Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Media / Jurnalistlər sosial şəbəkələrdə informasiya təhlükəsizliyi məsələlərini müzakirə edib

Jurnalistlər sosial şəbəkələrdə informasiya təhlükəsizliyi məsələlərini müzakirə edib

“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sosial şəbəkələrdə və digər internet informasiya resurslarında milli maraqların müdafiəsinin təşkili” layihəsi çərçivəsində sentyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində “Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri” mövzusunda Dəyirmi Masa təşkil edib.

Tədbirdə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Əliməmməd Nuriyev, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud, nufuzlu saytların baş redaktorları, tanınmış jurnalistlər iştirak ediblər.

Layihə rəhbəri Xaqani Səfəroğlu bildirib ki, layihənin məqsədi internet informasiya resurslarında və sosial şəbəkələrdə milli maraqların müdafiəsi məqsədilə jurnalistlər, sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsi və məlumatlığının artırılmasıdır.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxışında bildirib ki, informasiya təhlükəsizliyi dünyada ən vacib məsələlərdən biridir: “ İnternetin geniş yayılması ilə informasiya əldə etmək sahəsində ciddi dəyişiklər baş verib. Onlayn media və sosial şəbəkələr klassik KİV haqqında anlayışları dəyişdirib”. Onun sözlərinə görə, son illər Azərbaycanda onlayn media və sosial şəbəkələr istənilən sahədə ictimai rəyi yönləndirən əsas vasitəyə çevrlilib. Ona görə də burada yayılan istənilən maraqlı xəbər dərhal trendə dönür və cəmiyyətdə qızğın müzakirələrə səbəb olur. Odur ki, internet mediada yayılan xəbərlərin həqiqiliyinə, doğruluğuna əmin olmaq çox vacib məsələdir.

“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, informasiya təhlükəsizliyi bu gün dünya dövlətlərinin önəm verdiyi ən prioritet məsələdir. Çünki bu gün sosial şəbəkələr insanların ictimai münasibətlərini tənzimləyən bir vasitəyə çevrilib. Çağdaş internet əsri informasiya azadlığı sahəsində ağlagəlməz sıçrayışlar etməklə yanaşı bu sahədə zəruri təhlükəsizlik qaydalarının qorunmasını da vacib edib. Ə.Nuriyevin sözlərinə görə, dünyada feyk xəbərlər həm də siyasi mübarizədə bir priyom kimi istifadə olunur. Ə.Nuriyev qeyd edib ki, bu müzakirələrdə səslənəcək təkliflər qeyd olunan problemlərin həllinə töhfə verəcək. O, bu təkliflərin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etməyi də tövsiyyə edib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud çıxışında bildirib ki, informasiya təhlükəsizliyi Azərbaycan dövləti üçün prioritet məsələdir. Odur ki, QHT Şurası bu istiqamətdə olan maarifləndirici layihələrə dəstək verir. Onun sözlərinə görə, bu tip layihələr media və vətəndaş cəmiyyətinə informasiyaya düzgün yanaşma tərzini aşılayır və kənar təzyiqləri neytrallaşdırmağa kömək edir.

Daha sonra layihə rəhbəri Xaqani Səfəroğlu “Feyk xəbərlər, informasiya təxribatlarına qarşı mümkün fəaliyyətlər” mövzusunda layihə çərçivəsində əldə olunan nəticələrə dair çıxış edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nda informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi hazırlığın və maarifləndirmənin yüksəldilməsi qeyd olunub: “2010-cu ildə imzalanmış Azərbaycan Respublikasının Hərbi Doktrinasında isə əks tərəfin malik olduğu informasiya və radioelektron mübarizə sistemləri dövlətimizə qarşı mümkün hərbi fəaliyyət kimi xarakterizə edilib”.

X. Səfəroğlunun sözlərinə görə, informasiya çatışmazlığı olanda insanlar istənilən xəbərə inanmağa meyilli olurlar. Məhz buna görə bir çox feyk xəbərlər hərbi əməliyyatlar, gərgin siyasi vəziyyətdə, terror aktları və fövqəladə hallar zamanı dərhal meydana çıxır. “Çox zaman feyk xəbərlərin köməyi ilə öz nöqtəyi-nəzərini sizə təlqin etmək bu vasitələrə əl atırlar. Dezinformasiya –təbliğatın ən sevimli alətidir”.

Layihə rəhbəri qeyd edib ki, indi dünyada bu məsələlər ciddi şəkildə müzakirə edilir: “Azərbaycan da onlayn media trendinin daşıyıcısıdır. Sadalanan problemlər bizdə də mövcuddur. İnternet dənizində seçilmək, oxucu qazanmaq və onu əldə saxlamaq onlayn media üçün “həyat iksiri”nə çevrilib. Odur ki, xəbər əldə etmək üçün onlayn jurnalisitika özünün “qardaş”ları ilə-bloq və sosial şəbəkələrə sıx işləməyə məcburdur. Yalan xəbərin yayılmasının əsas səbəblərindən biri xəbəri dəqiqləşdirmək imkanının olmamasıdır. Yəni onlayn media sürətli, çevik iş tələb etdiyinə görə, istənilən xəbərin dərhal aydınlaşdırılması vacibdir. Bu baxımdan həm jurnalist, həm də müvafiq dövlət qurumları məsuliyyətli olmalıdırlar”.
X. Səfəroğlunun sözlərinə görə, təəssüf ki, Azərbaycanda xüsusən dövlət qurumları tərəfindən belə xəbərlərə çevik reaksiya çox aşağı səviyyədədir. Onların əksəriyyəti hələ də “off -layn”, yəni çap mətbuatı dövrünü yaşayır. İnformasiya məkanında qələbə çalan məlumatı ram etmək üçün onu qadağan etmək yox, ona uyğun davranmaq lazımdır: “Bütün nazirliklərin mətbuat xidmətləri dövrün tələblərinə uyğun yenidən qurulmalı və çevik struktura çevrilməlidir. Mətbuat xidmətində yalnız bir nəfərin oturub vaxtından gec və qeyri-dəqiq mətnlər yayması informasiya tələbatını ödəyə bilməz. Mətbuat xidmətlərinin tərkibində çevik informasiya qrupları yaradılmalıdır”.

X. Səfəroğlu digər problem olaraq sosial şəbəkələr üzərindən terrora çağırış və yad radikal ideoloji platformanın təşviq olunmasını qeyd edib. Bildirib ki, ölkəmizi yad və zərərli dini cəryanların girdabına salmaq cəhdləri bitmir: “Qondarma “cihad” çağırışlarına qoşularaq əlində silah İraqa, Suriyaya gedənlərin ilk informasiya bazası virtual aləm, sosial şəbəklələr və informasiya portalları olub. Onlayn media, sosial şəbəkələr terror çağırışlarının, dini zəmində nifrətin yayılması üçün ən əlverişli amilə çevrilib. İnformasiya texnologiyaları əsrində praktik olaraq bütün terror təşkilatları öz fəaliyyətlərini media şəbəkəsində aparır”.

Ekspertin fikirncə, bu problem xüsusilə onlayn medianın terrorla bağlı hadisəni birinci vermək, daha çox oxucu toplamaq yarışı fonunda daha çox özünü göstərir. Əksinə, terrorçuların intenet X.Səfəroğlu əlavə edib ki, KİV-ə xaotik xəbər çıxışının qarşısını almaq lazımdır: “Feyk xəbərlər bu gün ciddi problemə çevrilib. Avropa İttifaqı hesab edir ki, belə xəbərlər KİV-in reputasiyasına ciddi zərbə vurur. 2018-ci ilin yanvarında Avropa İttifaqı feyk xəbərlərin qarşısını almaq yollarını araşdıran beynəlxalq səviyyəli mütəxəssislərdən ibarət qrup yaradıb”.

X. Səfəroğlu qeyd edib ki, dünya bu problemin aktual olduğunu etiraf edir. Amma hələlik feyk xəbərləri dövlət nəzarətinə alınması cəhdləri nəticə vermir. Odur ki, yaınız ayıq-sayıq olmaq, internet üzərindən xəbərləri yoxlamaq lazım gəlir.
Mövzu ətrafında çıxış edən Rey Kərimoğlu, Asəf Quliyev, Ceyhun Musaoğlu, Sevda Əsgərova, Araz Zeynalov, Ruslan Bəşirli, eyni zamanda fikirlərə münasibət bildirən M.Ələsgərli, E.Behbud, Ə.Nuriyev və digər jurnalistlər informasiya təhülkəsizliyinin tələb etdiyi dövlət strukturu ilə media arasında çevik əlaqələrin qurulmasının çox mühüm olduğunu vurğulayıblar. Qeyd olunub ki, bunun üçün ciddi media strukturları və peşəkar jurnalistlərin çalışdığı mötəbər media strukturlarının üzərinə böyük məsuliyyət düşür.

 

Həmçinin oxuyun

Şəkərli diabet ilə mübarizə mövzusunda yazan jurnalistlər mükafatlandırılacaq

“Azerbaijan Changing DiabetesTM Awards 2018” adlı layihə çərçivəsində yaradılmış müşavirə şurasının ekspertləri ölkədə şəkərli diabetlə …