Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Fəhlələrin çörək yeri – “fəhlə bazarı” – REPORTAJ

Fəhlələrin çörək yeri – “fəhlə bazarı” – REPORTAJ

Buz kimi soyuq payız küləyinin ətrafa səpələdiyi yağışdan göz açmaq mümkün deyildi. Göyün üzünü örtmüş qara, boz buluddan ətraf bir az da qaranlıq görünürdü. Mərkəzi yoldan keçən maşınların ətrafa səpələdiyi sudan qorunmaq üçün divarlara qısılan adamların cəhdləri əbəs idi. Cəlilabad rayonunun ən iri ticarət mərkəzlərindən olan “İran bazarı” şəhərin girəcəyində yerləşir. Astara-Bakı avtomobil yolunun iki addımlığındakı bu bazara həftənin çərşənbə axşamı, cümə və bazar günləri qonşu rayonlardan da gələn olur.

Bir neçə il əvvəlsə, hətta Gürcüstandan, Dağıstandan belə ticarət üçün bura gələnlər var idi. İndi o vaxtlar olmasa da, yerli sakinlərin alış-veriş üçün ən çox üz tutduqları məkan buradır. Xeyli zəngin olan “İran bazarı” əyalət sakinləri üçün daha maraqlıdır. Çünki brend məhsulların demək olar ki, satılmadığı bu bazar onların ciblərinə daha uyğundur.
Elə bu bazarın qarşısındakı iri mağazaların yağış görməyən hissələrinə sığınmış onlarca ortayaşlı kişinin gözləri yollardadır. Nimdaş geyimli, əksəriyyətinin üz-başları tüklü olan bu insanlar ətrafdakılardan elə ilk baxışdaca seçilir. Öz aralarında “qul bazarı” adlandırdıqları bu yer əslində “fəhlə bazarı” adı ilə məşhurdur. Cəlilabad şəhərinin digər hissəsində, “Silsilə” adlanan ərazidə də təsadüf olunan “fəhlə bazarı”nda bura nisbətən toplaşanlar azdır. “İran bazarı” həmişə qələbəlik olur. Xeyli vaxt keçməsinə baxmayaraq, “fəhlə bazarı”na müştəri gəlmədiyindən onların narahat olduqları aydın görünür. Payız gününün ömrü nədir ki? O da ola bu yağışlı gündə.

Söhbətdən qaçan həmsöhbət

Danışmağa, söhbət etməyə həvəsli olmayan bu adamlarla “iç söhbəti” başlamaq kifayətdir ki, ürəklərini boşaltsınlar. Onlarla ünsiyyət bağlamaq nə qədər maraqlı olsa da, bir o qədər ağırdır. İşi-gücü olmayan, ruzilərini təsadüfi qazanclardan gözləyən bu insanların yaşam tərzləri ibrətamizdir. Cəlilabad şəhərində yaşayan, hər gün bu “fəhlə bazarı”na ümid bağlayan insanlardan biridir Rasim Əsgərov. 30-32 yaş arasında olan sağlam bədənli bu fəhlənin bu sahədə kifayət qədər təcrübəsinin olduğu meydana çıxır:
– Gördüyün bu adamlar “fəhlə bazarı”nın hamısı deyil. Yağış olduğundan çoxu bu gün “işə” çıxmayıb. Əslində düz də ediblər. Belə havada iş gördürmək istəyənlər çox nadir hallarda olur. Yayda, ilin isti və yağışsız vaxtlarında iş aşıb-daşır. Ot biçdirən kim, torpaq daşıdan kim, bağ-bostan əkdirən kim qısası, payız-qışda dolanışığımız olmur. Ən müxtəlif iş görməyə – daş daşımağa, yer şumlamağa, arx çəkməyə, beton tökməyə, ot biçməyə – bir sözlə, ən ağır iş görməyə hazırıq – bircə bir tikə çörəyimiz olsun. Səhər tezdən burdayıq, hələ heç kim gəlib bizə heç bir iş deməyib. Cəlilabadda belə yağış olmazdı, səhərdən hey yağır. Bura toplaşanların əksəriyyəti yerli camaatdır. Qonşu Masallı, Biləsuvar, Salyan rayonlarından gələnlər də olur. Neyləyək, ailəni necə olsa dolandırmaq lazımdır, ya yox? Mənim iki övladım var, hər ikisi məktəblidir. Onların anaları isə mədrəsədə uşaqlara dini təhsil verir. Onun məvacibinə ümid olub yaşamaq mümkün deyil. Mənim də savadım olmadığından bu yolu seçmişəm. Çörək qazanmaq ayıb deyil, ayıb odur ki, gözün baxa-baxa balaların ac qala. İşin belə kasad vaxtlarında 3-4 nəfər olub 1 kiloqram “pryanik”, 1 çaynik çay alıb günortanı yola veririk. Axşam da əlimiz ətəyimizdən uzun qayıdırıq evimizə. Əvvəl zavod-fabrik, kolxoz-sovxoz olub, camaat işləyib, ayın sonunda da məvaciblərini alıb. İndi onlar yoxdur, bizim kimi fəhlələr də qalıb avara. Bir-iki ilə qədər yaxşı idi vəziyyətimiz, son vaxtlar çətinləşib. İndi evinə 20 manat pul aparan bəxtəvərdir. Təsəvvür edin, 6 sot torpağı şumlamaq üçün 3 adam səhərdən axşama kimi işləməlidir ki, axşam hərə evinə 20 manat pul apara bilsin.

“Belələrinə Allah çörək verir də…”

Elə bu vaxt ağ daş yüklü böyük bir maşın yolun kənarında dayandı. Qararəngli “Prado”dan düşməyən yük sahibi maşının şüşəsini endirməmiş səhərdən müştəri gözləyən fəhlələr onu dövrəyə aldılar. Bir andaca iri minik maşını görünməz oldu. Xeyli çənə-boğazdan sonra fəhlələr iki bir, üç bir dağılışmağa başladılar. Deyinə-deyinə yenidən öz yerinə qayıdanlardan biri uca səslə dedi:
– Belələrinə Allah çörək verir də… Allaha qurban olum, onun da qəribə işləri var. A kişi, min dənə kubiki yalın əllə maşından boşaldıb həyətə yığmağa bu kişi 40 manat vermək istəmir. Bu yağışda hər kubik 30 kiloqram olub, bu da 30 ton yük deməkdir. Bizim iş gördürənlərimizin, mağaza sahiblərimizin pul verməklə araları yoxdur. Qonşum Sabiri, Namiqi öz kəndçimiz bir ay mağazasında işlətdi, axırda da bir bəhanə ilə heç birinə danışılan pulu vermədi. Əmioğlum Rüstəmə işini gördüyü Hacı Tərlan öz yeməkxanasından qazı pulla verirdi yazığa. Hacılar, kərbəlayılar, məşədilər çoxaldıqca din-bərəkət azalır. Bizim Cənubda da şükür Allaha, onlardan nə qədər desən var. Belə getməz, yəqin ki, bizim haqqımızda fikirləşən də olacaq. Bu camaatla dağı-dağ üstə qoymaq olar. Kiminsə qabağına qaçıb iş üçün xahiş-minnət etmək ən ağır şeydir.
Fəhlələrin bir-biri ilə söhbətlərindən belə məlum oldu ki, günəmuzd işləmək daha yaxşıdır. Çünki günün axırında verilən pul az da olsa, çox da olsa nağddır. Ayın sonunda veriləcək zəhmət haqqına 30 gündə 30 dəfə “mız” qoyula bilər. Öz sözünün üstündə durmayan iş adamlarının başqa bəhanələri də fəhlələr tərəfindən yaxşı öyrənildiyindən onlar sahiblərindən pulu bəri başdan almağa çalışırlar.

Cəlilabad Zərdabdan fərqlidirmi?

“Fəhlə bazarı”nın sakinləri ilə söhbətdən belə məlum oldu ki, bura toplaşanlardan nisbətən yaşlılara daha çox müraciət olunur. Ona görə ki, onlar daha çox təcrübəyə malik olmaqla bərabər yaşlarına görə işə daha çox məsuliyyətlə yanaşırlar. Həm də onları rayonda daha çox tanıyırlar, nəinki cavanları.
Bunu Zərdabdan gəlmiş İntiqam Yusifov da təsdiqlədi. Əlavə elədi ki, ölkənin paytaxtı ilə bərabər Azərbaycanın əksər rayonlarında “fəhlə bazarı” var. Onların bir çoxları qapalı yerlərdə yerləşdiyindən ictimaiyyətin diqqətini elə də cəlb etmirlər. Həm də oradakıların sayı elə də çox olmadığından onlara “fəhlə bazarı” demək də düz alınmır: “Ancaq qonşu Masallıda, bizim Cəlilabadda günəmuzd işləyən fəhlələr böyük ticarət mərkəzlərinə toplaşırlar. Mənim özüm Zərdabdanam, burada həyat yoldaşımla qaynatamgildə qalıram. Üç ildir evlənməyimizə baxmayaraq, hələ övladımız yoxdur. Yaşadığım Cəlilabadla doğulduğum Zərdabın fərqi ondadır ki, 200 mindən çox əhalisi olan Cəlilabadda “İran bazarı” kimi böyük ticarət obyekti var. Bura hər gün, ələlxüsus da 2-ci, 5-ci və bazar günləri ətraf rayonlardan xeyli adam alış-verişə gəlir. Cənub rayonları demək olar ki, bu bazarla ticarət əlaqələri qurub. Ona görə də burada ruzi qazanmaq şansı daha çoxdur, nəinki 50-60 min əhalisi olan, iqtisadi-sosial həyatı zəif olan Zərdab rayonunda. Belə başa düşürəm ki, buradakı “fəhlə bazarı” qeyri-rəsmi də olsa, artıq status almışdır. Ona görə də burada çalışmaq rahat və əlverişlidir. Qaldı ailəni dolandırmaq üçün çörək puluna, bu Allahın qismətidir. Az da olur, çox da olur. Olmasa, neyləyəsiyik ki? Cinayət eləməkdənsə, belə halal yolla pul qazanmaq çox yaxşıdır”.
Ali təhsilini 2-ci kursda dayandırmalı olan İntiqam Yusifov sonda nikbin danışmağı da unutmadı. Əlavə etdi ki, dünyanın bütün ölkələrində belə fəhlə qüvvəsindən zaman-zaman istifadə edilib. O vaxta qədər ki, bütün iqtisadi münasibətlər mövcud reallıqlar əsasında tənzimlənə bilsin. “Dünyanı bürüyən iqtisadi böhran olmasaydı ölkəmizdə kontingenti get-gedə azalan “fəhlə bazarı” olmayacaqdı. Yəqin ki, biz bu bazarların olmayacağı illəri də yaşayacağıq”.
Onlar nə təklif edir?
Axşama yaxın artıq heç bir iş təklifinin olmayacağını bilən fəhlələr dağılışmağa başladılar. Aramsız yağan yağış da bir xeyli güclənmişdi. Cəlilabadın yaxın kəndlərinin birindən gəlmiş Zülfüqar Muradov çoxillik təcrübəsinə əsaslanıb təklif verməyi unutmadı: “Bax, səhərdən durmuşuq yağışın altında. Mənə elə gəlir ki, əmək birjası deyilən bir şey yaransaydı daha yaxşı olardı. Yəni bu işsiz adamlar bir yerdə qeydiyyata alınardı, onların iş yönümü, nəyi daha yaxşı bacardığı göstərilərdi. Və onların müəyyən bir yeri olsaydı yağışın, qarın da altında saatlarla dayanmazdılar. Onlar işlərini görəcəkləri adamlarla da elə burada razılığa gəlib, qeydiyyatdan keçəndən sonra əməli fəaliyyətə başlasalar daha yaxşı olardı. Belə bir qurum olsa, hətta sifarişçi adam, yəni iş gördürən şəxs işinə uyğun əvvəlcədən sifariş də verə bilər. Onda bu qədər adam da ayaq üstə saatlarla müştəri gözləməzdi. Mən bunu bir xeyli fəhlə adından deyirəm”. Bəlkə ərazilərində “fəhlə bazarı” olan rayonların müvafiq qurumları bu təkliflə maraqlansın. Çünki 10-larla iş qabiliyyəti olan bu insanlar onların sakinidir. Hafta.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın