Ana səhifə / Media / Maltada öldürülən jurnalistlə bağlı Liviya versiyası önə çıxdı – FOTOLAR

Maltada öldürülən jurnalistlə bağlı Liviya versiyası önə çıxdı – FOTOLAR

Son günlərdə dünya ictimaiyyətinin gündəmini Maltada törədilən müəmmalı terror qətli zəbt edib. Avtomobilinə yerləşdirilən bomba ilə partladılaraq öldürülən Dafna Karuana Qalitsiyanın işi ilə bağlı hər gün yeni versiya ortaya atılır.

Bilindiyi kimi, bu jurnalist xanım öz ölkəsinin və Avropanın bir çox siyasətçisinin korrupsiya əməllərini ifşa etməklə ad çıxarmışdı.
“Hazırda bu qətl FTB (ABŞ), Skotland Yard (Böyük Britaniya), habelə Danimarka, İtaliya və Hollandiya hüquq-mühafizə orqanlarının birlikdə yürütdüyü əməliyyatla araşdırılır”, -“Corrire della Sera” (İtaliya) qəzetinin yazarı Valetta Françesko Batistini yazır.

Məqalədə təhqiqatçıların Dafna Karuana Qalitsiya və onun oğlu Metyuya məxsus kompüterlərdəki dosyeyə əsasən 42 təhqiqat versiyasının ortaya çıxdığı qeyd olunur.

Bunlardan ən başlıcası jurnalist tərəfindən son aylarda araşdırılan Liviyadan gətirilən “saxta yaralılar” işi ilə bağlıdır.

“Malta vasitəçiləri tərəfindən aparılan bu biznes uzun illərdir ki, Avropanın tən yarısının klinikalarını olmayan xəstələrlə milyonlarla ölçülən dollarla təmin edir. Mərhum jurnalistin təsbitlərinə görə, Malta siyasətçilərinin və beynəlxalq cinayətkarların qurduğu şəbəkə Tripoli və Benqazi arasında gedən müharibədən (Liviyadakı vətəndaş savaşı nəzərdə tutulur-red.) külli miqdarda pul qazanıb”, –məqalədə qeyd olunur.

Batistininin yazdığına əsasən, Liviya versiyası istintaqın ilkin mərhələsindən etibarən gözdən keçirilir. Buna əsas verən səbəblərdən biri də jurnalistin avtomobilinin “Semtex” qurğusu ilə partladılmasıdır. Bu partlayıcı qurğunun Maltaya Qəzzafi dönəmindən qalan 700 tonluq anbarlardan Siciliyaya, oradan da Maltaya gətirildiyi güman olunur.

Ölən jurnalistin son araşdırmalarının birində Liviyaya humanitar yardım götürən Malta firmalarının qaranlıq əməlləri ifşa edilib.

“Həmin firmalar vasitəsilə ödənişli “tibbi viza”ların verilməsi sayəsində Liviyanın Tripoli, Tobruk və Misrata şəhərlərindən gələn silahlı terrorçular öz ailələri ilə birlikdə Avropa Birliyinə maneəsiz səyahət edə bilirmişlər.

Bütün bu səyahətlər guya onların Avropada müalicə olunması üçün həyata keçirilirmiş. Əslində isə Xorvatiya, İtaliya, hətta Türkiyə, Livan və Tunisdə yerləşdirilən “yararlıların” “müalicəsi” üçün böyük məbləğlərlə alınan pullar Malta məmurlarına verilən rüşvətlərdən ibarət imiş.

Jurnalistin Liviya-Malta-İtaliya üçlüyü ilə bağlı araşdırması bununla da kifayətlənməyib.

İtaliyanın digər, “La Republicca” qəzetində Culiano Foskini və Fabio Tonaççinin qələmi ilə başqa bir maraqlı yazı dərc olunub.

Məqalədə İŞİD-lə bağlı olan Liviya terrorçularının bir qruplaşmasının Tripolidən 40 km aralıda yerləşən Əz Zavin şəhərindəki neft emalı zavodundan böyük həcmdə neft oğurladığı barədə xəbər gedib. Terrorçular həmin nefti kiçik tankerlərə yükləyərək onu Malta sahillərində Rusiyaya məxsus gəmilərlə İtaliyaya yola salıblar.

“Siciliya adasında yerləşən Kataniya şəhərinin prokuroru Karmelo Dzukkaro həmən neftin satışından əldə olunan gəlirlərin İŞİD-ə getdiyini istisna etmir. Dzukkaro həm də Maltada xüsusi firmalar yaradan İtaliya mafiyasının dəstəyi ilə qaçaqmalçı şəbəkələrin, o cümlədən məşhur Yakorossi ailəsinə mənsub “Maxcom2” şirkətinin əməllərinin araşdırlması ilə məşğuldur”, – məqalədə qeyd olunur.

Qəzetdə yazılana görə, İtaliya polisinin apardığı əməliyyat nəticəsində 6 şəxs həbs olunub. Bunların arasında “Maxcom” şirkətinin icraçı direktoru Marko Porta, habelə Tunislə sərhəddə yerləşən rayonda silahlı terrorçulara rəhbərlik etdiyi güman olunan liviyalı Fəhmi Musa Səlim ibn Xəlifə adlı şəxs də var.

Məqalədə 82 milyon kq-lıq Liviya dizel yanacağının ilkin qiymətinin 27 milyon avro olduğunu, daha sonra fırıldaqçılar tərəfindən bu rəqəmi bazarda 51 milyon avroya qədər yüksəltdikləri vurğulanır. Bundan başqa, qaçaqmalçılar İtaliya hökumətinə 11 milyon avro əlavə dəyər vergisini ödəməkdən də yayınmağa müvəffəq olublar.

Məqalədə blogger Dafna Karuana Qalitsiyanın Aralıq dənizinin mərkəzində neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar apardığı xüsusi qeyd olunub.

Araşdırmaya görə Maltada oturan cinayət şəbəkəsi isə iki funksiya oynayıb. Onlar ilk növbədə yanacağın Maltanın Ticarət palatasında qeydiyyatda olan firmalar vasitəsilə İtaliyaya ötürülməsi üçün zəruri sənədləri hazırlayıblar. Bundan başqa isə onlar əldə olunan gəlirlərin vergidən yayındırmaq və pul axınlarının qeyri-qanuni tranzaksiyası üçün offşor firmalar yaradıblar. Əldə olunan gəlirlər isə ibn Xəlifə kimi terrorçuların cibinə axıb. (musavat.com)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …