“Pulu mənə vermirlərsə, geri qaytarsınlar” – Xədicə İsmayıl

Araşdırmaçı jurnalist Xədicə İsmayıl bu ilin sentyabrında iki nüfuzlu mükafata – “Nobel mükafatına alternativ” – “Dürüst Həyat” (Right Livelihood) mükafata layiq görülüb.

Kanadadakı Britaniya Kolumbiyası Universitetinin təsis etdiyi “Allard” mükafatının qalibi olan Xədicə İsmayıl bu qurumdan gələn pul mükafatını Bakıda yerləşən “Kapital Bank”dakı hesabına göndərilməsini xahiş edib.

Pul hesaba göndərildikdən qısa müddət sonra isə Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti 1 Saylı İnzibati – İqtisad Məhkəməsinə müraciət edərək, jurnalistin “Kapital Bank”dakı hesabına həbs qoyulmasını istəyib.
Toplum. Tv problemlə bağlı jurnalistə bir neçə sual ünvanlayıb.
– Xədicə xanım, sizin məhkəmə hökmünüzdə göstərilirdi ki, Azadlıq Radiosunun borcunu ödəməlisiniz?
– 2016-ci ildə Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılmışam. Məhkəmə mənim cəzamı 3 il 6 ay şərti cəza ilə əvəz edib. Bundan əvvəlki instansiyaların qərarlarında da mənim üzərimə düşən hər hansı bir maaliyyə öhdəliyi barədə danışılmır. Qısası, mən hazırda hər hansı borc ödəmə öhdəliyini daşımıram.
– Məhkəmədən nə qərar gözləyirsiniz? Pulunuz verməsə, nə edəcəksiniz?
– Yəqin ki, “Kapital Bank” köçürülən pulu mənə verməyəcəklər. Daha doğrusu, o biri qeyri-hökumət təşkilarlarının işlərində olduğu kimi həbs illərlə davam edəcək. Mən də bu məsələni mübahisələndirəcəyəm. Bilirdim ki, bu iş illərlə uzanacaq. Amma bunu nəzərə alaraq xahiş etmişdim ki, mükafatın, sadəcə, bir hissəsini köçürsünlər.
– Təşkilat pulu geri çəkə bilərmi?
– Bilmirəm təşkilat bunu edə bilər, ya yox, amma yəqin, buradakılar elə edəcəklər ki, geri qaytarıla bilməsin. Çünki bu qərarlar çıxmamışdan öncə banka müraciət etmişdim ki, pulu mənə vermirlərsə, geri qaytarsınlar. Heç bunu etməmişdilər. “Kapital Bank” mənə deyirdi ki, gözləyin. Qəsdən yubatdılar ki, üzərinə həbs qoya bilsinlər. Təşkilatda bu dəqiqə səhər açılıb. Kanadada yerləşən təşkilatın edəcəyi bir şey yoxdur. Çünki pul mənim göstərdiyim hesaba köçürülüb və vəsaitin başına gələnlər də məhz bu hesabda olub.
Ofelya Ramilqızı
Toplum.Tv