Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Cahid İsmayıloğlu: “İnternetə qoşulan şəxsin kimliyi onun şəxsiyyətini təsdiq edən sənədlə identifikasiya edilməlidir”

Cahid İsmayıloğlu: “İnternetə qoşulan şəxsin kimliyi onun şəxsiyyətini təsdiq edən sənədlə identifikasiya edilməlidir”

Oktyabrın 1-də parlamentin payız sessiyasının ilk iclasında internetdə sosial şəbəkələrin tənzimlənməsi və bununla bağlı qanun layihəsinin hazırlanmasına dair məsələ də müzakirə edilib. Bəzi deputatlar çıxışlarında sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsini tələb ediblər.

Parlamentdə qeyd edilib ki, artıq “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” yeni qanun layihəsi də hazırlanır. İlkin variantda 1 fəsil və 9 maddədən ibarət olan layihədə sosial şəbəkələrdən istifadə, informasiya yayımı və s. məsələlərlə bağlı hüquqi tənzimlənmələr əksini tapıb. Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisin komitələrində müzakirəyə çıxarılması gözlənir. Layihə üzərində işin yekunlaşacağı təqdirdə sənədin Milli Məclisin payız sessiyasında, yaxud növbəti sessiyada müzakirəyə çıxarılması mümkündür. Belə bir qanunun qəbul edilməsinin hansı ehtiyacdan yarandığını “Bakı-Xəbər”ə şərh edən informasiya-kommunikasiya texnologiyaları üzrə ekspert, alim Cahid İsmayıloğlunun sözlərinə görə, belə zərurət doğrudan da mövcuddur: “Sosial şəbəkələrin özündə bir xaotik vəziyyət hakimdir. Vəziyyət elədir ki, sosial şəbəkələrə istənilən şəxs özünə istədiyi saxta adı qoyub daxil ola bilər. Bu üsulla qeydiyyatdan keçdikdən sonra bəzi adamlar istədikləri məzmunda olan informasiyanı yaya bilirlər. Belə olan təqdirdə isə dezinformasiyaların, təhqir, hətta təhdid hallarının yayılması çoxalır. Son vaxtların statistikasına baxsanız, internet üzərindən törədilən cinayətlərin sayının artdığının da şahidi olarsınız. Eyni zamanda, cəmiyyət üçün zərərli olan informasiyaların yayılması halları da çoxalıb. Hətta bir çox xəbər saytları var ki, qanunda olan bu boşluqdan məharətlə istifadə edirlər. Həmin saytlar özlərinə lazım olan informasiyanı atırlar sosial şəbəkələrə, məsələ müzakirə olunduqdan sonra isə sosial şəbəkələrdə gedən müzakirələrə istinadən məlumatı yayırlar. Belə olan halda isə məsuliyyətin müəyyənləşməsi çətinləşir. Elə xəbərlər var ki, onların yayımı sosial medianın öz prinsiplərinə də ziddir. Bu qaydaların yerli qanunvericiliyə uyğunlaşması aparılsa yaxşı olar”.

Ekspertin sözlərinə görə, yetkinlik yaşına çatmayan şəxslərin də sosial şəbəkələrdən istifadə edə bilməsi ciddi problemlər sırasındadır: “Bəzən görürük ki, məktəbdə oxuyan uşaqlar belə sosial şəbəkələrdən sərbəst qaydada istifadə edirlər. Hətta mən təklif edərdim ki, yalnız sosial şəbəkələr deyil, internetin özünə bir nəzarət mexanizmi düşünülsün. İstənilən kateqoriyalı insanın internetə əlinin çatması düzgün fikir deyil. İstərdim ki, internetə çıxışı olan şəxs həmin məkanda edəcəklərinin məsuliyyətini əvvəlcədən dərk etmiş olsun. İnternetə qoşulan şəxsin kimliyi onun şəxsiyyətini təsdiq edən sənədlə identifikasiya edilməlidir. Biz bu praktikanı mobil telefon üçün nömrələrin alınmasında görürük. Təbii ki, müvafiq sənədləşmə aparılmadan hər adam gedib mobil telefon nömrəsi ala bilməz. Bu cür mexanizmlər qəbul ediləcək qanunvericilikdə olsa, problemi nisbətən həll etmiş olarıq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …