Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / GMO məhsulları yığışdırılacaqmı? – REPORTAJ, FOTOLAR

GMO məhsulları yığışdırılacaqmı? – REPORTAJ, FOTOLAR

Azərbaycanda GMO məhsullarının idxalı, istehsalı və dövriyyəsi qadağan edilir. Aprelin 3-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bununla bağlı Cinayət və İnzibati Xətalar Məcəllələrinə yeni maddələrin əlavə olunması müzakirə olunaraq, plenar iclasa tövsiyə olunub.
Bu təklifə əsasən Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadə edilərək, yeyinti məhsullarının dövriyyəsinə qoşulması qəti qadağan olunur, bununla bağlı cinayət məsuliyyəti müəyyənləşdirilir.
Bununla bağlı Cinayət Məcəlləsinə 200.2-ci (Genetik modofikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək, istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi) maddə əlavə edilib.
Maddənin birinci hissəsinə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə – bilə idxal etmə, satma – bu əməllər xeyli miqdarda törədildikdə 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Maddənin ikinci hissəsinə əsasən isə, “Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək, istehsal olunan yeyinti məhsullarını istehsal etmə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Maddənin üçüncü hissəsinə əsasən isə yuxarıda göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 5 ilədək azadlqıdan məhrum etmə ilə cəzalandırılacaq.
Maddənin dördüncü hissəsinə görə isə, yuxarıda göstərilən əməllər bu maddə ilə bağlı artıq bir dəfə məhkum edilmiş şəxs tərəfindən törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.
İnzibati Xətalar Məcəlləsinə də eyni məzmunda əlavələrin edilməsi nəzərdə tutulur.
Bəs, görəsən Azərbaycanda GMO məhsullarının istehlak edilməsi ilə bağlı problem nə dərəcədə aktualdır? Bazarlarda GMO məhsullarına rast gəlinirmi?
Məsələni aydınlaşdırmaq üçün paytaxt bazarlarına üz tutduq. İstehlakçıların ən çox müraciət etdiyi “Səkkizinci kilometr” bazarında addımbaşı GMO məhsullarına rast gəlinir. Satıcıların əksəriyyəti isə ümumiyyətlə, bu ifadəni ilk dəfə eşitdiklərini deyirlər.
Rəyini soruşduğumuz 10 satıcıdan ikisi bu haqda məlumatlı olduğunu və özünün satdığı məhsulların içərisində də GMO tərkibli meyvələrin üstünlük təşkil etdiyini bildirdi.
Əhməd adlı satıcı meyvələrdən bir neçəsi istisna olmaqla digərlərinin GMO tərkibli olduğunu etiraf etdi:“Yalnız bəzi alma sortlarında GMO yoxdur. Bu da “Qızıl Əhməd”, “palmet”, “simirinka” və “cırcıra” alma növləridir. Qalan bütün məhsullar, istər yerli, istərsə də xarici olsun, hamısı GMO-dur. Artıq yerli istehsalçılar da məhsulun daha dözümlü olması üçün xaricdən GMO toxumlar gətirib, əkib-becərirlər. Bu səbəbdən yeli məhsullara da birmənalı şəkildə inanmaq düzgün deyil. Xaricdən gətirilən armud, portağal, narıngi, kivi və digər növ meyvələr də GMO-dur. Bunu qanunla ləğv etmək mümkün deyil. Belə olsa, bazarda meyvə-tərəvəz qıtlığı yaranacaq”.
Başqa bir satıcı isə insanların görünüşə görə GMO məhsullarına üstünlük verdiklərini bildirdi: “İnsanlar süfrəyə daha çox bəzək kimi görünən böyük, parıltılı meyvələri qoymağa üstünlük verirlər. Təbii məhsulların görünüşü çox vaxt o qədər ürəkaçan olmasa da, daha faydalıdır”.
Söhbətləşdiyimiz digər satıcılar isə, bu haqda heç bir anlayışlarının olmadığını bildirdilər. Bəziləri isə GMO məhsulu satmadığını israrla qeyd etdi.
