Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Mətbuat Şurasının sədri Zabil Müqabiloğlunun yanmış evi ilə bağlı hərəkətə keçdi – FOTOLAR

Mətbuat Şurasının sədri Zabil Müqabiloğlunun yanmış evi ilə bağlı hərəkətə keçdi – FOTOLAR

Mərhum həmkarımız Zabil Müqabiloğlunun bacısı yaşadığı evdə baş verən yanğın barədə musavat.com-a danışıb. Ermənistanın işğalı altındakı Zəngilan rayonundan qaçqın düşmüş Sevinc Fərhadovanın dediyinə görə, hadisə 21 mart gecəsi, saat 03:30-da baş verib.

“Yanğının hansı səbəblərdən baş verdiyi dəqiq bilinmir. Zabilin ata evi, yəni mənim yaşadığım ev əşyalarla birgə yanaraq, kül olub” – jurnalistin bacısı deyib.

S.Fərhadova bildirib ki, Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Məşəl düşərgəsində yanan evdən başqa, ona içərisində dəyəri, ümumilikdə 25-30 min manatlıq ziyan dəyib. Jurnalistin atası və anası dünyasını dəyişdiyinə görə bacısı bu ünvanda tək yaşayırmış. Dediyinə görə, bundan əvvəl də həmin düşərgədə dəfələrlə yanğın baş verib. Lakin qonşuların köməyi nəticəsində, azyaşlılar və qocalar təxliyə olunublar.

FHN son yanğının hansı səbəbdən baş verməsini araşdırır.

S.Fərhadova musavat.com-a onu da deyib ki, “Qaçqınkom”un sədri Əli Həsənov onu evlə təmin etməlidir: “İndi çarəsiz qalmışam, nə evim var, nə ev əşyalarım, hamısı yanıb külə döndü”.

Məcburi köçkünlərin məskunlaşdığı düşərgədə səbəbi bilinməyən yanğın nəticəsində köçkünlərin evləri tamamilə yanaraq kül olub.

“Qaçqın həyatı yaşayan ailə üzvlərimin hamısı dünyasını dəyişdi, qaçqın düşərgəsindəki evimizi yanıb kül oldu, qalmağa yerim yoxdur, mənə kömək edin”. Bu isə S.Fərhadovanın prezident İlham Əliyevə müraciətindəndir.

S.Fərhadovanın İnterinfo.az saytına göndərdiyi həmin müraciətdə deyilir:  

“Cənab Prezident!

Ermənilərin silahlı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər Sizin diqqət və qayğınızla daim əhatə olunub. Zəngilan rayonundan məcburi köçkün kimi bizlər də Sizin qayğınızı həmişə öz üzərimizdə hiss etmişik. Digər Zəngilan sakinləri kimi, bizim ailə də 1993-cü ildə erməni terroru nəticəsində öz doğma dədə-baba torpaqlarımızdan didərgin düşdü. O vaxtdan ailəmizlə bərabər Sabunçu rayonu Pirşağı qəsəbəsindəki Məşəl düşərgəsində məskunlaşmışdıq. Öz isti yuvasından didərgin düşmüş valideynlərim bizi – övladlarını (iki qız, bir oğlan) böyük əziyyətlə böyütdü, onların bircə gün belə olsun üzləri gülmədi: problemlər, məşəqqətlər, qaçqın həyatı… Atam – Fərhadov Müqabil Nəci oğlu 2015-ci ildə, anam – Fərhadova Solmaz Dadaş qızı isə 2016-cı ildə dünyasını dəyişdi.

Ardınca da qardaşım, tanınmış jurnalist Zabil Müqabiloğlu 2017-ci ildə vəfat etdi. Qardaşım, ölkənin ən məşhur imzalarından olan Zabil Müqabiloğlu sağlığında “525-ci qəzet”, “Avropa”, “Tərcüman”, “Yeni Müsavat” qəzetlərində çalışıb və gunxeber.com xəbər saytının baş redaktoru olub. Zabil bütün gəncliyini Azərbaycan mətbuataının inkişafına, ölkəmizin milli maraqlarının qorunmasına həsr etdi. İndi onun da bir övladı bizlərə əmanət qalıb.

Nəzərinizə çatdırım ki, atam, anam, bacım və qardaşım Sabunçu rayonu, Pirşağı qəsəbəsi Məşəl düşərgəsində yaşayırdıq. Dövlət tərəfindən heç vaxt mənzillə təmin olunmamışıq. Ailə üzvlərimizin hamısı dünyasını dəyişəndən sonra mən həmin ünvanda tək yaşayırdım. Ailə həyatı qurmamışam. Tək başına, bir qarnı ac, bir qarnı tox yaşayırdım… Lakin…

Cənab Prezident!

Həmin ünvandakı mənzilimiz bu il, mart ayının 21-də gecə saatlarında (04:00 radələrində) yanıb kül oldu. Mənzil yananda mən evdə olmamışam, bayram günü olduğuna görə bacımgilə qonaq getmişdim. Gecə qonşular mənə zəng edərək evimizin yandığını dedilər. Evdə hər şey yanıb kül oldu – bütün əşyalar, ən əsası da Zabilin xatirələri… məhv oldu! Evdən heç nə çıxarmaq mümkün olmadı. İndi qalmağa yerim yoxdur, evimiz yanıb kül olandan bəri onun-bunun evində gecələyirəm. Subay qadınam, nə edəcəyimi, kimə sığınacağımı bilmirəm. Mən Sizə, dövlətimə sığınıram. İnanıram ki, məni bu çətinlikdən xilas edəcəksiniz…

Cənab Prezident!

Sizdən xahiş edirəm ki, Zəngilan rayonundan məcburi köçkün olduğumu, dövlət tərəfindən məcburi köçkün olduğumuza görə heç vaxt mənzillə təmin olunmamağımızı, düşərgədə yaşadığım mənzilin yanıb kül olmasını, tək qalmağımı nəzərə alaraq mənim mənzillə təmin olunmağım üçün lazımı göstərişlər verəsiniz!”

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov musavat.com-a bildirdi ki, baş verən yanğın hadisəsi onu da narahat edib və məsələni nəzarətdə saxlayır: “Mərhum Zabil Müqabiloğlunun bacısı ilə danışmışam, vəziyyətdən xəbərdaram. Sadəcə bayramdan sonrakı ilk iş gununu gözləyirəm ki, “Qaçqınkom”un sədri Əli Həsənova zəng edim, yaxud gedib, onunla görüşüm. Ölkəmizdə yeni evlər tikilir. Bu ailə həm də qaçqın ailəsidir, illərlə yataqxanada yaşayıb. Odur ki, onlar da mənzillə təmin oluna bilər”.

Yeri gəlmişkən, bu yaxınlarda Z.Müqabiloğlunun kitabı da nəşr olunacaq. Ə.Amaşovun dediyinə görə, kitabın nəşri və təqdimatının mərhum jurnalistin doğum günündə keçirilməsi planlaşdırılsa da, bəzi səbəblərdən bu, mümkün olmayıb: “Amma kitab aprel ayında çap olunacaq”.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …