Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Media / Milli Mətbuatın 143 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib

Milli Mətbuatın 143 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib

Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 143 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilmişdir.

Görüşü giriş sözü  ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirmişdir ki, 143 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir.

Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Asif Əsgərov vurğulamışdır ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilmiş, respublikanın ictimai-siyasi həyatında fəal rol oynamış, qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilmişdir. Müstəqilliyin əldə edilməsindən sonra informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Ölkəmizdə Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul edilmişdir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir. Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə sıx əməkdaşlıq edir.

Hazırda ölkəmizdə cəmiyyətimizin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuat orqanı, agentliklər, saytlar, tele-radio şirkətləri fəaliyyət göstərir. Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 143 illiyi ilə əlaqədar keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər barədə məlumat vermiş, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlığını bildirmişdir.
Tədbirdə çıxış edən mətbuat nümayəndələri Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmışlar.

Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.

 

 

Həmçinin oxuyun

Tanınmış jurnalistə AĞIR İTKİ

Hazırda Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası vəfat edib.  Bu barədə jurnalist özü sosial …