Azərbaycan bazarlarındakı vəziyyəti qiymətləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu problemin artıq çox dərinlərə kök saldığını qeyd etdi: “Azərbaycanda “cin çoxdan şüşədən çıxıb”. Ölkədə GMO əkinçiliyi, GMO toxumçuluğu var, təbii bitkilərin kökü çoxdan kəsilib, 8-ə yaxın qarpız növü, 7 pomidor növü artıq çoxdan yoxdur. Ölkə prezidentinin bununla bağlı ciddi tapşırıqlarının olmasına, Azərbaycanın biomüxtəlifliyin qorunması ilə bağlı Kartagen protokoluna qoşulmasına baxmayaraq, ölkəyə GMO məhsulları gətirilir, əkilir-biçilir, istehlak olunur. Hazırda biz özümüz də GMO istehlakçısıdır. 2007-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqqında” qanun qəbul edilib. Bu qanunun tələblərinə görə, tərkibində GMO olan məhsullar markalanmalı idi. Bunların heç birinə əməl olunmadı. Ölkə prezidentinin 2014-cü ildə imzalandığı fərmanda ölkəyə GMO məhsulları gətirən fiziki şəxsləri 30 min manat, hüquqi şəxsləri 50 min manata qədər cərimə olunması nəzərdə tutulur. Azərbaycanda GMO-nu araşdıran iki laboratoriya fəaliyyət göstərir, ancaq  bu günə kimi onların heç bir işi göz qabağında deyil. İnsanlar bilməlidir ki, hansı bitkidən toxum götürəndə o növbəti il yenidən bitirsə, deməli o təbii bitkidir, tərkibində GMO yoxdur. GMO məhsullarının toxumu isə xaricdən gətirilir, çünki, həmin məhsulların toxumları növbəti il məhsul vermir. Azərbaycanda çuğundur, pomidor, soya məhsullarını 90 faizi bütün dünyada GMO tərkiblidir. Təəssüflər olsun ki, Azərbaycanda soya pendiri, soya südü, soya əkinçiliyi var”.
Ekspert onu da vurğuladı ki, problemin kökünü kəsmək üçün müstəqil laboratoriyalar işə başlamalıdır:“Bu məsələləri həll etmək üçün laboratoriyalar işə düşməlidir və şəffaf, aydın fəaliyyət göstərməlidirlər. Hər bir jurnalistin, ictimaiyyət nümayəndəsinin bu ekspertizalarda iştirak etmək imkanı olmalıdır. Müstəqil GMO ekspertizasını məhkəmələr  tanımalıdır, halbuki hazırki qanunvericilik onu tanımır. Nə qədər ki, bizneslə iri məmurlar məşğul olur, nə qədər ki, sertifikatlaşdırma dövlətin əlində cəmlənib, nə qədər ki, məhkəmələr müstəqil laboratoriyaları tanımır, bu vəziyyət düzəlməyəcək. Bu vəzifə Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi və gömrük orqanlarının üzərindədir.
Azərbaycanda hazırda GMO məhsullarının əkini həyata keçirilir. Beynəlxalq təşkilatlardan birinin humanitar layihəsi əsasında Bərdə rayonunda çiyələk əkilib. Ancaq bu məhsullar GMO-dur. Təəssüflər olsun ki, İranda da GMO məhsullar yetişdirilir və Azərbaycana gətirilir. Türkiyədə yalançı sertifikatlarla guya GMO olmayan, ancaq həqiqətdə GMO məhsulları ölkəyə gətirilir.
Mən sizin saytınız vasitəsilə, müraciət etmək istəyirəm ki, əgər hökumətin bu problemə qarşı mübarizə aparmaq iradəsi varsa, Azad İstehlakçılar Birliyinə imkanlar yaratsınlar ki, bazara müdaxilə edə bilək”.
E. Hüseynovun sözlərinə görə, Azərbaycanda GMO-nun lobbiçiliyini aparan təşkilatlar, şəxslər də var.
Təşkilat sədri istehlakçılara səslənərək onları meyvə-tərəvəz alarkən diqqətli olmağa səslədi: “Həddindən artıq böyük kartof, badımcan və digər kənd təsərrüfatı məhsulları, hamısı eyni ölçüdə olan, bir qəlibdən çıxmış kimi görünən meyvələr, həddindən artıq parıldayan almalar GMO məhsullarıdır. Sarı, qızılı rəngdə olan düyülər birmənalı şəkildə GMO-dur. Soya komponenti olan istənilən məhsul GMO-dur. Əgər pomidoru günlərlə saxlayırsınız, günün qabağına qoyursunuz, amma yenə də xarab olmur. Deməli, bu, GMO-dur. Bu baxımdan, istehlakçılar bazara girərkən diqqətli olmalıdırlar”.
Nərgiz Liftiyeva,
Fotolar müəllifindir.












Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın