Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Medianın halı məmləkətin halı…

Medianın halı məmləkətin halı…

Jurnalistlərin 7-ci qurultayındakı atmosferlə sosial şəbəkədəki ab-havanın fərqli, bir-birinə zidd olacağını toplantıda iştirak edənlər də bilirdi. Qurultay zalından çıxıb virtual məkana keçən kimi bunun məhz elə də olduğunu gördük.

Bu, ənənəvi haldır. Bu ölkədə heç bir sahədə, heç bir məsələdə yekdillik yoxdur, sanki ola da bilməz, mütləq fikirlər haçalanmalıdır, ziddiyyətli xarakter almalıdır.

İndi baxırıq ki, jurnalistlərin qurultayına dair sosial şəbəkədə selləmə tənqidi fikirlər yazılır. Bilən, bilməyən, hamı yazır.

Çoxlu ironik, istehzalı şərhlər də var. Bax, bu sahədə ciddi irəliləyiş müşahidə olunur. Nəyi olmasa da, hər sözə bir söz qoşmaqda, sözün başına ip salmaqda, ucundan tutub ucuzluğa getməkdə pərgarıq.

Azərbaycan jurnalistikasında durumun ürəkaçan olmadığını, çoxlu əyər-əskiklər, problemlər olduğunu hər kəs bilir, amma heç də hər kəs etiraf etmir.

Danmaq mümkün deyil ki, bu gün mediamız dövlətdən, onun maddi dəstəyindən, dotasiyasından asılıdır.

Bəzən deyirlər ki, bu düzgün deyil, müstəqil media dövlətdən, hakimiyyətdən, siyasi təşkilatlardan asılı olmamalıdır.

Əslində düz deyirlər, media heç kəsdən asılı olmamalıdır, amma bunu deylənlər ölkənin reallığını nəzərə almırlar.

“Biz müstəqilik, Azərbaycandan dövlətindən maliyyə yardımı almırıq”, deyə iddia irəli sürənlər olacaqsa, səmimi olsalar, yaxşıdır. Ola bilər ki, Azərbaycan dövlətindən maliyyə yardımı almayanlar olsun, amma onlar da müstəqil deyil, maliyyə yardımını başqa dövlətlərdən, o dövlətlərdəki donor təşkilatlardan alırlar.

Acınacaqlı durum budur ki, bu ölkədə ya dövlət mediaya dəstək verməlidir, ya da bu ölkədə media adına bir qəzet, bir telekanal, bir sayt qanunlar çərçivəsində, normal fəaliyyət göstərə bilməz.

Çünki bu ölkədə oxucu institutu zəifdir, oxucu bazası məhduddur. Daha dəqiqi, bu ölkədə alıcı-oxucu o qədər azdır ki, onlar çap mediasını yaşadacaq gücdə deyil.

Sovet dövründə zəhmətkeşləri qəzetlərə yarızor-yarıxoş şəkildə, təşkil edərək abunə yazdırmasaydılar, o vaxtlar da elə olacaqdı, durum Zərdabi dövründən fərqlənməyəcəkdi.

Qurultayda da gərək ki, deputat Bəxtiyar Sadıqov dedi ki, Həsən bəy Zərdabi oxucusu, mətbəəsi, yayımçısı olmayan bir ölkədə qəzet çıxarmağa başlamışdı.

Yavaş-yavaş geri gedirik. Jurnalist olaraq yetişən gəncliyin peşəkarlıq səviyyəsinə baxanda adam pessimizmə qapılr, hiss edirsən ki, bu gedişlə nəinki oxucusu, hətta normal yazarı olmayan ölkəyə çevriləcəyik.

Tez-tez reklam bazarının məhdudluğundan söhbət düşür. Bu məsələyə dair fikirlər qurultayda da səsləndi. Hesab olunur ki, media sektoru əsasən reklamçıların hesabına yaşamalıdır. İndilikdə bu mümkün deyil. Bu ölkədə reklam bazarı iqtisadi fəallığın boyuna münasibdir.

Qəzetlərə, telekanallara reklam verənlər o pulu onsuz da qazanır və reklam vermək onlara əlavə qazanc gətirmir.

Bir ara hətta ortabab biznesi olanlar reklam verməkdən çəkinir, deyirdilər, adımızın dilə-dişə düşməsini istəmirik, çünki reklam mətni qəzetdə, saytda çıxan kimi aidiyyatı olan və olmayan qurumlar başımızın üstünü kəsdirir ki, bizim payımızı verin, artırmısınız, artıq reklam-zad verirsiniz.

Durum budur. Özümüzü nahaq yerə aldatmayaq.

Qurultayda jurnalist adı altında gizlənərək insanları, xüsusilə də balaca bir vəzifəsi, beş manat pulu olanları şantaj edən, xərac istəyən reketlərdən də söhbət açıldı. Prezidentin köməkçisi Əli Həsənov dedi ki, dövlət onları düz yola qaytarmaq istəyir, çünki onların tutduqları yolun axırı yoxdur.

Gerçəkdən də “reket jurnalistikası” sektoru baş bəlasıdır və bu qədər nəzarətə, bu iş üstündə tutulanların artmaqda olan sayına baxmayaraq, zəifləmir, sıradan çıxmır, sadəcə, qılıf dəyişdirir.

Bəzən onlara haqq qazandırırlar, deyirlər ki, bu şəxslər oğru və talançılarla dolu cəmiyyətdə öz paylarını istəyirlər və guya ki, yalnız diligödək şəxsləri, qüsuru, nöqsanı olanları hədəf seçirlər.

Bu yanlış fikirdir. “Reketçilik sektoru”nda çalışanlar üçün kiminsə halal və ya haram pul qazanmasının önəmi yoxdur, onlar hamını şantaj etməyə, hamıdan xərac istəməyə hazırdırlar.

Goreşənlərdən mənəviyyat gözləmək absurd olduğu kimi şantajçıdan da hər hansı ədalət gözləmək mümkün deyil. Bunu hazırda məhkəməsi gedən “jurnalistlər”in işi də göstərir.

Bir sözlə, bugünkü halmız budur. Arzu edək ki, yaxşılığa doğru dəyişikliklər olsun, iyrəncliklər olmasın, mətbu söz dəyərdən düşməsin, yeni nəsillər gəlsin, estafeti bugünkü nəsildən alıb işıqlı, çərçivəsiz günlərə aparsınlar.

Xalid Kazımlı

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …