Ana səhifə / Media / Naxçıvanda NUHÇIXAN adlı yeni informasiya agentliyi yaradıldı

Naxçıvanda NUHÇIXAN adlı yeni informasiya agentliyi yaradıldı

Uğur olsun, NUHÇIXAN!!!

Naxçıvanın tarixinə qızıl hərflərlə yazılan son 20 il təkcə sosial-iqtisadi nailiyyətlərlə deyil, həm də demokratikləşmə prosesinin yeni mərhələdə uğurlu davamı, elektron medianın inkişafı, ümumiyyətlə, kütləvi informasiya vasitələri orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan mühüm addımlarla da əlamətdar olmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikasında iki televiziya, iki radio, İP və kabel televiziyaları, şəhər və rayon qəzetləri, elm və ali təhsil müəssisələrinin qəzet və jurnalları da nəşr olunur. O da xüsusi vurğulanmalıdır ki, kütləvi informasiya orqanlarında çalışan jurnalistlərin fəaliyyəti üçün də hərtərəfli şərait yaradılmış, həmin sahələrin maddi-texniki bazası gücləndirilmişdir. 2016-cı ildə Naxçıvan Dövlət Televiziyasının naxcivantv.az saytının istifadəyə verilməsi və Naxçıvan Dövlət Radiosunun internet üzərindən yayıma başlaması muxtar respublikada elektron medianın inkişafına böyük töhfə olmuşdur. Naxcivantv.az saytı qısa zamanda öz ətrafına minlərlə izləyici toplayaraq nəinki muxtar respublikada, hətta Azərbaycanda tanınmış saytlardan birinə çevrilmişdir. Naxçıvan Teleradiosunda artıq bu sahədə zəngin təcrübə edilmişdir.

Sayt mütəmadi olaraq yenilənir, izləyici və tamaşaçıların tələbləri nəzərə alınır, muxtar respublikanın qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı və turizm potensialı televiziya tərəfindən internet üzərindən bütün dünyaya yayılır, izləyicilərə dəqiq və operativ məlumatlar çatdırılır. Bu iş prinsipi artıq bu gün “Nuhçıxan” İnformasiya Agentliyində də qurulub. Bir vaxtlar yaşadığımız çətinliklərin başlıcası bu qədim diyarın həm də informasiya blokadasına alınması idi. Son illər bu istiqamətdə reallaşan tədbirlərdən biri də “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətə başlamasıdır. Naxcivantv.az saytı ilə yanaşı belə bir agentliyin yaradılması Naxçıvan Teleradiosunun son illərdə qazandığı uğurların böyük təntənəsidir. Məlumdur ki, bu gün insanların daha çox müraciət etdiyi informasiya mənbələrindən biri də informasiya saytlarıdır. Müasir texnologiya əsrinin ən əsas xüsusiyyətlərindən biri də insanlara məlumatları daha qısa zaman ərzində informasiya texnologiyaları vasitəsilə istənilən məkanda əldə etmək imkanını təmin etməsidir. Bu, həm də informasiya vasitələrinin məlumatları daha geniş oxucu kütləsinə çatdırması deməkdir. Məhz bu amillər nəzərə alınaraq belə informasiya agentliyinin yaradılması təqdirolunasıdır. Xüsusilə də indiki internet əsrində, informasiya bolluğunda Naxçıvanı saxta məlumatlardan qorumaq üçün belə bir informasiya agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Əminik ki, bu sayt müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevriləcək. Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Eynəli bəy Sultanovun ənənələri ilə gedəcək, bu ənənələri daha da zənginləşdirməyə çalışacaq. Bu qədər informasiya agentliyi bolluğunda Nuhçıxan yeni ab-hava gətirəcək, gur işığı ilə söz adlı varidatın dəyərini daha da artıracaq. Adı qədim, özü müasir olan bu sayt muxtar respublikanın bugünkü inkişafını sürətlə təkcə Azərbaycanımıza deyil, bütün dünyaya çatdıracaq. Nuh yurdunun qazandığı uğurları, qələbələri ilə dünyanın müxtəlif ölkələrinə yayılmış həmvətənlərimiz də tanış olacaqlar.
Bəli, bu yenilik əlamətdar gün kimi Naxçıvanın tarixinə yazılacaq.

Çünki Naxçıvanda ilk dəfə olaraq rəsmi informasiya agentliyi fəaliyyətə başlayır. Agentliyin əməkdaşları həm də yaradılan şəraitdən səmərəli istifadə edərək milli dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirləri, Naxçıvanın zəngin turizm potensialını, muxtar respublikada baş verən yenilikləri, əldə olunan inkişafı veriliş, film, videoçarx və xəbər sujetləri vasitəsilə geniş tamaşaçı kütləsinə çatdıracaq və təbliğ edəcəkdir. Təbii ki, bu prosesdə təkcə teleradionun əməkdaşları deyil, muxtar respublikanın ali təhsil müəssisələrinin, kütləvi-informasiya vasitələrinin, ziyalıların sıx və birgə əməkdaşlığı da rol oynayacaq.

Naxçıvanda medianın sürətli inkişafının təmin olunmasında, müasir yeniliklərin tədbiqində, texnologiyaların son nailiyyətlərinin bu qədim yurd yerinə gətirilməsində jurnalistlərin ən böyük hamisi olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımızı bildiririk. Ali Məclisinin Sədri demişdir: “İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyəti düzgün istiqamətləndirmək kütləvi informasiya orqanlarının qarşısında duran əsas vəzifələrdir”.
Heç şübhə yoxdur ki, Nuhçıxan adına layiq fəaliyyət göstərəcək, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı və tərəqqisinin əsas təbliğatçısına çevriləcək, oxucularına məlumat çatdırmaqla yanaşı, həm də vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət ruhu aşılayan bir informasiya mənbəyi olacaqdır. Nuhçıxana söz qədrini, onu yerində işlədən, jurnalistikanın tələblərinə cavab verən, operativliyi öz fəaliyyətində əsas götürən bir informasiya agentliyi olmasını arzulayırıq. İnanırıq ki, Nuhçıxan muxtar respublikanın hər bir elinin, obasının güzgüsü vəzifəsini layiqincə yerinə yetirəcək. Bu yolda uğur olsun, Nuhçıxan!

Sara ƏZİMOVA
Jurnalist

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …