Hörmətli cənab Ramil Usubov! Azərbaycanda öz andına sadiq olan və çiyinlərinə düşən vəzifəsini şərəflə yerinə yetirən polislərimiz yetərincədir. Buna baxmayaraq, heç mübaliğəsiz nümunəvi polis seçimini edərkən ölkə ictimaiyyətinin yadına düşəcək ilk isim məhz sizin isminizdir. Bu bir həqiqətdir və təsadüfi deyil. Sizin nümunəvi polis portetiniz müasir tariximizin acı süzgəcindən keçərək özünə bugünün real vəsiqəsini qazana bilib. Bu fikir aşağıdakı sətirlərimdə də öz isbatını tapacaq. Yaşımın az olmasına baxmayaraq, artıq mürəkkəb və təbəqələşmiş kapitalist quruluşlu cəmiyyətimizdə pisi yaxşıdan ayıracaq, ayrı-ayrı peşə və vəzifə adamları arasında özümə nümunə və kumir seçəcək qədər əqlə-ağıla sahibəm. İnanmayacaqsınız, amma mənim artıq əbədi bir kumirim var! – illərdir ki, həyatda necə yaşamağımı o mənə öyrədir. Əlimə qələm alıb bir-iki sətir cızmaqara edəndə O öz zəhmini, mərhəmətini və tələbkarlığını məndən əsla əsirgəmir. Mənim kumirim milyonların lideri, ən yeni Azərbaycan tarixinin ən parlaq şəxsiyyətidir. Mənim nurlu mayakım cümləmizin gələcəyinə gür işıq saçan, xalqımızın varoluşunu təmin edən əbədiyaşar prezidentimiz mərhum Heydər Əlirza oğlu Əliyevdir. Cılız əqidəmə görə, dahi öndər Heydər Əliyevin zəngin irsi, özlüyündə bir ömür daşıdığı qeyri-adi xarizmatik xüsusiyyətləri onu bundan sonra da insanların gözündə və əqidəsində əsl Azərbaycan kişisi kimi canlandıra biləcək.
Heydər Əliyev şəxsiyyəti mənim kimi gələcək nəsillərin də zehninə ən əzəmətli kumir olaraq yol tapacaq! Şəki polisi “Demokratik.Az”a “hücum çəkdi” – Sayt rəhbəri Ramil Usubova yazdıHörmətli cənab Ramil Usubov! Mərhum Heydər Əliyevin adını sizlərə təsadüfdən çəkmədim və bu nəhəng tarixi şəxsiyyət mənim üçün sıradan seçdiyim bir kumir deyil. Sağlığında olduğu kimi, bu gün də yaşadığımız dövrün müxtəlif çağırışları qarşısında qalanda ulu öndərin idarəçilik məktəbinə müraciət edirik. Məhz Heydər Məktəbi bizə önə doğru növbəti və doğru addımlar atmağı öyrədir, yardımçımız olur. Və bu məqamda sizə – Heydər Əliyev Məktəbinin ən parlaq bir müdaviminə mənim müraciət etmək, kömək diləmək haqqım var. Xatırladım ki, sizi 1994-cü ildə Azərbaycan Daxili İşlər Naziri vəzifəsinə layiq görən, o ağrılı-acılı çətin illərdə ölkəmizin asayişini sizlərə etibar edən də məhz mərhum prezidentimiz Heydər Əliyev olub. Heydər Əliyevin özü sağlığında dəfələrlə sizə etibarını, inamını aşkar ifadə edib, sizin fəaliyyətinizi həmişə çox yüksək qiymətləndirib. Haqlı olaraq bizlərə məhz sizi nümunəvi polis qismində təqdim edib. Hörmətli cənab Ramil Usubov! Zaman özü də artıq xalqa sübut edib ki, uzaqgörən liderimiz bir asayiş nazirinə etimad və inamında yanılmayıb. Bu gün Azərbaycan Polisi sizin sağlam və dürüst əqidənizlə təkmilləşərək, polis adını hər bir azərbaycanlının qürur və güvəncə yerinə çevirə bilib. Bu, nəticədə sizin böyüklüyünüzdür, xüsusilə də mərhum Heydər Əliyevə olan rəğbət və məhəbbətinizdir, ulu öndərimizə və bəşəri ideyalarına sonsuz sədaqətinizdir.
SƏDAQƏTİNİZLƏ VAR OLUN CƏNAB NAZİR! Hörmətli cənab Ramil Usubov! Bunca nikbin notlardan sonra təəssüf ki, rəhbərlik etdiyiniz nazirliyin nüfuzuna xələl gətirən, öz hərəkət və ya özfəaliyyətləri ilə cəmiyyətin polisə olan inamını qırmağa cəhd edən şəxslərin varlığını da xatırladıram. Sevindirici və təqdirəlayiqdir ki, mütamadi polis hüquqpozmalarına qarşı tərəfinizdən operativ tədbirlər həyata keçirilir. Nəticədə nazirlik tərəfindən xidməti vəzifələrini korrupsiya, şəxsi mənfəət və qeyri yollarla “tənzimləyən” polislərə qarşı tələbkarlıqla cəza tədbirləri görülür, hətta belələri işdən qovulur. Təbii ki, bu kimi hallar cəmiyyətlə polis arasındakı möhkəm və qarşılıqlı etibarı sarsıda bilməz. Birmənalıdır, sizin etimadınıza dönüklük edən polislərə qarşı isə hər bir vətəndaş mübariz olmalıdır. Hörmətli cənab Ramil Usubov! Mən kiçik qələm əhliyəm və bacardığım qədər ölkəmizdə baş verən ictimai-siyasi proseslərdə fəal iştirak edirəm. Rəhbəri olduğum “Demokratik Dövlət” qəzeti redaksiyası və “Demokratik.Az” saytı vasitəsilə dövlətçiliyimizin inkişafında fəal iştirak etməklə ədalətlə, qərəzsiz və vicdanlı jurnalist kimi fəaliyyət göstərməyi qarşıma məqsəd qoymuşam. Təəssüf ki, son günlər peşə fəaliyyətimlə əlaqədar Şəki rayon polis şöbəsinin təqibinə və müxtəlif formalı təhdidlərinə məruz qalmışam. Özünü şöbənin təhqiqatçısı kimi təqdim edən Ülvi Nəzərli adlı şəxsin bir neçə dəfə telefon zəngi məndə narahatlıqlar doğurub. Təsəvvür edin ki, adımı və soyadımı belə bilmədən mənə zəng edən bu şəxs əvvəlcə dosyemi soruşub, sonuncu dəfə yeni il ərəfəsində isə zəng açaraq ən azından milli adət-ənənə xatirinə bayram təbriki etməmiş cinayət işi açacağı hədəsi ilə şəxsimə ismarıclar səsləndirib.
Qısaca olaraq məlumat verim ki, “Demokratik.Az” saytında müxtəlif vaxtlarda “Şəki Aqro İndastris MMC”-nin fəaliyyətini əks etdirən tənqidi yazılar yayımlanıb. Məlumat xarakterli hazırlanmış həmin yazılarda rayonun yeganə iri maldarlıq təsərrüfatının idarə olunmasında iştirak edən ayrı-ayrı şəxslərin özbaşınalığı işıqlandırılıb. İctimail əhəmiyyətli hesab olunan faktlar isə redaksiyamıza MMC-nin işçiləri tərəfindən ötürülüb və redaksiya qarşı tərəfi dinləməyə, adıçəkilənlərin mövqeyini işıqlandırmağa dəfələrlə cəhd edib. Lakin bu bizdən asılı olmayan səbəblər üzündən mümkünsüz olub. Şəki PŞ-nin təhqiqatçısının iddiasına görə, sonuncu yazıda adıçəkilən MMC-nin icraçı direktoru Elşən Ağalarov guya özünə böhtan atıldığı iddiası ilə Şəki polis şöbəsinə ərizə ilə müraciət edib. Yəni bizdən polisə şikayət verib. Təhqiqatçı telefon zəngində bildirib ki, şikayət əsasında polis rəisinin göstərişi ilə barəmdə Azərbaycan Respublikası CM-nin 147-ci və 148-ci maddələri üzrə cinayət işi açılacaq. Şəki PŞ-nin təhqiqatçısı öz hərəkətləri ilə görünür yayımladığımız məqaləyə sifarişli senzura tətbiq edir, vətəndaşın müraciətinə birtərəfli mövqe sərgiləməklə jurnalist olaraq mənim peşə fəaliyyətimi əngəlləməyə çalışır. Bundan başqa, hansısa məqalənin birbaşa polis tərəfindən jurnalistə qarşı araşdırma predmetinə çevrilməsi absurddur. Belə anlamaq olar ki, polis səlahiyyət çərçivəsini qəsdən aşmaqla tənqidə görə jurnalisti təqib edir. Mətbuatın fəaliyyətinə arzuedilməz senzura tətbiq edir. Hörmətli cənab Ramil Usubov! Əldə etdiyim məlumata görə, Şəki rayon polis şöbəsinin rəisi adıçəkilən şikayətçi ilə yaxın dostluq münasibətlərindədir. Hesab edirəm ki, mənə qarşı “polis hücumu”nun təşkilatçısı da sizin etimad göstərdiyiniz Şəki polis rəisinin özüdür. Yəni hazırda bir dostunun müdafiəsinə qalxan polis rəisinin və onun diqtəsi ilə hərəkət edən bir təhqiqatçının təqibləri ilə üz-üzə qalmışam.
Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq SİZLƏRDƏN XAHİŞ EDİRƏM Kİ; Şəki rayon PŞ-nin təhqiqat bölməsinin icraatında “Şəki Aqro İndastris MMC”-nin direktoru Elşən Ağalarov tərəfindən “Demokratik.Az” saytına qarşı hər hansı şikayətin olub-olmamasını araşdırmaqla şəxsən nəzarətə götürəsiniz. Əgər belə bir şikayət varsa, ərizənin hansı qanun və əsaslarla təhqiqatın icraatına götürülməsinə hüquqi qiymətin verilməsi üçün DİN-in aidiyyatı idarəsinə ciddi göstəriş verəsiniz. Şəki polisində “Demokratik.Az”-a və ya jurnalistin peşə fəaliyyətinə qarşı başlatılan özfəaliyyətə-özbaşınalığa senzuraya son qoyulmasını təmin edəsiniz. Möhtərəm cənab Ramil Usubov! Bir daha sizə inamımı ifadə edirəm. İnanıram ki, məsələyə müdaxilə edərək qarşılaşdığım problemin həllində mənə yardımçı olacaqsınız. Sonda, Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin səsləndirdiyi dəyərli fikirlərlə müraciətimi bitirirəm. : “Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən sizə etibar edirəm, sizə inanıram və sizə arxalanıram”.
Sayqılarla: Osman Nərimanoğlu “Demokratik Dövlət” qəzeti və “Demokratik.Az” saytının sahibi və baş redaktoru 05.01.2018 “Demokratik.Az”

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …